Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2296/2023 30.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı “maddi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kart, kredit kart və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-tarixli e- 2(011)-2583/2021-saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC “X1” MMC ilə bağlanmış xx.xx.2016-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1 MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən xx.xx.2022-ci tarixindəki 351.10 mana məbləğlərindəki vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 52.66 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən “X2 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 52.66 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddiaçının tələbi: Cavabdeh 52.66 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: - “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır; - “X2 Azərbaycan” QSC verilmiş maliyyə arayışına əsasən, “X2 Azərbaycan” QSC ilə “X1” MMC arasında olan xx.xx.2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə 351.10 manat ödətdirilməsi “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə “X2 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 52.67 manat xidmət haqqı ödənilmişdir; - xx.xx.2022-ci il tarixli №002/2022 və №01A/2022 hesab fakturalarda müxtəlif vaxtlarda müxtəlif kreditlər üzrə “X1” MMC tərəfindən “X2 Azərbaycan” QSC-yə geri ödətdirilmiş məbləğlər və onlara mütənasib xidmət haqqı kimi hesablanmış 15% məbləğlər əksini tapmışdır. - xx.xx.2022-ci il tarixli təhvil aktlarına əsasən müxtəlif vaxtlarda ayrı-ayrı borclu müştərilər tərəfindən “X1” MMC vasitəsilə “X2 Azərbaycan” QSC-yə geri ödənilmiş məbləğlər və onlara mütənasib xidmət haqqı kimi hesablanmış 15% məbləğlər əksini tapmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İcra haqqında Qanunu: - 2.2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. - 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. - 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Hazırki iş materiallarından aydın olur ki, müvafiq qətnamə üzrə verilmiş icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar tərəfindən şikayət verilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bu hala istinadən qeyd edir ki, tələbkar qətnamənin icra vəziyyəti ilə bağlı hər hansı narazılığını bildirmək məqsədilə qanunda bunun üçün nəzərdə tutulmuş müvafiq hərəkətlər görməmiş, maraq və mənafelərinə toxunan və ya ona hər hansı formada ziyan vuran halın olub-olmamasının aydınlaşdırılmasını, belə bir hal mövcuddursa belə, buna səbəb olmuş hal və şəraitinin aradan qaldırılmasını tələb etməmişdir. Tələbkarın “X1” MMC adlı hüquqi şəxslə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə “X1” MMC-yə 15%-i həcmində, yəni 52.66 manat xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir. Bundan başqa Məhkəmə qeyd edir ki, icra sənədinin icrasının icra məmuru tərəfindən həyata keçirilməməsi və ya hər hansı səbəbdən mümkün olmaması halında tələbkar zərurətdən irəli gələrək qətnamənin icrasının təmin etdirilməsini müqavilə əsasında hüquqi şəxsə həvalə etməsi və həmin borclunun məhz həmin hüquqi şəxsin vasitəsilə borc öhdəliyini yerinə yetirməsini sübut etmək vəzifəsi daşıyır. İddia ərizəsində və iş materiallarında olan digər sənədlərdə adı çəkilən “X2 Azərbaycan” QSC və “X1” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilə məhkəməyə təqdim edilməmişdir. Habelə iş materiallarına akt, təhvil aktı və hesab fakturalar əlavə edilsə də, borclu tərəfindən həmin sənədlərdə göstərilən məbləğlərin məhz “X1” MMC-yə və məhz həmin məbləğdə ödənilməsini təsdiq edən sübut növü təqdim edilmədiyindən bu hal da öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T ET Dİ : İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova
Məhkəmə qərarları › İş №e-2(011)-2296/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2296/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver