Məhkəmə qərarları › İş №e-2(011)-2300/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2300/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2300/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 03 dekabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilmişdir. Belə ki, satıcı Cavabdeh1 ilə aralarında əvvəllər nikah münasibətləri mövcud olmuş və məhkəmə qətnaməsi ilə pozulmuşdur. Müqavilə predmeti olan əmlak da məhz birgə nikah dövründə əldə olunmuşdur. Lakin müqavilənin predmeti olan evlə bağlı məhkəmə işi Ali Məhkəmənin icraatında olduğu müddətdə (xx.xx.2021) ev satılmışdır. O, Daşınmaz əmlakla bağlı mübahisə nəticələnmədiyinə baxmayaraq əmlakın satılması səbəbindən məhkəmədən bağlanmış əqdin etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş edir. O, hazırki mərhələdə öz pozulmuş hüquqlarının aradan qaldırılmasının qarşısının alınmasının yeganə üsulu kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanunvericiliyin ona verdiyi səlahiyyətindən istifadə edərək ədaləti bərpa edə bilmək imkanını qəbul edir. İddiaçı göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 337-ci (əqdlərin etibarsızlığı) maddəsinə əsasən Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, göstərmişdir ki, İddiaçı Abdüləhməd qızı tərəfindən təqdim edilmiş, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsızlığı tələbinə dair iddiası tamamilə qanunsuz olduğu üçün iddia təmin edilə bilməz. İddiaçı iddia ərizəsini onunla əsaslandırmağa çalışmışdır ki, guya Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil iddiaçı və cavabdeh arasında mövcud olan birgə nikah dövründə əldə edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin həcmini şişirtmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə aid bir sıra qanunlara istinadlar yazmış və Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əks arqumentlərlə iddianın əsassız olduğu tamamilə sübut edilir. 1.Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil (bundan sonra - Mənzil) üzərində mülkiyyət hüququnun Cavabdeh1 aid olması ilə bağlı - İddianın predmetini təşkil edən Mənzil iddiaçı və cavabdehin birgə nikahı dövründə əldə edilməmiş və Cavabdeh1 xüsusi mülkiyyəti olmuşdur. Belə ki, Xətai Rayon Məhkəməsinin İş 2(011)- 426/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Mənzil iddiaçı və cavabdehin birgə nikahı dövründə əldə edilməsi barədə qətnamə qəbul edilsə də, Bakı Apelyasiya Məhkəməsinin İş 2(103)-6050/2021 nömrəli iş üzrə qəbul etdiyi qətnamə əsasında Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi həmin hissədə ləğv edilmiş və Mənzil üzərində mülkiyyət hüququnun Cavabdeh1 məxsus olması barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 589/2022 nömrəli iş üzrə yekun qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Hər üç məhkəmə qətnaməsi bu iddia ərizəsinə etiraza əlavə edilir. Göründüyü kimi iddiaçının iddiasının faktiki əsası mövcud deyil. 2.İddiaçının subyektiv hüququnun olmaması ilə bağlı - Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ. Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Göründüyü kimi Mənzilin mülkiyyətçisinin alğı-satqısına dair müqavilə bağlaması iddiaçının hərəkətlərində hüquqi ixtiyar sahibi etmir, başqa şəxslərdən belə müqavilənin bağlalamamağı tələb etmək hüququ yoxdur və belə müqavilənin bağlanması iddiaçının hər hansı hüququna qəsd etmir. 3.Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasın olmaması - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə əsasən “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır”. İddianın predmetini təşkil edən alğı-satqı müqaviləsi tam fəaliyyət qabiliyyətli iki səlahiyyətli şəxs arasında, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun bağlanmış alğı-satqı müqaviləsidir. Qeyd edilən alğı-satqı müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun şəkildə tərtib edilmişdir. Müqavilə tərəfləri müqavilənin bağlanması ilə bağlı bir-birlərinə qarşı hər hansı iddiası mövcud deyil. Belə olan halda müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərinə əsasən “Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini... müəyyən edir”. Hazırki işdə iddiaçının iddia obyektinə dair subyektiv hüququ olmadığı, alğı-satqı müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib edildiyi üçün iddia təmin edilə bilməz. Göstərilənləri nəzərə alaraq, cavabdeh İddiaçı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı, digər cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin Bakı şəhəri 21 saylı Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçı və digər cavabdehlərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4781/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “cehiz əmlakın olduğu mənzilə köçürülmə və mənzilə istifadə hüququna qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair” ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilmiş, İddiaçı azyaşlı övladları ilə birlikdə Cavabdeh1 Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 1131, ev 10 C, 24 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 16800 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-426/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin və "xxxx" MMC-nin təsisçi payının ½ hissəsinə İddiaçı, qalan ½ hissəsinə Cavabdeh1 mülkiyyət hüquqlarının tanınması, “Hundai Creta” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 19200 manat pulun ½ hissəsi (9600 manat), “Volkswagen Passat R-Line” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 44200 manat pulun ½ hissəsinin (22100 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2020-ci il tarixli, 105804- 409984/6 saylı kredit müqaviləsi üzrə qalıq borcun ½ hissədə Cavabdeh1, qalan ½ hissədə İddiaçı paylarının müəyyən edilməklə, 4207 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6050/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-426/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X3 və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya məhkəməsi tərəfindən baxılmış və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-426/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ½ hissəsinə İddiaçı, qalan ½ hissəsinə Cavabdeh1 mülkiyyət hüquqlarının tanınmasının” təmin edilməsi hissəsində ləğv edilmiş və ilkin iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-589/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2(103)-6050/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni Bakı şəhəri, Xəzər rayonu, ünvan 2 ünvanda yerləşən 24 saylı mənzilin bölünməsinə dair ilk iddianın rədd edilməsi və “Hyundai Creta” markalı avtomobilin satışından əldə edilmiş 19200 manat pulun ½ hissəsinin (9600 manatın), “Volkswagen Passat R-Line” markalı avtomobilin satışından əldə edilmiş 44200 manat pulun ½ hissəsinin (22100 manatın) Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 0835838№-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1, 24 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 03 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1, 24 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Mülki Məcəllənin 339.2-ci maddəsi) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Mülki Məcəllənin 339.3-cü maddəsi) Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni məcəllənin 89-cu maddəsinin tələbinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki satıcı Cavabdeh1 ona mənsub əmlak üzərində istədiyi kimi sərəncam verməklə, alıcı Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1, 24 saylı mənzilə dair 21 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsızlığına əsas ola biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı müqavilənin məhz Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6050/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılan müddətdə satılmasını bildirsə də, iddia qaldırmış şəxsin həmin mənzilə dair hər hansı subyektiv hüququ mövcud olmadığından, eyni zamanda Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 1, 24 saylı mənzilə dair 21 saylı Notariat Ofisində alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə bağlı əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar