Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2297/2023 05.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "X2 Azərbaycan" QSC arasında xx.xx.2015-cü il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanılmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmişdir və xx.xx.2020-ci il tarixli 2(004)-3592/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə, iddiaçı "xxxx" QSC “X1" MMC ilə bağlanılmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "X1"xxxx"X1 MMC", öz növbəsində, cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödənilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən xx.xx.2020-ci il tarixdəki 322 manat məbləğindəki vəsait "X1" MMC-nin vasitəsi ilə təmin edilmişdir və buna görə də «X2 Azərbaycan» QSC tərəfindən "X1" MMC-yə 48.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "X1" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində, yəni ümumilikdə 48.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. «X2 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanılmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə Bank Kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa Kart sahibi bununla bağlı Bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddiaçı Cavabdeh 48.30 manat məbləğində borcun tutulması və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" QSC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməli deyil. Belə ki, iş materiallarından görünür ki, “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanılmışdır. “X2 Azərbaycan” QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, “X2 Azərbaycan” QSC ilə “X1” MMC arasında olan xx.xx.2016-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ödənilən 322 manat “X1” MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə “X2 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 48.30 manat xidmət haqqı ödənilmişdir. xx.xx.2020-ci il tarixli 10A/2020 hesab saylı fakturasında xx.xx.2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən “X1” MMC tərəfindən “X2 Azərbaycan” QSC-yə geri ödənilməsi təmin edilmiş pul vəsaitləri və xidmət haqları ümumi şəkildə öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixli təhvil aktında “X1” MMC vasitəsilə “X2 Azərbaycan” QSCyə geri ödənilmiş məbləğlər və xidmət haqları ümumi şəkildə öz əksini tapmışdır. Siyahı üzrə Cavabdeh adı qeyd edilməklə qarşısında “ödənişin tarixi” qrafasında “xx.xx.2020”, “ödəniş, manat” qrafasında “322”, “faiz” qrafasında “15”, “büroya ödəniləcək məbləğ” qrafasında “48,30” rəqəmləri qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin Qanunun 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə ki, qanunvericiliyə əsasən “İcra haqqında” Qanunun tələbləri çərçivəsində icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İddiaçı hazırkı tələbini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3592/2020 saylı qətnaməsi əsasında tutulmuş pul vəsaitinin “İcra haqqında” Qanunun tələbləri qaydasında alınmasının mümkünsüzlüyü ilə əlaqələndirməmişdir. İddiaçının “X1” MMC adlı hüquqi şəxslə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini sonuncuya sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə “X1” MMCyə 15% həcmində, yəni 48.30 manat xidmət haqqını ödəməsi iddiaçının öz istəyi ilə həyata keçirdiyi tədbirdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3592/2020 saylı qətnaməsi əsasında icra tədbirlərinin “İcra haqqında” Qanunun tələbləri qaydasında həyata keçirilməli olduğunu və həmin tədbirlərin həyata keçirilməsinin mümkünsüzlüyünə dəlaət edən halların iddiaçı tərəfindən əsaslandırılmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2297/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2297/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver