Məhkəmə qərarları › İş №e-2(011)-1616/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1616/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1616/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə 75-2/22 saylı ofis sahəsinin subicarə müqaviləsi bağlanmışdır (bundan sonra – İcarə nüqaviləsi). İcarə müqaviləsinə əsasən subicarəyə verən ünvan 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində 1 otaqlı 530 nömrəli ofisi (bundan sonra - Ofis) subicarəçinin müvəqqəti sahiblik və istifadəsinə verməyi, subicarəçi isə icarə obyektini qəbul edib ondan təyinatına uyğun istifadə etməyi və bu Müqavilədə göstərilmiş qaydada, miqdarda və müddətlərdə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən icarə müddəti xx.xx.2024-cü yanvar tarixinədək müəyyənləşdirilmişdir.gf

2. Müqavilə şərtinə görə cavabdeh tərəfindən iddiaçıya 1681 manat depozit ödənilmişdir. Müqaviləyə görə subicarəçi ofis sahəsinin daxili qaydalarını pozduqda subicarəyə verən depozit məbləğini cərimə kimi saxlmağı, həmçinin Subicarəçinin müqavilənin bitmə tarixinə qədər ödəməmiş icrə haqqı məbləğində cərimə müəyyən edə bilər.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı xx.xx.2022-ci il tarixli, 75-2/22 saylı Subicarə müqaviləsi üzrə ödənilmiş 1681 manat depozit, vəkilə ödənilən xidmət haqqı olan 120 manat, dəymiş ziyana görə 28700 manat, cəmi 30501 manat və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış 75-2/22 saylı Subicarə müqaviləsinə görə Ofisin istifadəsinə xx.xx.2022-ci il tarixindən başlanılmışdır. Depozit tam məbləğdə ona bitmə tarixindən 30 təqvim günü ərzində iddiaçının yazılı tələbi əsasında manat ilə qaytarılmalıdır. Depozitin məbləği 2 aylıq icarə haqqı kimi hesablanmışdır. İddiaçı tərəfindən depozit ödənişini etdikdən sonra sözügedən ofisdən istifadə etməyə başlasa da, bir neçə gündən sonra, yəni 01 dekabr 2022-ci il tarixində cavabdeh müxtəlif bəhanələr edərək ondan icarəyə verilən ofisin girişçıxış kartlarını almış və bir daha ofisdən istifadə etməyə qadağa qoymuşdur. Cavabdeh ofisdən istifadəyə qoyduğu qadağanı onunla əsaslandırmışdır ki, guya onun tərəfindən üçüncü şəxsə ofisin giriş karıtının verilməsi olmuşdur. Bu barədə cavabdeh yazılı formada 06 dekabr 2022-ci ildə 176 nömrəli bildiriş göndərmiş və bildirişdə göstərmişdir ki, guya iddiaçı giriş karıtını verdiyi şəxs, X2 daha əvvəl cavabdehin müştərisi olmuş və o, “Regus ASK” mərkəzinin əməkdaşları mərkəzdə olmadığı zaman cavabdehə aid dolablardan mərkəzdəki ofislərin açarlarını oğurlayaraq mərkəzin əmlakından qeyri-qanuni istifadə etmişdir. Bu hal dəfələrlə təkrarlanmaqla cavabdehin müşahidə kameraları tərəfindən qeydə alınmışdır. Bundan başqa, bildirişdə Subicarə müqaviləsinin 4.2.3-cü bəndinin tələbi pozulduğunu və həmin Müqavilənin 11 dekabr 2022-ci il tarixdən xitam verildiyini bəyan edərək, ödənilmiş 1681 manat depozit məbləğinin cərimə kimi saxlanılmaqla, müqavilə müddətinin sonuna qədər ödəməli olduğu 23808 manat pulun ödənilməsini tələb etmişdir. Həmin bildirişə cavab olaraq cavabdehə 14 dekabr 2022-ci il tarixdə göndərilmiş xəbərdarlıq məktubunda göstərmişlər ki, X2 onun doğma bacısıdır, eyni zamanda o, iddiaçının xx.xx.2022-ci il tarixli etibarnamə əsasında onu təmsil edir. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362-364-cü maddələrinə tələblərinə əsasən nümayəndəsinin Subicarə müqaviləsi üzrə subicarədə olan ofisdən istifadəsi qanuni və əsaslıdır. Eyni zamanda, onların fəaliyyəti müştərəkdir. Gülnar Şirinova üçüncü şəxs kimi yox, aralarında bağlanmış müqavilə üzrə eyni tərəfin nümayəndəsidir. Bundan əlavə, Gülnar Şirinova “X3” MMC və ya Regus ASK tərəfindən arzu olunmayan şəxs ki elan edilməyib, əgər edilsəydi bu barədə elanla tanış edərdilər. Həmçinin, G.Şirinovanın oğurluq etməsi ilə bağlı məhkəmənin ittiham edici qanuni qüvvəyə minmiş hökmü yoxdur. Bildirişdə qeyd edilənlər yalnız şər və böhtan xarakterli məlumatlardır. Gülnar Şirinova onunla uzun müddət əməkdaşlıq etmiş və müqavilə müddətinin bitməsi ilə bağlı müqavilə öhdəliklərinə xitam verilmişdir. Bir sözlə, tərəflər arasında hər hansı bir mübahisə olmamışdır. Cavabdehin hərəkətləri, yəni ofisdən istifadəyə qoyulmuş qadağa qanunsuzdur. İddiaçı cavabdehin qanunsuz hərəkətlərinə görə ofisdən istifadə edə bilmir, fəaliyyəti məhdudlaşdırılıb, nəticədə iddiaçı gəlirindən məhrum olmuş, buna görə bir gün üçün 700 manat məbləğində ziyan hesablanmalıdır. Cavabdehin qanunsuz hərəkətinə görə iddiaçı tərəf 41 gün müddətində ofisdən istifadə etmədiyi hər gün üçün 700 manat gəlirdən məhrum olmuş və nəticədə 28700 manat məbləğində ziyan vurulmuşdur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, iddiaçıya heç bir etiraz olmayıb o vaxta qədər ki Gülnar Şirinova ddiaçının doğma bacısı, eyni zamanda o, iddiaçının 0E12.2022-Cİ il tarixli etibarnamə əsasında səlahiyyətli şəxs olaraq onu təmsil edir. X7 daha əvvəl onun müştərisi olmuş və aralarındakı müqavilənin bitdiyindən müddətini uzatmamışlar. Bundan sonra iddiaçı əvvəlcədən bacısı ilə gəldiyi razılıq əsasında aralarında bağlanan əqdi (icarə müqaviləsini) pərdələmək məqsədi ilə icarə müqaviləsi bağlayır və bir müddət sonra nümayəndəsi olan Gülnar Şirinovanın həmin ofisdə fəaliyyət göstərəcəyini bildirmişdir. MMC əvvəlcədən iddiaçının niyyətini güman etsəydi bu müqaviləni imzalamıyacaqdı. Gülnar Şirinova onlarla uzun müddət əməkdaşlıq etmiş və müqavilə müddətinin bitməsi ilə əlaqədar tərəflərin əməkdaşlığı bitmişdir. Müqavilənin xitam verilməsinə səbəb kimi şəxsi qərəzl yox, Gülnar Şirinovanın fəaliyətinin cavabdehin ofis sahəsinə uyğun olmadığını bildirilmişdi. Şirinova Gülnar onunla imzalanmış müqavilənin qüvvədə olduğu müddət ərzində qeyri-qanuni olaraq mərkəz əməkdaşlarının dolablarından açarları götürərək cavabdehin əmlakından qanunsuz istifadə edərək cəmiyyətə ziyan vurmuşdur ki, mərkəzin kameraları bu hərəkətləri qeydə almışdır. Bu hərəkətlərdə cinayət xarakterinin olmasını və Gülnar Şirinovanın himayəsində azyaşlı uşaqların olduğunu nəzərə alaraq bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. X7 israrla və şəxsi ambisiyasını ortaya qoyaraq cavabdehə məxsus ofisdən istifadə edəcəyini təkidlə bildirdikdə, bu məsələ açılaraq idiaçının diqqətinə çatdırılmaqla onun ofis mərkəzinə daxil olmasının mümkünsüzlüyü bildirilmişdi. İddiaçı icarəyə götürdüyü ofisi öz şəxsi istifadəsi üçün deyil, bacısı Gülnar Şirinovanın qanunsuz ambisiyasını yerinə yetirmək üçün etmişdir. Bundan əlavə, iddiaçı X4 Qaydalarının 4 cü maddəsini pozaraq ona təqdim edilmiş açarı üçüncü şəxsə verməklə bu qaydaları pozmuşdur. Bununla əlaqədar olaraq iddiaçıdan Müqavilənin 4.3-cü bəndinə əsasən ödənilmiş 1681 manat depozit məbləğini cərimə kimi saxlamaqla, müqavilə müddətinin sonuna qədər ödəməli olan (ƏDV daxil 992 manat x 24 ay) 23808 manat məbləğinin ödənilməsini tələb edilmişdir. İddiaçı müqavilə şərtlərini pozaraq səlahiyyətli nümayəndələrinin, əlaqədar şəxslərin adını, bank məlumatlarında olan dəyişikliklər və dəyişikliklər haqqında Subicarəyə verənə məlumat verməli olduğu halda məlumat verməmiş və yalnız bacısına verdiyi etibarnamə əsasında aralarında olan əqdi pərdələmək niyyəti olmuşdur. İddiaçı maddi ziyanla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək bildirdi ki, onlar dəfələrlə iddiaçıya bildiriblər ki, narazılıq sənlə yox bacınla bağlıdır. Ona görə də münasibətlər davam etdirilə bilər ya da gəlib depoziti götürə bilər. Ancaq o, bunun əvəzinə məhkəməyə müraciət etdi. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdən etibarən xaricdə təhsil, fərdi dərslərin keçirilməsi, viza anketlərinin doldurulması kimi xidmətlərin göstərilməsi məqsədilə otaq icarəsi üçün cavabdehlə birgə əməkdaşlıq ediblər. Hər dəfəsində aralarında 1 il müddətinə müqavilə bağlanırdı və müqavilənin müddətinin bitməsinə az qalmış hər iki tərəfin razılığı ilə müddət uzadılırdı. Onunla bağlanmış sonuncu müqavilənin müddəti 2022-ci ilin noyabr ayının 30-unda bitirdi. O, ödənişlərdən narazı qaldığı üçün bu dəfə müqavilənin müddətini uzatmayacağını cavabdehin nümayəndəsinə bildirdi. Qardaşı olan iddiaçı isə 2022-ci ilin 20 noyabrında 4 nəfərlik ofisdə fəaliyyətə başlayacaydı. O, icarəyə götürüdüyü otaqları boşaldaraq oradakı əşyaları qardaşının icarəyə götürdüyü otağa yerləşdirdi. Cavabdehin işçiləri soruşduqda isə iddiaçı tərəfindən ona verilən etibarnaməni təqdim edərək bundan sonra qardaşı ilə birgə həmin otaqda fəaliyyət göstərəcəklərini bildirdi. Cavabdehin işçiləri heç bir narazılıq bildirməyərək boşaldılmış otaqları yoxlayıb təhvil aldılar. Ayın 1-dək otaqda birlikdə növəli şəkildə cavabdehin də məlumatı olaraq fəaliyyət göstəriblər. Hətta həmin otaq 4 nəfərlik olduğu üçün o, iddiaçı, anaları və xalasıoğlunun otağa gəlib gedəcəkləri barədə artıq məlumat verilmişdi. Ayın 1-dən sonra isə onları otağa buraxmadılar, iddiaçının adına olan kartdan istifadəni isə dayandırdılar. Cavabdehlə aralarında müqaviləyə xitam verilən anadək heç bir problem olmamışdır.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır.

21. Məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır.

22. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda, yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırmalı eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu müəyyən edilməlidir.

23. İşin həm də mübahisəsiz hallarıdır ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin subicarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Ofis iddiaçıya 2 il müddətinə, hər ay 992 manat icarə haqqı ödənilməsi şərti ilə subicarəyə verilmişdir. Müqavilənin 6-cı bəndinə uyğun olaraq müqavilə bağlanan zaman iddiaçı tərəfindən cavabdehə 1681 (2 aylıq icarə haqqı) manat depozit ödənilmişdir.

24. Eləcə də, Müqavilədə onun birtərəfli qaydada ləğv edilməsi əsasları da göstərilmişdir ki, bunlardan biri də ofis sahəsinin daxili istifadə qaydalarının pozulması barədədir.

25. Yuxarıda qeyd edilən müddəlardan da göründüyü kimi müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu, öz davranış qaydalarını və öhdəliklərinin həcmini sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir.

26. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də göründüyü kimi, iddiaçının əsas öhdəliyi icarə haqqının vaxtında ödənilməsindən başqa, həm də Ofis sahəsinin icarəsi zamanı daxili istifadə qaydalarına əməl etməkdən ibarətdir. Hətta, müqavilənin 4.2.3-ci bəndindən də göründüyü kimi, subicarəçinin Ofis sahəsinin daxili istifadə qaydalarını pozması müqavilənin bir tərəfli və məhkəmə qaydasında ləğvi üçün əsasdır.

27. Tərəflər arasındakı mübahisənin qaynağı da məhz, iddiaçı tərəfindən Ofis sahəsinin daxili istifadə qaydalarının pozulması ilə bağlıdır. Belə ki, konkret olaraq nümayəndəsinin Ofis sahəsinə gəlib-getməsi barədə cavabdehə məlumat verməməsi əsas gətirilərək, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış İcarə müqaviləsi ləğv edilmişdir.

28. Tərəflər arasında iyul 2022-ci il tarixdə imzalanmış İcarə müqaviləsinin əlavəsi olan “X4 qaydaları”nın “Giriş açarları və təhlükəsizlik” adlanan 4-cü bəndində cavabdeh qeyd etmişdir ki, sizin istifadə etmənizə icazə verdiyimiz istənilən açar və giriş kartları hər zaman bizim mülkiyyətimiz olaraq qalır. Siz açarlar və giriş kartlarını surətini çıxarmamalı və ya başqa şəxsin bizim razılığımız olmadan onlardan istifadə etməsinə icazə verməməlisiniz. Həmçinin, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 7.2.6-cı bəndində göstərilir ki, subicarəçi öz hüquqi formasında, səlahiyyətli nümayəndələrinin, əlaqədar şəxslərin, bank məlumatlarında olan və digər dəyişikliklər barədə subicarəyə verənə məlumat verməlidir. Subicarəyə verən yuxarıda qeyd edilən dəyişikliklər barədə xəbərdarlıq edilməməsi nəticəsində yaranan mənfi təsirlər və itkilər üçün məsuliyyət daşımır.

29. Müqavilənin qeyd edilən şərtlərindən də göründüyü ki, iddiaçı nümayəndəsi olan istənilən nümayəndəsi və əlaqədar şəxslər barədə cavabdehə dərhal məlumat vermək, yalnız onun razılığı ilə açarları həmin şəxslərə verməməklə bağlı öhdəlik götürmüş, lakin nümayəndəsi olan bacısı X5 açarlarını verməsi və onun Ofisə gəlibgetməsi barədə cavabdehə heç bir məlumat verməmiş, bununla da öhdəliyini pozmuşdur.

30. Məhkəmə hesab edir ki, bacısının əvvəllər cavabdehin müştərisi olması və onu tanıması özünün nümayəndəsi barədə cavabdehi məlumatlandırmaq öhdəliyindən azad etmir, çünki İcarə müqaviləsində belə bir istisna nəzərdə tutulmamışdır. Bundan başqa, bacısı ilə cavabdehin əvvəlki münasibətinin pozulması halında onun iddiaçının nümayəndəsi kimi Ofisə gəlməsi icarə müqaviləsinin ləğv edilməsinə səbəb olma ehtimalını yaratmış olsa da, məhkəmənin qənaətinə görə, bu İcarə müqaviləsinin ləğv ediməsinin əsas səbəbi hesab edilə bilməz. Ona görə ki, iddiaçının, heç bir qohumluq əlaqəsinin olmasına baxmayaraq, öz nümayəndəsi barədə cavabdehi məlumatlandırmaq öhdəliyi müqavilədə nəzərdə tutulmuşdur. Yalnız belə şərtin olmadığı halda məhkəmə müqavilənin əsassız olaraq ləğv edilməsi barədə nəticəyə gələ bilərdi.

31. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçı müqavilə öhdəliyini pozduğundan cavabdeh onunla bağlanmış İcarə müqaviləsini ləğv etməkdə, eləcə də depozit məbləğini iddiaçıya qaytarmamaqda haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış İcarə müqaviləsinin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.2.2 – 4.2.4-cü bəndlərində (subicarəçi ləğv edildiyi (müflis elan olunduğu), ödəmə qabiliyyətsiz sayıldığı halda; subicarəçi ofis sahəsinin daxili istifadə qaydalarını pozduqda; bu müqavilə ilə müəyyən edilmiş digər hallarda) nəzərdə tutulmuş əsaslarla müqavilə ləğv edildikdə subicarəyə verənin depozit məbləğini cərimə kimi saxlamağa .... hüququ vardır.

32. Məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyana görə tələb edilən 28700 manat pulun tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin təsdiqi üçün məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

33. Məhkəmə qeyd edir ki, mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 16).

34. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar