Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-264/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 1 saylı evin 39-cu mənzilindən çıxarılmaları barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, XDS İK-nin xx.xx.1992-ci il tarixli 4885 saylı qərarına əsasən xx.xx.1992-ci ildə Bakı şəhəri, General Şıxlinski küçəsində 2942 saylı “D” məhəlləsində yerləşən 1 saylı binanın 2-ci blokunda, 10-cu mərtəbədə sahəsi 29.7 kvadratmetr olan 2 otaqlı 39 saylı mənzil ailə tərkibinə görə İddiaçı verilib. Lakin həmin mənzil məlum Dağlıq Qarabağ hadisələrinə görə Laçın rayonundan olan məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Hazırda Cavabdeh1 həyat yoldaşı Cavabdeh3 (bundan sonra cavabdehlər) da həmin mənzilə köçürüb. Cavabdeh3 məcburi köçkün deyil. Cavabdehər artıq 31 ildir ki, mənzil hüquqlarını pozulmaqda davam edirlər və buna görə də iddiaçı qanuni əsaslarla malik olduğu mənzilə köçə bilmir. İddiaçı kirayələrdə qalaraq maddi ziyana məruz qalır. 1994-cü ilədək məskunlaşmış məcburi köçkünlərin mənzildən çıxarılması məhdudlaşdırıldığından onları evdən çıxara bilməmişdir. Aparılan danışıqlar nəticə verməmişdir. Hazırda Laçın rayonu işğaldan azad edilib və məcburi köçkün statusu ləğv olunub. Başqa sözlə məcburi köçkünlərin zəbt etdikləri mənzildən çıxarılmalarına qoyulan məhdudiyyət aradan qalxıb. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 2942 saylı “D” məhəlləsində yerləşən 1 saylı evin 39-cu mənzilindən çıxarılmaları barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəməyə gəlməmiş və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı verilmiş 013428 nömrəli xx.xx.1992-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri, G.Şıxlinski küçəsi, 2942 saylı “D” məhəlləsində yerləşən 1 saylı evin 39-cu mənzili İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Xətai rayon sektoru tərəfindən Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 49 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 1 saylı evin 39 saylı mənzilində Laçın rayonundan olan xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh1 ailə üzvləri: oğlu - Cavabdeh2 və həyat yoldaşı - Cavabdeh3 (köçkün deyil) ilə birlikdə məcburi köçkün kimi zəbt olunmuş mənzildə qeydiyyatsız yaşayırlar. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzili xx.xx.1992-ci il tarixli 013428 saylı order əsasında əldə etdiyindən, mübahisənin həllinə xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələri tətbiq edilməlidir. xx.xx.2009–cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51–ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53–cü maddəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər. Həmin Məcəllənin 54–cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanununun 5–ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007–ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1–ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün "mülkiyyət" kimi qəbul edilə bilər. Bu işdə Məhkəmə qeyd edir ki, 2 iyun 1993–cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında "sosial kirayə müqaviləsi" deyilən müqavilə bağlanmalı idi. Bu sosial kirayə müqaviləsinin Mənzil Məcəlləsində və müvafıq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1–ci maddəsinin tətbiq dairəsinə düşən "mülkiyyət" hesab etmək üçün kifayət qədər əsaslar var. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyində öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı mübahisəli mənzilə yaşayış orderi əsasında qanuni sahiblik və istifadə hüquqları əldə etmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D-ci məhəllədə yerləşən 1 saylı evin 39 nömrəli mənzili müvafiq order əsasında iddiaçı və onun ailə üzvlərinin yaşamaqları üçün ayrılmışdır. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Laçın şəhərindən məcburi köçkündürlər və mübahisəli mənzildə müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşmışlar. Cavabdeh3 isə məcburi köçkün deyil, sonradan mənzilə köçərək orada yaşamağa başlamışdır. İddiaçı cavabdehlərdən ona məxsus olan mənzili boşaltmağı və ona təhvil verilməsini tələb etsə də, mənzil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın qanuni sahibidir, cavabdehlər isə mənzildə hər hansı qanuni əsas olmadan yaşamaqla iddiaçının qanunla qorunan sahiblik və istifadə hüquqlarını pozurlar. Buna görə də iddia tələbləri təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942D məhəllədə yerləşən 1 saylı evin 39 saylı mənzilindən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2942D məhəllədə yerləşən 1 saylı evin 39 saylı mənzilindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-264/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-264/2024
09.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver