Məhkəmə qərarları › İş №e-2(011)-2215/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2215/2025

18.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2215/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh nümayəndələri X1 və Nümayəndə2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 14-2-14/3-1K-770/2024 nömrəli əmrinin ləğv edilməsi, işdən çıxarılan gündən qətnamə icra oluna günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə¸ iddiaçının işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı xx xxxxxx 1966-cı il təvəllüdlücür. 1993-cü il tarixdən əmək fəaliyyətinə başlamışdır. 38 ildən çox əmək stajı var. xx.xx.2014-cü il tarixdən Cavabdehndə işləyirdi. Dövlət Neft Şirkətinin (Socar) "xxxx" Tresti xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-770/2024 nömrəli əmrinə əsasən əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının guya narkotik maddə qəbul edərək sərxoş vəziyyətdə işə gəlməyi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsi ləğv etmişdir. Cavabdeh iddiaçı qarşı qərəzli mövqe tutub. İşin mahiyyəti ondan ibarət olmuşdur ki, 2024-cü ilin sentyabr ayında bəzi işçiləri o cümlədən iddiaçını müayinəyə göndərdilər. Həmin gün o, baş ağrı dərmanı içdiyinə görə qanında bəzi göstəricilər həkimləri qane etməmişdir .Ona görə onu təkrar analiz vermək üçün Bakı Narkoloji Mərkəzə göndərdilər. İddiaçı orada analiz verən zaman nəticələr normal olmuş və iddiaçıya işləməyə icazə verilməsi barədə arayış verilmişdir. Daha sonra 2024-cü ilin noyabr ayının 16-da iddiaçını təkrar müayinə üçün Respublika Narkoloji Mərkəzinə göndərdilər. O, Narkoloji Mərkəzə gedərkən onları aparan şəxsə baş ağrı dərmanı qəbul etdiyini, ona görə müayinəyə başqa gün göndərilməsini xahiş etdi. Lakin iddiaçının sözünə əhəmiyyət verilmədi. O, həmin gün Respublika Narkoloji Mərkəzində analiz verdi. Eyni zamanda həmin gün Referans Klinikasına gedib orda da analiz verdi. 16 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən guya narkotik maddə qəbul edərək sərxoş vəziyyətdə işə gəlməyi ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etdilər. İddiaçı izah etməyə çalışdı ki, o, hər hansı narkotik vasitədən heç vaxt istifadə etməmiş və etmir. Sadəcə olaraq baş ağrı dərmanı qəbul etmişdir. Bunu hansı qaydada istəyirlərsə sübut etməyə hazırdır. Hansı Klinikaya analiz verməyə göndərərlərsə getməyə hazırdır. Lakin iddiaçıya qulaq asmaq istəmədilər. Hər hansı bir araşdırma aparmadan 58 yaşında iddiaçının 38 illik stajımın üstündən xətt çəkərək, onu dost-tanış içində rüsvayçısına işdən azad etdilər. Tibbi ekspertiza keçirilərsə, onun analizinin nəticələrinin içdiyi dərmana uyğun fərqli çıxdığı öz təsdiqini tapacaq . Hazırda tibb elmi inkişaf edib. Qanda çıxan maddələrin hansısa dərmanın, yaxud narkotik maddənin qəbulu nəticəsində olmasını aşkara çıxarmaq çətin bir məsələ deyil. Cavabdehin etirazı: xx.xx.2015-ci il tarixdə Cavabdeh ilə İddiaçı arasında əmək müqaviləsi bağlanaraq İddiaçı 3 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsinə ƏÖD-5 olmaqla Qazla kəsən vəzifəsinə (peşəsinə) işə götürülmüşdür. Ona qarşı heç vaxt qərəzli münasibət olmamış, hər-hansı ayrı-seçkiliyə məruz qalmamışdır. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 24.3-cü maddəsinə əsasən, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisələrində tibbi müayinədən keçməlidirlər. Qanunun tələblərinə uyğun olaraq, SOCAR-ın xx.xx.2024-cü il tarixli 14-2/3-6-393/2024 nömrəli telefonoqramı əsasında Cavabdeh işçilərinin tibbi müayinələri keçirilir. 2, 13 və 26 sentyabr 2024-cü il tarixlərdə keçirilən növbəti dövri tibbi müayinə zamanı keçirilən narkoloji ekspress-testin nəticələri müvafiq olaraq 3 saylı TQB-nin 1 saylı TQS-nin qazla kəsəni İddiaçı müsbət çıxaraq sidik nümunəsində şübhəli narkotik maddə aşkar edilmişdir. Təkrar tibbi müayinədən keçməsini təmin etmək məqsədilə o, dövlət narkoloji tibb müəssisəsinə göndərilmişdir. Dövlət narkoloji tibb müəssisələrində keçirilən tibbi müayinə zamanı İddiaçı narkotik vasitə istehlak etdiyi müəyyən edilmiş, həmin nəticələri özündə əks etdirən müvafiq olaraq, 04, 14 və 27 sentyabr 2024-cü il tarixli müayinə aktı tərtib edilmişdir. Araşdırma zamanı İddiaçı bunu qəbul etdiyi dərman preparatlarının tərkibindəki maddələrin tibbi müayinənin müsbət nəticələnməsinə gətirib çıxara biləcəyi ilə əlaqələndirməyə çalışmışdır. Maraqlısı budur ki, İddiaçıla eyni zamanda bir neçə işçidə də müsbət nəticə çıxmış və onlar hamısı eyni əsasla dərman preparatı qəbul etdiklərini bildirmişlər. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 3 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinin qazla kəsəni İddiaçı müayinə üçün “Respublika Narkoloji Mərkəzi”nə narkotik və psixatrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinəyə göndərilmiş, müayinə nəticəsi “müsbət” verilmişdir. Bununla bağlı İddiaçı soruşulduqda o, izahat verməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli izahatında qeyd etdiklərini təsdiq etdiyini bildirmişdir. Həmin tarixli izahatında isə xx.xx.2024-cü il tarixdə dövri tibbi müayinə zamanı analizin nəticəsi olaraq onda narkotik tərkibli maddə aşkar olunduğunu, həmçinin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Narkoloji Mərkəzdə təkrar analiz verdiyini, və onda narkotik vasitə (morfin) aşkar olunduğunu etiraf etmiş, lakin guya narkotik istifadəçisi olmadığını və analizlərində narkotik vasitənin aşkar olunmasının “piralqin” başağrı dərmanı qəbul etməsi ilə əlaqədar olduğunu qeyd etmişdir. Həmkarlar İttifaqı Komitəsinin iclasında isə İddiaçı hərəkətindən peşman olduğunu bildirmişdir. Göründüyü kimi, İddiaçı bir neçə dəfə müayinədən keçmiş və hər dəfə nəticələr “müsbət” çıxmışdır. Qeyd olunanlar əsas gətirilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə baxılması üçün “Həmkarlar İttifaqı” na müraciət edilmiş və SOCAR-ın Cavabdeh Həmkarlar İttifaqı Komitəsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Digər tərəfdən, İddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad olunarkən elə həmin tarixdə əmrdən xəbərdar edilmiş, kitaba imza etməklə özünə məxsus əmək kitabçasını təhvil almışdır. Lakin buna baxmayaraq, Qanunla əmək mübahisələri üçün məhkəməyəqədərki prosessual qaydalara əməl etməməklə, həmçinin iddia ərizəsi verilməsi üçün müəyyən olunmuş 1 (bir) aylıq müddəti ötürməklə məhkəməyə mövcud iddia ərizəsi ilə müraciət etmiş və bu günədək hansı səbəbdən müraciət etməməsinə dair heç bir əsaslı və qanuni səbəb göstərməmişdir. Buna görə də hesab edirik ki, İddiaçı iddia müddətini də ötürmüşdür və bu səbəbdən də o, Cavabdehnə işə bərpa edilə bilməz. İddia ərizəsində göstərinənlər hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyekt olan Cavabdeh ərazisində riayət edilməli olan xüsusi qaydalar - Cavabdeh “daxili intizam qaydaları”nın müəyyən edilməsi, məhz sahənin dövlət əhəmiyyətli, strateji və təhlükə potensiallı olmasını nəzərə almaqla orada baş verə biləcək bədbəxt və s. neqativ hadisələrin qarşısının alınması üçün tətbiq edilir və bu qaydalara həmin ərazidə riayət edilməsi birmənalı qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Qanunvericiliyin tələblərinə əməl edilməklə, heç bir qanun pozuntusuna yol verilmədən ləğv edilmişdir. Buna görə də iddianın təmin edilməsi üçün heç bir qanuni və tutarlı əsas yoxdur, iddiada göstərilənlər isə formal mülahizələrdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddianın əsassız olduğu, həmçinin iddiaçı iddia müddətini ötürdüyünə görə iddianın rədd edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh ilə İddiaçı arasında balanmış xx.xx.2015-ci il tarixli 1342 nömrəli əmək müqaviləsinə əsasən sonuncu 3 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsində qazla kəsən vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında xx.xx.2024-cü il tarixli 1/3540 nömrəli akta əsasən “Accutell” testi vasitəsi ilə keçirilmiş müayinə nəticəsində İddiaçı sidiyində MOP – müsbət, BAR – müsbət nəticələri aşkar edilmişdir. SOCAR-ın Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında 3 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsinə ƏÖD-5 olmaqla qazla kəsəni İddiaçı ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixində tərtib edilmiş və Cavabdeh Hüquq şöbəsinin rəisi Elçin Həsənəliyev, şöbə rəisinin müavini Nümayəndə2 və İnsan Resursları şöbəsinin rəis müavini Şahin Qürbətov tərəfindən imzalanmış aktdan görünür ki, xx.xx.2024-cü il tarixində “Respublika Narkoloji Mərkəzi”ndə narkotik vasitələrinin və psixatrop maddələrin istehlak hallarının təyin edilməsi üçün keçirilmiş müayinə zamanı narkotik vasitə (Morfin və Barbiturat) istehlak etdiyi müəyyən olun 3 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsinin qazla kəsəni İddiaçı testin nəticəsində dair izahatın verilməsi tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmişdir. Həmin aktın aşağı hissəsində İddiaçı aktla tanış olduğu qeyd edilmiş və imzası ilə təsdiq edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli izahatında qeyd etdiklərini təsdiq etdiyi göstərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixində dövri tibbi müayinə zamanı analizin nəticəsi olaraq onda narkotik tərkibli maddə aşkar edilmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri Narkoloji Mərkəzində təkrar analiz verdi və həmin analizin nəticəsində narkotik vasitə (morfin) aşkar edildi. Hesab edir ki, qəbul etdiyi “Piralgin” dərmanının tərkibində olan maddələr analizin bu cür nəticələnməsinə səbəb ola bilər. O, bildirmişdir ki, narkotik istifadəçisi deyildir. xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-770/2024 nömrəli əmrə əssən İddiaçı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdeh arasında bağlanmış 1342 nömrəli xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən, narkotik maddı qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi əsası xitam verilib, İddiaçı tutduğu vəzifəsindən azad edilib. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-770/2024 nömrəli əmr və əmək kitabçası xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində “Referans” X2 və Poliklinika verdiyi narko testlərin nəticəsində təqdim etdiyi materiallarda barbiturat pozitiv, digər narkotik vasitələr isə neqativ müəyyən edilmişdir. Bundan başqa həmin tarixdə keçirilmiş xromotoqrafik analiz nəticəsində onda nə kodein, nə morfin aşkar edilməmişdir. Lakin analiz nəticələrində 13306,783 ng/ml göstərici ilə naproxen və 1763,934 ng/ml göstərici ilə phenobarbital aşkar edildi. 84 saylı MKİS-nin rəisi M.Ağamalıyev tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, İddiaçı, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Yaşadığı müddət ərzində o, qonşular arasında hörmət qazanmış və onların hər hansısa bir problemində yaxından köməklik göstərmişdir. Dövlət prinsiplərinə sadiqdir. Dostlarla münasibəti səmimidir. Yaşadığı müddət ərzində onun barəsində MKİS-ə yazılı, yaxud şifahi heç bir şikayət daxil olmamışdır. Bakı 16 saylı Mediasiya Təşkilatının məhkəmə sorğusuna cavabdeh məktubundan müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 16 saylı Mediasiya Təşkilatına xx.xx.2024-cü il tarixində müraciət olunmuşdur. Müraciətlə bağlı ərizədən və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, İddiaçı Cavabdehnə “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv və s.” ilə bağlı mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair xx.xx.2024-cü il tarixli təklifi xx.xx.2024-cü il tarixində sürətli poçt vasitəsilə göndərmişdir. İddiaçı müraciəti əsasında başlanmış mediasiya işinə təşkilatın mediatoru X3 icraatında baxılmış, mediasiya sessiyası vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də İddiaçı “mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı MŞB/16/2024-001892 saylı xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Mediasiya sessiyasının vaxtı və yeri barədə tərəflərə bildiriş xx.xx.2024-cü il tarixində göndərilməsinə baxmayaraq yuxarıda qeyd olunmuş arayışda bildirişin göndərilmə tarixi texniki səhv nəticəsində xx.xx.2024-cü il kimi qeyd edilmişdir. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə 10 ildən çoxdur ki, Cavabdeh 3-cü bölümündə işləyir. Məlumatım odur ki, guya, İddiaçı narkoman kimi işdən çıxıb. Bunu hamı bilir. O, adamın narkotik qəbul etdiyini qörməyib. Onlar hər il komissiyadan keçirlər. Söhbət oldu ki, müayinədən İddiaçıın qanının tərkibində narkotik olub, onu işdən narkoman kimi çıxardıblar. Müayinədən keçən gün İddiaçıı görmüşdür. Müayinəyə gedən insanlar işə gəlir, sənədləri imzalayırlar, sonra 9-10 üçün göndərirlər komissiyaya. Onları işləməyə icazə verilmir. O da, səhər gəlib, çıxıb gedib Komissiyaya. Həmin gün görüşdüyü yadında deyil. Onlar bayram, cümə namazlarına birlikdə gedirlər. Necə ola bilər ki, bu insan narkotik qəbul etdi, bundan onu xəbəri olmayıb. Ümumiyyətlə götürsək, belə çıxır ki, Azərbaycanda çoxu narkomandır. Çünki hamı dərman qəbul edir. O, da bu işdə işləyir, işləri ağırdır. Onlar da həkim yanına gedəndə, onlara da ağrıkəsici dərmanlar yazırlar. Osteoxondrozu müalicə edən həkim var ki Azərbaycanda. İddiaçı da başı ağrıları, ağrıları olub. İddiaçı müalicə aldığını, dərman qəbul etdiyini, nəticələri barədə məlumatları İddiaçı öyrənib. Birdə iş yoldaşı işə gəlməyəndə, əlaqə saxlayırlar, onlar da deyir ki, belim ağrıyır, başım ağrıyır. Müalicə olunmaq, xəstəlik kağızı almaq üçün klinikaya gedirlər. İddiaçı onun yanında dərman qəbul etməmişdir. 14-15 noyabr tarixlərində İddiaçı iş yerində davranışı normal, həmişə olduğu kimi olub. Trestin rəhbərliyi tərəfindən qərəzli münasibətin olduğunu görməyib. Mütəxəssisin ifadəsi: Həkim-narkoloq X6 verdiyi izahatında göstərmişdir ki, xromotoqrafik analiz nəticəsində naproksin və fenobarbutal da çıxıb. Piralqin tərkibində həm kodein, həm də naproksin var Morfin, kodein, geroin özü özlüyündə tiryək alkaloidlərinin törəmələridir. Onlardan hər hansı biri bədənə daxil olanda sidikdə o morfin testində müsbət göstərir. Yəni morfin olsa da müsbət göstərir, həmin dediyim bəzi ağrıkəsicilər, məsələn piralqin, paraferin, majezik, kadellak dərmanların tərkibində kodein olduğuna görə test müsbət göstərir. Bu morfin deyil. MOP – morfinin açıqlamasıdır. Lakin sırf geroin istifadəçisi olsa idi, orada tiryək də müsbət çıxardı. Lakin orada tiryək mənfidir. Morfin istifadəçiləri olur, sırf morfinistə test pozitiv çıxa bilər. Lakin hal-hazırda morfin bahalıdır, əlçatmazdır, ancaq tibdə istifadə edilir. Piralqin dərmanın tərkibində kodein var. Referans klinikasında verilən testdə qəbul edilmiş preparatın piralqin olduğunu təsdiq edib. Çünki dərmanın tərkibində olan üç preparat da testdə çıxıb. Bizim testdə morfinlə kodeini ayrılmaq olmur, bizdə kiminsə başına belə bir hal gələndə, yaxınlaşır ki, belə bir şey olub, yönləndiririk xromotoqrafiyaya. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi;[2] əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması

Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri KMQ6

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 21. Mediasiya prosesinin tətbiqi üçün əsaslar 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.7. Bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

Maddə 28. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.2. Bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Maddə 29. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin və sonrakı mediasiya sessiyaları 29.1. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyibistəmədiklərinə dair qərar verməlidirlər. 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. 29.4. Tərəfin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 29.5. Tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və bu Qanunun 24-cü maddəsinə uyğun olaraq mediasiya prosesi həyata keçirilir. 29.6. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. 29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir.

Maddə 32. Mediasiya prosesinə xitam verilməsi 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 35. İddia müddətlərinin axımının dayandırılması

35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 20. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması 20.1. İnsan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir.

Maddə 24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilənlərə görə rədd edilməlidir. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normalarının müddəalarına əsasən müəyyən edilir ki, narkotik vasitələr və psixotrop maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməklə işçi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı narkotik vasitələr və psixotrop maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldiyini, bununla da əmək vəzifələrini kobud şəkildə pozduğunu iddia etsə də, məhkəmə araşdrıması zamanı bu cür halın baş verdiyini təsdiq edən yetərli mötəbər sübutların mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, işəgötürən Cavabdeh işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” hissəsinə əsasən xitam verdiyini zaman, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən təqdim edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında xx.xx.2024-cü il tarixli 1/3540 nömrəli akta əsasən “Accutell” testi vasitəsi ilə keçirilmiş müayinə nəticələrini əsas götürmüşdür. Qeyd edilən müayinə nəticəsində İddiaçı sidiyində MOP – müsbət, BAR – müsbət nəticələri aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı mütəxəssis, həkim-narkoloq tərəfindən verilmiş izahatlara əsasən müəyyən edilmişdir ki, morfin, kodein, geroin özü özlüyündə tiryək alkaloidlərinin törəmələridir. Onlardan hər hansı biri bədənə daxil olanda o, sidikdə “Accutell” testi kimi ekspress testlərlərdə MOP, yəni morfin müsbət göstərir. Yəni şəxs morfin qəbul etsə də, müsbət göstərir, bəzi ağrıkəsicilər, məsələn piralqin, paraferin, majezik, kadellak dərmanların tərkibində kodein olduğuna görə, həmin dərmanlardan qəbul etdiyi halda da test müsbət göstərir. İddiaçı tərəfindən geroin qəbul edildiyini halda, onda testdə opiodlər də müsbət çıxmalı idi, ki, xx.xx.2024-cü il tarixində keçirilmiş müayinənin nəticəsində OPİ, yəni opiodlər mənfi çıxmışdır. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2024-cü il tarixində Respublikası Narkoloji Mərkəzi PHŞ-də keçdiyini müayinə nəticəsində onun tərəfindən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarətdə olan narkotik və ya psixotrop maddələrin, və ya tərkibində dövriyyəsi məhdudlaşdırılmış və nəzarətdə olan kodein və barbital maddələri olan dərman preparatlarının qəbul etdiyini ayırmaq mümkün deyildir. Digər tərəfdən şəxsin narkotik vasitənin təsiri nəticəsində sərxoş vəziyyətdə olduğunu təsdiq edən, tibbi müayinə protokolu, iş yerində tərtib edilmiş aktlar və sairə bu kimi sübutlar da yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən narkotik vasitələr və psixotrop maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi ilə bağlı yetərli mötəbər sübutlar olmadığından, bu əsasla işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunsuz olmuşdur. Buna baxmayaraq, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işçi hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericiliklə bu növ mübahisələr üçün müəyyən edilmiş bir aylıq iddia müddətini ötürməklə müraciət etmişdir. Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mediasiya prosesi bu mediasiya barədə təklifin göndərildiyi andan başlanmış sayılır. Tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr və onun əmək kitabçası xx.xx.2024-cü il tarixində təqdim edilmişdir. İddiaçı tərəfindən cavabdehə mediasiya təklifi xx.xx.2024-cü il tarixində göndərilmişdir. Bundan sonra iddiaçıya “ilkin mediasiya sessiyasının keçirilməsinin mümkün olmaması ilə bağlı” xx.xx.2024-cü il tarixli arayış təqdim edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi mediasiya təklifinin tarixi texniki səhv nəticəsində xx.xx.2024-cu il kimi qeyd edildiyini, əslində təklifi xx.xx.2024-cü il tarixində göndərdiyini iddia etsə də, mediasiya təşkilatı tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş məlumatlar iddiaçının vəkilinin bu dəlilini tam təkzib edir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, təklifin tarixinin xx.xx.2024-cü il kimi qeyd edilməsi, həmin təklifin əslində xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il və ya ondan sonrakı tarixlərdə göndərildiyinə dəlalət edir. Belə ki, xx.xx.2024-cü il tarixində göndərilən bir sənəddə, həmin tarixdən sonrakı tarixin qeyd edilməsi ağlabatan deyildir. Digər tərəfdən iddiaçının vəkil “ilkin mediasiya sessiyasının keçirilməsinin mümkün olmaması ilə bağlı” xx.xx.2024cü il tarixli arayışı xx.xx.2024-cü il tarixdən sonrakı tarixdə təqdim edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini 8 gün ötürməklə müraciət etmişdir. Digər tərəfdən məhkəmə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin ötürülməsi səbəblərinin üzrlü hesab edilməsi ilə bağlı ərizəsinə qiymət verərək qeyd edir ki, həmin ərizədə iddiaçı tərəf iddia müddətinin tətbiq edilməsinə dair etirazının dəlilləri qeyd etməklə, iddia müddətinin üzrlü səbəbdən ötürüldüyünə dair hər hansı dəlilə istinad etməmişdir. Halbuki, fərdi əmək mübahisəsinə baxan məhkəmə tərəfindən buraxılmış müddət üzrlü səbəblərdən, yəni iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər bu kimi obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, bərpa edilə bilər. Odur ki, məhkəmə iddia müddətinin bərpası ilə bağlı ərizəni əsassız hesab edir. Yuxarıda göstərilənləri və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi haqqında ərizəni nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 14-2-14/3-1K-770/2024 nömrəli əmrinin ləğv edilməsi, işdən çıxarılan gündən qətnamə icra oluna günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə¸ iddiaçının işə bərpa edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli 14-2-14/3-1K-770/2024 nömrəli əmrinin ləğv edilməsi, işdən çıxarılan gündən qətnamə icra oluna günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə¸ iddiaçının işə bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar