Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1922/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı 23 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binanı MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən, Cavabdeh MMC tərərfindən X2 adına 18 aprel 2019-cu il tarixli müqavilə ilə verilmiş E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı mənzil ləğv edilir və Bakı şəhəri, Xocalı Prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin İddiaçı təhvil verilməsinə dair öhdəlik götürülür. Cavabdeh MMC tərərfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı Prospekti, 1181-ci məhəllədə tikiləcək binanın “E” blokunun 20-ci mərtəbəsində yerləşən ümumi sahəsi 80 kv.metr olan yaşayış sahəsi İddiaçı məxsusdur və mənzilin dəyəri tam ödənilmişdir. Maliyyə arayışı Cavabdeh MMC-nin direktoru X3 tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Lakin Cavabdeh MMC tərəfindən bu günə qədər mənzil İddiaçı təhvil verilməmişdir. X1 ilə əlaqə saxlanılsa da danışıqlar bir nəticə verməmiş, Əliyev Qabil hər dəfə möhlət istəsə də 3 ildir ki mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı 09 yanvar 2023-cü il tarixində Cavabdeh MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlayaraq "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən 120 saylı yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin Cavabdeh MMC tərəfindən heç bir cavab verilməmiş və mənzil təhvil verilməmişdir. Tərəflər arasında imzalanmış müqavilə hər iki tərəf üçün öhdəlikləri müəyyən edir. Belə ki, müqavilə ilə İddiaçı tərəfindən yaşayış sahəsinin tam dəyərinin kooperativə ödənilməsi, Cavabdeh MMC tərəfindən isə payçıya müvafiq yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi yaranır. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilədən irəli gələn Cavabdeh MMC-nin öhdəliyi nəzərə alınaraq həmin müqavilədə qeyd olunmuş Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E bloku əvəzinə A5 blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən mənzilin təhvil verilməsi, bu mümkün olmadıqda isə sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında bildirmişdir ki, hazırda Cavabdeh MMC tərəfindən inşa edilmiş E bloku indiki A5 blokudur. Cavabdehin nümayəndəsi X3 30 may 2023-cü il tarixdə məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunduğu kimi iddiaçı iddia ərizəsində qeyd olunan mənzilə görə cavabdeh şirkətə heç bir ödəniş etməmişdir. Hazırda mənzilin yerləşdiyi binanın təməl qoyma işləri gedir. Müqavilədə qeyd olunduğu kimi şirkət mənzili yerləşdiyi bina tikildikdən və dövlət komissiyasına təhvil verildikdən sonra sifrişçiyə mənzili təhvil verir. Hazırda mənzilin iddiaçıya təhvil verilməsi mümkün deyildir. İşin faktiki halları: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı Prospekti, 1181-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binanın E blokunun 20-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.metr olan mənzilin alğı-satqısına dair müqavilə bağlanmışdır. Hər kvadratın dəyəri 1.200 manat olmaqla mənzilin ümumi məbləği 96.000 manatdır. Mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Podrat müqaviləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin qəbul edilməsi və muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri göstərilməklə, 22 aprel 2019-cu il tarixdə bağlanmış müqavilədə göstərilən mənzilin tikilərək iddiaçıya təhvil verilməsi barədə razılığa gəlməklə, yazılı formada podrat müqaviləsi bağlamışlar. Mənzilin tikintisinə görə muzd da, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə uyğun olaraq tam şəkildə ödənilmişdir. Cavabdehin nümayəndəsi X3 təqdim etdiyi etiraz ərizəsində qeyd etsə belə ki, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilməmişdir, o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bunun əksi olaraq iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, iddiaçı həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh MMC müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldiklərindən müqavilə bağlanmış sayılır. İşin halları ilə müəyyən edilir ki, iddiaçı öhdəliyini yerinə yetirərək müqavilənin bağlandığı gün görüləcək işin dəyərini (tikiləcək mənzilin dəyərini) tam ödəməklə nüqavilə üzrə öhdəliyini yerini yetirsə də, Cavabdeh MMC mənzili iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Bunun açıqlaması olaraq qeyd etmişdir ki, müqavilə bağlanan zaman E blokunun tikintisi nəzərdə tutulmuş, lakin daha sonra sənədləşmə zamanı E blokunun yerində A5 blokunun tikilməsi qərara alınmışdır. İddiaçı cavabdehə aralarında bağlanan müqaviləyə dəyişiklik etməsi və E blokunu A5 bloku ilə əvəz etməsini təklif etsə də cavabdeh bunun üçün əlavə ödəniş tələb etdiyindən rəsmiləşdirmə həyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Nə qədər ki, tərəflər arasında müqavilə bağlanıb və cavabdeh inşa edəcəyi binadan iddiaçıya mənzil verməyi öhdəsinə götürüb, E blokunun yerində A5 blokunun tikilməsi özlüyündə Cavabdeh MMC-ni iddiaçı ilə bağlanmış müqavilənin icrası öhdəliyindən azad etmir. Çünki Cavabdeh MMC göstərilən ünvanda yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu zaman cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edərək iddiaçını inşa etdiyi binalarda, eyni şərtlərlə, başqa mənzillə təmin edə bilərdi. Çünki əvvəldə də qeyd edildiyi kimi, müqavilə üzrə tərəflərinin öhdəliyini vicdanla yerinə yetirməsi təkcə konket müqavilə şərtləri ilə məhdudlaşmır, həm də Mülki Məcəllənin müvafiq tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh öhdəliklərini icra etməli və A5 blokundan müqavilədə nəzərdə tutulmuş, 3 otaqdan, 80 kv.metrdən ibarət, 20-ci mərtəbədə yerləşən mənzili iddiaçıya təhvil verməlidir. Məhkəmə araşdırması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş plan-sxemdən müəyyən olunur ki, A5 blokunda 20-ci mərtəbədə yerləşən 80 kv.metrdən ibarət mənzilin tikintisi nəzərdə tutulmayıb. İstinad olunan hal hazırkı qətnamənin icrası zamanı çətinliklər yarada bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə çıxardığı qətnamənin icra üsulunu da müəyyən edə bilər. Çıxarılmış qərarın icrasını qeyri-mümkün edən halların aradan qaldırılması üçün məhkəmə qətnamənin icra üsulunu da müəyyən etməyi zəruri hesab edir. Məhkəmənin icraatında olan hazırkı iş üzrə iddia tələbinin ikinci hissəsi, yəni “sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) hər kvadrat metrin dəyəri ödənilməklə mənzilin İddiaçı təhvil verilməsi” hissəsi məhz qətnamənin icra üsuluna aiddir. Nə qədər ki, məhkəmə hesab edir ki, cavabdeh olan MTK iddiaçı ilə müqavilə bağlayarkən müqavilə şərtlərinə uyğun olaraq mənzil təhvil verməyi öhdəsinə götürmüşdür, o, öz öhdəliklərini vicdanla icra etməlidir. Plana əsasən 80 kv.metrdən ibarət 3 otaqlı mənzilin tikintisinin nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Odur ki, məhkəmə hesab edir ki, əgər iddiaçıya binanın tikintisi başa çatdıqdan sonra (hazırda binanın kotlovanı qazılıb, tikinti işlərinə başlanılmışdır) müqavilə üzrə nəzərdə tutulan mənzili təhvil vermək mümkün olmayacaqsa, A5 blokunda, 20-ci mərtəbədə yerləşən 3 otaqdan ibarət 80 kv.metrlik mənzil təhvil verilməlidir. Bu mümkün olmayacağı təqdirdə iddiaçıya sahəsi 80 kv.metrdən artıq olan, 3 otaqdan ibarət digər mənzil təhvil verilməli, bunun müqabilində hər kvadrat metrə görə müqavilədə nəzərdə tutulmuş 1.200 manat məbləğində vəsait iddiaçıdan alınıb cavabdehə verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilədən irəli gələn Cavabdeh MMC-nin öhdəliyi nəzərə alınaraq həmin müqavilədə qeyd olunmuş Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən yüksək mərtəbəli binanın E bloku əvəzinə A5 blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.metr təşkil edən mənzil iddiaçıya təhvil verilsin, bu mümkün olmadıqda isə sözügedən ünvanda yerləşən yüksək mərtəbəli binanın A5 blokunda 3 otaqdan, 80 kv.metrdən artıq olan mənzil (artıq kvadrat metrin dəyəri 22 aprel 2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş 1.200 manatdan hesablanmaqla) İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-1922/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1922/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver