Məhkəmə qərarları › İş №e-2(011)-2484/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-2484/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2484/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər X2 və Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2.590 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumu olan 188 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27 fevral 2021-ci il tarixdə özünə avtonəqliyyat almaq üçün dayısı oğlu Rauf Rəhimovla görüşüb söhbət etdikdə, sonuncu ona tanışı Cavabdeh MMC şirkətinin müdiri X1 işlədiyini və xaricdən avtomaşın gətirtdiyini bildirmişdir. İstifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxladıqda özünü Çingiz kimi təqdim edən şəxsə “Mercedes C Class” və “Kia K5” markalı avtomaşını xaricdən alıb gətirməsinə görə 11 mart 2021-ci il və 23 mart 2021-ci il tarixlərdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-dən Çingizin verdiyi hesab nömrəsinə 32.590 və digər hesab nömrəsinə 27.200 manat olmaqla, cəmi 59.790 manat pul köçürülmüşdür. Lakin Çingiz tərəfindən dəyəri 27.200 manat olan “Kia K5” markalı avtomobil Elşənə təhvil verilmişdir. Lakin dəyəri 32.590 manat olan “Mercedes C Class” markalı avtomobil ölkəyə gətirilməsinə baxmayaraq sifarişçiyə təhvil vermək əvəzinə X3 tərəfindən 21 dekabr 2021ci il tarixdə Natiq Rəhimov adlı şəxsə təhvil verilmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 32.500 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Eyni zamanda, məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində cavabdehlə maşın almaq məqsədilə aralarında müqavilə bağlandığına, cavabdehə məxsus bank hesabına pul vəsaiti yüklədiyinə, lakin avtomobilin ona təhvil verilmədiyinə istinad edərək, cavabdehə ödəmiş olduğu pul vəsaitinin ona geri qaytarılmasını xahiş etmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 10 mart 2021-ci il tarixdə müqavilə bağlanmışdır. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubundan görünür ki, 11 mart 2021-ci il tarixdə Cavabdeh MMC-nin hesabına İddiaçı tərəfindən 32.590 manat məbləğində nağd pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan 11 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, tərəflər arasında olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış 10 mart 2021-ci il tarixli müqavilədən görünür ki, onlar arasında tapşırıq müqaviləsini əhatə edən münasibətlər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olan tapşırıq münasibətlərinin iddiaçı öz öhdəsinə düşən hissəsini icra etmiş, yəni pul vəsaitini cavabdehin hesabına köçürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bununla da iddiaçıya ziyan vurmuşdur. Belə olan halda iddia təmin edilməli, Cavabdeh MMC-dən 32.590 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 188 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 188 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 32.590 (otuz iki min beş yüz doxsan) manat pul vəsaiti və 188 (bir yüz səksən səkkiz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar