Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-278/2023 20.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı "xxxx" MMC-yə qarşı “mənzilin verilməsi və vurulan ziyanın ödənilməsi” barədə ilkin iddia tələbi, "xxxx" MMC-nin İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin onunla Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərini yerinə yetirərək, ünvan 1 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzilləri tam təmirli şəkildə ona təqdim etmə öhdəliyi qoyulması, mənzil kirayə haqqına görə ödədiyi 4800 (dörd min səkkiz yüz) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında 04 aprel 2018-ci il tarixdə müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan “Mülkiyyətçi”yə məxsus birmərtəbəli qəzalı tikilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş 41 saylı mənzilinin ümumi sahəsinə şirkət tərəfindən güzəşt binanın 9-cu mərtəbəsində yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi, “mülkiyyətçi” isə yaşayış üçün qəzalı vəziyyətdə olan, söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür, müqavilənin 1.2.-ci bəndində göstərilir ki, "xxxx" MMC 24 aylıq (24 ay+600 manat) 14400 AZN məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda “Müllkiyyətçi”yə ödəyir, yenə də həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən "xxxx" yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzilləri təmirli təhvil vermək öhdəliyi götürmüşdür, iddiaçı müqavilədə nəzərdə tutulan vəzifələri yerinə yetirərək mülkiyyətində olan mənzili "xxxx" MMC-nə təhvil vermişdir, mülkiyyətində olan mənzil sökülərək yerində çoxmərtəbəli mənzil tikilmişdir, lakin, cavabdeh müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmişdir, cavabdeh yaxınlarda iddiaçıya bildirmişdir ki, 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili onun mülkiyyətinə vermək istəmir, cavabdeh tərəfindən ona təklif edilən mənzillərin ölçüləri müqavilənin şərtlərinə uyğun deyildir, həmçinin mənzillər həmin mərtəbələrdə deyil, ayrı-ayrı mərtəbələrdədir, həmçinin mənzil 18-24 ay ərzində iddiaçıya təqdim edilmədiyi üçün o, kirayədə qalmaq məcburiyyətində qalmışdır, son 8 ayda hər ay 600 manat mənzil kirayə haqqı ödəyir, bu məbləği ona ödəməmişdirlər, bunun da nəticəsində ona 4800 manat maddi ziyan dəymişdir, iddiaçı dəfələrlə cavabdehə müraciət edərək müqavilə şərtlərini yerinə yetirməyi xahiş etsə də, bunun da heç bir nəticəsi olmamışdır, iddiaçı mənzilləri təhvil ala bilmir, özü də qeyd edilən ərazidə olmuşdur, iddiaçının sökülən evi ilə tikilən bina arasında 15 metr məsafə vardır, iddiaçının evinin yerində isə başqa bir tikili vardır, iddiaçı ilə birlikdə onun qonşusu ilə də eyni vaxtda müqavilə bağlanmışdır, həmin qonşuya həmin binada mənzil təhvil verilib, lakin bu barədə sübutu yoxdur, qarşılıqlı iddia ilə tərəf müqavilənin ləğv edilməsini istəyir, bunun üçün bir əsas yoxdur, qarşılıqlı iddia tamamilə əsassızdır. Sonda Vəkil ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hər ay 600 manat kirayə haqqı ödəyir, ödənilməmiş kirayə haqqı kimi 4800 manat ona ödənilməlidir, 4800 manat iddia verildiyi tarixədək olmuşdur, indi də ona kirayə haqqı vermirlər, bu pulu özü ödəyir, müqavilə ilə nəzərdə tutulan mənzilləri ona təhvil vermirlər, təklif olunan mənzillər isə ayrı mərtəbələrdə yerləşir, sahəsi isə fərqlidir, təlimatda da qeyd edilmişdir ki, ilk növbədə vətəndaşlar mənzillə təmin olunacaq, daha sonra isə yerdə qalan mənzillər satışa çıxacaqdır. Sonda İddiaçı ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan “Mülkiyyətçi”yə məxsus birmərtəbəli qəzalı tikilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş 41 saylı mənzilinin ümumi sahəsinə şirkət tərəfindən güzəşt edilməklə (122 kv.m+24 kv.m (20%)+19,4 kv.m əlavə sahə verilməklə) binanın 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi, “mülkiyyətçi” isə yaşayış üçün qəzalı vəziyyətdə olan, söküləcək mənzilin "xxxx" MMC-nin istifadə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür, "xxxx" MMC öhdəliklərini yerinə yetirməkdən imtina etməmişdir, əksinə dəfələrlə qarşı tərəfə müqavilədə müəyyən olunan sahədən də artıq mənzilləri qəbul etməyi təklif etmişdir, o, əvvəl razı olsa da, sonradan həmin mənzilləri qəbul etməkdən imtina etmişdir, bu hal müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilərək, müqavilənin ləğvi üçün əsasdır, həmçinin müqavilə bağlandığı 2018-ci ildəki şərait hazırki şəraitə nisbətən əhəmiyyətli dərəcədə dəyişmişdir, əvvəl yeni tikilən binalarda mənzillərin 1 kv.m qiyməti 700-900 manat idi, hazırda isə həmin ərazidə yeni binalarda mənzillərin 1 kv.m dəyəri 1700-1900 manat təşkil edir, "xxxx" MMC Kronşner” MMC-nin 2018-ci ildə təklif etdiyi 19.4 kv.m əlavə sahənin dəyəri 16000-17000 manat idisə, hazırda həmin sahənin dəyəri 32000-35000 manat təşkil edir, bu da "xxxx" MMC-yə əhəmiyyətli ziyan vuracaqdır, qeyd edilən bina hələ də tikilir, tikintisi tam bitməmişdir, sökülən tikintinin yerində bina tikilir, tikinti gecikir, bunun səbəbi isə maliyyə cəhətdən baş vermiş çətinliklərdir. Sonda Nümayəndə ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəfin və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, bir tərəfdən "xxxx" MMC-nin direktoru X2 və digər tərəfdən İddiaçı arasında Bakı şəhəri 6 saylı notariat kontorunda 04 aprel 2018-ci il tarixində “Müqavilə” bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan “Mülkiyyətçi”yə məxsus birmərtəbəli qəzalı tikilinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş 41 saylı mənzilinin ümumi sahəsinə şirkət tərəfindən güzəşt edilməklə (122 kv.m+24 kv.m(20%)+19,4 kv.m əlavə sahə verilməklə) binanın 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli 2 mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi, “mülkiyyətçi” isə yaşayış üçün qəzalı vəziyyətdə olan, söküləcək mənzili "xxxx" MMC-nin istifadə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC 24 aylıq (24 ay +600 manat) 14400 AZN məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda “Müllkiyyətçi”yə ödəyir. Müqavilənin 2.2.4-cü maddəsinə əsasən, "xxxx" MMC hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək vəzifəsi vardır, müqavilənin 2.2.5-ci bəndinə əsasən, "xxxx" yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə mənzilləri təmirli təhvil vermək öhdəliyi götürmüşdür. İş materiallarında olan Qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Qəbzin surətindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 04 aprel 2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC İddiaçı məxsus tikilinin əvəzində həmin sahədə tikiləcək yeni yaşayış binasında ona binanın 9-cu mərtəbəsində 85,6 kv.m və 79,8 kv.m sahəsi olan təmirli vəziyyətdə 2 mənzil verməyi, 24 aylıq (24 ay+600 manat) 14400 manat məbləğində kirayə haqqını bu müqavilə bağlanan anda İddiaçı ödəməyi, hər hansı bir səbəbdən tikinti işləri müqavilə müddətində başa çatmadığı təqdirdə kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdırmaqla mənzilləri İddiaçı təmirli təhvil verməyi, İddiaçı isə ona məxsus mənzili "xxxx" MMC-nin istifadə və sahibliyinə verməyi öhdəsinə götürmüşdürlər, İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək ona məxsus mənzili "xxxx" MMC-yə təhvil vermişdir, "xxxx" MMC isə müqavilədə nəzərdə tutulan mənzilləri müəyyən edilmiş müddətdə ona təhvil verməmişdir, bununla da müqavilə öhdəliklərini yerinə yetirməmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, "xxxx" MMCnin müqavilə üzrə öhdəliklərinin yerinə yetirməsini istisna edən, habelə müqavilənin ləğv olunmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını (müqavilədə nəzərdə tutulan mərtəbədə yerləşən və sahəyə malik) tələb etməkdə haqlıdır. Məhkəmə, ilkin iddia tələbinin “mənzil kirayə haqqına görə ödədiyi 4800 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, "xxxx" MMC, hər hansı bir səbəbdən tikinti işlərini müqavilə müddətində başa çatmadığı təqdirdə bu müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı ödənişinin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək öhdəliyini öz üzərinə götürmüş, o, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini vaxtında yerinə yetirmədiyindən iddiaçının hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin (yaşayış yeri üzrə kirayə haqqı ödəməsi) yaranmasına gətirib çıxarmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı, öhdəliyini icra etməyən "xxxx" MMC-yə qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, vurulmuş zərərin məbləğinə münasibətdə isə qeyd edir ki, bu zaman tərəflərin arasına bağlanmış müqaviləyə əsasən, bir aylıq kirayə haqqı üçün razılaşdırılmış məbləğ (600 manat), müqavilə üzrə öhdəliyin yerinə yetirilməli olduğu vaxt, habelə iddia tələbinin həcmi nəzərə alınmalı, "xxxx" MMCdən vurulmuş maddi ziyanın əvəzi kimi 4800 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi sübutetmə yükü ilə bağlıdır və "xxxx" MMC bu hallara (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması və s.) dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair sübutlar əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, tərəfin “dəfələrlə qarşı tərəfə müqavilədə müəyyən olunan sahədən də artıq mənzilləri qəbul etməyi təklif edilməsi barədə” dəlillərinə münasibətdə isə qeyd edir ki, belə razılaşmaya dair hallar tərəflər arasında bağlanmış mübahisəli müqavilənin şərtlərinə daxil olmadığından, bu barədə təklifin İddiaçı tərəfindən qəbul edilməməsi də müqavilə şərtlərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən, kreditor, yəni İddiaçı müqavilə üzrə ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 435-ci maddəsinə əsasən, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin üzərinə tərəflər arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, ünvan 1 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzilləri tam təmirli şəkildə İddiaçı təqdim etmək öhdəliyi qoyulmalı, "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4800 manat alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, "xxxx" MMC-nin rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ilkin iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat ilkin iddia üzrə cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu "xxxx" MMCnin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, ünvan 1 ünvanında yerləşən, yeni yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillər tam təmirli şəkildə İddiaçı təqdim edilsin. "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4800 (dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumu qismində 100 (yüz) manat alınaraq İddiaçı ödənilsin. "xxxx" MMC-nin İddiaçı qarşı “"xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-278/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-278/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver