Məhkəmə qərarları › İş №e-2(011)-1951/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1951/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1951/2022 18.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı 27.02.2019-cu il tarixli müqavilə üzrə ***-***-**-** saylı nömrədən istifadə nəticəsində yaranmış 120,95 manat abunə və xidmət haqqının, 27.02.2019-cu il tarixli müqavilə üzrə ***-***-**-** saylı nömrədən istifadə nəticəsində yaranmış 34,49 manat abunə və xidmət haqqının və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 185 manat 44 qəpik vəsaitin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında ***-***-**-** saylı nömrədən istifadə ilə bağlı və ***-***-**-** saylı nömrədən istifadə ilə bağlı 27.02.2019-cu il tarixdə Abunə müqavilələri bağlanmış və qeyd edilən mobil nömrələr cavabdehə təqdim etmiş və cavabdeh həmin nömrələri qəbul edərək istifadə etmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağladığı abunə müqavilələrinə əsasən cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək ***-***-**-** saylı nömrədən istifadə etmiş, nəticədə 120,95 manat, ***-***-**-** saylı nömrədən istifadə etmiş, nəticədə 34,49 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilədə müqavilənin şərtlərinə əsasən abunəçi ona göstərilən xidmətə görə abunə və xidmət haqqını iddiaçının müəyyən etdiyi son tarixinədək ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilədə göstərilən ödəniş şərtləri abunəçi tərəfindən pozularsa iddiaçı gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Cavabdeh müqavilələrin şərtlərini pozaraq qeyd olunan borcların ödənilməsini təmin etməmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən iki ədəd mobil telefon nömrələrinin cavabdehin istifadəsinə verilməsinə dair, hər bir nömrəyə aid ayrılıqda, iki ədəd Abunə müqaviləsi bağlanmışdır. Həmçinin, iş materiallarında olan cari hesab arayışlarına əsasən müəyyən edilir ki, cavabdehin ***-***-**-** saylı telefon nömrəsindən istifadə nəticəsində 120,95 manat, ***- ***-**-** saylı telefon nömrəsindən istifadə nəticəsində 34,49 manat faktura borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Abunə müqavilələri üzrə istifadəsinə verilmiş telefon nömrələrindən istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən nömrələrin istifadəsinə görə müəyyən edilmiş xidmət haqqını iddiaçıya ödəməli olmasına dair üzərin\ öhdəlik götürmüşdür. Lakin cavabdeh göstərilən nömrələrdən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin həmin nömrələrdən istifadə nəticəsində yaranan xidmət haqqını ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Bununla da cavabdeh iddiaçı ilə bağlanmış Abunə müqaviləsi üzrə öhdəlyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilən müddəalara və işin şərh edilən hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini pozaraq tərəflər arasında bağlanmış Abunə müqavilələri üzrə müəyyən edilmiş xidmət haqqını ödəmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsi müəyyən edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cəmi 185,44 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 155,44 manat borc və xidmət haqqı, 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar