Məhkəmə qərarları › İş №e-2(011)-2662/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2662/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2662/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: «X1 Azərbaycan» QSC məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 59,40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında xx.xx.2016-cı il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır, qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir, bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-tarixli 2(011)- 4211/2020-saylı Məhkəmə qətnaməsi çıxmışdır, nəticədə iddiaçı“X1 Azərbaycan” QSC"xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir, “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyət orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir, cavabdein xx.xx.2021-ci il tarixində ödənilən 200 manat və xx.xx.2021-ci il tarixində ödənilən 196 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 59.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 59.40 manat məbləğində xidmət haqqı ödəmişdir, tərəflər arasında bağlanmış xx.xx.2016 -cü il tarixli müqavilənin 4.20-ci bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyə!ndə qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqixidmət ilə bağlıxərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. İş materiallarında olan 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında Müqavilədən görünür ki, "xxxx" MMC ilə «X1 Azərbaycan» QSC arasında istehlak kreditləri, avtomobil kreditləri və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən, istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimlənməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Akta əsasən, "xxxx" MMC ilə «X1 Azərbaycan» QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında Müqavilənin ayrılmaz tərkibi olan 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1 maddəsinə əsasən 2021-ci ilin iyul ayı üzrə MMC tərəfindən borclu “Vorld Card” kredit müştərilərinin etdiyi geri ödənişlərin 10579,14 AZN – 15% xidmət haqqının – 1586,87 AZN icra edilərək QSC-nə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 0167 №-li Hesab fakturadan görünür ki, 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında Müqavilənin ayrılmaz tərkibi olan 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1 maddəsinə əsasən 2021-ci ilin iyul ayı üzrə MMC tərəfindən borclu “Vorld Card” krediti (iyul ayı üzrə) 10579,14 AZN, 15% büroya ödəniləcək məbləğ 1586,87 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təhvil Aktından görünür ki, «X1 Azərbaycan» QSC-nin “Vorld Card” krediti üzrə Cavabdeh 2021-ci ilin iyul ayı üçün 200 manat ödənişi Banka təhvil verilmişdir, büroya ödəniləcək 15% AZN-lə 30 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Akta əsasən, "xxxx" MMC ilə «X1 Azərbaycan» QSC arasında bağlanmış 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında Müqavilənin ayrılmaz tərkibi olan 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1 maddəsinə əsasən 2021-ci ilin oktyabr ayı üzrə MMC tərəfindən borclu “Vorld Card” kredit müştərilərinin etdiyi geri ödənişlərin 12701,51 AZN – 15% xidmət haqqının – 1905,22 AZN icra edilərək QSC-nə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 0177 №-li Hesab fakturadan görünür ki, 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında Müqavilənin ayrılmaz tərkibi olan 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.1 maddəsinə əsasən 2021-ci ilin oktyabr ayı üzrə MMC tərəfindən borclu “Vorld Card” krediti (oktyabr ayı üzrə) 12701,51 AZN 15% büroya ödəniləcək məbləğ 1905,22 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təhvil Aktından görünür ki, «X1 Azərbaycan» QSC-nin “Vorld Card” krediti üzrə Cavabdeh 2021-ci ilin oktyabr ayı üçün 196 manat ödənişi Banka təhvil verilmişdir, büroya ödəniləcək 15% AZN-lə 29,40 manatdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 200 manat və xx.xx.2021-ci il tarixində ödənilən 196 manat, Lider Legal MMC tərəfindən təmin edilmişdir və bu ödənişlərə görə «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 59.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallaından görünür ki, xx.xx.2021-ci ildə «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh bildiriş-pretenziya göndərilməklə ondan 59,40 manat xidmət haqqını 5 iş günü ərzində ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında müqavilə bağlanmışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4211/2020 nömrəli xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə cavabdehdən həmin müqavilə üzrə 375.77 AZN manat borc tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, qətnamə xx.xx.2020-ci il tarixdə icraya yönəldilmişdir, cavabdeh həmin borc üzrə xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 196 manat “X1 Azərbaycan” QSC-yə ödəniş etmişdir, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında 04 iyul 2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmışdır, həmin müqavilənin predmeti (2-ci bənd) üzrə istifadə edilən kreditlərdən yaranan borcların alınması nəzərdə tutulmuşdur, hazırki iddia tələbi iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş xidmət haqqının cavabdehdən tutulması barədədir. Bununla belə, məhkəmə qətnaməsinin icrasının "xxxx" MMC tərəfindən həyata keçirilməsini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmə qərarlarının məcburi icrası nəzərdə tutulmuşdur, belə icra tədbirləri icra məmurları tərəfindən həyata keçirilir, bu tədbirlər üzrə könüllü icra müddəti müəyyən olunmuşdur və bu müddətdə icraya görə icra ödənişi alınmır, digər hallarda icra tədbirlərinə görə qanunvericiliklə müəyyən olunmuş məbləğdə icra ödənişi tələb olunur. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, əvvəla, həmin tərəflər arasında yaranmış borc müqaviləsinə görə məhkəmə qətnaməsi çıxarılmış və icraya yönəldilmişdir, həmin icra tədbirlərinə alternativ olaraq hər hansı icra tədbirləri və buna dair zərurət halları iş materialları ilə müəyyən olunmur, digər tərəfdən, xüsusilə də, borcun borcludan (cavabdehdən) alınmasında "xxxx" MMC-nin rolu müəyyən deyil, o cümlədən həmin ödənişlərin həyata keçirilməsində onun fəaliyyətinə dair hallar sübut olunmur. Məhkəmə, iddiaçının təqdim etdiyi sübutlara münasibətdə qeyd edir ki, "xxxx" MMC və “X1 Azərbaycan” QSC arasında olan xx.xx.2017-ci il tarixli “hüquqi xidmət haqqında” müqavilə, kreditlərdən bank qarşısında yaranan borcların alınması üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir, belə müqavilələr bağlamaqda və onun şərtlərinin müəyyənləşdirilməsində tərəflər azaddırlar, həmin müqavilə üzrə tərəflər qarşılıqlı öhdəliklər daşıyırlar, onlar müqavilə öhdəlikləri üzrə bir-birlərini məlumatlandırmaqda sərbəstdirlər və hazırkı iş üzrə onların tərtib etdikləri xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Aktlar da hesabat xarakterli olmaqla ödənişlər və xidmət haqqı barədə məlumatı (borclu müştərilərin etdiyi geri ödənişlərin 10579,14 manat, 15% xidmət haqqının 1586,87 manat icra edilərək QSC-yə təhvil verilməsi və onun tərəfindən qəbul edilməsi) ifadə etməklə, icra tədbirlərinin, o cümlədən də belə ödənişlərin həmin təşkilatın xidmətləri hesabına başa gəlməsi barədə halları təsdiq etmədiyindən, hazırkı tərəflərə münasibətdə formal xarakterlidir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sübutlar icra tədbirləri barədə fəaliyyətdə "xxxx" MMC-nin iştirakı barədə halları özündə ifadə etmədiyindən, məhkəmə tərəfindən iddia tələbinin təmin olunması üçün nəzərə alına bilməz. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli müqavilənin 4.20-ci bəndində nəzərdə tutulmuş “bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir” barədə razılaşmaya münasibətdə isə qeyd edir ki, tərəflər müqavilə şərtlərində razılığa gəlməkdə azaddırlar və belə şərtlərə dair öhdəliklər daşıyırlar, hazırkı müqavilədə “gələcək hər cür xərclərin”, o cümlədən vəkil/hüquqi xidmətlərin həddi, məzmunu və məbləği dəqiq ifadə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı yaranmış xərclərə (vəkil/hüquqi xidmətlərin göstərilməsinə) və bunun cavabdehin borcuna aidiyyətinə dair sübutetmə vəzifəsi daşıyır, xüsusən də, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi icrasının gözlənildiyi bir vəziyyətdə, lakin iş materiallarından belə hallar sübut olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 451-ci maddəsinə əsasən, borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən, müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui istifadədir. Həmin Məcəllənin 560.3.5.4-ci maddəsinə əsasən, müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olduqda hüquqdan sui istifadədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, bu Qanunun 4.1-ci və 4.2-ci maddələrində göstərilən orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “59,40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSCnin xeyrinə tutulması barədə” iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsiə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh 59,40 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSCnin xeyrinə tutulması barədə” iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar