Məhkəmə qərarları › İş №e-2(011)-1606/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1606/2022

12.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1606/2022 12.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 5194 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) qurumları arasında bağlanmış Könüllü Tibbi Sığorta Müqavilələrinə uyğun olaraq, həmin müqavilələrin tibbi koordinasiya hissəsini İddiaçı MMC-nin "xxxx" ASC ilə aralarında bağlanmış “tibbi sığorta müqavilələri üzrə assistans xidmətlərinin göstərilməsi haqqında müqavilə”lərə əsasən İddiaçı MMC “Assistans şirkəti” olaraq icra edir. Yəni sığorta hadisəsi baş verdiyi zaman sığorta olunanları sığorta hadisəsinin dərəcəsin və növünə uyğun mütəxəssis və köməkçilərinin göndərişi ilə, təxirəsalınmadan müxtəlif tibb müəssisələrinə təxliyə edilməsi təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də sanitar vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixində işçinin ərizəsinə əsasən, iki tərəfli qaydada əmək müqaviləsinə vəzifə dəyişikliyi edilərək Cavabdeh xadimə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək haqqı 167 manat müəyyən edilmişdir. Əmək haqqı işəmüzd saat hesabı hesablanacağı, əmək haqqının növbəti ayın 15-də ödəniləcəyi müəyyən edilmişdir. Əmək müqaviləsi ilə artıq vaxt, bayram və istirahət günlərinə işlədikdə əmək haqqı iki qat hesablanacağı, əmək haqqına 75 faiz əlavə ediləcəyi müəyyən edilmişdir. Əmək müqavilə müddəti əmək müqaviləsi olaraq 8 ay müddətinə bağlanılmışdır. Müqavilə müddətinin bitməsində 7 gün ərzində tərəflərdən müqavilənin xitam edilməsi tələb edilmədiyindən müqavilə bir neçə dəfə eyni müddətə uzadılmışdır. xx.xx.2018-ci il tarixində işçinin əmək haqqı artırılaraq 248,97 manat, xx.xx.2019-cu il tarixində 253,96 manat müəyyən olunmuşdur. İşçi əmək funksiyasını Neft Daşları adasında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin TSH-də xadimə olaraq icra edirdi. xx.xx.2021-ci il tarixində işçi Cavabdeh əmək müqaviləsinə, müqavilə müddəti bitməsi əsas tutularaq xitam verilmişdir. Cavabdeh əmək hüquqlarının pozulması ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 1902/2021 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı MMC-yə qarşı iddia tələbi rədd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı MMC-də işlədiyi müddət ərzində Ələkpərova Azrunun heç bir əmək hüququ pozulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6813/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmadan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya icraatı zamanı təqdim edilmiş bütün illər üzrə davamiyyət jurnalları Neft Daşları adasında arxivdən təmin edilərək məhkəməyə təqdim edilmişdir. Həmin davamiyyət jurnallarına iddiaçı tərəf baxış keçirtdiyi zaman, Cavabdeh Neft Daşları adasında işə çixmadığı halda ezamiyyə pulu və dəniz əmsalı, həmçinin yolda keçən vaxta görə 2017-ci il üzrə 2418 manat, 2018-ci il üzrə 2185 manat, 2019-cu il üzrə 264 manat, 2020-ci il üzrə 312 manat, 2021-ci il üzrə 15 manat olmaqla artıq pul almış və toplamda 5194 manat şirkətə maddi ziyan vurmuşdur. Belə ki, “Ezamiyyə xərclərinin normaları haqqında” xx.xx.2008-ci il tarixli 14 saylı qərarının 6-cı bəndinə əsasən cavabdeh ezamiyyə xərcləri əvəzi olan 10 manat, xx.xx.2018-ci il tarixdən etibarən 15 manat əlavəni Neft Daşları adasında işə çixarkən gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmadıqda almağa haqqı yaranırdı. Həmçinin işçi dəniz əmsalı olan maaşının 75 faiz əlavəsini Neft Daşları adasında işə çıxarkən almağa haqqı yaranırdı. Lakin yuxarıda da qeyd edildiyi kimi davamiyyət jurnallarına baxıldığı zaman işçi ƏLəkpərova Azrunun işlədiyi müddət ərzində müxtəlif vaxtlarda Neft Daşları adasında işə çıxmadığı halda ezamiyyə xərcləri əvəzi və dəniz əmsalı üzrə maaşının 75 faiz əlavəsini almışdır. Bundan başqa cavabdeh ayrı-ayrı vaxtlarda yolda olmadığı halda, yolda keçən vaxta görə pul almış və ya yolda olsa da yolda keçən vaxta görə artıq pul almşdır. Bunların nəticəsində də, şirkətə 5194,00 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərinə uyğun iddia müddətinə dair tələbi tətbiq edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli PMA-M/17/01 nömrəli müqavilənin surətindən görünür ki, “Assistans şirkəti” 2017-ci ildə "xxxx" ASC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qurumları arasında bağlanmış X10 Müqavilələrinə əsasən SOCAR-da çalışan işçilərə (bundan sonra sığorta olunanlara) kommunatatorluq və assistans xidmətinin təşkil edilməsi, sığorta olunanlara müxtəlif tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin təşkil edilməsi, SOCAR-ın qurumlarının müxtəlif sahələrində yerləşən tibb məntəqələrində tibbi xidmətin göstərilməsini təşkil etməyi; sığorta şirkəti isə göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2017-ci il tarixli N_M-PMA-025 nömrəli müqavilənin surətindən görünür ki, “Assistans şirkəti” 2017-ci ildə "xxxx" ASC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qurumları arasında bağlanmış X10 Müqavilələrinə əsasən SOCAR-da çalışan işçilərə (bundan sonra sığorta olunanlara) kommunatatorluq və assistans xidmətinin təşkil edilməsi, sığorta olunanlara müxtəlif tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsinin təşkil edilməsi, SOCAR-ın qurumlarının müxtəlif sahələrində yerləşən tibb məntəqələrində tibbi xidmətin göstərilməsini təşkil etməyi; sığorta şirkəti isə göstərilən xidmətlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 448/011k nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətindən görünür ki, xx.xx.2021-ci il tarixindən İddiaçı MMC-nin xadiməsi X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 079/k nömrəli “işə qəbul olunması haqqında” əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən İddiaçı MMC-yə sanitar vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan X2 İddiaçı MMC-yə ünvanlanmış məktubun surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdən İddiaçı MMC-yə sanitar vəzifəsinə işə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixində imzalanmış Əmək müqaviləsinin surətindən görünür ki, X1 vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 8 ay müddətinə bağlanılmışdır. İşçiyə hər ay 167,00 manat əmək haqqı və 15 faiz miqdarında əmək haqqına əlavə ödənilməli idi. İş 15 günlük növbəli iş qrafiki müəyyən edilir. İşçinin işə gəlib-getməsi üçün nəqliyyatla təmin edilir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 281/k nömrəli əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixindən İddiaçı MMC-yə xadimə vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş mühasibat sənədlərindən görünür ki, 2017-ci ilin may ayından 2021-ci ilin fevral ayına kimi olan dövr ərzində Cavabdeh aylıq əmək haqları güzəşt, vəzifə maaşı, faktiki iş günləri, faktiki iş saatları, əlavə iş saatları, gecə növbəsi üzrə saatları, yola sərf olunan vaxt, vaxtamuzd ödəniş, 75 faiz dəniz əmsalı, əlavə saatlar, məzuniyyət, məzuniyyətin kompensasiyası, gündəlik gediş haqqı, karantin, gecə növbəsi 40 faiz, xəstəlik kağızı, cəmi hesablanıb, gəlir vergisi, DSMF 10 faiz, DSMF işsizlik sığortası, 3 illik həyatın yığım sığortası, avans, cəmi tutulub, yekin məbləğ qrafalarından ibarət olan izahlı cədvəl-hesabatlarda öz əksini tapmaqla, tam şəkildə hesablanaraq ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-601/2022 nömrəli qərarının surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikəyətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6813/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı ilkin iddia üzrə cavabdeh tərəfindən pozulmuş əmək hüquqları ilə bağlı vurulmuş maddi ziyanın əvəzi olaraq 50000 manat və mənəvi zərərin əvəzi olaraq 20000 manat olmaqla, cəmi 70000 manat pulun İddiaçı MMC-dən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı MMC Cavabdeh qarşı Cavabdeh İddiaçı MMC-nin barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1902/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6813/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 1902/21 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı “X5” MMC tərəfindən təqdim edilmiş davamiyyət jurnallarının surətləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş yazılı sübutlarla bağlı tələblərə uyğun olmadığından, məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilmir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191 maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə sinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehin qanunazidd əməli nəticəsində ona maddi ziyanın vurulduğuna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyinə görə iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ ilə əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Əmək hüquqları ilə bağlı münasibətləri düzənləyən xüsusi qanunvericilik aktı olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi tərəflərin hüquqlarının pozulması ilə əlaqədar iddia müddətləri müəyyən olunur. Azərbaycan Respublikasə Əmək MƏcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəf iddia tələbinə əsas olmuş halları iddiaçı Cavabdeh “X6” MMC-yə qarşı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1902/2021 nömrəli qətnaməsindən verilən şikayət üzrə Bakı Apellyasiya məhkəməsində aparılan icraat zamanı, 2021-ci ilin avqust ayında öyrənmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə bir illik iddia müddətini ötürmədən, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh vəkili və nümayəndəsi tərəfindən verilmiş ərizə əsassız hesab edilərək təmin edilməməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 5194 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar