Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1490/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 cəlb edilməklə) «mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı –onun yetkinlik yaşına çatmayan qızı ilə birlikdə cavabdehə məxsus ünvan 6 mənzilindən istifadə hüququnun tanınması, onun yetkinlik yaşına çatmayan qızı ilə birlikdə cavabdehə məxsus ünvan 6 evə köçürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı anasıdır. İddiaçı xx.xx.2007-ci il tarixdə ailə quranadək atası X18 məxsus ünvan 1 ünvanda yerləşən mənzildə yaşamışdır. O, xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində 296 saylı nikahı qeydinə əsasən ailə qurmuşdur. xx.xx.2008-ci il tarixdə qızı X8 dünyaya gəlmişdir. Qızı Xətai rayonu 2 Saylı uşaq poliknikasında bu günə kimi qeydiyyatdadır. Ailə qurduqdan 6 ay sonra həyat yoldaşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyi üçün iddiaçı qızı ana bətnində ola-ola atası Tofiq Kərimova məxsus ünvan 3 ünvanında yerləşən evə gəlmişdir. Ailədə 4 bacı olublar, digər bacıları ailəli olduqları üçün iddiaçı atası və anası ilə birlikdə yaşamışdır. Atası ağır onkoloji xəstə olduğundan bir övlad kimi onun qayğısına qalaraq onun qulluğunda durmuşdur. Atası rəhmətə getməmişdən əvvəl sözügedən evin onun adına sənədləşməsi üçün lazımi sənədləri toplasa da, sənədləşdirmə işləri yarımçıq qalmışdır. Atası xx.xx.2022-ci il tarixdə rəhmətə gedəndən sonra anası Cavabdeh ilə münasibətləri bacısı X3 ərinin ona qarşı əxlaqsız təkliflər barədə mesajlarını göstərənə qədər çox yaxşı idi. İddiaçı anasına həmin mesajları göstərdikdən sonra anası həmin məsələni bacısı Rəksanəyə bildirdiyi üçün bacılarının da onunla olan münasibətləri pisləşmişdir. İddiaçı cavabdeh anası ilə ümumi təsərrüfatı idarə etməklə həmin mənzildə xx.xx.2022-ci il tarixə kimi yaşamışdır. Anası Cavabdeh 2002-ci ildə yaşadığı atasına məxsus evdən onu heç bir üzrlü səbəb olmadan qovaraq xx.xx.2023-cü il tarixdə onu və azyaşlı qızını əşyaları ilə birlikdə küçəyə atmışdır. İddiaçı məcbur olub DİNnin 102 xidmətinə zəng vurduğu üçün Xətai rayon 37-ci polis bölməsində izahatları alınmışdır. Hazırda uşağı ilə birlikdə kirayədə qalsa da, kirayə pulunu və təlabatlarını ödəyə bilmir. Göründüyü kimi, iddiaçı yetkinlik yaşına catmamış uşağı ilə birlikdə Cavabdeh məxsus ünvan 4 ünvanında istifadə və yaşamaq hüququ vardır. Həmçinin, cavabdeh onu və qızını həmin evə qeydiyyata salmamışdır. Tanımadığı kimlərinsə evində pasport qeydiyyatındadır. Hazırda cavabdeh onun həmin evə qeydiyyata salınmasına etiraz edir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Mənzil-X2 66 saylı Mənzil Komunal İstismar sahəsinin 100 saylı xx.xx.2023-cü il tarixli arayışında İddiaçı Xətai Rayon Nazim Şükürov 1q saylı, atası mərhum X25 məxsus olan özütikili evdə 2003-cü il tarixdən 2007-ci ilin aprel ayına və 2009-cu ildən 2022-ci ilin may ayına kimi yaşaması göstərilmişdir. İddia ərizəsinə əlavə olunan İddiaçı Xətai Rayon Nazim Şükürov 1q saylı, atası mərhum X25 məxsus olan özütikili evdə yaşamasını təsdiq edən qonşular X6, X7, X9, X19, X13, X20, X4, X14 və X10 notarial qaydada təsdiq olunmuş ərizələrindən də görsənir ki, İddiaçı qeyd olunan ünvanda yaşamışdır. İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianı müdafiə etdilər və məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Əlavə sual-cavab zamanı İddiaçı bildirmişdir ki, 2003-cü ildən ailəsi ilə birgə mübahisəli evdə yaşamağa başlamışdır. Həmin dövrdə bacıları ailə qurub ayrı yaşayırdılar. 2003-cü ildən etibarən həmin evdə özü və valideynləri birgə yaşamışlar. Ev özbaşına tikilidir. Alarkən ev 2 otaqlı idi, daha sonra əlavə tikinti işləri aparılaraq otaqların sayı 5 otağa çatdırılmışdır. O, 2007-ci ilədək həmin evdə yaşamışdır. 2007-ci ildə ailə həyatı qurub Sumqayıt şəhərinə köçmüşdür. 2008-ci ildə qızı Azərin dünyaya gəlmişdir. Qızının 6 ayı tamam olduqda nikahı faktiki olaraq pozulmuşdur və o, 2008-ci ilin sonlarında atasının evinə qayıtmışdır. Nikahı 14 dekabr 2009-cu ildə məhkəmə qərarı ilə nikahı pozulmuşdur. O, atasına qulluq etmişdir və evin təmir işlərinin aparılması zamanı köməklik etmişdir. Atası 2022-ci ilin 16 yanvar tarixində rəhmətə gedəndən sonra 2022-ci ilin 13 may tarixində onu yaşadığı evdən məcburi şəkildə çıxarmışlar. Ona məlumdur ki, onun çıxarılmasından sonra Ruhəngiz dlı bacısının qızı Sevgül nikahını pozduqdan sonra həmin evə köçüb nənəsi ilə (cavabdehlə) birgə yaşayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək işlə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş etmişdir. Belə ki, cavabdehin nümayəndəsinin iş materialları ilə tanış olması barədə vəsatəti daha əvvəl təmin edilərək, məhkəmə iclası təxirə salındığından və iclasın təkrar təxirə salınmasının zərurətini əsaslandıran mötəbər sübut həmin ərizəyə əlavə edilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, məhkəmə iclasının keçirildiyi gün dəftərxana vasitəsilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmişdir və işin təxirə salınmasını xahiş etmişdir. Belə ki, qeyd edilmiş üzrlü səbəbin mövcudluğuna dair mötəbər sübut həmin ərizəyə əlavə edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X1 bildirmişdir ki, nikahda olduğu müddətdə, yəni 2010-2012-ci illərdən etibarən Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yaşamışdır və İddiaçı ilə qonşu olmuşdur. Ona məlumdur ki, İddiaçı ailə üzvləri ilə problemləri olmuşdur. 2023-cü ilin may ayında İddiaçı ona zəng edərək bildirmişdir ki, yaşamağa yer axtarır. Onun imkanı olduğundan o, iddiaçıya öz evində yaşamağa icazə vermişdir. Onun köməyi ilə Flora bəzi əşyalarını və kitablarını onunla birlikdə gedərək yaşadığı evdən götürmüşdür. Kitabları götürməyə gedəndə anası Floraya qarşı çox soyuq münasibət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dinidirlmiş X9 bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov 1 ünvanında yaşayır və həmin ünvanda qeydiyyatdadır. İddiaçının qonşusudur. O, 2015-ci ildə həmin ünvana köçəndən iddiaçını tanıyır. İddiaçı onun övladının riyaziyyat müəlliməsi olmuşdur. İddiaçı onun həmin ünvana köçdüyü 2015-ci ildən 2023-cü ilin sonlarınadək sözügedən ünvanda anası ilə birgə onun yaxın qonşuluğunda yaşamışdır. Son vaxtlar iddiaçını həmin ünvanda görmür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 100 nömrəli, xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, İddiaçı Nazim Şükürov küçəsi 1q saylı atası X18 məxsus olan özütikili evdə 2003-cü ildən 2007-ci ilin aprel ayına və 2009-cu ildən 2022-ci ilin may ayına kimi yaşayıb. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur və valideynləri qrafasında atası “X15”, anası “X11”dır. İş materiallarına əlavə edilmiş Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 2009-cu ildə doldurulmuş məlumat vərəqinin və evin sxeminin surətindən görünür ki, Nazim Şükürov 1q saylı ünvanda yerləşən fərdi yaşayış evi 2000-ci ildə tikilib, evin sahibi X21r və evdə X31 özü, həyat yoldaşı Cavabdeh, qızı İddiaçı və nəvəsi X8 yaşayırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sonuncunun müraciəti ilə bağlı araşdırma aparılmış, göstərilən məsələlər mülki məsələlərə aid olduğuna görə müvafiq məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş “Əhali istehlakçılarının təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları” haqqında xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, istehlakçı X31 ilə “Azəriqaz” İB arasında təbii-qazdan istifadə ilə bağlı müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş “ADLS texnologiyası əsasında internet xidmətinin göstərilməsi haqqında” 170692/82013 nömrəli xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında N.Şükürov küçəsi 1q ünvanında internet xidmətlərinin göstərilməsi ilə bağlı müqvilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2771/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X15 ilə İddiaçı arasında xx.xx.2007-ci ildə Sumqayıt şəhəri VVADQ şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3541/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və sair” tələbləri barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Surəti hazırki işə əlavə edilmiş İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və sair” tələbləri barədə iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3541/2023 saylı mülki işin materiallarından görünür ki, Cavabdeh yazılı izahatla məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisənin predmeti olan ünvan 6 özbaşına inşa edilmiş evi həyat yoldaşı Tofiq Kərimov 2003-ci ildə özünə məxsus Əli Bayramlı şəhərindəki evini 2003-cü ildə satıb əldə etdiyi vəsait hesabına almışdır. Ev özbaşına və qanunsuz tikili olduğundan həmin evi adlarına rəsmiləşdirə bilməmişlər, nə də ki, pasport qeydiyyatına düşə bilməmişlər. xx.xx.2022- ci ildə həyat yoldaşı vəfat etmişdir. 2007-ci ilədək həmin evdə iddiaçı və qızı onlarla yaşamışdır. xx.xx.2007-ci il tarixdə o, Sumqayıt şəhər sakini olan X15 adında bir şəxslə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur və axırıncının ailəsinin üzvü olaraq ona məxsus Sumqayıt şəhərində yerləşən mənzilə gəlin köçmüşdür. Onların birgə nikah münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü Azərin adında bir qızları anadan olmuşdur. 2009-cu ildə də iddiaçı həyat yoldaşından boşanmışdır, daha sonra qeyri-rəsmi nikah münasibətlərində olmaqla Sahil adında bir şəxlə 2014-cü ilədək, 2014-ci ildən 2016-cı ilədək Elxan adında bir şəxslə, 2016-cı il tarixdən 2017-ci il tarixədək Samir adıda bir şəxslə ona məlum olmayan ünvanlarda yaşamışdır. 2019-cu ildə iddiaçı ona X5 rəsmi nikaha girməklə evləndiyi bildirmişdir. Lakin onunla da 2021-ci ilədək yaşayıb ayrılmışdır. 2021-ci ildə özü qara çadrada uzun saqqallı (vəhabi əqidəli) bir şəxslə evlərinə gəlmiş, onu yeni evləndiyi həyat yoldaşı kimi təqdim edərək onunla sonuncuya məxsus Nazim Şükürov İ saylı evdə yaşadığını bəyan etmişdir. Həyat yoldaşı əziyyət çəkdiyi onkoloji xəstəlikdən xx.xx.2022-ci ildə vəfat etmişdir. Həyat yoldaşının ağır xəstəliyə tutulması və onların daima yardıma ehtiyaclarının olduğundan qızı Ruhəngiz ailəsi ilə birlikdə köçərək onlarla birlikdə yaşamağa başlamışdır. Bu gün də onunla yaşamağa ona hər köməklik göstərməyə davam edir. İddiaçı isə atasının vəfatından sonra evə gələrək evi onun adına keçirməyi tələb etməyə başlamışdır. O, buna etiraz etdikdə iddiaçı evdə olan əşyalarını “106” çağrı mərkəzindən işçi qrupunu çağırmaqla “166 yük daşıma” xidmətindən yük avtomobilini sifariş eləməklə evin içində olan ona və həyat yoldaşına məxsus bütün əşyaları, hətta qızdırıcı radiatorları, kombi aparatını sökdürərək aparmışdır. Əşyaları evdən daşıyarkən mərhum həyat yoldaşının adına olan evə dair bütün sənədləri də oğurlayaraq özü ilə götürmüşdür. Məcburiyyət qarşısında qalaraq qızı Rühəngiz ailəsi ilə birlikdə tam boşalmış və yaşayışa yararsız vəziyyətə salınmış evini təmir etdirmiş, ev üçün lazım olan əşyaları almış, bir hissəsini də öz evindən gətirməklə yanında ailəsi ilə birlikdə yaşayır. Odur ki, 2007-ci ildən ailənin üzvü olmayan, 2009-2011-ci illərdə evində müvəqqəti yaşamış və o vaxtdan bu günədək evində yaşamayan iddiaçının hazırda ona qarşı qaldırdığı heç bir tələbini qəbul etmir. İddiaçının yaşadığı evdə müvvəqəti, qısa müddətdə qeydiyyatsız yaşaması, hazırda isə qızı X17 və kürəkəni İlqar Əzizovla yaşaması Bakı şəhəri Xətai rayonu 66 saylı MKİS-in xx.xx.2023-cü il tarixli məktubu ilə təsdiq olunur. Həmin iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçı 2007-ci ildə nikaha daxil olmuşdur, 2008-ci ilin fevral ayında onun uşağı dünyaya gəlmişdir. 2009-cu ilin iyun ayında, uşağı 1 yaş 4 aylıq olarkən iddiaçı evə qayıtmışdır. Onlar onu qəbul etmişlər. 2017-də iddiaçı bildirmişdir ki, yeni nikaha daxil olur. İddiaçı yoldaşı ilə 1 il müddətində Ramana qəsəbəsində yaşamışdır. Daha sonra iddiaçının ərə getdiyi şəxs ailəli olduğundan sonuncunun anası və bacısı onun evinə gələrək mübahisə etməyə başlamışlar və iddiaçının nikahı pozulmuşdur. Daha sonra 2019-2021-ci illərdə iddiaçı Cəlilabadlı olan əsgər oğlan ilə yaşamışdır. Daha sonra iddiaçı 1 il müddətinə nikahsız yaşamışdır. Sonrakı dövrdə digər şəxslə nikaha daxil olduğundan, könüllü evdən köçüb getmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında verdiyi izahatda bildirmişdir ki, mübahisəli yaşayış evi ona məxsusdur və o, həmin evdə qayınanası və ailəsi ilə birlikdə yaşayır. O bildirmişdir ki, qayınanası Cavabdeh qayınatası ilə təqribi 2005-ci ildə mübahisəli evi onun maddi köməkliyi ilə əldə ediblər. O, həmin evin alınmasına 2000-3000 manat pul vermişdir. Ev özbaşına tikili idi və qiyməti də təqribi bu qədər idi. O vaxtadək qayınatası ilə qayınanası uzun müddət kirayə qalıblar. Qayınatası ağsaqqal olduğundan MKİS-də ev qayınatasının adına yazılmışdır. Halbuki, ev ona məxsusdur. Alanda ev 2 otaqlı idi, hazırda ev 4 otaqdan ibarətdir. Evin hazırda təqribi 15.000-25.000 manat dəyəri vardır. O bildirir ki, ev satılarsa iddiaçıya ona qanunla düşə bilən pay veriləcəkdir. Hazırda mübahisəli evdə o öz ailəsi ilə birlikdə yaşayır, yaşlı qayınanası onların himayəsindədir. İddiaçı qızı ilə mübahisəli evdən köçəndən sonra o öz ailəsi ilə həmin mübahisəli evə köçmüşdür və hazırda iddiaçının yenidən həmin evə köçürülməsinə etiraz edir. O bildirir ki, iddiaçı sözügedən evdə daimi yaşamayıb, ara-sıra gəlib-gedib. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. X31 evin faktiki sahibi olmuşdur. O, həmin evdə qızı və arvadı Cavabdeh ilə birlikdə yaşamışdır. İddiaçı 2007-ci ildə ailə quraraq evdən köçmüşdür. 2009-cu ildə iddiaçı nikahını pozmuşdur və öz övladı ilə birlikdə yenidən atası Tofiq Kərimovun evinə qayıtmışdır. İddiaçının atası 2022-ci ildə öldükdən sonra iddiaçı mübahisəli evi tərk etmək məcburiyyətində qalmışdır. Məhkəmə evə köçürülmə barədə iddia tələbini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2.-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır Həmin Məcəllənin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır Həmin Məcəllənin 146.1.-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Ali Qanunun 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülməyə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. İşin faktiki hallarını araşdıran məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və iddiaçı nikahı pozulduqdan sonra 2009-cu ildə azyaşlı övladı ilə birgə atasına məxsus həmin yaşayış sahəsinə köçüb yaşamışdır, atası rəhmətə getdikdən sonra evi tərk etmişdir. Mübahisəli yaşayış sahəsinin özbaşına tikili olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının həmin sahədən məhrum edilməsi, cavabdehin və əmlaka əşya hüquqları olmayan üçüncü şəxs İ.Əzizovun onun həmin yaşayış sahəsinə qayıtmasına maneələr törətməsi müyyən edilmişdir. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin (şəxslərin) yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin və ya müstəqil tələb irəli sürməyən üçüncü şəxs İlqar Əzizovun mübahisələndirilən evə dair iddiaçıya münasibətdə hər hansı üstün hüquqlarının (mülkiyyət, istifadə, icarə və s.) olduğunu təsdiq edən sənədlər məhkəmələrə təqdim olunmamışdır. Odur ki, iddiaçının mübahisəli sahədə yaşamaq hüququ bərpa edilməklə iddia tələbləri təmin edilməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, iddiaçı 2009-cu ilin oktyabr ayınadək mübahisəli evə ailə üzvü kimi yenidən köçüb yaşadığına görə hazırki mübahisəyə qanunun analogiyası üzrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı 2009-cu ilin oktyabr ayınadək mübahisəli mənzilə qayıdaraq, öz atasına məxsus evdə ailə üzvü kimi yaşamağa başlamışdır, tərəflər bu halı təsdiq edirlər. İddiaçının həmin tarixdən sonrakı dövrdə müxtəlif vaxtlarda faktiki nikah münasibətlərinə girərək mübahisəli sahəni dəfələrlə tərk etməsinə dair cavabdehin dəlilləri hər hansı şübhədən kənar mötəbər sübutlarla təsdiq edilməmişdir. Bundan başqa, üçüncü şəxsin dəlillərinə baxmayaraq, mübahisəli sahənin İ.Əzizov tərəfindən əldə edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli sahə iddiaçının atası tərəfindən əldə edilmişdir və iddiaçı nikaha daxil olanadək və nikahı pozulduqdan sonra həmin sahəyə ailə üzvü kimi köçürülərək mübahisəli evdə yaşamışdır. Mübahisəli yaşayış sahəsi iddiaçının atasına məxsus olduğundan iddiaçının ailə üzvü olaraq mübahisəli mənzildə yaşamaq hüququ vardır. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Qeyd olunmuş qərarda ifadə edilmiş hüquqi mövqeyə uyğun olaraq məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mübahisəli sahəni könüllü tərk edərək köçüb getməsi və yaşayış sahəsinə ehtiyacının olmamasını qeyd etsə də, buna dair şübhədən kənar mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçının mübahisəli tikiliyə övladı ilə birlikdə köçürülməsi barədə iddia tələbləri təmin edilməlidir. Mübahisəli sahəyə istifadə hüquqlarının tanınması ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının köçmək istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Belə ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının və onun övladının mübahisəli evə istifadə hüququ əmələ gəlməmişdir, buna görə də özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir və həmin hissədə iddia tələbləri təmin edilməli deyil. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı və uşağı xx.xx.2008-ci il təvəllüdlü X8 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” saylı mənzilinə köçürülsünlər. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-1490/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1490/2024
16.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver