Məhkəmə qərarları › İş №e-2(011)-2411/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2411/2023

25.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2411/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və satış pulunun bölüşdürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən 44 saylı mənzilin açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaitinin tərəflər arasında ½ nisbətdə bölünməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş **********97-05101-093045 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzərində ½ hissədə İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Bununla bağlı olaraq mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən mənzilin real bazar qiymətinin ½ hissəsinin əvəzi kimi 35.000 manat pulun iddiaçıya ödənilməsi və bununla da, mənzilin cavabdehin mülkiyyətinə keçməsi təklif edilmişdir. Lakin bu təklifə cavabdeh hər hansı münasibət bildirməmişdir. Həmin əmlakın naturada bölünməsi mümkün olmadığına görə hesab edir ki, mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri (tərəflər) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi zəruridir. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Beləliklə mənzilin naturada bölünməsi mümkün olmadığından, ayrılan mülkiyyətçi (iddiaçı) öz payının dəyərini digər mülkiyyətçi (cavabdeh) tərəfindən ödənilməsini tələb etsə də, cavabdeh kompensasiyanı vermək istəmədiyindən mənzilin açıq hərracda satılması və satışdan əldə edlən pul vəsaitinin tərəflər arasında bölünməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən 44 saylı mənzilin İddiaçı ilə Cavabdeh arasında onların payına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaitinin tərəflər arasında paylarına uyğun nisbətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, onlar məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan əmlak payını satmaq və ya başqa şəkildə özgəninkiləşdirmək niyyətində deyildir və heç kim onu buna vadar edə bilməz. İddiaçı ümumi mənzilin açıq hərracdan satışını deyil, yalnız payına düşən hissənin açıq hərracdan satışını tələb edə bilər. Cavabdehin payının satışını isə heç bir halda mübahisələndirə və ya tələb edə bilməz. Bu səbəbdən də hesab edir ki, iddia qanunsuz və əsassızdır. Ona görə də, rədd edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən 44 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ½ hissə olmaqla Cavabdeh və ½ hissə olmaqla İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2843 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən 41,7 kv.metr olan mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin G-10/23-114 saylı xx.xx.2023-cü il tarixli qiymətləndirmə işinə dair hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən 44 nömrəli mənzilin hazırkı bazar dəyəri 87.000 manat, likvid dəyəri isə 83.000 manatdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi, ev 4 ünvanında yerləşən 44 nömrəli mənzili bərabər hissədə paylarla İddiaçı və Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Bu barədə onların hüquqların dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları mövcuddur. Hazırda isə iddiaçı payının naturada ayrılmasını, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq, dəyərinin cavabdehlə aralarında paylarına mütənasib bölünməsini xahiş edir. Cavabdeh isə etirazında bildirir ki, heç bir halda mənzildəki payının satılmasına razı deyildir. İş üzrə keçirilmiş ekspertizanın rəyi ilə mənzilin mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220.1-220.2-ci və 220.3-220.5-ci maddələrinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Məcəllənin 220.6-cı maddəsinə görə isə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, "əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221 -ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmənin xx.xx.2023-cü il tarixli baxış iclasında müəyyən edilmişdir ki, iddiaçı həmin ilin fevral ayında 35.000 manat, məhkəmə araşdırması müddətində isə məbləği artıraraq, 45.000 manat məbləğində kompensasiyanın ona ödənilməsinə razı olmuşdur. Buna cavab olaraq cavabdehin vəkili və nümayəndəsi X1 bildirmişdir ki, cavabdehin nə 25.000 manat, nə də ki 35.000 manat məbləğində kompensasiyanı ödəmək üçün maddi imkanı yoxdur. Məhkəmə baxışı zamanı təyin olunmuş qiymətləndirmə nəticəsində mübahisəsi gedən mənzilin bazar dəyərinin 87.000 manat, likvid dəyərinin isə 83.000 manat təşkil etdiyi müəyyən olunduqdan sonra da tərəflərin həmin məbləğə münasibətdə iddiaçıya kompensasiyanın ödənilməsi barədə razılığa gəlməkləri iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə cavabdehin 25.000 manat məbləğində kompensasiyanın ödənilməsinə maddi imkanının olmaması barədə mövqeyinə və işin hallarına əsasən hesab edir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi ünvanında yerləşən 4 saylı evin, 44 saylı mənzilinin naturada ayrılması qeyri-mümkün olduğundan, həmçinin iddiaçının payına uyğun tələb etdiyi kompensasiyanın digər paylı müəlkiyyətçi olan cavabdeh tərəfindən ona ödənilmədiyi müəyyən edildiyindən, həmin mənzil açıq hərracda satılmalı və onun satışından əldə edilən vəsait tərəflərin payına mütənasib surətdə (İddiaçı ½ hissə, Cavabdeh ½ hissə olmaqla) onların arasında bölüşdürülməlidir. Beləliklə, paylı mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma olmadığı, həmçinin tərəflərin ümumi əmlakın bölünməsi barədə razılığa gələ bilmədikləri müəyyən edilmişdir; mənzilin naturada bölünməsinin mümkün olmadığı keçirilmiş ekspertiza tədqiqatı ilə müəyyənləşdirilmişdir, mənzilin digər mülkiyyətçisi olan Cavabdeh isə İddiaçı onun arzuladığı kompensasiyanı vermək istəməməklə əmlakın hərracdan satışına faktiki olaraq etiraz etməmişdir. Məhkəmə həmçinin çəkilmiş məhkəmə xərclərinə münasibət bildirərək, hesab edir ki, iddianın təmin edilməsi və qiymətləndirmə hesabatının cavabdehin vəkilinin vəsatəti əsasında keçirilməsi nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 100 manat məbləğinin əvəzi cavabdehdən alınaraq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə, mənzilin qiymətləndirilməsi üzrə aparılmış hesabatın dəyəri olan 300 manat cavabdehdən tutularaq, "xxxx" MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi ünvanında yerləşən 4 saylı evin, 44 saylı mənzilinin naturada ayrılmasının qeyri-mümkün olduğu, həmçinin İddiaçı payına uyğun tələb etdiyi kompensasiyanın digər paylı mülkiyyətçi tərəfindən ona ödənilmədiyi müəyyən edildiyindən, həmin mənzil açıq hərracda satılsın və onun satışından əldə edilən vəsait tərəflərin payına mütənasib surətdə (İddiaçı ½ hissə, Cavabdeh ½ hissə olmaqla) onların arasında bölüşdürülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin tərtibatına dair 300 (üç yüz) manat məhkəmə xərclərinin dəyəri Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, "xxxx" ASC Abşeron filialı VÖEN: **********, M/h:AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.E.T. BİC: İBAZAZ2X, H/h:AZ52İBAZ********************) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar