Məhkəmə qərarları › İş №e-2(011)-22/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-22/2025

12.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-22/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı (alıcı) ilə Cavabdeh1 (satıcı) və "xxxx" ASC (ipoteka saxlayan) arasında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 80 saylı evin 32 nömrəli mənzilinin (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 406, M8, m2) (bundan sonra - Mənzil) alqı-satqı və ipotekasına dair xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (qeydiyyat nöməsi: **********) bu barədə ona Çıxarış verilmişdir.

2. Cavabdeh1 Mənzilin keçmiş mülkiyyətçisi, digər cavabdeh isə onun arvadıdır.

3. Cavabdeh1 İddiaçı, "xxxx" ASC-yə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1630/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Həmin qətnamədən verilmiş həm apellyasiya, həm də kassasiya şikayətləri təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərin Mənzili tam şəkildə boşaldaraq iddiaçıya təhvil vermələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mənzil onun xüsusi mülkiyyətindədir. Mənzil daha əvvəl Cavabdeh1 xüsusi mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçının mülkiyyətinə keçmişdir. Artıq 1 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdehlər mənzili təhvil verməkdən boyun qaçırır, hər dəfə müxtəlif bəhanələr edərək mülkiyyətçinin öz hüquqlarını həyata keçirməsinə mane olur. Bu isə tamamilə əsassızdır. Onların bu hərəkətlərini iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İddiaçı tərəfindən dəfələrlə mənzili təhvil vermələri ilə bağlı cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsi olmamışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, müqavilə bağlanan zaman o aldadılıb. Mənzildə hazırda onlar yaşayırlar. Aldadılması ilə bağlı polisə müraciət etmiş, hazırda şikayəti Bakı şəhəri Baş Polis İdarəsində araşdırılır. O, heç vaxt mənzilindən çıxmayacaq.

10. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 29 İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

12. Maddə 29 İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Maddə 43 İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

14. Maddə 43 İİ hissə. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi.

22. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslər izahatlarını dinləyərək, iş materiallarını və iddia ərizəsinin dəlillərini nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

25. İddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

26. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir.

27. Birinci dispozitiv şərtin mövudluğu, yəni Mənzilin iddiaçıya məxsus (mülkiyyəti) olması işin mübahisəsiz hallarıdır. Mənzil iddiaçının mülkiyyətinə cavabdeh və "xxxx" ASC arasında bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında keçmiş, iddiaçı Mənzilin mülkiyyətçisidir və onun Mənzilə mülkiyyət hüququ qeydiyyata alınmaqla bu barədə Çıxarış verilmişdir. Birinci şərtlə bağlı məhkəmə həmçinin qeyd edir ki, Mənzilə dair bağlanmış alqı-satqı və ipoteka müqaviləsi Cavabdeh1 tərəfindən mübahisələndirilərək, Mənzilə dair bağlanmış alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir.

28. İkinci dispozitiv şərtin mövcudluğu məhkəmə iclası zamanı müəyyən edilmişdir, belə ki, cavabdehlər hazırda Mənzildə yaşamağa davam etməklə, iddiaçını orada yaşamağına, mülkiyyətindən istifadə etməyə və ondan yaralanmağa imkan vermir. Cavabdeh özü məhkəmə iclası zamanı bildirmişdir ki, o, Mənzili satmaq niyyətində heç vat olmadığından hazırda da Mənzili tərk etmək niyyətində deyil.

29. Üçüncü dispozitiv şərtə, yəni Mənzilin cavabdehlərin qanunuz sahibliyində olmasına gəldikdə isə, bununla bağlı yuxarıda ətraflı şərh edilmişdir ki, cavabdehlərin Mənzilə dair hər hansı bir hüququ artıq mövcud deyil. Bu onu deməyə əsas verir ki, Mənzil cavabdehlərin qanunsuz sabibliyindədir.

30. Cavabdehlərin Mənzili təhvil verməmələri, həm də onların xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərini pozması ilə nəticələnmiş olur. Belə ki, cavadehlərin Mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyi sözü gedən müqavilənin 1-ci maddəsində göstərilmişdir. Həmçinin, müqavilənin 2.2.5-ci bəndində Cavabdeh1 müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra 30 gün ərzidə ipoteka predmetini (Mənzili) yardımçı vasitələri ilə birlikdə alıcı-ipoteka qoyana (iddiaçıya) onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətində təhvil vermək vəzifəsi qeyd edilmişdir.

31. Cavabdeh1 məhkəmə iclasında Mənzilin satış dəyərini təşkil edən pul vəsaitini tam almadığını qeyd etsə də, məhkəmə onun bu dəlili ilə bağlı qeyd edir ki, onun Mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilənin mübahisələndirməsi ilə bağlı iddiaçıya, "xxxx" ASCyə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-1630/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin mülki iş üzrə verdiyi apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir. Həmin mülki iş üzrə Cavabdeh1 qeyd etdiyi dəlil, o cümlədən xx.xx.2022-ci il tarixli müqavilə yoxlanılaraq etibarlı olması təsdiq edilmişdir. Cavabdeh1 iddiaçıya, "xxxx" ASC-yə və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə çıxarılmış məhkəmə qərarları hazırkı mülki işə baxılarkən xx.xx.2022-ci il tarixli müqavilənin etibarlılığı hissəsində preyüdisial xarakter daşıdığından onun Mənzilə görə satış pulunun tam almamasına dair dəlilinin yenidən araşdırılmasına məhkəmə zərurət görmür.

32. Beləliklə, yuxarıda şərh edilənlərdən də görünür ki, Cavabdeh1 müqavilə üzrə vəzifəsini yerinə yetirməməklə öhdəliyini pozmuş, bu isə nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

33. Məhkəmə qeyd edir ki, istər ölkə daxili, istrərsə də, beynəlxalq hüquq normaları mülkiyyət hüququnun ən üstün hüquq olaraq qorunmalı olmasını tələb edir. Yalnız xüsusi hallarda və qanunla müəyyən edilmiş qaydada, habelə dövlətin təhlükəsizliyi və ya cəmiyyətin maraqlarının qorunması məqsədilə mülkiyyət hüququ məhdudlaşdırıla, yaxud müsadirə edilə bilər. Hazırkı mübahisə üzrə qeyd edilən halların hər hansı birinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı mülkiyyət hüququnun müdafisəini tələb etməkdə haqlıdır.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 80 saylı evin 32 nömrəli mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 406, M8, m2) Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elekton Məhkəmə” İnformasiya Sistemində yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar