Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2084/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Abdulla qızına, Cavabdeh3 və Cavabdeh1 qarşı “mirasda payların müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə mərhum X1 xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 853 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.1997-ci il tarixdə Cavabdeh1 və xx.xx.1998-ci il tarixdə digər Cavabdeh3 doğulmuşdur. Digər Cavabdeh2 isə mərhum Tofiq Abbasovun anası, iddiaçının isə qaynanasıdır.
2. Tofiq Abbasov xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.
3. Onun ölümündən sonra sadalanan əmlaklar miras qalmışdır: 1) Bakı şəhəri, Xətai rayonu, Türkan qəsəbəsi, 506a saylı bağ sahəsinin 0.06 ha sahəsi (Bundan sonra – Bağ sahəsi), 2) Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 19 saylı evin 46 saylı mənzili (Bundan sonra – Mənzil), 3) ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki ümumi sahəsi 51.2 kv.m olan qeyri yaşayış sahəsi (Bundan sonra – Qeyri-yaşayış sahəsi). Tofiq Abbasovun mülkiyətində olmuş qeyd edilən əmlaklar onunla iddiaçının birgə nikahda olduqları müddətdə əldə olunmuşdur.
4. Tofiq Abbasovdan qalan miras əmlaklar barədə vərəsəlik işi açılmış, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya ünvanlanmış 45 nömrəli məktuba əsasən vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları olduğuna görə notarial qaydada həmin mirasın bölünməsi mümkün deyil.
5. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 506a saylı bağ sahəsinin 0.06 ha hissəsi, Xətai rayonu, Sarayevo küçəsi, ev 19, mənzil 46, ünvan 3 ünvanında yerləşən doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki ümumi sahəsi 51.2 kv.metr olan qeyri yaşayış sahəsi üzərində onun 2/4 hissədə vərəsəlik hüququnun tanınması və qeyd olunan miras əmlaklarda payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmidir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, əri Tofiq Abbasovla 28 sentyabr, 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Ərinin vəfatından sonra miras əmlakdan ona çatası payın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün notaiusa müraciət etmişdir. Xətai rayon notariat ofisindən ona digər vərəsələrlə aralarında mirasın bölünməsi ilə bağlı mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması və bu səbəbdən də məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərinin daşınar və daşınmaz əmlakları kifayət qədər olmuş, onlardan çox az qismi rəsmi reyestrdə qeydiyyatdan keçmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehlər yazılı etirazlarını məhkəməyə təqdim etməmişlər.
9. Məhkəmə iclasında verilən izahatlar:
10. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası
13. 26-cı maddənin İ hissəsi: Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
14. 60-cı maddənin İ hissəsi: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
16. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
17. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
18. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
19. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
20. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
21. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
22. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
23. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
24. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
25. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
27. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kagızlar, kredit idarələrinə və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandıgı hər hansı sair əmlak daxildir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İşə baxan məhkəmənin mövqeyi:
33. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
34. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
35. Əvvəlcə, məhkəmə qeyd edir ki, irəli sürülən iddia tələbi üzrə yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən irəli gəlir və miras əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə müddəti baxımından mübahisəyə qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən normaları tətbiq olunmalıdır.
36. İddiaçının tələbi iki hissədən ibarətdir: 1) miras əmlaklara dair 2/4 hissədə özünün vərəsəlik hüququnun tanınmas; 2) miras əmlaklarda payının müəyyən edilməsi.
37. Məhkəmə qeyd edir ki, birinci tələb üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə iddiaçının miras əmlaka dair vərəsəlik hüququnun yaranmasına hüquqi qiymət verilməli, müvafiq hissədə paya hüququn tanınması isə daha çox ikinci tələbə aid olduğundan, həmin tələbə dair hüquqi dəyərləndirmə ikinci tələb çərçivəsində aparılmalıdır.
38. İşin mübahisəsiz halıdır ki, mərhum Tofiq Abbasovun 4 vərəsəsi (anası Güldərən, arvadı Elnurə, iki övladı – Ayza və Jalə) vardır. Ölümündən sonra ondan Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 1 Qeyri-yaşayış sahəsi və 1 Mənzil miras qalmışdır. Həmçinin, o da işin mübahisəsiz halıdır ki, iddiaçı ilə Tofiq Abbasov nikahda olmuşlar və miras əmlaklar onların birgə nikahda olduqları müddətdə əldə edilmişdir.
39. Qanunda miras əmlakın vərəsələrə keçməsinin 3 əsası nəzərdə tutulmuşdur: birincisi, qanun üzrə; ikincisi vəsiyyətnamə üzrə; üçüncüsü hər iki əsasla, yəni həm qanun, həm də vəsiyyət üzrə. Birinci əsas o zaman qüvvədə olur ki, əmlaka dair vəsiyyətnamə olmasın. Hazırkı mübahisə üzrə mərhum Tofiq Abbasov tərəfindən miras əmlaklara dair vəsiyyətnamənin verilməsi iş materialları ilə müəyyən edilmir. Odur ki, hazırkı mübahisə üzrə yalnız birinci əsas, yəni qanun üzrə vərəsəlik hüququnun yaranması qaydası qüvvədədir.
40. Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarında qanun üzrə vərəsəliyin yaranmasının dispozitiv şərtləri nəzərdə tutulmuşdur. Qanunun mənasına görə qanun üzrə vərəsləliyin yaranması üçün ilk növbədə əmlaka malik olan şəxsin ölməsi, ölən şəxsin vərəsə hesab edilən şəxslə qohumluq bağının mövcud olması, miras qoyanın ölümünədək vərəsənin sağ olması, habelə miras qoyan tərəfindən vəsiyyətnamənin verilməməsi (yaxud tamailə və ya qismən etibarsız hesab edilməsi) əsas şərtlərdir.
41. İddiaçının miras qoyan mərhum Tofiq Abbasovla qohumluq bağının olması işin mübahisəsiz halıdır və bu barədə əvvəldə də qeyd edilib. Həmçinin, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının vərəsəlik hüququnun yaranması üçün sadalanan digər dispozitiv şərtlər də mövcuddur.
42. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, tərəflər Tofiq Abbasovdan qalan miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət etmişlər, lakin miras paya dair tərəflər arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşin bu halı da tərəflərin mirası qəbul etdiyini təsdiq edir, çünki qanun mirasın vərəsələr tərəfindən qəbul edilməsi şərtlərindən biri kimi, həm də onların vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müvafiq notariat ofisinə müraciət etmələrini nəzərdə tutur (§ 22).
43. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, iddiaçının mərhum Tofiq Abbasovdan qalan miras əmlaklara dair vərəsəlik hüququ yaranmışdır və iddia həmin hissədə təmin edilməlidir.
44. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, miras əmlaka payın müəyyən edilməsinə dair hüquqi əsaslar Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin norma ilə müəyyən edilmiş hüquqi qaydaya əsasən qanun üzrə vərəsələr mirasdan bərabər pay almaq hüquqna malikdir. Tofiq Abbasovun vərəsələri – hazırkı mübahisə üzrə iddiaçı və cavabdehlər də onun qanun üzrə vərəsələridir. Ümumi qaydada onların da miras amlaka dair payları bərabər olmalı idi. Lakin miras əmlaklar Tofiq Abbasovla birgə nikahda olduqları vaxt əldə edildiyindən iddiaçının payının müəyyən edilməsi qaydası Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32-ci maddələri ilə həll edilməlidir.
45. Belə ki, hər iki normada ər-arvadın əmlakının qanuni rejimi müəyyən edilərək göstərilir ki, ər-arvad arasında bağlanmış nikah kontraktında başqa qayda nəzərdə tutulmadıqda (halbu ki, iddiaçı ilə mərhum əri Tofiq Abbasov arasında nikah kontraktının bağlanması iş materialları ilə müəyyən edilmir) birgə nikah dövründə əldə etdikləri əmak onların birgə mülkiyyəti hesab edilir. Göründüyü kimi, qanunvericilik əmlakın ər-arvadın birgə mülkiyyəti hesab edilməsi üçün üç şərt irəli sürür: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın birgə nikah dövründə əldə edilməsi; 3) əmlakın ərarvadın birgə qazancı hesabına əldə edilməsi.
46. İddiaçı ilə miras qoyan Tofiq Abbasovun ər-arvad olması iş materailları ilə təsdiq edilir, belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Tofiq Abbasovla xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşdur. Həmçinin, işdə olan sənədlər əsasında ilə müəyyən edilir ki, Mənzilə mülkiyyət hüququ xx.xx.2001-ci ildə (079313 nömrəli Qeydiyyat vəsiqəsinin surəti), Qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2002-ci ildə (002168 nömrəli Şəhadətnamənin surəti), Bağ sahəsinə dair mülkiyyət hüququ isə xx.xx.2011-ci ildə (0191937 nömrəli Şıxarışın surəti) mərhum Tofiq Abbasovun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, hər üç miras əmlak iddiaçı ilə mərhum ərinin birgə nikahda olduqları vaxt əldə edilmişdir. Həmin əmlakların onların birgə qazancı hesabına əldə edilməsini təkzib edən sübutlar isə iş materiallarında mövcud deyil. Belə olan halda, miras amlakların ½ hissəsi iddiaçının mülkiyyətidir və həmin hissə hazırda cavabdehlərə münasibətdə miras predmeti hesab oluna bilməz. Əmlakların digər ½ hissəsinə münasibətdə isə həm iddiaçının, həm də cavabdehlərin bərabər payları vardır (§ 19 və 20).
47. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi miras əmlaklara dair iddiaçının payının 2/4 hissədə müəyyən edilməsi hissəsində qismən təmin edilməli, iddiaçının payının 5/8 hissədə olması müəyyən edilməlidir.
48. Məhkəmə gəldiyi son nəticə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının payının 5/8 hissədə müəyyən edilməsi iddia tələbindən kənara çıxma olsa da, bu qanunidir. Belə ki, iddiaçının payının həmin hissədə müəyyən edilməsi qanunun bir başa imperativ tələbindən irəli gəlir ki, bu barədə də yuxarıda ətraflı şərh edilmişdir.
49. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq,
QƏTETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 506a saylı bağ sahəsinin 0.06 ha sahəsinin, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 19 saylı evin 46 saylı mənzilinin və ünvan 5 ünvanında, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 51.2 kv.m olan qeyri yaşayış sahəsinin 5/8 hissəsinə İddiaçı miras payı müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. İddia ərizəsi digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı