Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2733/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “işdən çıxarılma müavinətindən tutulmuş pulun geri ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. İddiaçı 1975-ci ildən əmək fəaliyyətinə başlayıb, 1995-2000-ci illərdə Naxçıvan MR X2b və 2008-ci ildən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsidə müxtəlif vəzifələrdə çalışmış, 2014-cü ildən həmin İdarənin mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin 14-2-5/3-1K-136/2023 saylı xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir.
2. İşdən azad olunmağı ilə əlaqədar Azərbaycan Respublikası DNŞ-nin və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün sahə (tarif) Kolektiv sazişin 5.16-cı bəndində “qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsaında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verməsi qaydasında işdən azad edilib. İddiaçı işdən azad edilməsinə görə ona ödənilən müavinətdən 4433 manat gəlir vergisi tutulmuşdur. Qanunvericiliyin tələbinə görə müvinətdən vergi tutulmur. Həmin müavinətdən gəlir vergisi tutulması qanunsuzdur və müavinət tam ödənilməlidir.
3. İddiaçıdan əvvəl də işdən çıxmış şəxslərdən tutulmuş müavinətlər məhkəmə qərarı əsasında geri qaytarılmışdır və iddiaçıya ödənilmiş müavinatdan vergi tutulmamalı idi. İddiaçıya işdənçıxma müqavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pul məbləğinin verilməsi qərara alınmış və həmin məbləğlər hesablanmış, gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləğ iddiaçıya verilmişdir.
İddiaçının tələbi:
4. İşdən çıxarılma müavinətdən tutulmuş 4433 (dörd min otuz üç) manat pulun və ödənilmiş 60 manat mediasiya xərcinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
8. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Dövlət Vergi Xidmətinin nümyəndəsi Yaşar Hüseynov öz izahatında bildirmişdir ki, oxşar işlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 15 aprel 2024-cü il tarixli qərarı vardır. Həmin qərar nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli, 14-2-5/2-299/2024 №-li arayışa əsasən, Cavabdeh İqdisadiyyat və Uçot Departamentinin Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı xx.xx.2023-cü il tarixində yaşla əlaqədar əmək pensiyasına çıxmışdır. Son haqq-hesab vərəqəsi üzrə ona əmək müqaviləsinə xitam verilməsinə görə 17849,50 manat məbləğində birdəfəlik müavinət hesablanmışdır. Həmin müavinətə düşən gəlir vergisinin məbləği 4149,32 manat təşkil etmişdir.
10. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus əmək kitabasına əsasən, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (təqaüdə çıxması ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən qəbul edilmiş 22 aprel 2002-ci il tarixli, 57 №-li (22 aprel 2002-ci il tarixli, 06-193 №-li) əmr-qərar.
12. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən qəbul edilmiş 14 avqust 2009-cu il tarixli, 112 №-li (14 avqust 2009-cu il tarixli, 07-227 №-li) əmr-qərar.
13. 07 noyabr 2023-cü il tarixli, 14-2-5/3-1K-136/2023 №-li İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alaraq ləğv edilməsi haqqında əmr verilmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası: 35.İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. 35.İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 36.İİİ. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. 73.İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73.İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
15. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya: 6.1 Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (AR ƏM): 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
35. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: 175.4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
17. Azərbaycan Respublikasının Vegi Məcəlləsi (AR VM): 2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;
18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar.
20. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 15 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, proses iştirakçılarının izahını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
22. Belə ki, iddiaçı iddia ərizəsində işdən çıxarılma əmrində əmrin əsası kimi AR ƏMnin 69.3-cu maddə qeyd edilsə də (§18), əslində 70-ci maddənin “b” bəndinə əsasən çıxarıldığını iddia etmişdir. Lakin məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, eyni zamanda işdən çıxarılma əmrini hər hansı qaydada mübahisələndirməmişdir.
23. İş materiallarından görünür ki, 07 noyabr 2023-cü il tarixli, 14-2-5/3-1K-136/2023 №-li İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alaraq ləğv edilməsi haqqında əmr verilmişdir. (§13) Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş 29 fevral 2024-cü il tarixli, 14-2-5/2-299/2024 №-li arayışa əsasən, Cavabdeh İqdisadiyyat və Uçot Departamentinin Mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı xx.xx.2023-cü il tarixində yaşla əlaqədar əmək pensiyasına çıxmışdır. Son haqq-hesab vərəqəsi üzrə ona əmək müqaviləsinə xitam verilməsinə görə 17849,50 manat məbləğində birdəfəlik müavinət hesablanmışdır. İddiaçı iddia tələbində işdən çıxarılma müavinətdən 4433 (dörd min otuz üç) manat məbləğində pulun tutulduğunu iddia etsə də, mülki iş materiallarına əlavə edilmiş arayışda həmin müavinətə düşən gəlir vergisinin məbləği 4149,32 manat təşkil etdiyi müəyyən olunur. (§9)
24. İddiaçı qanunun tələbinə görə müavinətdən vergi tutulmadığını, həmin müavinətdən gəlir vergisinin tutulmasının qanunsuz olduğunu qeyd etmişdir.
25. Məhkəmə qeyd edir ki, işdənçıxarma müavinətinin hansı hallarda və miqdarda ödənilməsi AR ƏM-in 77-ci maddəsinin 3-cü hissəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. Eyni zamanda ƏM-in 77-ci maddəsində əmək müqaviləsinə başqa əsaslarla (ƏM-in 68-ci maddəsinin ikinci hissəsinin “c” və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin “a”, “c” və “e” bəndləri ilə) xitam verilərkən işçilərə müavinətlərin ödənilməsi nəzərdə tutulmuşdur.
26. Göründüyü kimi əmək müqaviləsinin ləğv edilməsinin müstəqil əsası kimi müəyyən edilmiş müəssisənin ləğvi və işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işçinin iradəsindən və təqsirindən asılı olmadığına görə, həmin əsasla əmək müqaviləsinə xitam verilərkən işçiyə bir sıra təminatlar verilməklə yanaşı, ona işdənçıxarma müavinətinin ödənilməsi də işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur ki, bu da işçinin işini itirməsi və daimi gəlirdən məhrum olması ilə əlaqədar yaranan mənfi nəticələri yüngülləşdirmək, habelə yeni iş axtardığı müddət ərzində ona maddi dəstək vermək məqsədi daşıyır.
27. Lakin hazırki iş üzrə tərəflər arasında əmək müqaviləsinə AR ƏM-in 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxmasını nəzərə alaraq ləğv edilməsi haqqında əmr verilmişdir. (§13)
28. Belə ki, ƏM-in 77-ci maddəsi ilə işçiyə verilən təminatlar sırasında işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halda işəgötürən tərəfindən ona işdənçıxarma və ya hər hansı digər müavinətin ödənilməsi ilə bağlı işəgötürənin öhdəliyi nəzərdə tutulmamışdır.
29. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 15 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, işçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz. (§20)
30. O da qeyd olunmalıdır ki, ƏM-nin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
31. Əmək münasibətlərindən yaranan hansı ödəmələrin gəlir vergisindən azad edilməsi AR VM-nin 102.1.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin normaya görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azad edilmişdir. (§20)
32. Qeyd edilməlidir ki, AR VM-nin 102.1.4-cü maddəsinə əsasən işəgötürənin ödədiyi və gəlir vergisindən azad edilən müavinətlərə, məhz AR ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə ki, əvvəldə də göstərildiyi kimi, bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin icrasına yönəlmişdir.
33. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir.
34. Göründüyü kimi, vergidən azad olunan gəlirlər sırasında əmək müqaviləsi işçi tərəfindən ləğv edilərkən işəgötürənin öz təşəbbüsü ilə işçiyə ödədiyi müavinət nəzərdə tutulmamışdır. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi ƏMnin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxması nəzərə alınaraq ləğv edildiyindən vergidən azad olunan gəlirlər sırasına daxil edilə bilməz.
35. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan dövlət rüsumunun ödənilməsinə münasibət bildirmir.
37. İddiaçı iddia ərizəsində 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova