Məhkəmə qərarları › İş №e-2(011)-159/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-159/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-159/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, (bundan sonra iddiaçı) onun vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (bundan sonra – cavabdeh), onun vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ilkin müqavilənin ləğvii və mənzildən çıxarılma” tələbinə dair ilkin, Cavabdeh2 iddiaçıya qarşı “pul və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Mətanət İmamquliyeva arasında ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci mərtəbəsində, girişdən sağ tərəfdə 2-ci, 1 otaqlı, 60 kv.m olan mənzilə dair xx.xx.2017-ci il tarixdə “ilkin müqavilə” bağlanmışdır. Daha sonra, onlar sözügedən mənzilin həmin yaşayış binasının 3-cü mərtəbəsində, girişdən sağ tərəfdə 2ci, 1 otaqlı, sahəsi 60. Kv.m. olan mənzillə (bundan sonra 1-ci Mənzil) əvəzləşdirilməsi barədə xx.xx.2017-ci il tarixdə Saziş bağlamışlar.

2. Həmçinin, iddiaçı ilə Mətanət İmamquliyeva arasında ünvan 1 ünvanında yerləşən yaşayış binasının 6-cı mərtəbəsində, girişdən sağ tərəfdə 1 otaqlı, 60 kv.m olan 35 saylı mənzilə (bundan sonra – 2-ci Mənzil) dair xx.xx.2017-ci il tarixdə “ilkin müqavilə” bağlanmışdır.

3. Hər iki müqaviləyə görə “ilkin müqavilə”lər hər iki Mənzilə dair gələckdə bağlanılacaq aqlı-satqı müqavilələrinin rəsmləşdirilməsi üçün tərəflərin öhdəlikləri olaraq bağlanmışdır. Hər iki müqavilə üzrə Mənzillərin dəyəri 33000 manat və hissə-hissə ödənilməklə razılaşdırılmış, 1-ci Mənzil üzrə ilkin olaraq 24000 manat ödənilmiş, qalan 9000 manatın iki il müddətinə, 2-ci Mənzil üzrə 20000 manat ödənilmiş, qalan 13000 manatın isə yenə də iki il müddətinə ödənilməsi müəyyən edilmişdir.

4. Mətanət İmamquliyeva tərəfindən hər iki Mənzil üzrə qalıq ödənişlər icra edilməmişdir.

5. Bundan başqa, iddiaçının ünvan 1 ünvanında yerləşən 3240,30 kv.m olan yaşayış binasına dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır.

İlkin və qarşılıqlı iddia ərizəslərinin dəlilləri:

a) İlkin iddia ərizəsinin dəlilləri

6. İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli ilkin müqavilənin, həmin müqaviləyə xx.xx.2017-ci il tarixli əlavə sazişin və xx.xx.2017-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, 1-ci və 2-ci Mənzillərin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin ailə üzvləri, əşyaları ilə birlikdə həmin mənzillərdən çıxarılması, cavabdehlər tərəfindən həmin mənzillərin iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı ilkin iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh Mətanət İmamquliyeva ilə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda bağlanmış ilkin müqavilə və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən, iddiaçıya məxsus olan 1-ci Mənzilin cavabdehə satılması barədə 2 il müddətində, yəni xx.xx.2019cu ilə qədər, habelə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat kontorunda bağlanılmış ilkin müqaviləyə əsasən iddiaçıya məxsus olan 2-ci Mənzilin cavabdehə satılması barədə 2 il muddətində, yəni xx.xx.2019-cu ilə qədər əsas alqı-satqı müqaviləsi bağlayacaqları barədə razılığa gəlmişlər. Hər iki ilkin muqavilənin 2.1 və 2.2-ci bəndlrinə əsasən, mənzillərin satış qiyməti 33000 manat məbləğində muəyyən edilmiş, 1-ci Mənzilin 24000 manat hissəsi xx.xx.2017-ci il tarixində ödənilmiş, 9000 manat hissəsi 2 il muddətində, həmçinin 2-ci Mənzilin 20000 manat hissəsi xx.xx.2017-ci il tarixində odənilmiş, qalıq 13000 manat hissəsi isə 2 il muddətində cavabdeh tərəfindən odənilməli idi. Hər iki müqavilənin qüvvədə olma muddəti də bitmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus olan 1-ci Mənzilə özu, oğlu Cavabdeh1 və diğər ailə üzvləri ilə köçmüş, həm həmin Mənzili, həm də 2-ci Mənzili iddiaçıya təhvil verməkdən imtina edir. Lakin dəfələrlə cavabdehə edilən xəbərdarlıqlara baxmayaraq hər iki müqavilə üzrə qalıq pul məbləğləri indiyədək cavabdeh tərəfindən ödənilməmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz olaraq iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski kuçəsi, 37K unvanda yerləşən yaşayış binasının 6-cı mərtəbəsində, ğirişdən sağ tərəfdə 1 otaqlı sahəsi 60 kv.m. olan 35 saylı mənzili iddiaçıya təhvil verməkdən imtina edir.

Cavabdehin ilkin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdehlər ilkin iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:

9. Cavabdeh Mətanət İmanquluyeva sonuncu dəyişikliklə mübahisəli mənzillərin həqiqi ölçüləri əsasında onun ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasındakaı 1-ci Mənzilə görə borcunun 1531 manat, həmin yaşayış binasında yerləşən 2-ci Mənzilə görə borcunun 4531 manat, cəmi 6062 manat müəyyən edilməsi, yağışın vurduğu zərərin aradan qaldırılması üçün lazım olacaq 2000 manat pulun, mənəvi zərər olaraq 10000 manat pulun və ödədiyi 100 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, cavabdehlə aralarında ünvan 2 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsində yerləşəm 1-ci Mənzilin və 6-cı mərtəbəsində yerləşən 2-ci Mənzilin ona satılması barədə müqavilələr bağlanmışdır. Ancaq evləri alandan və ilkin olaraq 24.000 manatı və 20.000 manatı ödəyəndən sonra ona məlum olmuşdur ki, qarşı tərəf onu aldadıb və ona verdiyi mənzillər müqavilədə göstərilən kimi 60 kv.m. deyil, onların hər ikisi cəmi 44 kvm təşkil edir. Çünki binanın 4-cü mərtəbəsində onun mənzilləri ilə bir sırada yerləşən eyni ölçülü mənzilin sahibi olan qonşusu öz mənzilinə çıxarış alıb və çıxarışda mənzilin sahəsinin 44 kv.m olduğu qeyd olunub. O, bunu bilən kimi iddiaçıya zəng etmiş və onunla görüşüb bu məsələyə aydınlıq gətirməsini tələb etsə də, onunla görüşməkdən yayınıb. O, Mənzilləri alan zaman iddiaçını tanımamışdır. İlkin olaraq alqı-satqını binanı inşa edən MTK-nın rəhbəri Həsən Yaqubovla etmişdir. Sonradan alqı-satqını rəsmiləşdirmək istəyərkən məlum olub ki, iddiaçı binaya şərikdir və Həsən Yaqubov da pulu iddiaçıya ödəməsini bildirmişdir. 2020-ci ildə iddiaçı ilə Həsən Yaqubov arasında yaranmış narazılıq və qarşılıqlı şikayətlə əlaqədar o, Daxili İşlər Nazirliyinə çağırılmış və yuxarıda qeyd etdiklərini DİN-ə verdiyi izahatında da bildirmişdir. Bundan başqa, 01-02 noyabr 2019-cu il tarixdə əsən güclü külək zamanı ünvan 2 ünvanında yerləşən yaşayış binasının dam örtüyü küləyin təsirindən tamamilə qoparaq yerə düşmüş və ardınca yağan güclü yağış suları 2-ci Mənzilinə axaraq həm döşəməni, həm tavanı, him də divarlarını yararsız vəziyyətə salmışdır. O, dəymiş zərəri aradan qaldırması üçün zəng etsə də, zənglərinə cavab verməmişlər. Hadisədən uzun müddət keçdikdən və dəymiş zərər öz tərəfidən aradan qaldırıldıqdan sonra onlar telefon zənginə cavab verdilər və bunu təbii fəlakətlə əlaqələndirib zərəri ödəməkdən yayındıar.

Məhkəmə iclasında verilən izahatlar:

11. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdilər.

12. Cavabdeh, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zaman izahat verərək ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi

13. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

17. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

18. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

19. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

20. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

21. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

22. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.

25. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

26. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

28. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

29. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

34. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsassız,qarşılıqlı iddia isə qismən əsaslıdır.

35. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

36. İlkin iddia üzrə iddiaçı cavabdehlə aralarında bağlanmış “ilkin müqavilə”nin ləğv edilməsini və Mənzillərin qaytarılmasını tələb edir. İddiaçı hesab edir ki, Mətanət İmamquliyeva üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni Mənzillərin dəyərini tam ödəmədiyindən müqavilə ləğv edilməklə Mənzillər ona qaytarılmalıdır.

37. Məhkəmə öncə tərəflər arasında bağlanmış müqavilənin hüquqi təbiətinin müəyyən edilməsini zəruri hesab edir, çünki bu mübahisənin düzgün həlli üçün vacibdir. Həm xx.xx.2017-ci, həm xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləni tərəflər “ilkin müqavilə” adlandıraraq imzalasalar da, məhkəmənin qənaətinə görə həmin müqavilələr ilkin müqavilə üçün qanunla müəyyən edilmiş şərtlərə cavab vermir. Belə ki, qanunda verilmiş anlayışdan görünür ki, ilkin müqavilə əsas müqavilənin formasında bağlansa da, həmçinin ilkin müqavilədə əsas müqavilənin predmeti, habelə digər mühüm şərtləri göstərilsə də, əsas müqavilə üzrə tərəflərin öhdəliklərini tam, yaxud qismən də olsa icra etmirlər. İlkin müqavilə üzrə tərəflərin öhdəlikləri gələcəkdə eyni məzmunda əsas müqavilənin bağlanması ilə məhdudlaşdırılmış olur. İlkin müqavilə tərəflərin gələcəkdə münasibətlərini davam etdirməyə zəmin yaratmaq məqsədini güdür, lakin tərəflərin üzərinə mütləq əsas müqavilənin bağlanması yükünü də imperativ qaydada qoymur. Bu hal ilkin müqavilənin qanunla müəyyən müddətlə məhdudlaşdırılmasında özünü daha açıq göstərir. Belə ki, müddət göstərilmədikdə ilkin müqavilə bir ildən sonra, ilkin müqavilənin özündə müddət göstərildikdə isə göstərilən müddətdə əsas müqavilə bağlanmadıqda ilkin müqavilə qüvvədən düşmüş olur.

38. Lakin tərəflər arasında xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə bağlanmış müqavilələrdən görünür ki, iddiaçı Mənzilləri cavabdehlərin faktiki sahibliyinə vermiş, Mətanət İmamquliyeva tərəfindən isə Mənzillərin dəyərinin bir hissəsi ödənilmiş, bir hissəsinin isə sonradan ödənilməsi nəzərdə tutulmuşdur. Yəni, tərəflər arasında Mənzillərin gələcəkdə satılmasına dair ilkin müqavilə deyil, faktiki Mənzillərin alqı-satqısı barədə notarial qaydada müqavilə bağlanmış, əvvəldə də qeyd edildiyi kimi, Mənzillər cavabdehlərə təhvil verilmiş, sonrakı ödənilməsi qaydası müəyyənləşdirilmiş, hətta təmir belə edilmişdir. Bu isə onu göstərir ki, tərəflərin iradə ifadəsi gələcəkdə hər hansı müqavilənin bağlanmasını deyil, birbaşa Mənzillərin satılmasını ifadə etmişdir. Bu halda müqavilələrin 2.4 və 2.5-ci maddələrində “Mənzillərin satılması, alqı-satqı müqaviləsinin bağlanması, mənzilin Mətanət İmamquliyevaya təhvil verilməsi, bağlanacaq alqı-satqı müqaviləsinə əsasən Mənzillərin Mətanət İmamquliyeva tərəfindən qəbul edilməsi” kimi öhdəliklərin nəzərdə tutulması öz əhəmiyyətini itirmiş olur. Həmin bəndlərdə göstərilən digər, “Mənzillərə dair iddiaçı, yaxud onun nümayəndəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyə dair dövlət reyestrindən arayışın alınması”, habelə müqavilələrin 2.2-ci bəndlərindəki ödənişin bir hissəsinin 2 il ərzində ödənilməsi öhdəlikləri isə Mənzillərə dair bağlanmış müqavilələrin icrası ilə bağlı tərəflərin sonrakı qarşılıqlı öhdəliklərinin davamı kimi nəzərdə tutulmuşdur.

39. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

40. Məhkəmə bir halı da qeyd edir ki, iş materiallarından görünür ki, həm 1-ci, həm 2-ci müqavilə bağlanarkən iddiaçının Mənzillərin satılması ilə bağlı səlahiyyəti olmamışdır. Belə ki, mübahisəli Mənzillərin də daxil olduğu iddiaçının ünvan 1 ünvanında yerləşən, ümumilikdə 3240,30 kv.m. olan əmlaka dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Lakin Mülki Məcəllənin 351.2 və 351.4-cü maddələrində qeyd edilir ki, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Məhkəmə tərəflərin müqavilə üzrə münasibətlərini sonradan davam etdirdiklərini, habelə Mənzillərə dair müqavilələr bağlandıqdan sonra da etibarsızlıqla bağlı bir-birlərinə qarşı tələb irəli sürmədiklərini nəzərə alaraq hesab edir ki, onların bu hərəkətləri həm 1-ci, həm də 2-ci müqavilənin sonradan təsdiqi kimi qəbul olunmaqla, etibarlı müqavilə statusu almasına əsas vermiş olur.

41. İlkin iddia tələbinin məzmunundan görünür ki, iddiaçı iddia ərizəsində iki tələb irəli sürmüşdür: Mənzillərə dair müqavilələrin ləğv edilməsi və Mənzillərin iddiaçıya təhvil verilməsi (geri qaytarılması).

42. Müqavilələrin ləğvi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllədə müqavilənin ləğvinin üç qaydası nəzərdə tutulmuşdur: müqavilənin ləğvinin birinci qaydası müqavilə tərəflərinin könüllü razılaşması ilə baş verir.

43. İkinci qayda müqavilənin bir tərəfin tələbi ilə ləğv edilməsin nəzərdə tutur. Bu zaman müqavilənin bri tərəfli qaydada ləğvi digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə şərtləndirilmişdir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində hüquqi pozulmuş tərəf müqaviləni bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlükdən məhrum olmuş olsun.

44. Müqavilənin ləğv edilməsinin üçüncü qaydası isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə şərtləndirilmişdir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi müqavilənin bağlanması zamanı tərəflər arasında mövcud olmuş şəraitin, (hansı ki, müqavilənin icrası şərtləri həmin şəraitə uyğunlaşdırılmışdır) sonradan müqavilənin icrası zamanı dəyişməsini nəzərdə tutur ki, bu dəyişmə nəticəsində müqavilənin icrası ya mümkün olmur, ya da xeyli dərəcədə çətinləşmiş olsun. Ona görə də, qanun müəyyən edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar.

45. İş materiallarından görünür ki, iddiaçı Mətanət İmamquliyevaya xx.xx.2022-ci il tarixdə bildiriş göndərərək hər Mənzil üzrə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə bağlanmış müqavilələri ləğv etdiyini və Mənzillərin ona təhvil verilməsini bildirmişdir.

46. Müqavilənin ləğv edilməsi və dəyişdirilməsi qaydaları ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

47. Konstitusiya məhkəməsinin qeyd edilən Qərarda gəldiyi hüquqi nəticə ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

48. Konstitusiya Məhkəməsinin sözügedən Qərarı ilə formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının Mətanət İmamquliyevaya xx.xx.2022-ci ildə xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilələrin ləğv edilməsi barədə iradə ifadəsini bildirməsi nəzərə alındığı halda, onun yenidən müqavilələrin ləğvini məhkəmə qaydasında tələb etməsi öz əhəmiyyətini itirmiş olur.

49. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı müqavilələrin ləğvi üçün gətirdiyi dəlillər əsasında (Mətanət İmamquliyevanın Mənzillərin qiymətini müqavilədə göstərilən məbləğdə tam ödəmədiyi üçün) onları bir tərəfli qaydada ləğv etməkdə haqlı ola bilməzdi.

50. Mülki qanunvericiliyə görə müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır (MM-nin 389.1 və 390.1-ci maddələri). Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir. Müqavilənin məzmununu öz iradələri ilə müəyyən edən tərəflərin həm də ondan irəli gələn öhdəlikləri vicdanla yerinə yetirmək vəzifəsi yaranmış olur. Mülki Məcəllənin 5.3cü maddəsində də göstərilir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hüquq və vəzifələrini vicdanla həyata keçirilməsi isə öhdəliyin müqavilədə müəyyən edilmiş müddətdə, həcmdə, qaydada və s. yerinə yetirilməsini ehtiva edir.

51. Tərəflər arasında bağlanmış 1-ci və 2-ci müqavilələrdən görünür ki, iddiaçı Mətanət İmamquliyevaya hər biri ayrılıqda 60 kv.m-dən ibarət iki mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin iş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizasının 10/8939 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü və 6-cı mərtəbələrində yerləşən mənzillərin ümumi sahəsinin 46,42 kv.m, müvafiq azalma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan ümumi sahəsinin 47,81 kv.m olması müəyyən edilmişdir.

52. İddiaçı ilə Mətanət İmamquliyeva arsında bağlanmış müqavilələrin predmetini konkret sahədən ibarət mənzillərin verilməsi təşkil edir. İddiaçı müqavilə bağlamaqla orada göstərilən ölçüdə mənzil verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımı qaydada icra etməyərək əşyanın miqdarına dair tələbləri pozaraq daha az ölçüdə mənzilləri verməklə öhdəliyini pozmuşdur.

53. Mülki Məcəllənin 425-ci maddəsi tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

54. İşin şərh edilən hallarından da göründüyü kimi, iddiaçı müqavilədə şərtləşdirilmiş ölçüdə mənzili Mətanət İmamquliyevaya təhvil verməmişdir. Onlar arasındakı mübahisə də məhz mənzillərin ölçülərinin müqavilədə göstəriləndən az ölçüdə təhvil verilməsi ilə bağlı yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, müqavilələrdə göstərilən pulun tam ödənilməməsi əsası ilə iddiaçının müqaviləni ləğv etməklə mənzilləri geri tələb etməsi 2 əsasla haqlı deyil. Birincisi, iddiaçı 60 kv.m-dən ibarət mənzili təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyini tam icra etmədiyi halda, qarşı tərəfdən müqavilədə göstərilən pulun tam şəkildə tələb etməsi haqlı ola bilməz, ona görə ki, iddiaçının öhdəliyinin həcmi müqavilədə qeyd edilən ölçüdə əşya vermək, Mətanət İmamquliyevanın öhdəliyinin həcmi isə həmin əşyanın miqdarına uyğun gələn həddə ödəniş etməkdən ibarət olmuşdur. Çünki, mənzil fərdi-müəyyən əşyadır və onun dəyəri əsasən miqdarı (ölçüsü) əsas götürülməklə müəyyən edilir.

55. Digər bir tərəfdən, Mülki Məcəllənin 598.3-cü maddəsi əşyanın dəyəri vaxtında ödənilmədikdə satıcıya onun qaytarılmasını deyil, əşyanı ödəməyi və Mülki Məcəllənin 449-cu maddəsinə müvafiq olaraq faizlər ödəməyi alıcıdan tələb etmk hüququnun olduğunu müəyyən etmişdir.

56. Beləliklə şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia təmin edilməməlidir.

57. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən əsaslıdır.

58. Mətanət İmamquliyevanın qarşılıqlı iddiadakı birinci tələbi ilkin iddianın rədd edilməsi ilə bağlıdır ki, bu tələblə bağlı yuxarıda ətraflı şərh edilmişdir.

59. Qarşılıqlı iddia üzrə ikinci tələb Mənzillərin dəyərinin yenidən hesablanması, 1ci Mənzilə görə borcunun 1531 manat, 2-ci Mənzilə görə isə borcunun 4531 manat müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia bu hissədə qismən əsaslıdır (tərəflərin öhdəlikləri ilə bağlı yuxarıda ətraflı şərh edildiyindən yenidən həmin məsələyə hüquqi qiymət verilməsinə məhkəmə ehtiyac görmür).

60. Əvvəla, məhkəmə qeyd etməyi zərur hesab edir ki, mənzil fərdi müəyyən əşya olduğuna görə, həmçinin mövcud bazar meyarları nəzərə alınmaqla, onun dəyəri əsasən sahəsi (ölçüsü) ilə müəyyən edilir. Mənzillərin yerləşdiyi ərazi, təmir vəziyyəti və s. göstəriciləri qiymətinə təsir göstərən amillər kimi çıxış etsə də, mənzillərin əsas dəyəri onun ölçüsünə görə müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, müqavilələrdə hər kvadrat metrinin qiyməti göstərilməsə də, Mənzillərin ümumi qiymətinin onların sahələrinə bölünməklə, 1 kv.m-nin qiymətinin tapılması, sonuncu nəticənin Mənzillərin real sahələrinə vurulması yolu ilə müəyyən edilməlidir. Bu halda, Mənzillərin 1 kv.m-nin qiyməti 550 manata bərabər olur (33000 manat / 60 kv.m. = 550 manat). Göründüyü kimi Mənzillər iddiaçı tərəfindən 1 kv.m-nin qiyməti 550 manat olmaqla Mətanət İmamquliyevaya satılmışdır.

61. Mənzillərin real ölçülərinə gəldikdə, iş üzrə təyin edilmiş məhkəmə-tikinti ekspertizasının 10/8939 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 3-cü və 6-cı mərtəbələrində yerləşən mənzillərin ümumi sahəsi 46,42 kv.m, müvafiq azalma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan ümumi sahəsi 47,81 kv.m olması müəyyən edilmişdir.

62. Məhkəmə hesab edir ki, Mənzillərin ümumi sahəsi rəydə göstərilən ikinci meyar, yəni müvafiq azalma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan hesablanmış 47,81 kv.m əsas götürülməlidir. Bu zaman, Mənzillərin 1 kv.m-nin 550 manat olduğu nəzərə alındıqda, hər birinin ayrılıqda ümumi qiyməti 26295,50 (550 manat x 47,81 kv.m. =26295,5 manat) manat olar. Mətanət İmamquliyevanın 1-ci Mənzil üzrə 24000 manat, 2-ci Mənzilə isə 20000 manat ödənildiyi nəzərə alındıqda, onun 1-ci Mənzilə görə 2295,5 manat (26295,5- 24000=2295,5 manat), 2-ci müqavilə üzrə isə 6295,5 manat (26295,5- 20000=6295,5 manat) olmaqla, cəmi 8591 manat borcu qalır.

63. Bundan başqa, məhkəmə Mətanət İmamquliyevanın 2-ci Mənzilə görə beh kimi ödədiyi 1000 manat pulun ümumi ödənişdən çıxılması dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına surəti əlavə edilmiş ünvan 1 ünvanında, 6 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 1 otaqlı Mənzilə görə 1000 manat pulun verilməsi barədə xx.xx.2016-cı il tarixli ev alqı-satqısı müqaviləsindən görünür ki, tərəflər X3 və Mətanət İmamquliyevadır. Qeyd edilən pulun iddiaçıya verilməsi barədə isə Mətanət İmamquliyeva məhkəməyə heç bir sübut təqdim etməmişdir.

64. Məhkəmə hesab edir ki, qarşlıqlı iddia maddi və mənəvi zərərin tutulması hissəsində tam əsassızdır.

65. Mətanət İmamquliyeva ona 2000 maddi zərər dəyməsini binanın dam hissəsini küləyin atması nəticəsində evin təmirinin yararsız vəziyyətə düşməsi ilə əlaqələndirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

66. Mənəvi zərərlə bağlı isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

67. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

68. Məhkəmə qeyd edir ki, Mətanət İmamquliyeva iddiaçının hansı hərəkətləri nəticəsində ona mənəvi zərər dəydiyini, nəyə görə mənəvi sarsıntı keçirməsi, iddiaçının hansı hərəkətlərinin onun psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olmasını nə iddia ərizəsində qeyd etməmiş, nə də bu hallarla bağlı məhkəməyə heç bir sübut verməmişdir. Bu səbəbdən məhkəmə mənəvi zərərlə bağlı tələbi əsassız hesab edir.

69. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, ekspertiza xərci isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X1 ünvan 1 ünvanında, 6 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 otaqlı Mənzilə görə borcunun 2295,50 manat, eyni ünvanda həmin binanın 6-cı mərtəbəsində yerləşən mənzilə görə isə borcunun 6295,50 manat olması müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar