Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2340/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı qeyri-yaşayış sahəsinin həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədlərin icraata qəbul edilməsinin mümkünlüyünü açıq məhkəmə iclasında araşdıraraq məhkəmə MÜƏYYƏN ETDİ:
1. xx.xx.2023-cü il tarixdə İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “qeyri-yaşayış sahəsinin həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Bərəkət Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadakı müqavilə sahəsi 261,72 m (çıxarışa əsasən sahəsi 182.6 m) ölçüdə olan qeyri yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən 190,9 m ölçüdə olan qeyri yaşayış sahəsinin həbsdən azad edilməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 100 manat olmaqla cəmi 300 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8961/2023 nömrəli qərardadına əsasən, iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.
3. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8961/2023 nömrəli qərardadından şikayət vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103-1144/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8961/2023 nömrəli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən və tərəflərin iştirakı ilə baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
İşə baxan məhkəmənin mövqeyi:
6. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, tərəflərin izahını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.
7. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “qeyri-yaşayış sahəsinin həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8961/2023 nömrəli qərardadına əsasən, iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir.
8. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8961/2023 nömrəli qərardadından şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1144/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən, şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-8961/2023 nömrəli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbul edilməsi və mümkünlüyü məsələsinə yenidən və tərəflərin iştirakı ilə baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.
9. Məhkəmə ərizənin mümkünlük iclası zamanı tərəflərin izahını dinləyib, mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yenidən nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir.
10. Belə ki, tərəflərin izahına, iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 5(001)-339/2014 nömrəli qərarı əsasında iddiaçının Bərəkət Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən ünvan 1 ünvanında yerləşən çoxmənzilli binadakı müqavilə sahəsi 261,72 m (çıxarışa əsasən sahəsi 182.6 m ) ölçüdə olan qeyri yaşayış sahəsi üzərinə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 5(001)-351/2014 nömrəli qərarı əsasında isə ünvan 2 ünvanında yerləşən 190,9 m ölçüdə olan qeyri yaşayış sahəsi üzərinə həbs qoyulmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarından maraqlı şəxs kimi iddiaçı kassasiya şikayəti vermiş (3 əmlak üzərinə qoyulmuş həbs və xüsusi müsadirə barədə qərarın ləğv edilməsini xahiş etmişdir), Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-609/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim İlqar Qılıcov) kassasiya şikayəti təmin edilməmişdir. - İddiaçı yenidən kassasiya şikayəti vermiş (3 Əmlak üzərinə qoyulmuş həbs və xüsusi müsadirə barədə qərarın ləğv edilməsini xahiş etmişdir), Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(102)-390/2022 nömrəli qərarı ilə (sədrlik edən hakim Fərhad Kərimov) İddiaçının kassasiya şikayəti təmin edilməmiş və onunla əsaslandırılmışdır ki, həmin şikayət əvvəlki ilə eyni məzmundadır. - Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən verilmiş protest nəticəsində Ali Məhkəmənin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əziz Seyidov) xx.xx.2022-ci il tarixli 1(102)-1943/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş - iddiaçının 1 əmlakının (Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsindəki Caspian Shopping ticarət mərkəzində yerləşən 17,7 m ölçüdə 40 nömrəli mağaza) müsadirə edilməsi hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli Qərarı ləğv edilmiş, həmin əmlak üzərindən həbs götürülmüş və iddiaçıya qaytarılmışdır.
11. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Lakin qanunvericilikdə əmlakın mənsubluğunun müəyyən edilməsi ilə bağlı iddia ilə müraciət etmək hüququ təsbit edilsə belə, mülki prosessual qanunvericilikdə bu hüququn həyata keçirilməsinin prosessual əsasları müəyyən edilməmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılmasının həyata keçirilməsi qaydasının Mülki Prosessual Məcəllədə tənzimlənməsi Milli Məclisə tövsiyə olunmalıdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə və Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Milli Məclisə tövsiyə edilməlidir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqedən də göründüyü ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir. İşdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından görünür ki, iddiaçı həmin cinayət işi ilə bağlı məlumatlı olmuş, cinayət işi üzrə icraatda iştirak etmiş, məhkəmənin hökmü ilə maraqlarına toxunan şəxs (müsadirə olunan əmlakın mülkiyyətçisi) qismində cəlb olunmuş, iştirak etmiş, müvafiq instansiya məhkəmələrinə şikayət vermişdir.
13. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, “Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Ailə Məcəlləsinin 41.3-cü maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki və bu qərarlarında formalaşdırdığı hüquqi mövqelərə əsasən, əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə məhkəmə hökmü, həmin əmlakla bağlı mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamənin mövcudluğuna baxmayaraq icra edilməlidir.”
14. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olması, iddiaçının bütün məhkəmə instansiyaları üzrə şikayət verərək məhkəmə müdafiəsi hüququndan istifadə etməsi və həmin tələb üzrə təkrarən mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsinin yolverilməzliyi səbəbindən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
15. Eyni zamanda iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən iddiaçının ödədiyi dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.
16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153.2, 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “qeyriyaşayış sahəsinin həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.
2. İddiaçı tərəfindən “Hökumət ödəniş portalı” vasitəsilə xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.
3. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova