Məhkəmə qərarları › İş №e-2(011)-2739/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2739/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2739/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin hərracdan satılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, onların birgə mülkiyyətində olan ünvan 1 ünvanındə yerləşən 32 saylı 1 otaqlı mənzilin qiymətləndirilməsi, daha sonra həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, hərrac satışından əldə olunan vəsaitin tərəflər arasında bərabər bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 32 saylı mənzil iddiaçının mərhum əri X2 mülkiyyətində olmuşdur, X3 xx.xx.2021-ci il tarixdə ağciyər xərçəngindən vəfat etmişdir, ölümündən sonra həmin mənzil vərəsəlik qaydasında 2 bərabər hissəli paya bölünmüş, paylardan biri mərhumun əri, hazırki iş üzrə İddiaçı, digəri isə mərhumun anası X1 verilmişdir, sonuncu mülkiyyət hüquqları tanındıqdan sonra öz payını nəvəsi Cavabdeh Cəlil oğluna bağışlamışdır (mərhumun bacısı oğlu, hazırki cavabdeh), mənzil 1 otaqdan, ümumi sahəsi 44 kv m, yaşayış sahəsi 15 kv m ibarətdir. İddiaçı uzun illərdir həmin mənzildə əri ilə birgə yaşamışdır, cavabdehin mülkiyyət hüquqları tanındıqdan sonra cavabdeh həmin mənzildə yaşamaq istədiyini bildirmişdir, mənzilin cəmi 1 otaqdan və cəmi 15 kv yaşayış sahəsindən barət olduğunu, dul qadının başqa şəxslə həmin mənzildə bir yaşaya bilməyəcəyi bildirilsə də, cavabdeh bunlara məhəl qoymamış, müxtəlif cəhdlərlə həmin mənzilə köçmək istədiyini bildirmiş, hətta tərəflər arasındakı bu mübahisəyə görə polisə də müraciət etmişdir, cavabdeh dəfələrlə iddiaçının iş yerinə gələrək səs-küy salmış, mənzilin açarlarının ona təhvil verilməsini tələb etmişdir, mənzilin naturada bölünməsi mümkün olmadığı üçün yeganə çıxış variantı mənzilin satılması və satışdan əldə olunan vəsitin bölünməsidir, bu barədə cavabdehə həm şifahi həm yazılı təklif edilsə də, birinci təklif edilmiş məbləğlə razılaşmaçə., daha sonra mənzilin real dəyərindən çox aşağı qiymət təklif etmiş, daha sonra isə ümumiyyətlə satmaq istəmədiyini bildirmişdir, odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, işə isə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı Xətai rayon Məhkəməsində baxılan “paylı mülkiyyətdə olan mənzilin hərracdan satılması və s.” tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarı qüvvəyə minənədək icraatdakı 2(011)-2739/2022 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətdə olan mənzilin cəmi 15 kv.m sahədən ibarət 1 otaqlı mənzil olduğunu nəzərə alaraq payın naturada ayrılmasının mümkün olmayacağı qənaətinə gəlmiş və icraatda olan ərizəni vermişdir, sonradan Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarından məlumat almışdır, odur ki yol verdiyi prosessual nöqsanı aradan qaldırmaq üçün Xətai rayon Məhkəməsinə paylı mülkiyyətdə olan əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir, hazırda iddia ərizəsi icraata götürülmüşdür. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi paylı mülkiyyətdə olan mənzilin qiymətləndirilməsi, hərracdan satılması və əldə olunmuş pulun tərəflər arasında bölünməsi barədədir, İddiaçı tərəfindən Cavabdeh paylı mülkiyyətdə olan mənzilin satın alınması barədə Bildiriş göndərilmişdir. Bununla belə, tərəflər arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlinməməsinə dair hallar iş materialları ilə müəyyən olunmur. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətə - mənzilə dair mübahisə (payların ayrılması, qiymətləndirilməsi, satışı və s.) onun mülkiyyətçiləri arasında qanunvericiliklə müəyyən edilmiş ardıcıllıqla həll edilməlidir ki, hazırkı iş üzrə paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında məsələ məhkəmədənkənar (pretenziya) qaydaya riayət edilməklə həll edilməli olmasına baxmayaraq, iddiaçı birbaşa olaraq məhkəməyə müraciət etmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə, iddiaçının “mülki iş üzrə icraatın dayandırılması” barədə ərizəsinə münasibətdə isə hesab edir ki, iddia ərizəsi qanunvericiliklə müəyyən olunmuş qaydaya əməl edilmədən məhkəməyə (pretenziya qaydasına riayət edilmədən) verilmiş və icraata qəbul edilmişdir ki, bu da mülki iş üzrə qətnamə qəbul edilməsini hüquqi şərait imkan vermədiyindən mümkünsüz etməklə iş üzrə icraatın dayandırılması üçün deyil, iddia ərizəsnin baxılmamış saxlanması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən, ...fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər..., əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra “MPM”) müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə görə, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “onların birgə mülkiyyətində olan ünvan 1 ünvanındə yerləşən 32 saylı 1 otaqlı mənzilin qiymətləndirilməsi, daha sonra həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, hərrac satışından əldə olunan vəsaitin tərəflər arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar