Məhkəmə qərarları › İş №e-2(011)-2025/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2025/2024

05.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2025/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X1 qarşı “pul tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 42300 manat pul məbləğinin və 55 manat mediasiya xərcinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh oğlundan 42300 manat pul məbləğinin, 55 manat mediasiya xərcinin ,tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış, cavabdeh ekspeditor vəzifəsinə qəbul edilmişdir. Eləcə də, cavabdehlə xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət barədə” müqavilə imzalanmışdır. Cavabdehlə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixədə xitam verilmişdir. Əmək faəliyyəti müddətində cavabdeh müəssisənin istehsal etdiyi müxtəlif növ süd məhsullarının mağazalarda satışını həyata keçirmişdir. Həmin müddətdə cavabdeh müəssisəyə ümumilikdə 52300 manat ziyan vurmuşdur. Sözügedən ziyan məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında “Mövcud borcun etirafı haqqında” xx.xx.2022-ci il tarixli müqavilə imzalanmışdır. Cavabdeh sözgedən ziyan məbləğindən 10000 manatını xx.xx.2022-ci il tarixdə ödəmiş qalan 42300 manatın 20000 manatını 3 il ərzində hissəhissə ödəyəcəyini və ailə vəziyyətinin nəzərə alınaraq qalıq 22300 manatın ona güzəşt edilməsi barədə eyni tarixli ərizə ilə müəssisənin rəhbərliyinə müraciət etmişdir. Lakin dəfələrlə şifahi qaydada yaranmış borcun ödənilməsi tələb olunmasına baxmayaraq cavabdeh borcu ödəməmişdir. İşin mediasiya sessiyasında həlli ilə bağlı Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, lakin işin mediasiya qaydasında həlli mümkün olmamışdır. Buna görə də, iddiçı hazırda iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda Vəkil1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, qeyd edilən ərizələrdəki yazı və imzalar onun özünə məxsusdur, lakin həmin ərizələr ona hədə-qorxu ilə yazılmışdır. İşdən çıxdıqdan 2 gün sonra ona həmin ərizələri yazdırdılar. Hər ay sonu hesabat verilirdi. Orada belə bir borc yaranması görünmürdü. Əgər borcu var idisə, niyə həmin vaxt müəyyən edilməyib və tədbirlər görülməyib, yalnız işdən çıxdıqdan sonra bu borc məsələsi ortaya çıxıb? Orda işlədiyim müddətdə borc yox idi necə oldu çıxan kimi o qədər borc yarandı? Ona deyilib ki, polisə, məhkəməyə verəcəklər. Savadsızliğından istifadə edib, həmin ərizələri imzaladıblar. O, işlədiyi dövrdə mağazaya mal verirmişdir, sonra keyfiyyətsiz mallarla bağlı geri qaytarma yarandı. Mağaza da onu atırdı, beləliklə şirkətlə arada fərq yaranırdı. Bu fərq üzləşmədə və hesabatda üzə çıxdı. Bir neçə dəfə 1000 manat fərq olmuş, yekunda cəmi 10 min manat borc yaranmış və o, həmin məbləği ödəmişdir, lakin həmin geri qaytarılan yararsız məhsullar onun özünə veriləndə belə fərq yaranmırdı. O, şirkətdən nə mal almışasa, hamısını dükanlara, fakturaları da şirkətə vermişdir. Malları tək daşımış, həm sürücü, həm də ekspeditor işini görmüşdür. Hazırda isə şirkət barəsində Vergi Xidməti və DSMF tərəfindən araşdırmalar aparılır, çünki şirkət təkcə ona deyil, başqa şəxslərə də eyni şeyləri etmiş, yalan ərizələr imzalatmışdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəf məhkəməyə xx.xx.2021-çi il tarixli “tam maddi məsuliyyət barədə”müqavilə bağlandığını, ekspeditor vəzifəsinə qəbul edilməyi, xx.xx.2022-ci il tarixdə müqaviləyə xitam verildiyini, həmin müddət ərzində müəsissəyə 52.300 manat ziyan vurulması, ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında “mövcud borcun etirafı haqqında” xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmasını göstərmişdir. Qanunvercilikdə hər hansı işçinin işdən azad olunması qaydaları göstərilmişdir. İşçi ilə müqavilə pozularkən onunla sonuncu hesablaşma aprılmalı, məzuniyyət haqqı ödənilməli, müvafiq qaydada əmək kitabçasında qeydlər edilməlidir və s. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, göstərilənlərin heç biri edilməyib, hətta işdən azad edilməyi barədə əmr imzalanmayıb və möhürlə təsdiq edilməyib. Bu illər ərzində hüquqi şəxs hüquqdan kənar-qanunsuz fəaliyyət göstərmişdir. Çünki bu müddət ərzində vergilər ödənilməmiş, DSMF-na məcburi ödənişlər həyata keçrilməmiş, onun iki il iş stajı əmək kitabçasında qeyd edilməmiş və s. İşə əlavə edilmiş sosial arayışdan görünür ki, köçürmələr və ödənişlər arasında ziddiyyət var. Çünki hesabat düzgün aparılmamış və ödənişlər düzgün icra edilməmişdir. Bundan başqa xeyli işçinin DSMF-na ödənişləri doğudüzgün həyata keçirilməmişdir. Beləki köçürülən vəsait DSMF-in müvafiq hesabına konkret olaraq işçinin şəxsi hesabına yox, sonradan işə qəbul edilmiş şəxslərin hesabına ödənilmişdir. Hazırda İddiaçı hüquqi şəxsin rəhbərliyi və təsisçiləri haqqında Xətai rayon Prokurorluğunda və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində istintaq gedir. İstintaq araşdırmasının mahiyyəti sənədlərin və imzaların saxtalaşdırılması, DSMFyə ödənişlər zamanı kobud qanun pozuntuları və bir sıra qanunsuz əməllərdir. Mülki işə əlavə edilmiş üzləşmə aktını iddiaçı MMC-in rəhbəri imza etməmişdir, qanunverciliyin mahiyyətinə zidd olan və məhkəməyə borculu olmağı barədə təqdim edilmiş sənədlər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, hüquqi şəxsin rəhbəri və təsisçisi həmin sənədləri cavabdehi polislə və həbslə şantaj edərək yazıdırb imzalatdırmşlar. Çünki həmin tarixədək xeyli işçini bu qayda və yolla şantaj etmiş, hətta həbsinə nail olmuşlar. Cavabdehin MMC-tə bu qədər borcu var idisə, niyə aiditor yoxlaması aparılmayıb və oğurluq edilibsə,niyə müvafiq orqanlara müraciət edilməyib? Məsələ burasındadır ki, MMC-də işçini borculu çıxarıb ondan qanunsuz pul tələb edilməsi iş prinsipidir və qaydaya çevrilmişdir. Görünür məhsul istehsal edib, satıb qazanc əldə etmək çətinləşdiyinə görə yuxarıda göstərilən iş prinsipinə daha sərfəlidir. Çünki xərc çəkilmir. Bu müddət ərzində MMC rəhbəri və təsisçisi tam qanundan kənar fəlaiyyət göstərmişlər. Hazırda barələrdində cinayət işinin istintaqının getməsi dediklərinin doğru olduğuna dəlalət edir. MMC-in mövcud borcun etiraf edilməsi haqqında müqavilə tərtib edib imzalatdırması onun niyyətindən xəbər verir. Beləki mülki işə əlavə edilmiş əmək müqaviləsinin nə tarixi, nə nömrəsi və imzası yoxdur. İmza yoxdursa deməli əmək münasibətləri yaranmamışdır. Bundan başqa, MMC-in borcun etirafı barədə müqavilə tərtib etməsi qanunvecilikdə nəzərdə tutulmamışdır. Hazırda Notariat Kontorları belə məzmunda müqavilə bağlamaqdan imtina edirlər. Göründüyü kimi İddiaçı qanunsuz cavabdehin hesabına varlanmaq istəyir. Qanunla bu hal yolverilməzdir. Cavabdehin MMC-yə heç bir borcu yoxdur, tələbin hüquqi əsası yoxdur, ona görə də rədd edilməlidir. Sonda Vəkil2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan İddiaçı MMC və Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli “Borcun etirafı haqqında” müqavilədən görünür ki, borclu Cavabdeh bu müqavilə ilə kreditor İddiaçı MMC 52300,02 manat borcunun olduğunu etiraf edir və həmin borc məbləğini tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoruna ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh 2016-cı il tarixdən müəssisədə ekspeditor vəzifəsində çalışdığını və çalışdığı müddət ərzində 52300 borcu yarandığını, borcu təsdiq etdiyini, xx.xx.2022-ci il tarixdə borcdan 1000 manat ödədiyini və yerdə qalan 42300 manatdan 20000 manatı 3 il ərzində hissə-hissə ödəcəyini bildirmiş, ailə vəziyyətini nəzərə alaraq 22300 manatın ona güzəşt edilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh şirkət tərəfindən ona etibar edilərək verilən maddi sərvətlərin təhlükəsizliyinin təmin olunmasına görə tam maddi məsuliyyət daşıyır. İş materiallarında olan Əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında sonuncunun ekspeditor vəzifəsinə qəbul edilməsinə dair müqavilə bağlanmış, işçinin xx.xx.2020-ci il tarixdən işə başlaması müəyyən edilmişdir. İş materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmiş, onlar mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər, 55 manat mediasiyaya dair xərc iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli “izahatlardan” görünür ki, Cavabdeh firmadan götürdüyü bəzi məhsulların pulunu ödəmədiyini və pulu ödəməyə razı olduğunu bildirmişdir. İş materiallarında xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış cədvəldən görünür ki, Cavabdeh 6127,49 manatı mənimsədiyini və hissə-hissə ödəməyə hazır olduğunu göstərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə 52300,02 manat borcu olması qeyd edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 175 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlamaqla əmək münasibətlərində olmuş, cavabdeh iddiaçı müəssisədə ekspeditor funksiyasını yerinə yetirmişdir, tərəflər arasında xx.xx.2021-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilə və xx.xx.2022-ci il tarixli “Borcun etirafı haqqında” müqavilə imzalanmışdır, əmək münasibətlərinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir – bunlar işin mübahisəsiz halıdır, iddiaçı əmək münasibətləri ilə bağlı cavabdeh tərəfindən işəgötürənə zərər vurulduğunu iddia edir və tələbini cavabdehin borcu etiraf etməsinə dair müqavilə və onun imzaladığı ərizələri ilə əsaslandırır, cavabdeh iddia tələbini qəbul etmir və hər hansı bir borcunun olmadığını, iddiaçının əsaslandığı ərizələri məcburiyyət qarşısında, hədə-qorxu, təhdid altında imzaladığını bildirir. Bununla belə, cavabdehin işçiyə vurduğu ziyanla bağlı Əmək Məcəlləsində müəyyən edilmiş tədbirlərin görülməsi, vurulmuş ziyanı təsdiq edən hər hansı bir halın olması məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbinin əsasını “Borcun etirafı haqqında” xx.xx.2022-ci il tarixli müqavilə və cavabdehin borcunun olmasına dair ərizələri təşkil edir ki, borcun etiraf edilməsi, eləcə də, borcun etirafı haqqında mücərrəd müqavilə mülki hüquq münasibətləri ilə əlaqəli olmaqla, mülki-hüquqi mübahisələrdə tətbiq edilir, tərəflər arasındakı münasibətlərin isə əmək münasibətləri olması işin mübahisəsiz halıdır, belə vəziyyətdə işçi və işəgötürən arasındakı münasibətlər və hər hansı mübahisə əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, işçinin işəgötürənə vurduğu ziyan Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz - bu mövqe Konstitusiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında öz əksini tapmışdır. Beləliklə, işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə - borcun etirafı haqqında müqavilənin tərtib edilməsi qanunvericiliyin tələbinə uyğun olmadığından iddiaçı və cavavdeh arasında imzalanmış borcun etirafı haqqında 07.12 2022-ci il tarixli müqaviləyə istinad etməklə dəymiş ziyanın əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə pul tutulması mümkün deyildir. Məhkəmə, “tərəflər arasında bağlanmış Tam maddi məsuliyyət haqqında müqaviləyə, cavabdeh tərəfindən yazılmış ərizə və izahatlara, cavabdehin məhkəmə iclasında borcu qəbul etməsinə” münasibətdə qeyd edir ki, Tam maddi məsuliyyət haqqında müqavilə əmək münasibətləri çərçivəsində işçinin maddi məsuliyyətini müəyyən etsə də, əvvəla, əmək münasibətləri çərçivəsində işçi tərəfindən vurulmuş maddi ziyanın müəyyən edilməsi zamanı bir sıra qayda və şərtlərə əməl edilməlidir, belə ki, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarın araşdırmalı, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Eyni zamanda əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir və işəgötürənə vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir, ikincisi, Əmək Məcəlləsinin əsasən, işçi və işəgötürən, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Lakin iddiaçı, onun göstərilən tələblərə uyğun araşdırma aparması, bunun nəticəsində cavabdehin ona borcunun olmasının müəyyən edilməsi, yəni cavabdehin (işçinin) işəgğtürənə maddi ziyan vurmasının əmək qanunvericiliyi çərçivəsində müəyyən edilməsinə dair hər hansı sübat təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Başqa cür desək, əmək münasibətləri zamanı dəymiş zərərin müəyyən edilməsi məqsədilə cavabdeh tərəfindən “borcun etiraf edilməsi”, qanunla nəzərdə tutulan qaydada işəgötürənin dəymiş ziyanın həqiqi miqdarının araşdırılması, araşdırmanın gedişində “işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat (etiraz etmək) vermək” hüququnu və “işəgötürənin işçini yoxlamanın nəticələri ilə tanış etmək” kimi vəzifəsini aradan qaldırmır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əaslı deyil və ona gə də təmin edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və s. prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3.4-1-ci maddəsinə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiy ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 7.2-3.8-ci maddəsinə əsasən, müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 10-cu maddəsinin ç) bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin ç) bəndinə əsasən, işçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 203-cü maddəsinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən, işəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir . “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “..Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilənəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, “... Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.” Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, “Cavabdeh 42300 manat pul məbləğinin, 55 manat mediasiya xərcinin ,tutularaq "xxxx" MMC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 175 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin “Cavabdeh 42300 manat pul məbləğinin, 55 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 175 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin özünə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar