Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2686/2024 29.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi” barədə iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair onunla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilin mülkiyyətçisi olmuşdur, 25 ildir ki, həmin mənzildə yaşayır. Oğlunun həyat yoldaşı-gəlini Validə Bəxtiyarova 1975-ci ildə Ermənistanın Kalino rayonunda anadan olmuşdur. 2004-ci ildə iyunun 7-sində Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, ev 177-də yaşayan Aidə Yeganova xanımın evində xadiməçi olaraq işə başlamışdır. 2012-ci ildə Aidə Yeganovanın tanışı olan Gülnarə adlı bir xanım bahalı zinyət əşyaları satışı ilə məşğul olub. Həmən evə tez-tez gedib gəlirmiş, X12 adlı xanımdan alış-veriş edirmiş, Aidə Yeganova bir gün qərara gəldi ki, istifadə etmədiyi öznə məxsus olan bahalı qızıl brilyantdan olan əşyaları Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aidə Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişmişdir. Bir müddətdən sonra Aidə Yeganova özünə məxsus olan istifadə etmədiyi (Kolye boyunbağı 1ədəd, 2 dəst komplekt qızıl brilyant) əşyalarını satmağa vermişdir. Aidə Yeganova bir müddətdən sonra Türkiyəyə getmişdir. Bir vaxtdan sonra ona zəng vuraraq, bildirmişdir ki, “Gülnarə sənə əşyalar gətirəcək onları o, gələnə qədər saxla”. İddiaçı da həmin əşyaları Aidə Yeganovanın yataq otağında saxlamışdır. X9 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil vermişdir. Bu neçə müddətdə də əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aidə Yeganova özünə məxsus olan boyunbağını (kolyesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirmişdir ki, onun apardığı boyunbağının (kolyenin) daşları brilyant əvəzinə şüşə çıxıb. İddiaçı Aidə Yeganovaya bildirir ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, o, ona demişdir ki, saxlasın gələndə özünə verər. 2015-ci ilin mart ayında Aidə Yeganova polis orqanına gəlini Validə Bəxtiyarova və Gülnarə xanımdan şikayət etmişdir. X3 dəfələrlə Aidə xanıma deyib ki, mənim bu məsələdən xəbərim yoxdur. Buna baxmayaraq onu zorla Sabunçu rayon polis bölməsinə apardılar. Orada dəfələrlə ona zor tədbiq olundu və bədən xəsarətləri yetirildi. Onu məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişdir. Amma onun heç nədən xəbəri yox idi. Sonradan məlum olmuşdur ki, bunu edən, yəni brilyant daş-qaşlar şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə X1 işgəncələr edib boynuna qoydular ki, güya o da əlbir olmuşdur. Sonra onu, oğlunu və nəvəsini məcbur edib, ondan zorla aldığı evi etibarnamə əsasında imza ilə müvəqqəti olaraq Bünyad Mehdiyevin adına keçiriblər. Bildirmişdir ki, qısa müddətdən sonra evi yenə onun adına keçirəcəkdir. Bu vədə inanaraq, iddiaçı 82.000 manat pulu toplayaraq Aidə Yeqanovaya vermişdir. X11 ölümündən 4 il keçir və ona verilən sözün heç birini tutmadılar. Evi saxta yollarla məcbur əlindən aldılar. İndi hal-hazırda onları evdən çıxarmaq qərarına gəliblər. X5 Əhmədova onları verilən ərizə ilə evdən çıxarmaq istəyir. Yalnız məhkəməyə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil Cavabdeh2 Cavabdeh1 adına keçmişdir. Onların heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bugünə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Əksinə bu günə qədər mənzilə dair bütün kommunal xərəclər iddiaçı tərəfindən ödənilmişdir. Beləliklə göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənzildə yaşamamaqları, mənzilə dair münasibətdə heç bir aktiv hərəkət etməməkləri, bu dövr ərzində mənzilin kommunal xərclərinin iddiaçının tərəfindən ödənilməsi aralarında bağlanmış alqı-satqı müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu sübut edir. Yuxarıda göstərilən hallarda iddianın təmin olunması üçün kifayət qədər əsaslar vardır. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzil onun daima mülkiyyətində olmuşdur. Həmin mənzillə bağlı 2 dəfə alqı-satqı barədə notariat əməliyyatı aparılmışdır. 1-ci dəfə Aidə Yeqanovanın təzyiqləri və hədə-qorxuları ilə Gənclik metrosunun yanında “Karvan” restoranının yanında yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır və mənzil həmin vaxtlar Aidə Yeqanovanın və qızı Cavabdeh1 ailə sürücüləri olmuş Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Sonradan Nərimanov rayonu 9 saylı notariat kontorunda alqı-satqı ilə mənzil Cavabdeh2 Cavabdeh1 adına keçirilmişdir. Cavabdeh2 bildirmişdir ki, onun heç nədən xəbəri olmamışdır. Ona demişlər ki, “gəl bura imza çək”. Sonradan bilmişdir ki, onun evini əlindən alıblar. Mənzilin alqı-satqısı zamanı o, heç bir ödəniş etməmişdir. Göründüyü kimi, Aidə Yeqanova dələduzluq yolu ilə mənzili onun əlidən almışdır, indi isə qızı Cavabdeh1 onun yolunu davam etdirərək onları evindən çıxarmaq istəyir. Bundan başqa İddiaçı Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildən Ermənistan rayonundan qaçqın düşərək, 33 ildir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzildə yaşayır. O, həmin mənzilin mülkiyyətçisi olmuşdur. Oğlunun həyat yoldaşı Validə Bəxtiyarova 1975-ci ildə Ermənistanın Kalino rayonunda anadan olmuşdur. 2004-ci ildə iyunun 7-də Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Nazim İsmayılov küçəsi, ev 177 də yaşayan Yeganova Aidə xanımin evində xadiməçi olaraq işə başlamışdır. 2012-ci ildə Aidə Yeganovanın tanışı olan Gülnarə adlı bir xanım bahalı zinyət əşyaları satışı ilə məşğul olub. Həmən evə tez-tez gedib-gəlirdi. X12 adlı xanımdan alış-veriş edirdi. Aidə Yeganova bir gün qərara gəldi ki, istifadə etmədiyi özünə məxsus olan bahalı qızıl brilyantdan Gülnarə xanıma versin və əvəzində yenilərini alsın. Dəfələrlə satıb yenilərini alıb. Bir neçə müddətdən sonra Gülnarə adlı şəxs yeni gətirdiyi qızıl brilyant əşyalarını Aidə Yeganovada olan köhnə qızıl brilyant əşyaları ilə dəyişdi. Bir müddətdən sonra Aidə Yeganova özünə məxsus olan istifadə etmədiyi (kolye boyunbağı 1 ədəd, 2 dəst komplekt qızıl brilyant) əşyalarını satmağa vermişdir. Aidə Yeganova bir müddətdən sonra Türkiyəyə getmişdir. Bir vaxtdan sonra ona zəng vuraraq bildirmişdir ki, “Gülnarə əşyalar gətirəcək onları o, gələnə qədər saxla”. İddiaçı da həmin əşyaları Aidə Yeganovanın yataq otağında saxlamışdır. X9 Bakıya qayıdanda həmin əşyalarını özünə təhvil vermişdir. Bu müddətdə əlaqələri gözəl olub. 2015-ci ilin mart ayında Aidə Yeganova özünəməxsus olan boyunbağını (kolyesini) ona yaxın olan rəfiqəsinə verib yenisi ilə əvəz etmək istəyirdi. Rəfiqəsinin yanından ona zəng vuraraq bildirmişdir ki, onun apardığı boyunbağının (kolyenin) daşları brilyant əvəzinə şüşə çıxıb. İddiaçı Aidə Yeganovaya bildirdi ki, onun bunlardan xəbəri yoxdur. Həmin əşyaları Gülnarə adlı şəxs gətirmişdi, ona demişdilər ki, saxla iddaçı gələndə özünə verərsən. 2015-ci ilin mart ayında Aidə Yeganova polis orqanına gəlini Bəxtiyarova Validə və Gülnarə xanımdan şikayət etmişdir, X3 dəfələrlə Aidə xanıma deyib ki, onun bu məsələdən xəbəri yoxdur. Buna baxmayaraq, onu zorla Sabunçu rayon polis bölməsinə aparmışdılar. Orada dəfələrlə ona zor tədbiq olunmuş və bədən xəsarətləri yetirilmişdir. Onu məcbur edib boynuna aldırdılar ki, bu məsələləri o və Gülnarə etmişdir. Amma onun heç nədən xəbəri yox idi, sonradan məlum olmuşdur ki, bunu edən, yəni brilyant daş-qaşları şüşə daş-qaşlarla dəyişdirən Gülnarə adlı şəxs olub. Bu məsələdən sonra dəfələrlə X1 işgəncələr edib boynuna qoydular ki, güya o da əlbir olmuşdur. Sonra onu, oğlunu və nəvəsini məcbur edib, 17 saylı notariat kontorunun notariusu axşam evə gələrək, ona alqı-satqı üçün razılıq ərizəsini imzalatmışlar. Həmçinin həmin vaxt da etibarnamə vermişdir. Notariat kontorundan əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzillə bağlı xx.xx.2015-ci il tarixdə Cavabdeh1 anası X7 onun adından etibarnamə ilə çıxış edərək, iddiaçının mülkiyyətində olan mənzili öz sürücüsü Cavabdeh2 adına 240.000 manata alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı bu faktdan notariat işini əldə etdiyi vaxt məlumatlı olmuşdur. Cavabdeh2 sonradan yenidən alqı-satqı müqaviləsi ilə mənzili Aida Yeqanovanın qızı Cavabdeh1 adına keçirmişdir. İddiaçı həmin mənzilin Cavabdeh1 adına keçməsini bilmirdi. Yalnız məhkəmə verilmiş iddia ərizəsindən sonra bilmişdir ki, mənzil Cavabdeh2 Cavabdeh1 adına keçmişdir. Onların heç biri, nə Cavabdeh2, nə də Cavabdeh1 sözügedən mənzildə bu günə kimi yaşamamış, mənzilə dair aktiv hərəkətlər icra etməmişlər. Həmçinin iddiaçı bildirir ki, notariat kontorundan əldə etdiyi sənədlərdən aydın olmuşdur ki, mənzili ilə bağlı xx.xx.2015-ci il tarixdə iddiaçı Samirənin anası X7 onun adından etibarnamə ilə çıxış edərək, mülkiyyətində olan mənzili öz sürücüsü Cavabdeh2 adına 240.000 manata alqısatqı müqaviləsi bağlamışdır. İddiaçı bu faktdan notariat işini əldə etdiyi vaxtdan məlumatlı olmuşdur. Alqı-satqı müqaviləsində 240.000 manatı Aida Yeqanova almışdır. Bu onu göstərir ki, müqavilə formal bağlanmışdır. Əks halda iddiaçı və ailə üzvləri də birlikdə evdən çıxmalı idi. 9 ildir ki, müqavilədən sonra da iddiaçı həmin mənzildə yaşayır və mənzilə dair bütün kommunal xərcləri ödəmişdir. Məhkəmə prosesində bilmişdir ki, Cavabdeh2 sonradan mənzili X6 Əhmədovanın adına keçirmişdir. 9 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsində onun mənzilin satılmasına razılıq ərizəsi alınmamış, onun mənzilin satışından xəbəri olmamışdır. Noratiat işini vəkil sorğusu əsasında əldə etdiyi zaman notariat işinin daxilində xx.xx.2019-cu il tarixli aktın mövcudluğunu müəyyən etmişdir. Həmin aktda qeyd olunur ki, “Mən, Cavabdeh2 bildirirəm ki, mülkiyyətçi olduğum ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olan həmin kənar şəxslər onun ailə üzvləri deyillər. Gələcəkdə bununla bağlı hər hansı bir mübahisə olarsa, məsuliyyəti öz üzərimə götürürəm.” xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində 2015-ci il tarixli razılıq ərizələrinin surətləri əlavə olunub. Göründüyü kimi, ondan alınmış etibarnamədən sui-istifadə edərək, dələduzluq yolu ilə X7 onun mənzilini dolayı yolla öz qızının adına keçirmişdir. Hazırda isə Aidə Yeqanovanın qızı Cavabdeh1 onun yolunu davam etdirərək onları evdən çıxarmaq istəyir. Belə ki, Cavabdeh1 Sabunçu Rayon Məhkəməsində bununla bağlı iddia qaldırmış və hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında 2(008)-338/2024 saylı mülki iş üzrə məhkəmə prosesi yekunlaşmışdır. İddiaçının iddiası təmin olunmuş və onun və ailə üzvlərinin mənzildən çıxarılması qət olunmuşdur. Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, onun mülkiyyətində olan mənzil Aidə Yeqanova tərəfindən öz sürücüsü Cavabdeh2 satılmış və ona pul verilməmişdir. xx.xx.2019-cu ildə isə Aidə Yeqanovanın qızı Cavabdeh1 da Cavabdeh2 alqı-satqı edərək, mənzili öz mülkiyyətinə keçirmişdir (70.000 manata), onları da mənzildən çıxarmışdır. Onda iddiaçı və ailə üzvləri əgər mənzildən çıxarılırsa mənzilinin satış qiyməti olan 240.000 manat ona ödənilməlidir ki, o, yenidən mənzil alıb orada yaşaya bilsin. Əks halda həm mənzildən çıxarılmaq, həm də pulun verilməməsi onun mülkiyyətindən qanunsuz məhrum olmağı deməkdir ki, bu da cinayətdir. Aidə Yeqanova öldüyü üçün bu vəziyyətdə onun hüquqi vərəsəsi olan Cavabdeh1 mənzilinin müqabilində ona mənzilin dəyəri olan 240.000 manatı ödəməlidir. İddiaçı sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2686/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(011)-2686/2024 saylı və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2(011)- 3282/2024 saylı mülki işlər bir icraatda birləşdirilərək e-2(011)-2686/2024 saylı mülki iş kimi baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında hər iki mülki iş üzrə iddia ərizələrini müdafiə edərək, iddia ərizələrinin məzmunlarına uyğun izahatlar vermişdir və məhkəmədən iddiaların təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında alqı-satqı barədə ətraflı məlumatının olmadığını bildirmişdir. O, məhkəmədən ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında hər iki iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçının alqı-satqı müqaviləsindən xəbəri olmuşdur. Hazırda iddiaçının mübahisəli evdən çıxarılması ilə bağlı mülki mübahisəyə baxıldığı üçün iddiaçı işin araşdırılmasını uzatmaq məqsədilə bu iddiaları vermişdir. Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizələri əsassızdır. Buna görə də iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 Cavabdeh1 məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-379/2016 saylı xx.xx.2016-cı il tarixli hökmün surətindən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2. maddəsi ilə təqsirli bilinib, 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə, ona 3 il sınaq müddəti təyin edilmişdir. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı Cavabdeh1 satmışdır. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı (müqavilə onun adından etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən imzalanmışdır) Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı Cavabdeh2 satmışdır. İş materiallarına əlavə edilmiş AN-İ seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzili alıcı Cavabdeh1 satmışdır. xx.xx.2019-cu ildə vəfat etmiş X4 9 saylı notariat ofisində açılmış vərəsəlik işinin materiallarından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 - X4 qanun üzrə vərəsələridir. Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələblərinə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi aldatma yolu ilə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə (iddiaçıya) aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir (Mülki Məcəllə, maddə 354.2). Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirir. Belə ki, həmin müddət - kəsici müddət hesab edilir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30 ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısına dair mübahisələndirilən xx.xx.2015-ci il tarixli müqavilə iddiaçının səlahiyyətli nümayəndəsi X7 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanılmışdır. İddiaçı həmin müqavilənin mübahisələndirilməsinə dair iddia ərizəsini məhkəməyə xx.xx.2024-c il tarixdə təqdim etmişdir. Əqd bağlanılarkən aldanılma nəticəsində iradənin zədələnməsi hallarında əqdin etibarsızlığının tələb edilməsi üçün 1 illik kəsici müddət tətbiq edildiyindən və iddiaçı həmin müddətdə öz hüququndan istifadə etmədiyindən - həmin hüquqa (müqavilənin etibarsızlığı barədə tələbin irəli sürülməsi barədə hüquqa) xitam verilmişdir. Kəsici müddətlər iş üzrə buna dair ərizənin verilib-verilməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir. Buna görə də Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və daha sonra Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əqd əsasında verilmiş xx.xx.2019-cu il tarixlidaşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı əqdin bağlanılması zamanı aldanılma nəticəsində iradəsinin zədələndiyini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə “cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 240.000 manat məbləğində pul vəsaitinin alınması” barədə iddia tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, göstərilən hissədə də iddia tələbləri təmin edilməməlidir. İddiaçı qeyd olunan tələbləri onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30 ünvanında yerləşən 1 saylı mənzilin alqı-satqısına dair müqavilə iddiaçının səlahiyyətli nümayəndəsi X7 ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanılmışdır. X7 vəfat etdiyindən müqavilə üzrə alınmış ödəniş A.Yeqanovanın vərəsələri - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2015-ci il tarixli əqdin bağlanılmasından 8 ildən çox müddət keçmişdir və iş materialları müqavilənin bağlanılmasından sonrakı dövrdə iddiaçı ilə onun nümayəndəsi A.Yeqanova arasındakı pul vəsaitlərinin hərəkətinə dair münasibətləri əks etdirmir. Belə ki, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakın satışından əldə edilmiş pul vəsaitinin X7 tərəfindən iddiaçıya verilməməsi (saxlanılması) və daha sonra həmin pul vəsaitinin A.Yeqanovanın vəfatından sonra miras kütləsinə daxil olub vərəsələri tərəfindən alınması iş materialları ilə sübuta yetirilmir. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə əmlakın satışından əldə edilmiş pul vəsaitinin A.Yeqanova tərəfindən iddiaçıya verilməməsi və daha sonra miras əmlak olaraq A.Yeqanovanın vərəsələri tərəfindən alınması sübuta yetirilmədiyindən qeyd olunan iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 30, 1 saylı mənzilə dair iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı 240.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi təmin edilməsin. İddia ərizələri üzrə dövlət rüsumları iddiaçıya aid edilsinlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2686/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2686/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver