Məhkəmə qərarları › İş №e-2(011)-1982/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1982/2023

08.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1982/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Rauz qızına qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. 04.06.2010-cu il tarixdə iddiaçı ilə "xxxx" MTK arasında mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MTK ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən sahəsi 156 saylı mənzili tikib iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və iddiaçının ünvan 2 ünvanında yerləşən mənzilə (Bundan sonra – Mənzil) mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

2. Cavabdeh iddiaçının gəlinidir, iddiaçının X2 ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra iddiaçıya məxsus Mənzilə gəlin köçmüş və hazırda orada yaşayır. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 277/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdhlə iddiaçının oğlu arasında bağlanmış nikah pozulmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehin və azyaşlı övladının Mənzildən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin və azyaşlı uşağının Mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, müqavilə əsasında "xxxx" MTK-dən Mənzilin ümumi müqavilə qiymətini nağd ödəməklə əldə etmiş və bu barədə mənzilin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışı verilmişdir. 2010-cu il tarixdən Mənzil onun xüsusi mülkiyyətindədir. Oğlu X1 gəlini cavabdehlə xx.xx.2017-ci ildə rəsmi nigaha daxil olmuşlar. Onlar bir müddət evsiz olduqları və ipoteka ilə ev alacaqlarını bildirərək müvəqqəti olaraq onun Mənzilində yaşamalarına icazə verməyini xahiş etdilər. O da müvəqqəti yaşamalarına etiraz etməmişdir. Sonradan nəinki ev tapmladılar və xarakterlərindəki uyğunsuzluq, oğlunun üz-gözünü cırması, tez-tez şərləyərək polisə verməsi səbəbindən oğlu nigahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və onların nikahı pozulmuşdur. Cavabdeh hazırda onu Mənzilinə buraxmır və Mənzilini boşaltmaqdan yayınır. Qapıya gedən kimi polisə şər-bohtan dolu şikayətlər yazır. O, qanunsuz olaraq cavabdehin özbaşınalığı səbəbindən xüsusi mülkiyyət hüququndan məhrum olmuşdur.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

9. Maddə 29 İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

10. Maddə 29 İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

11. Maddə 43 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

12. Maddə 43 İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

17. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

18. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi.

23. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və iddia ərizəsinin dəlillərini nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

25. Cavabdehin iddiaçının keçmiş gəlini olması, iddiaçının oğlu ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olduqdan sonra Mənzildə yaşaması və xx.xx.2023-cü il tarixdə iddiaçının oğlu ilə aralarında bağlanmış nikahın pozulması işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1. və 30.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir.

26. Məhkəmə hesab edir ki, iddia ona görə təmin edilməlidir ki, cavabdehin Mənzilə dair hər hansı hüququ yoxdur.

27. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

28. Cavabdeh iddiaçının gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı çəkilən müddəalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə daxil deyil, iddiaçının oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus Mənzildə yaşamışdır. Sonradan isə iddiaçının oğlu ilə aralarında bağlanmış nikah da məhkəmə qətnaməsi əsasında pozulmuşdur.

29. Həmçinin, cavabdeh iddiaçının digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

30. Ailə Məcəlləsinin 15-ci Fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir.

31. Beləliklə, şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının nə ailə üzvü, nə də digər qohumu olmadığından onun Mənzildən istifadə hüququ yoxdur, odur ki, iddia onun Mənzildən çıxarılması hissəsində təmin edilməlidir.

32. Bundan başqa, iddiaçı həm də, Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən Mənzilini geri tələb etməkdə haqlıdır.

33. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

34. Birinci dispozitiv şərtin mövudluğu, yəni Mənzilin iddiaçıya məxsus (mülkiyyəti) olması işin mübahisəsiz hallarıdır. İkinci dispozitiv şərtin mövcudluğu məhkəmə iclası zamanı müəyyən edilmişdir, belə ki, cavabdeh hazırda Mənzildə yaşamağa davam etməklə, iddiaçını orada yaşamağa buraxmır.

35. Üçüncü dispozitiv şərtə, yəni Mənzilin cavabdehin qanunuz sahibliyində olmasına gəldikdə isə, bununla bağlı yuxarıda ətraflı şərh edilmişdir ki, cavabdehin Mənzilə dair hər hansı bir hüququ yoxdur. Bu onu deməyə əsas verir ki, Mənzil cavabdehin qanunsuz sabibliyindədir.

36. Məhkəmə iddia tələbinin cavabdehin azyaşlı övladı ilə birlikdə çıxarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-277/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə iddiaçının oğlu arasında nikah pozularkən, onların birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 anası Cavabdeh himayəsinə verilməklə, yaşayış yeri müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən Mülki Məcəllənin 27.2-ci tələbi ondan ibarətdir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, cavabdehin himayəsinə verilmiş azyaşlı övladı da onunla birlikdə Mənzildən çıxarılmalıdır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Rauz qızı və azyaşlı övladı xx.xx.2019-cu il təvəllüdlü X5 əşyaları ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi, məhəllə 2942D, ev 59B, mənzil 156 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən yaşayış evindən çıxarılsınlar və mənzil boşaldılaraq iddiaçıya təhvilverilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar