Məhkəmə qərarları › İş №e-2(011)-218/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-218/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-218/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zuar Taleh oğlunun katibliyi, İddiaçı “X7 - Bakı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı “X7 - Bakı” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “X7- Bakı” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7962 (yeddi min doqquz yüz altmış iki) Azn tibbi xidmətlər göstərilməsinə görə yaranmış borc tutularaq İddiaçıya ödənilməsi iddiaçı tərəfindən ödənmiş 99.62 (doxsan doqquz manat altmış iki qəpik) AZN dövlət rüsumu Cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “X7-Bakı” QSC-nin 28 may filialının reanimasiya şöbəsində xx.xx.2024-cü il tarixdə bağlanmış tibbi xidmət müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdehin həyat yoldaşı X4 tibbi xidmətlər göstərilmişdir. Həmin müddətdə tibbi xidmətlərə və istifadə olunmuş preaparatlara görə 39 962 (otuz doqquz min doqquz yüz altmış iki) AZN borc yaranmış və həmin borcun 32 000 (otuz iki min) AZN məbləği cavabdeh tərəfindən ödənilmişdir. Borc olaraq qalan 7962 (yeddi min doqquz yüz altmış iki) Azn məbləği Cavabdeh xx.xx.2024-cü il tarixə ödəməyi öhdəliyinə götürmüşdür. Lakin həmin borc qeyd olunan tarixə qədər ödənilməmiş və hazırda borc olaraq qalmaqda davam edir. Məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi məqsədilə qarşı tərəfə 16 aprel 2024-cü il tarixli pretenziya məktubu poçt vastəsilə və xx.xx.2024-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh yenə də ödənişləri həyata keçirməmişdir, iş üzrə keçirilmiş ekspertizanın rəyindən görünür ki, cavabdehin 7962 manat borcu qalmışdır, cavabdeh dərman preparatlarının qiymətinin yüksək olduğunu qeyd etsə də, bu qiymətlər hər klinika tərəfindən sərbəst şəkildə müəyyən edilir və cavabdeh özü də müqaviləni imzalamaqla bununla razılaşamışdır. Sonda iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh tələb edilən məbləğ ilə razılaşmayaraq qeyd edilən dərman preparatlarının qiymətlərinin şişirdilmiş olduğunu qeyd etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25.012024-cü il tarixli Tibbi xidmət müqaviləsindən görünür ki, “X9- Bakı” QSC tibbi heyətin nəzərdə tutuduqları tibbi xidmətlərin göstərilməsi üçün lazımi şəraiti və məkanı təmin etməyi, X2 və xəstə yaxını Cavabdeh isə göstərilən xidmətə görə fakturada müəyyənləşdirilən məbləği ödəyilər və tərəflər aşağıdakə məlumatlardan xəbərdar olduqlarının təsdiq edirlər. X2 xx.xx.2024-cü il tarixdə klinikaya qəbul edilmiş, ona pnevmaniya diaqnozu qoyulmuşdur. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən, Klinika göstərilmiş olduğu tibbi xidmətlərin qarşılığı olan məbləğin vaxtında və əksiksiz olaraq ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, “Xəstə" “Qiymət Cədvəli "nə əsasən göstəriləcək tibbi xidmətin fakturada əks etdirilən məbləğini 'Klinika"ya vaxtında və əksiksiz olaraq ödəyir və ödəniş məbləğinin göstərilmiş xidmətin nəticəsindən asılı olmayaraq geri qaytarılmayacağını qəbul edir. İş materiallarında olan Fakturadan görünür ki, xəstəyə göstərilmiş tibbi xidmətlərin ümumi məbləği 39961,43 manat olmuş, ondan cəmi 32000 manat ödənilmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, 12500 manat məbləğ X10 tərəfindən qəbul edilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, “X7- Bakı” QSC-ə 32000 manat ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, “X7- Bakı” QSC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli Bildiriş ünvanlanaraq, 7962 manat məbləğində borcunun 10 gün ərzində qaytarılması tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli **********44 saylı mədaxil qəbzindən görünür ki, “X7- Bakı” QSC tərəfindən 99,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8275 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan “X7-Bakı” QSC tərəfindən təqdim edilmiş fakturalara əsasən Qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə X3 müalicəsi üçün ümumilikdə 39961,43 manat məbləğində vəsait xərcləndiyi və cəmi 32000.00 manat məbləğində vəsait ödənildiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan Xəstəlik tarixindən çıxarışdan görünür ki, xəstə X8 COVİD-19 xəstəliyindən, Məmmədli modul tipli hospitaldan xəstəxanada müalicə almış, daha sonra “X7 - Bakı” QSC-yə köçürülmüşdür. Ona “törədici dəqiqləşdirilməyən pnevmoniya” diaqnozu qoyulmuş, Xəstənin spontan tənəffüsü taxihipnoik olduğundan və daha sonra taminedici olmadığından intubasiya olunmuş va pron vəziyyət verilmişdir. Antibiotikoterapiya, infuzyon terapiya replasman olunaraq xəstə ekstubasiya olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “X7 - Bakı” QSC ilə xəstə yaxını Cavabdeh arasında xəstə X4 tibbi xidmətlərin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xəstə yaxını klinikanın təqdim etdiyi fakturaya uyğun ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür, xəstə X1 müalicə olunmuş, müalicə və onun nəticələri xəstə və xəstə yaxını tərəfindən mübahisələndirilməmişdir, klinika tərəfindən təqdim edilmiş faktura əsasında cavabdehin 39961,43 manat ödəməli olduğu cavabdehə bildirilmiş, cavabdeh həmin məbləğdən 32000 manatı ödəmişdir, qalan məbləğ qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehin qalan borcunun məbləğini müəyyən edərkən xx.xx.2024-cü il tarixli 9/8275 saylı ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, qalan borcun məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 7961,43 manat həddində müəyyən edilməlidir. Məhkəmə, cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçının göstərdiyi xidmətlərin qiymətini faktura əsasında təqdim etməsi razılaşdırılmış, həmçinin iddiaçının göstərdiyi xidmətlərin keyfiyyəti və müalicənin nəticələri də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixdə bağlanmış Tibbi xidmət müqaviləsi üzrə 7991,43 manat məbləğində borc alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli ödənilmiş dövlət rüsumunun əvəzi kimi 99,62 manat ondan müştərək qaydada alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixdə bağlanmış Tibbi xidmət müqaviləsi üzrə 7961 (yeddi min doqquz yüz altmış bir) manat 43 (qırx üç) qəpik pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 99 (doxsan doqquz) manat 62 (altmış iki) qəpik Cavabdeh alınaraq “X7 - Bakı” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X5, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar