Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2768/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirkları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ödənişin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 4493K nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də tutduğu vəzifəsinə bərpa olunması və ona xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdən Cavabdeh MMC-də baş anbardar vəzifəsində işə başlamış, ardınca şöbə müdiri və departament müdiri vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin 4493K nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 4493K nömrəli əmri əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, xx.xx.2012ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər iddiaçı cavabdeh təşkilatda müxtəlif vəzifələrdə çalışmışdır. Çalışdığı bu illər ərzində əmək fəaliyyətində heç bir qüsur olmamış, rəhbərlik tərəfindən verilən tapşırıqları operativ və qüsursuz şəkildə yerinə yetirmişdir. Onun işlədiyi vəzifə ixtisara düşsə də, sözügedən vəzifə departament yerinə şöbə ilə əvəz edilmiş və həmin vəzifəyə başqa bir şəxs işə götürülmüşdür. Lakin iddiaçı məcburi köçkün statusuna malikdir və qanunvericiliyə əsasən onun digər işçiyə görə üstünlük hüququ vardır. Ancaq cavabdeh təşkilat bu halı nəzərə almamış və iddiaçının əvəzinə başqa bir işçi götürmüşdür. xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri iddiaçıya xx.xx.2025-ci il tarixdə verilmişdir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və nəticədə xx.xx.2025-ci il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh MMC-nin iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, İddiaçı 01 fevral 2012-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh BAZARSTORE Məhdud Məsuliyyətli Cəmiyyətində baş anbardar vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında imzalanmış müvafiq əlavə razılaşmaya əsasən, işçi xx.xx.2024- cü il tarixindən etibarən müəssisənin X2 Logistika Departamentinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. X4 Direktorluğunda aparılan struktur təkmilləşdirmələri ilə əlaqədar olaraq yeni fəaliyyət ilindən etibarən X2 Logistika Departamentinin müdiri ştatının ləğv edilməsi planlaşdırılmış və bu barədə xx.xx.2024-cü il tarixində həmin departamentin müdiri olan iddiaçıya “ştatların ixtisar edilməsi barədə” yazılı xəbərdarlıq verilmişdir. İddiaçı həmin tarixdə yazılı xəbərdarlığı qəbul etmiş və işəgötürənə aşağıdakı mətndə yazılı ərizə ilə müraciət etmişdir: “Yazıb Sizə bildirmək istəyirəm ki, 9 həftəlik xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə mənimlə bağlanış əmək müqaviləsinə xitam verilməsinə razılıq verirəm”. İşçinin yazılı razılığı nəzərə alınaraq işəgötürənin 4493 K saylı, xx.xx.2024-cü il tarixli əmrinə əsasən, xx.xx.2024-cü il tarixindən etibarən işçi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmr qanunvericiliyin tələblərinə uyğun olaraq işçinin informasiya sistemindəki kabinetinə yerləşdirilmiş və surəti iddiaçıya təqdim edilmişdir. Buna baxmayaraq iddiaçı bir müddət sonra əmrin ləğvi, işə bərpa və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia əsassızdır, hesab edirik ki, rədd edilməlidir, belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən ştatları ləğv etmək işəgötürənin hüququdur. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Hazırki işdə də işəgötürən X2 tərkibində fəaliyyət göstərən Logistika Departamentinin müdiri vəzifəsini struktur təkmilləşdirmələri ilə əlaqədar olaraq ixtisar etmək hüququna malik olmuşdur. Belə ki, X3 tabe olan Nəqliyyat bölməsi, X5, X8 və Meyvə-tərəvəz Bölməsi birbaşa Tədarük Zənciri direktoruna tabe olub daha effektiv bir şəkildə idarə oluna biləcəyi halda arada Logistika Departamenti müdiri vəzifəsinin mövcudluğu gözlənilən effektiv və çevik idarəetmə gözləntilərini qarşılamamış, rəhbərliyin qərarına əsasən, Logistika Departamenti müdiri ştatının ixtisar edilməsi və qeyd olunan bölmələrin birbaşa Tədarük Zənciri direktoruna tabe edilməsi qərara alınmışdır. Bundan başqa işəgötürən tərəfindən ixtisar həyata keçirilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilmiş, işçiyə ştatın ixtisarı barədə azı 9 təqvim həftəsi əvvəlcədən yazılı qaydada xəbərdarlıq edilmiş, işçi bu müddət ərzində iş axtarması məqsədilə həftədə bir gün olmaqla əmək funksiyalarının icrasından azad edilmiş, işçinin razılığı əsasında ona müvafiq kompensasiyalar ödənilmiş və əmək müqaviləsinə xitam verilmişdir.İddiaçının iddia ərizəsinə münasibətdə isə qeyd olunmalıdır ki, işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yox, “b” bəndi ilə xitam verilmişdir. Ştatların ixtisarı həyata keçirilərkən ixtisar olunan ştatı tutan işçinin nizam-intizamı və ya əmək funksiyalarını nə qədər düzgün və qüsursuz bir şəkildə icra edib-etməməsi mübahisə predmeti olmur, cavabdeh müəssisədə həqiqətən də real olaraq Logistika Departamentinin müdiri ştatının ixtisarı həyata keçirilmiş və həmin ştat ləğv edilmişdir. İddiaçının qeyd etdiklərinin tam əksinə - cavabdeh müəssisədə həmin ştata heç bir işçi işə götürülməmişdir, çünki belə bir ştat artıq mövcud deyildir. Məhkəməyə təqdim edilən ştat cədvəlindən və ƏMAS sistemindən çıxarışlardan da göründüyü kimi, Logistika Departamentinin müdiri ştatı ixtisar edilmişdir. Belə olduğu təqdirdə iddiaçının qeyd etdiklərinin tamamilə əsassız olduğu görünməkdədir. İddiaçı həqiqətən də Azərbaycan Respublikasının vaxtı ilə işğal olunmuş, hazırda isə işğaldan azad olunmuş Zəngilan rayonundan olmaqla məcburi köçkün statusuna, yəni AR Əmək Məcəlləsinin 78ci maddəsinə əsasən, işdə saxlanmasına üstünlük hüququna malik olsa da, bu fakt əmrin ləğvi və şəxsin işə bərpası üçün əsas deyildir. Belə ki, həmin maddənin də mahiyyətindən göründüyü kimi, üstünlük hüququ yalnız iki və daha artıq işçinin ştatı ixtisar olunarkən və ya işçilərin sayı azalarkən və bu zaman bu şəxslərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda nəzərə alınan bir hüquqdur. Hazırki vəziyyətdə isə Logistika Departamentinin müdiri ştatı ixtisar edildiyindən onunla müqayisə aparılacaq və onun üstünlüyünün olacağı başqa bir işçi olmadığı üçün hazırki mübahisəyə AR Əmək Məcəlləsinin 78-ci maddəsi tətbiq edilə bilməz. Göründüyü kimi, həqiqətən də, cavabdeh müəssisədə X2 tərkibində fəaliyyət göstərən Logistika Departamentinin müdiri vəzifəsini struktur təkmilləşdirmələri ilə əlaqədar olaraq ixtisar edilmiş, bununla əlaqədar olaraq işçinin də razılığı ilə onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, xitam verilmişdir. Xitam zamanı qanunvericiliyin nəzərdə tutduğu prosedural təminatlar gözlənilmiş və işçiyə zəruri imkanlar tanınmış, ödəmələr edilmişdir. İddiaçı həmçinin iddia ərizəsində əmrin ləğvi üçün əsaslı hesab ediləcək heç bir dəlil və ya sübut təqdim edə bilməmişdir. Bu da iddia tələblərinin rədd edilməsi üçün kifayətdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: AA 175748 nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, 1978-ci ildə Zəngilan rayonunda doğulmuş İddiaçı 1993-cü il tarixdən məcburi köçkün kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tutduğu vəzifənin ixtisar olunacağı barədə xəbərdar olunmuş, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş təminatları və hüquqları barədə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoruna yazılı ərizə ilə müraciət edərək, 9 həftəlik xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verdiyini bildirmişdir. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 4493 K nömrəli Əmrindən görünür ki, Cavabdeh MMC-nin X2 Logistika Departamentinin müdiri vəzifə ştatı X2 yeni strukturunda mövcud olmadığına görə ixtisar edilmiş, İddiaçı tutuduğu vəzifə ixtisar olunduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2025-ci il tarixli Cavabdeh MMC-nin Baş direktorunun imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuş X2 ştat cədvəlindən görünür ki, Logistika Departamentinin müdiri ştatı ləğv olunmuşdur. ƏMAS-dan (Əmək və Məşğulluq Altsistemi) çıxarışdan görünür ki, Cavabdeh MMCnin strukturunda Logistika Şöbəsi mövcud deyil. Cavabdeh MM-nin Logistika Departamentinin strukturuna Qutu malları bölməsi, X5, Nəqliyyat bölməsi, Meyvə tərəvəz bölməsi daxildir, Departamentin müdir ştatı mövcud deyil. ƏƏSMN X1 Sisteminin xx.xx.2025-ci il tarixli arayışından və Cavabdeh MMC ilə Metin İdacı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Metin İdacı xx.xx.2025-ci il tarixdən Cavabdeh MMC-də Ət məhsulları təminatı Şöbəsinə şöbə müdiri vəzifəsinə işə qəbul olunmuşdur. X7 məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-də Ət məhsulları təminatı Şöbəsinə şöbə müdiri vəzifəsinə işə qəbul olunanadək Cavabdeh MMC-də işləməmişdir. Məhkəmə baxış iclasında Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən elektron imza vasitəsi ilə ƏMAS-a (Əmək və Məşğulluq Altsistemi) daxil olaraq Cavabdeh MMC-nin strukturuna baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh MMC-də Logistika Şöbəsi yaradılmamışdır, Cavabdeh MMC-nin Logistika Departamentinin müdiri ştatı yoxdur, eləcə də Cavabdeh MMC-nin bir sıra departamentlərində də (Təzə qida kateqoriya Departamenti, Elektron ticarət Departamenti) müdir ştatı mövcud deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını və təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə (işçilərin sayı və ya ştatların ixtisarı) əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddəti və işdənçıxarma müavinəti ilə bağlı Əmək Məcəlləsinin tələblərinə riayət edilmiş, həmkarlar ittifaqının razılığının olmaması isə işəgötürən müəssisədə həmkarlar ittifaqının olmaması ilə bağlı olmuş, iddiaçı tərəfindən də onun həmkarlar ittifaqının üzvü olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilən tələblərə əməl edilməsi iddiaçı tərəfindən də mübahisələndirilməmiş və əmrin ləğv edilməsi ilə bağlı iddiaçının dəlillərinin əsasını təşkil etməmişdir. İddia ərizəsi və izahatlardan müəyyən olmuşdur ki, iddiaçının işdən çıxarılma əmrini mübahisələndirməsinin dəlilləri ixtisarın real olmaması, ixtisar zamanı iddiaçının üstünlük hüququnun təmin edilməməsi və işdən çıxarılmasına razılıq verilməsi barədə ərizənin məcburi yazıdırılması olmuşdur. İddiaçının dəlilləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İxtisarın real olmamasını iddiaçı bununla əsaslandırmışdır ki, Logistika Departamentinə daxil olan bölmələrin rəhbərləri öz razılıqları ilə işdən çıxarılmaları barədə ərizə yazmağa məcbur edilmişdir, iddiaçı isə belə razılıq ərizəsi yazmadığı üçün real olmayan ixtisara əsasən işdən çıxarılmışdır. İxtisarın real olmaması həmçinin onunla əsaslandırlmışdır ki, əslində Logistika Departamenti ləğv olmamış, əvəzində şöbəyə çevrilmişdir və iddiaçını işdən çıxarmaqda məqsəd cavabdeh müəssisədə çalışan Metin İdaçı adlı şəxsin həmin şöbəyə müdir təyin edilməsi olmuşdur. İddiaçının ixtisarın real olmaması ilə bağlı dəllilərinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, Logistika Departamentinə daxil olan bölmələrin rəhbərlərinin öz razılıqları ilə işdən çıxarılmaları barədə ərizə yazmağa məcbur edilmələri ilə bağlı iş materiallarında hər hansı sübut (məhkəmədə qaldırılmış iddia, X6 şikayət və s.) mövcud olmadığı üçün məhkəmə həmin dəlilə əsaslana bilməz. Digər tərəfdən iş materialları ilə və məhkəmə baxış iclasında Əmək və Məşğulluq Altsisteminə baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin strukturunda Logistika Şöbəsi yaradılmamış, Logistika Departamenti müdiri ştatı isə ləğv edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Logistika Departamentindən başqa bir sıra başqa departamenlərdə də müdir ştatı mövcud deyil. Beləliklə, sübut olunmuşdur ki, iddiaçının tutduğu ştat həqiqətən ləğv edilmişdir, hal-hazırda Cavabdeh MMC-nin strukturunda Logistika Departamenti müdiri ştatı yoxdur. Logistika Departamentindən başqa bir sıra başqa departamenlərdə də müdir ştatının olmaması sübut etmişdir ki, bu təcrübə cavabdeh müəssisədə birbaşa, operativ və səmərəli idarəetmə üsulu kimi digər departamentlərdə də tətbiq olunmuş və bəzi hallarda departamentlər müdirsiz fəaliyyət göstərmişdir. Bu hal da məhkəmə tərəfindən ixtisarın formal yox, real olduğunu göstərən əsaslı sübut kimi qiymətləndirilmişdir. Metin İdacı adlı şəxslə bağlı iddiaçının dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, həmin şəxs daha əvvəllər Cavabdeh MMC-də çalışmamış, hazırda isə Ət məhsullarının təminatı Şöbəsində müdir vəzifəsində çalışır. Odur ki, iddiaçının iddia etdiyi kimi Metin İdacı adlı şəxsin onun azad edildiyi vəzifəyə təyin edilməsi halı olmamışdır. İxtisar zamanı üstünlük hüququnun təmin edilməməsi ilə bağlı iddiaçının dəlili ondan ibarətdir ki, o, məcburi köçkün olduğu üçün işdə saxlanılmasına üstünlük verilməli idi. Bununla bağlı məhkəmə qeyd edir ki, ixtisar olunan ştat Logistika Departamentinin müdiri ştatı olmuşdur və Logistika Departamentində yalnız bir müdir ştatı olmuşdur. Digər bir sıra departamentlərdə müdir ştatları olsa da, həmin departamentlərin fəaliyyət istiqaməti və müdirlərinin peşəkarlıq səviyyəsi fərqli olmuşdur. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, Logistika Departamentində müdir ştatı ixtisar olunarkən iddiaçının digər departamentlərdən birinə müdir təyin edilməsi, bununla da iddiaçının üstünlük hüququnu təmin etmək üçün başqa departamentin müdirinin işdən azad edilməsi müdir vəzifəsində çalışan şəxslərin əvvəldən çalışdıqları departamentdəki peşəkarlığı və təcrübəsi nəzərə alındıqda işəgötürənin mənafeyinə uyğun olmamışdır. Məhkəmə Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından üstünlük hüququ ilə bağlı cavabdehin mövqeyini əsaslı hesab edir. Belə ki, həmin maddənin tələblərinə əsasən də, üstünlük hüququ ilk növbədə peşəkarlıq səviyyəsi işəgötürən tərəfindən daha yüksək qiymətləndirilən işçiyə verilir, yalnız peşəkarlıq səviyyələri eyni olduqda 2-ci bənddə nəzərdə tutulan şəxslərin, o cümlədən, məcburi köçkün olan şəxslərin üstünlük hüququ yaranır. Bu baxımdan, iddiaçının digər departamentdə müdir vəzifəsinə təyin edilməməsi onun işdə saxlanılmasına üstünlük hüququnun pozulması kimi qiymətləndirilə bilməz. İddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı ona təzyiq göstərildiyi, iş yerinə buraxılmadığı və ərizəni məcbur yazdığına dair dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, bu halı təsdiqləyən hər hansı bir sübut, hər hansı dövlət orqanına edilmiş şikayət təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının yazdığı ərizə işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olmamış, ərizədə iddiaçı yalnız xəbərlarlıq müddəti əvəzinə müavinətin verilməsi ilə işdən çıxarılmasına razı olduğunu bildirmiş, əmək müqaviləsinə xitam verilməsinə əsas isə ştat ixtisarı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli razılıq ərizəsinin məcbur yazıldığına dair dəlil əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tutduğu vəzifənin həqiqətən ixtisarı baş vermiş, ştat ixtisarı iddiaçıya qarşı qərəzli münasibətin nəticəsi olaraq deyil, idarəetməni təkmilləşdirmək, müəssisənin fəaliyyətini optimallaşdırmaq üçün edilmiş və ştat ixtisarı baş verərkən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli