Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2620/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinin də üçüncü şəxs qismində cəlb olunduğu “mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, müharibə veteranı kimi Bakı şəhərində məskunlaşmışdır. Əmək və əhalinin sosial müdafiəsi İdarəsinin Kremençuk şəhəri Avtozavod Şurasının İcra Komitəsi tərəfindən verilmiş vəsiqəyə əsasən İddiaçı Əfqanıstan müharibə veteranı və ikinci qrup əlildir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnvertarlaşdırma bürosunun verdiyi xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evi onun, yəni İddiaçı adına şəxsi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və 129 №-li reyestr kitabının 20999-cı səhifəsində qeydə alınmışdır. 17 iyul 1992-ci il tarixli mənzilin şəxsi mülkiyyətə təmənnasız verilməsi haqqında müqaviləyə əsasən Respublika Prezidentinin Sərəncamı əsasında Xətai rayonu İcra Hakimiyyəti onun şəxsi mülkiyyətinə təmənnasız olaraq ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.71 m olan 2 otaqlı mənzil vermişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnvertarlaşdırma bürosu tərəfindən ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair 26 avqust 1992-ci il tarixli texniki pasport verilmişdir. Bakı şəhəri Xətai rayonu Xalq deputatları İcra Komitəsi İcraiyə yaşayış-istismar təşkilatının verdiyi arayışa əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən sözügedən yaşayış sahəsində qeydiyyatdadır. Onun arvadı və qızları Ukraynaya getsə də, o, sözügedən mənzildə qeydiyyatda qalmış, daha sonra hərbi hospitalda xidmət etmək üçün özü də Kremençuq şəhərinə getmişdir. Vaxtaşırı isə öz mənzilinə baş çəkmiş, həmin mənzilin təhlükəsizliyinin yoxlanması və kommunal xərclərin ödənilməsi üçün həmin yaşayış sahəsinin 47 nömrəli mənzilində yaşayan qonşusu X6 etibarnamə vermişdir. Bir müddət sonra o, həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək istəyərkən məlum olmuşdur ki, Qarabağdan olan məcburi köçkünlər, əvvəlcə 4 nəfər, daha sonra isə 8 nəfər öz statuslarından istifadə edərək özbaşına onun mənzilinə yerləşmişlər. Onun qonşusu Aleksandr Tağıyev və dostu Yusuf Alxazov məcburi köçkünləri onun mənzilindən çıxarmaq üçün cəhdlər etsələr də, onlar buna məhəl qoymamış və evdən çıxmamışlar. O, Bakı şəhərinə gəlsə də, öz mənzilinə daxil ola bilməmiş və ona bildirilmişdir ki, məcburi köçkünlərə 10000 dollar ödəniləcəyi təqdirdə onlar mənzildən çıxacaqlar. Sözügedən mübahisəli mənzilin onun şəxsi mülkiyyəti olmasını təsdiq edən bütün sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Hazırda o, Rusiya-Ukrayna müharibəsi səbəbindən qaçqın kimi Bakı şəhərində məskunlaşmışdır. Lakin o, yaşayış evinə daxil ola bilməmiş və onun həmin evdən istifadə etməsi qeyri mümkün olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Qurbanova Svetlana və digərlərinin çıxarılması, mənzilin tam şəkildə boşaldılması, onun həmin evə köçürülməsi və cavabdehlərin hər birindən 1700 manat məbləğində kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Qurbanova Svetlananın, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X2 və X1 mənzildən çıxarılması, mənzilin tam şəkildə boşaldılması və İddiaçı həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini, iddia ərizəsinin kompensasiya hissəsində baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrıayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etiraz ərizəsində göstərmişdir ki, həmin tələblər əsassızdır. Belə ki, o, 1993-cü il avqust ayından erməni silahlılarının torpaqlarımıza hücumu nəticəsində dörd nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Ağdam rayonu, Əlimədədli kənd inzibati ərazi dairəsinə daxil olan Mollalar kəndindən - ata-baba yurdundan didərgin düşərək ünvan 3 ünvanında yerləşən, həmin dövrdə heç kimin yaşamadığı 2 otaqlı mənzildə məskunlaşmaq məcburiyyətində qalmışdır. Hal-hazırkı vaxtadək həmin mənzildə yaşayırlar. Dövlət tərəfindən məcburi köçkün kimi yaşayış sahəsi ilə təmin olunmamışlar. Sözügedən mənzildə yaşamaqları Qaçqınların və X7 üzrə Dövlət Komitəsində rəsmi şəkildə qeydiyyata götürülməklə təsdiq olunmuşdur. Ötən dövr ərzində ailə üzvlərinin sayı artaraq yeddi nəfərə çatmışdır. Yaşamağa başqa bir yaşayış sahələri yoxdur. ünvan 3 ünvanında yaşadıqları müddətdə həmin mənzil üzrə mənzil-kommunal ödənişlərini tam şəkildə həyata keçirmiş və dövlətin məcburi köçkünlər üçün müəyyənləşdirdiyi istehlak limitləri çərçivəsində işlətdikləri təbii qaz, su və elektrik enerjisinin haqqını və digər ödənişləri ödəmişdir. O, ürək-damar, şəkər və səhhətində olan digər xəstəliklərdən əziyyət çəkir. Bundan başqa, həyat yoldaşı Cavabdeh5 da səhhətində müəyyən problemlər mövcuddur. Ailədə oğlu Cavabdeh2 başqa heç kim işləmir. Ona 2012-ci ildən İİ qrup əlil kimi təyin olunmuş pensiyanın ödənişi isə 2021-ci ildən dayandırılmışdır. Maddi vəziyyətləri çətindir, öz vəsaitləri hesabına yaşayış sahəsi əldə etməkləri qeyri-mümkündür. X13 Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordunun həyata keçirdiyi zəfər savaşı nəticəsində doğma torpaqlarımız düşmən tapdağından azad olunmuşdur. Lakin hələ ki, qeydiyyatda olduğu Ağdam rayonu, Mollalar kəndinə sakinlərin qayıdışı və məskunlaşdırılması həyata keçirilmədiyindən o, və ailəsi hazırda sözü gedən ünvan 3 ünvanında yerləşən mənzildə yaşamağa məcburlar. Onlar başqa yaşayış sahəsi ilə təmin olunana və ya öz ata-baba yurdlarında evlə təmin olunana qədər həmin mənzildə yaşamaqları və oradan çıxarılmalarının qanunsuz olması bir sıra normativ aktlarda da öz əksini tapmışdır. Bundan başqa, iddia ərizəsində guya İddiaçı Ukrayna-Rusiya müharibəsinin nəticəsində öz ölkəsindən çıxaraq qaçqın kimi Azərbaycan Respublikasında məskunlaşdığı göstərilmişdir. Əgər belədirsə, İddiaçı qaçqın kimi Azərbaycan Respublikasının müvafiq qurumlarında qeydiyyata alınmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Belə ki, hər hansı dövlətin ərazisinə hər hansı bir səbəbdən sadəcə köçüb yaşamaq həmin şəxsin hələ qaçqın kimi yaşaması demək deyil, bu, müvafiq dövlət orqanlarında rəsmi şəkildə qeydiyyata alınmalıdır. Göstərilənləri nəzərə alaraq, iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cavabdehlər Svetlana Qurbanovaya, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X5 və X3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsi Texniki İnvertarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi İddiaçı adına şəxsi mülkiyyət hüququ əsasında 129 №-li reyestr kitabının 20999-cı səhifəsində qeydə alınmışdır. İş materiallarında olan 17 iyul 1992-ci il tarixli mənzilin şəxsi mülkiyyətə təmənnasız verilməsi haqqında müqavilənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Respublika Prezidentinin Sərəncamı əsasında Xətai rayonu İcra Hakimiyyəti İddiaçı Mixayiloviçin şəxsi mülkiyyətinə təmənnasız olaraq ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 29.71 m olan 2 otaqlı mənzil vermişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Xalq Deputatları İcra Komitəsi İcariyə yaşayış-istismar təşkilatı “Tural-97” tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Mixayiloviç Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 107, 45 saylı mənzildə yaşayır və yaşayış sahəsinin 29.11 kv.m olan 2 otaq yaşayış sahəsini tutur. Qeyd olunan yaşayış sahəsi 9 mərtəbəli binanın 5-ci mərtəbəsindədir. İş materiallarında olan məcburi köçkün vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Ağdam rayonundan məcburi köçkündürlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı Qərarında” Məhkəmə qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin qərarda Məhkəmə, həmçinin, məcburi köçkünlər müstəqil surətdə özlərinə yaşayış yeri taparkən digər şəxslərin hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanlarının onları başqa yaşayış yerlərinə köçürməli olduğu barədə «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Qanunun 5-ci maddəsinin, eləcə də «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü maddəsinin tələblərini nəzərə alır (bax, yuxarıda § 23 və 25). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanunda nəzərdə tutulmuşdur ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərin yaşadıqları mənzilləri öz şəxsi mülkiyyətinə keçirmək hüququ vardır (1-ci maddə). Belə özəlləşdirmə könüllü və pulsuzdur (2-ci maddə). “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçıya qeydiyyat vəsiqəsi əsasında məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdiyi üçün onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və İddiaçı Mixyloviç həmin mənzilə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Svetlana Qurbanova, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, X10 və X8 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 107 saylı evin 45 saylı mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və İddiaçı Mixyloviç həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2620/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2620/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver