Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1604/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı işəgötürənin pozulmuş hüquqları ilə əlaqədar vurulmuş maddi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı vurduğu ziyana görə cavabdehdən 6758 manat pulun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə iddiaçı ilə cavabdeh arasında bağlanmış 25.04.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh assistans xidməti üzrə həkim anestezioloq vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 604 manat, müəyyən edilmiş, müddətli əmək müqaviləsi 8 ay müddətinə bağlanmışdır. 28.04.2017-ci il tarixdə cavabdehin ərizəsi əsasında sonuncu assistans xidməti üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. 04 yanvar 2018-ci il tarixində işçinin əmək haqqı artırılaraq 685,97 manat, 03 yanvar 2019-cu il tarixində 690,96 manat müəyyən olunmuşdur. 01.09.2020-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) əsasən xitam verilmişdir. İddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qurumları arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə uyğun olaraq, İddiaçı MMC ilə "xxxx" ASC arasında “Tibbi sığorta müqavilələri üzrə assistans xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilə üzrə iddiaçı həmin işləri Assistans şirkəti olaraq icra edir. Yəni sığotra hadisəsi baş verdiyi zaman sığorta olunanları sığorta hadisəsinin dərəcəsi və növünə uyğun, mütəxəssis və köməkçilərinin göndərişi ilə, təxirəsalınmadan müxtəlif tibb müəssisələrinə təxliyə edilməsini təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 aprel 2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh həkim anestezioloq vəzifəsinə işə qəbul edilmişdir. 28 aprel 2017-ci il tarixində işçinin ərizəsinə əsasən, iki tərəfli qaydada əmək müqaviləsinə vəzifə dəyişikliyi edilərək cavabdeh assistans xidməti üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlanarkən işçinin əmək haqqı 604 manat müəyyən edilmişdir. Əmək haqqı işəmüzd saat hesabı hesablanacağı, əmək haqqının növbəti ayın 15-də ödəniləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi ilə artıq vaxt, bayram və istirahət günlərində işlədikdə əmək haqqı iki qat hesablanacağı, əmək haqqına 75 faiz (dəniz əmsalı) əlavə ediləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi müddətli əmək müqaviləsi olaraq 8 ay müddətinə bağlanmışdır. Müqavilə bir neçə dəfə eyni müddətə uzadılmışdır. 04 yanvar 2018-ci il tarixində işçinin əmək haqqı artırılaraq 685,97 manat, 03 yanvar 2019-cu il tarixində 690,96 manat müəyyən olunmuşdur. İşçi əmək funksiyasını Cilov adasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) TSH-də assistans xidməti üzrə mütəxəssis olaraq icra edirdi. 01 sentyabr 2020-ci il tarixində cavabdeh öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Belə ki, 05 avqust 2020-ci il tarixində cavabdeh əsas iş yeri olan İddiaçı MMC-dən xəbərsiz olaraq "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq işə başlamışdır. Bu hal iddiaçıya sonralar məlum olmuşdur. Bütün instansiyalara əmək hüquqöarının pozulması ilə əlaqədar müraciətlər ünvanlayan cavabdehin şikayətləri bir çox instansiyalarda araşdırılmış, onun əmək hüquqlarının pozulması hallarının aşkarlanmadığı müəyyən edilməklə özünə bu barədə rəsmi cavab ünvanlanmışdır. Buna baxmayaraq, cavabdeh iddiaçıya qarşı Yasamal rayon Məhkəməsində pozulmuş əmək hüquqlara ilə bağlı maddi ziyan tələbi ilə iddia qaldırmış, həmin Məhkəmənin 07 may 2021-ci il tarixi qətnaməsi ilə cavabdehin “iddia tələbi rədd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMC-də işlədiyi müddət ərzində cavabdehin heç bir əmək hüququ pozulmamışdır. Qətnamədən apellyasiya şikayəti verilmiş, şikayət təmin edilməmişdir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi vəsatətlə çıxış edərək davamiyyət jurnallarının məhkəməyə təqdim edilməsini istədi. Bütün illər üzrə davamiyyət jurnalları Cilov adasında arxivdən təmin edilərək məhkəməyə təqdim edilmişdir. Həmin davamiyyət jurnallarına baxış keçirilərkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh adada işə çıxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda keçən vaxta görə 2017-ci il üzrə 873 manat, 2018-ci il üzrə 2291 manat, 2019-cu il üzrə 2691 manat, 2020-ci il üzrə 903 manat olmaqla artıq pul almış və toplamda 6758 manat şirkətə maddi ziyan vurmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Tərəflər arasında əmək hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, tərəflər arasında 25.04.2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və əmək haqqının məbləği müəyyən edilməklə cavabdeh assistans xidməti üzrə həkim anestezioloq vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı AR Əmək Məcəlləsi ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdehin vəkili və nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə 01.09.2020-ci il tarixdə cavabdehin başqa işəgötürənlə əmək müqaviləsi bağlaması əsas gətirilirək xitam verilmişdir. Sonradan cavabdeh iddiaçıya qarşı maddi ziyanın ödənilməsi tələbi barədə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1900/2021 saylı 07.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, həmin qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, apellyasiya icraatı zamanı (Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi 06.09.2021-ci il tarixdə qəbul edilmişdir) cavabdehin nümayəndəsi vəsatət təqdim edərək davamiyyət jurnallarının məhkəməyə təqdim ediməsini xahiş etmiş və bütün illər üzrə davamiyyət jurnalları arxivdən təmin edilərək məhkəməyə təqdim edilmişdir. Həmin davamiyyət jurnallarına baxış keçirilərkən iddiaçıya məlum olmuşdur ki, cavabdeh adada işə çıxmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda keçən vaxta görə 2017-ci il üzrə 873 manat, 2018-ci il üzrə 2291 manat, 2019-cu il üzrə 2691 manat, 2020-ci il üzrə 903 manat olmaqla artıq pul almış və toplamda 6758 manat şirkətə maddi ziyan vurmuşdur. Göründüyü kimi, iddiaçı cavabdehin ona qarşı əmək haqqı və s. tələbinə apellyasiya məhkəməsində baxılarkən (2021-ci ilin sentyabr ayında) sonuncuya artıq əmək haqqı hesablanmaqla verildiyini bildirsə də, hazırkı iddia ərziəsi ilə 21.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. AR Əmək Məcəlləsinin 175.3-cü maddəsi müəyyən edir ki, əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. İddia müddətinin anlayışını və tətbiqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373 və 375.2-ci maddələrində qeyd edilir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilən müddəalardan göründüyü kimi, işəgötürənin səfv hesablanmış pulun işçidən qaytarılması üçün məhkəmədə iddia qaldırması üçün bir ay müəyyən edilmişdir. Lakin iddiaçı göstərilən müddət ərzində cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi barədə məhkəməyə müraciət etməməklə, iddia müddətini ötürmüş, iddia müddətini üzürlü səbəbdən ötürməsi ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.07.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməsəydi belə, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, iddiaçı cavabdehə artıq əmək haqqı hesablanaraq ödənildiyini iddia etsə də, göstərilən pul vəsaitinin həqiqətən də cavabdehə ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda şərh edilən əsaslara görə məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-1604/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1604/2022
21.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver