Məhkəmə qərarları › İş №e-2(011)-1501/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1501/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1501/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.000 manat borcun, mediasiya xərcləri üçün ödənilmiş 200 manat, cəmi 36.200 manat pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, 55 saylı mənzilin təmir edilməsi üçün təmin xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən İddiaçı 114 kv.metr sahəsi olan mənzilin təmir xidmətlərinin göstərilməsini sifariş etmiş, Cavabdeh MMC də təmir xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı əvvəlcədən cavabdehin qanuni təmsilçisi X2 hissə-hissə 11.330 və 13.200 manat olmaqla ödəmiş, daha sonra nağd şəkildə əlbəəl Ramal Hüseynova 11.500 manat, ümumilikdə 36.000 manat pul vəsaiti ödəmişdir. Ramal Hüseynov işçiləri vasitəsilə təmir işlərini başa çatdırmağı vəd etsə də, mənzildə çox cuzi təmir işi aparılmış, müqavilə ilə razılaşdırılmış təmir işləri tam şəkildə həyata keçirilməmiş və təmir üçün şirkətə ödənilmiş pulu şəxsi ehtiyacı üçün xərclədiyini bildirmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 16.000 manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 15 sentyabr 2021-ci il tarixli təmir xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən İddiaçı 114 kv.metr sahəsi olan mənzilin təmir xidmətlərinin göstərilməsini sifariş etmiş, Cavabdeh MMC də təmir xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təmir xidmətləri üçün cavabdehin şirkətin qanuni təmsilçisinə ümumilikdə 36.000 manat pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam şəkildə və düzgün formada yerinə yetirməmişdir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nin polis mayoru Səfər Səfərov tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İddiaçı 22 fevral 2022-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə müraciət edərək, X1 16.000 manat pulun ona geri qaytarılmasını xahiş etmişdir. X3 polis şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Həmin izahatda o, bildirmişdir ki, mənzilin təmir olunması üçün 20.000 manat pul xərcləmiş, lakin təmiri başa çatdıra bilmədiyi üçün onun 16.000 manatı özündə qalmışdır. Həmin məbləği xərcləmişdir, İddiaçı olan 16.000 manat borcunu 3 ay ərzində qaytaracağına söz vermişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 82.4-cü maddəsinə görə, məhkəmə qanunvericiliyin normalarına əsaslanaraq belə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşə baxan məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbinə əsasən, podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi- hazırkı halda mənzildə təmir-tikinti işləri aparmağı, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında podrat münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən cavabdeh iddiaçıya aid mənzildə təmir-tikinti işlərini aparmağı, iddiaçı isə xidmətin dəyərini ödəməli olmuşdur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış təmir işlərinin aparılmasına dair müqaviləyə əsasən Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin qanuni təmsilçisi X3 tərəfindən verilmiş izahata qiymət verərək belə hesab edir ki, nə qədər ki, Ramal Hüseynov cinayət işinin araşdırması zamanı verdiyi ifadəsində iddiaçıya 16.000 manat pul borcunun olmasını etiraf etmişdir, bu hal iş üzrə mübahisəsiz haldır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan görülmüş xidmətin dəyərini almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin iddiaçıya tam şəkildə göstərilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətin dəyərini almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti göstərməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən təmir-tikinti işləri üçün ödənilmiş 16.000 manat pul məbləği tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən təmir işlərinə görə ödənilmiş 16.000 (on altı min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar