Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2663/2024 12.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 547 manat əsas borc, gecikdirilmiş dövr üçün 45 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olaraq 150 manat, 30 manat dövlət rüsumunun, cəmi 772 manatın İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında borc verən tərəfindən borc alana tərəflər arasında müəyyən edilmiş borc məbləğinin faizsiz olaraq verilməsini və borc alan tərəfindən borc məbləğinin borc verənə müəyyən edilmiş dövr ərzində geri qaytarılmalı olduğunu nəzərdə tutan 15 iyun 2021-ci il tarixli **********99 saylı və 27 oktyabr 2021-ci il tarixli **********10 saylı 12 aylıq ödəmə müddəti ilə borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, müvafiq müqavilələr borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, İddiaçı QSC 12 ay müddətinə ödəmək şərtilə **********99 saylı müqavilə üzrə 500 manat, **********10 saylı müqavilə üzrə 368 manat məbləğində cavabdehə borc vermişdir. Müqavilə üzrə ödənilməli olan ödənişlərin sayı, məbləği və ödəniş tarixləri, o cümlədən, borc alanın götürdüyü məbləği hissələrlə 12 ay ərzində borc verənə ödəməli olduğuna dair müddəalar ödəniş qrafikində əks olunmuşdur. Lakin ödənişlər borc alan tərəfindən ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, 25 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən **********99 saylı müqavilə üzrə 500 manat borcdan 246 manat, **********10 saylı müqavilə üzrə borcdan 75 manat ödəniş etmişdir. Mövcud borcdan ümumilikdə 321 manat ödəniş edilmişdir. Beləliklə, Cavabdeh İddiaçı QSC ilə bağladığı **********99 saylı və **********10 saylı müqavilələr üzrə ümumilikdə borcu 547 manat təşkil etmişdir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsasdan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Borclu tərəfindən edilmiş sonuncu ödəniş 03 fevral 2022-ci il tarixində edildiyindən, gecikmə üzrə borc məbləği 20 ay əsasında 45.58 manat təşkil edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: Tərəflər arasında bağlanmış 12 aylıq ödəmə müddəti müəyyən edilmiş 15 iyun 2021ci il tarixli **********99 saylı və 27 oktyabr 2021-ci il tarixli **********10 saylı borc müqavilələrinə əsasən cavabdehə ümumilikdə 868 manat məbləğində borc verilmişdir. Həmin müqavilələrin şərtlərinə əsasən, müvafiq müqavilələr borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Borc alan tərəfindən ödənişlər ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdeh **********99 saylı müqavilə üzrə 500 manat borcdan 246 manat ödəniş etdikdən sonra qalıq borc 254 manat, **********10 saylı müqavilə üzrə 368 manat borcdan 75 manat ödəniş etdikdən sonra qalıq borc 293 manat təşkil etmiş, cavabdehin iddiaçıya ümumi borcu 547 manat olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün “Sirius” vəkil bürosuna 150 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqavilələri bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İddiaçının verdiyi maliyyə arayışında cavabdehin hər iki müqavilə üzrə ümumilikdə 547 manat borcunun olması qeyd edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin gecikdirilmiş dövr üçün 45 manat pulun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində hansı müqavilə üzrə hansı məbləği tələb etdiyini əsaslandırmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olaraq 150 manatın cavabdehdən tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 547 (beş yüz qırx yeddi) manat əsas borc, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olaraq 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 697 (altı yüz doxsan yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2663/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2663/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver