Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1804/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 Şabi qızının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oluna qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunmasına dair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçının Xətai rayon məhkəməsinin e-2(011)-1490/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qızı xx.xx.2008-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q ”(yeni adla 1K) saylı mənzilə köçürülmə tələbi təmin edilmişdir. Sözügedən mənzil iddiaçının atası X11 tərəfindən 2003-cü il tarixində alınmış, iddiaçı və övladı həmin mənzildə əvvəllər yaşamışdırlar. Lakin 2022-ci il tarixində iddiaçının atası rəhmətə getdikdən sonra bacısının həyat yoldaşı tərəfindən ona qarşı edilən təziqlərdən sonra evdə vəziyyət gərginləşmiş, iddiaçının anası X5 və bacısı birləşərək onu qızı ilə birlikdə evdən məcburi şəkildə çıxarmışdırlar. Onlar uzun müddət kirayə yaşadıqdan sonra Xətai rayon məhkəməsinin e-2(011)-1490/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə evə köçürülmə tələbləri təmin olunmuşdur. Cavabdeh tərəfindən Xətai rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya məhkəməsinin 2(103)-3259/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xətai rayon məhkəməsinin e-2(011)-1490/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Xətai rayon İcra Şöbəsinin icra məmurları ilə birlikdə evə köçürülmə tələbinin icra edilməsi üçün Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q ”(yeni adla 1K) ünvanına getdikdə, cavabdeh X5, onun əri Cavabdeh2 ilə birləşərək evə köçürmənin həyata keçirilməsinə mane olmuşdurlar. Sözügedən yaşayış sahəsinin 100 kv.m və 4 otaqdan ibarət olmasına baxmayaraq, əvvəllər həmin evdə saxlanc otağı kimi istifadə olunmuş 6 kv.m ümumi sahəsi olan, pəncərəsiz otağa iddiçı əşyalarını yığmaq məcburiyyətində qalmışdır. Lakin cavabdehin bu qanunsuz hərəkətlərinə icra məmurları tərəfindən heç bir təsir olmamışdır. Hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q ”(yeni adla 1K) ünvanında istifadə qaydalarının müəyyən edilərək, mənzilin sahəsi 14.7 kv m olan, mənzilə daxil olduqdan sonra ən sonda sol tərəfdə yerləşən yataq otağının ona və qızı X2 istifadəsinə verilməsi, köməkçi sahələrin ümumi istifadə saxlanılması, mənzildə mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadə edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İddiaçının tələbi:
2. İddiaçı Xətai rayon məhkəməsinin e-2(011)-1490/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tələbinin təmin olunduğu Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q ”(yeni adla 1K) ünvanında yerləşən mənzildən istifadə qaydalarının müəyyən edilərək, özünün və qızı X2 həmin mənzilə daxil olduqdan sonra ən sonda sol tərəfdə yerləşən ümumi sahəsi 14.7 kv/m olan yataq otağına köçürülərək, həmin otağın istifadələrinə verilməsi, köməkçi sahələrin ümumi istifadədə saxlanılması, mənzildə mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələrinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehlərin etirazı:
3. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, ona pəncərəsiz və beton döşəməli otağı vermiş, daha sonra isə ona başqa yerləri də verəcəklərini bildirmişdirlər. Bu zaman vəkili onun yanında olmadığı üçün o vəziyyəti başa düşməmiş və razılaşmışdır. Evin içərisindəki mətbəxdən və evin içərisindəki 2 otaqdan birindən istifadə etmək istədiyini bildirmişdir. Anası ilə bir otaqda qalmasına etiraz etmədiyini də bildirmişdir. O, boşandıqdan sonra 1 yaşlı qızı ilə illərlə orada yaşamışdır və atası öləndən sonra ordan çıxmağa vadar etmişdirirlər. Sadəcə cavabdeh öz boşanmış qızını ora köçürmək istəyir deyə onu evdən çxarmışdırlar. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, evə köçürülmə tələbi ilə bağlı qətnamə qəbul edilməsinə baxmayaraq həmin qətnamə icra məmuru tərəfindən tam icra edilməmişdir. Mübahisəli mənzil cavabdehin mülkiyyətindədir. Həmin evdə yerləşən 2 otaqdan biri faktiki istifadəsiz otaqdır. Otağın birinin içərisində mebellər vardır və həmin otaqda kiminsə qalması qeyrimümkündür. İddiaçıya ayrılan otağın evdən ayrılması nəticəsində iddiaçı sanitar qovşaqdan və mətbəxdən istifadə edə bilməyəcəkdir. Həmçinin, yeni sanitar qovşağın tikilməsi üçün İcra Hakimiyyətinə də müraciət edilmiş, lakin onlardan rədd cavabı gəlmişdir. Həmin ərazidə heç bir tikiliyə icazə verilmir. Mübahisəli mənzil iddiaçının atası Kərimov Tofiqə məxsus Əlibayrımlı rayonunda yerləşən evin satılması ilə alınmışdır. Bunu qarşı tərəf özü də bildirmişdir. Həmçinin, MKİS-dən alınmış arayışa əsasən də, həmin evdə 6 nəfərin yaşamadığı görünməkdədir. Həmin evdə mebellər olan otaq istifadəsizdir. Qarşı tərəf onlara otaq təklif edilmiş, lakin evdən həmin otağa girişin bağlanması şərtini qoymuşdur. Veriləcək otağın fərqi yoxdur lakin, yaşayış üçün normal otaq olmalıdır. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 öz izahatında bildirmişdir ki, qətnamənin icrası zamanı evin şəkilləri çəkilmiş və qanunauyğun həyata keçirilmişdir. İcra məmuru iddiaçıya otağı təklif etmiş və razılaşma əsasında otaq verilmişdir. MKİS-dən gələn nümayəndələr saat 7-dən sonra gəlməlidir. Gündüz vaxtı gəlmişdirlər. Əvvəllər iddiaçının istədiyi otağı ona təklif etdiyini, lakin hazırda razı olmadığını bildirmişdir. Çünki, hazırda o evdə o, arvadı, qızı və qayınanası birlikdə yaşayırlar. İddiaçıya verdikləri otaq 9 kvadratdır, iddiaçı istəyən otaq isə 12 kvadratdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Şabi qızının nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, İddiaçı öz əşyalarını evdən çıxarıb aparmış, daha sonra isə o öz hesabına yeni əşyalar almışdır. İddiaçı anasına evə köçdükdən sonra onu evdən qovacağını bildirmişdir. İddiaçı və qızı otağa köçsə, onlar 6 nəfər 2 otağa köçməli olacaqlar. İddiaçı hazırda 2 mərtəbəli evdə kirayədə yaşayır. Onun, anası və qızının həmin evdə qeydiyyatda olduğunu və o evdə yaşayacaqlarını bildirmişdir. İddiaçının 12 kvadrat olan otaqda qalmasına etiraz etmədiyini, lakin içəridəki mətbəxdən istifadə etməyinə etiraz etdiyini bildirmişdir.
8. Məhkəmə iclasında iştirak edən Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli öz izahatında bildirmişdir ki, hazırda həmin iş üzrə icra məmuru məzuniyyətdədir. İş üzrə məlumatının olduğunu lakin, həmin qətnamənin icrasında birbaşa iştirak etmədiyini bildirmişdir. Həmçinin, bildirmişdir ki, “İcra haqqında” AR-ın Qanunun 14-cü maddəsinə əsasən, qətnamənin icrası zamanı anlaşılmaz hallar olduğu hallarda qətnamənin icrası ilə bağlı məhkəməyə müraciət edilir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə mülahizə ərizəsi ilə müraciət edərək, Xətai Rayon Məkəməsinin evə köçürülmə ilə bağlı qanuni qüvvəsini almış e-2(011)- 1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətaməsinin icrasına nail ola bilmədiyini bildirmiş, qeyd olunanları nəzərə alaraq ədalətin bərpa olunması və atasına məxsus evdə məhkəmə qətnaməsi ilə təmin edilmiş yaşayış hüququnun həyata keçirilməsi üçün iddianın təmin edilməsini xahiş etmişdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və uşağı xx.xx.2008-ci il təvəllüdlü X2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” saylı mənzilə köçürülməsi qət edilmişdir.
11. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən verilmiş icraata xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın əsaslandırıcı issəsinə əsasən, tələbkar İddiaçı və uşağı Aydəmirova Azərin icra sənədində qeyd olunan evə köçürülmüşlər və bu barədə müvafiq akt tərtib olunmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3259/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, mübahisə predmeti barədə mütəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı, 16 fevral 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. 66 saylı MKİS tərəfindən verilmiş 100 №-li, xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı Nazim Şükürov, 1q saylı mənzil atası mərhum X7 məxsus olan öztikili evdə 2003cü ildən 2007-ci ilin aprel ayına və 2009-cu ildən 2022-ci ilin may ayına kimi yaşamışdır.
14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2025-ci il tarixli arayışa əsasən, X4, X6 və Cavabdeh1 həqiqətən də, Bakı şəhəri, Xətai rayonu, Nazim Şükürov küçəsi, ev1/1k nvanında qeydiyyatdadırlar.
15. Mülki iş materiallarına əlavə edilmiş fotoşəkillər və digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası: 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
18. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: 53.İ. Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 53.İİİ. Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları vəvalideynləri hesab olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il Qərarı: Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. ... mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
Məhkəmənin mövqeyi:
21. Məhkəmə tərəfin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
22. İşin mübahisəsiz hallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və uşağı xx.xx.2008-ci il təvəllüdlü X2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” saylı mənzilə köçürülməsi qət edilmişdir. (§10)
23. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q ”(yeni adla 1K) ünvanında yerləşən mənzildən istifadə qaydalarının müəyyən edilərək, özünün və qızı X2 həmin mənzilə daxil olduqdan sonra ən sonda sol tərəfdə yerləşən ümumi sahəsi 14.7 kv/m olan yataq otağına köçürülərək, həmin otağın istifadələrinə verilməsi, köməkçi sahələrin ümumi istifadədə saxlanılması, mənzildə mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələrinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi olmuşdur. (§2)
24. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və uşağı xx.xx.2008-ci il təvəllüdlü X2 Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q” saylı mənzilə köçürülməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, icraata xitam verilməsi əsaslarından biri də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olmasıdır. (§20) Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi üzrə icraata iddiaçının və qızı X2 həmin mənzilə daxil olduqdan sonra ən sonda sol tərəfdə yerləşən ümumi sahəsi 14.7 kv/m olan yataq otağına köçürülməsi hissəsində xitam verilməlidir.
25. Məhkəmə iddia tələbini Bakı şəhəri, Xətai rayonu, N.Şükürov küçəsində yerləşən “1Q ”(yeni adla 1K) ünvanında yerləşən mənzilin köməkçi sahələrin ümumi istifadədə saxlanılması, mənzildə mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələrinin təmin edilməsi hissəsində əsaslı hesab edir. İddiaçının Bakı şəhəri, sözügedən mənzilə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; tərəflərin mübahisə etdikləri hal, onun mübahisəli mənzilə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı və qızının mübahisəsi gedən mənzilə köçürülməsi, onların həmin mənzilə istifadə və yaşamaq hüququnun olmasını ehtiva edir, iddiaçı isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün mənzildən istifadə etməsinə maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı 2003-cü ildən həmin mənzildə yaşadığından hazırki mübahisəyə Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normalaraı tətbiq edilməlidir. Məcəllənin 53-cü maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İddiaşının mənzildə yaşama hüququ müdafiə olunaraq onun mənzilin ümumi istifadədə olan otaqlardan, ərazilərdən istifadə etmək hüququ təmin olunmalı, sözügedən mənzildən istifadə qaydaları müəyyən edilməli, mənzildə mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələri təmin edilməlidir.
26. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə qaydaları müəyyən edilməli və ümumi sahədə olan mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələri təmin edilməlidir. İddia tələbinə qalan hissədə xitam verilməlidir. Məhkəmə xərcləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olmadığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. İddiaçı və qızı xx.xx.2008-ci il təvəllüdlü X2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə qaydaları müəyyən edilsin və ümumi sahədə olan mətbəx, hamam və sanitar qovşaqdan sərbəst istifadələri təmin edilsin.
3. İddia tələbinə qalan hissədə xitam verilsin.
4. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova