Məhkəmə qərarları › İş №e-2(011)-2817/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-2817/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2817/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “sənədlərin və əmlakın təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 083003 saylı müqavilənin 1.1.1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzilin “payçı” qismində iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Mənzilə görə ümumilikdə müəyyən edilmiş 380100 (üç yüz səksən min yüz manat) pul məbləği (1 kv.m-nin qiyməti 2.100 AZN) iddiaçı tərəfindən müqavilə bağlanan gün ödənilmişdir ki, bu barədə yuxarıda göstərilən müqavilənin 4.3-cü bəndində də qeyd edilmişdir. Habelə iddiaçıya müqavilə ilə eyni tarixli maliyyə arayışı da verilmişdir. Bütün bunlara baxmayaraq, iddiaçıya kassa mədaxil orderi verilməmiş, həmin sənədin tezliklə, yəni növbəti gün veriləcəyi bildirilsə də ümumiyyətlə bu günədək verilməmişdir.

2. Eləcə də cavabdeh tərəfindən bu günədək müqavilə öhdəliyinə riayət edilməmiş, yəni mənzil “payçı” olaraq iddiaçıya naturada təhvil verilməmişdir. Məsələ ilə bağlı cavabdehin Yasamal rayonunda yerləşən ofisinə dəfələrlə baş çəkilmiş, lakin qapı həmişə bağlı olmuşdur. Xeyli get-gəldən və axtarışlardan sonra nəhayət, ofisin yerləşdiyi binanın arxa hissəsindəki tikinti kompleksində iddiçıya “komendant” kimi təqdim edilən şəxslə görüşməyə nail olmuş, həmin şəxs gəlişinin məqsədini bildikdən sonra əl telefonu ilə kiminləsə əlaqə saxlamış və danışdıqdan sonra iddiaçıya telefon nömrəsi deyərək həmin nömrə ilə (*** *** ** **) Xalidə xanımla əlaqə saxlamalı olduğunu bildirmişdir. Lakin həmin xanımla bugünədək əlaqə saxlamaq mümkün olmamışdır. Belə ki, həmin nömrə əksər hallarda zəngləri qəbul etməmiş, yəni bağlı olmuş, zəng çatdıqda isə zənglərə cavab verilməmişdir. Odur ki, yuxarıda göstərilən halları əks etdirən “Müqavilə üzrə öhdəliyin naturada icrası tələbinə dair” məktubla xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, lakin bugünədək müraciətə heç bir cavab verilməmişdir.

3. Göstərilənlərə əsasən iddiaçı hesab etmişdir ki, məsələ məhkəmə qaydasında həll edilməli və cavabdehin üzərinə xx.xx.2021-ci il tarixli, 083003 saylı müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderinin iddiaçıya təqdim edilməsi, habelə yuxarıda göstərilən mənzilin iddiaçıya naturada verilməsi öhdəliyi qoyulmalıdır.

İddiaçının tələbi:

4. xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderinin iddiaçıya təqdim edilməsi, xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 1.1.1-ci bəndində nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzilin iddiaçıya naturada verilməsi və xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 1.1.1-ci bəndində nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun tanınması vəzifələrinin qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderinin iddiaçıya təqdim edilməsi, xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 1.1.1-ci bəndində nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzilin iddiaçıya naturada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 100 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə öz izahatında qeyd etmişdir ki, iddia tələbinin əsasını təşkil edən bütün dəlillər və digər sənədlər məhkəməyə təqdim edilmişdir. İddia tələbini müdafiə edərək məhkəmədən xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderinin iddiaçıya təqdim edilməsi, xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 1.1.1-ci bəndində nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzilin tikintisi başa çatdıqdan sonra iddiaçıya naturada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və 100 manat dövlət rüsumunun və 300 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi (vəkili) iş üzrə qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

9. Cavabdeh "xxxx" MMC-yə mülki işə baxılmasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

10. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 26 iyul 2021-ci il tarixli 083003 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsi, ümumi sahəsi 181 kv.m olan, 83№li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.m üçün 2100 manat təyin edilir və cəmi 181 kv.m sahəsi üçün 380.100 (üç yüz səksən min bir yüz) manat təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil orderi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100 % miqdarında, yəni 380.100 (üç yüz səksən min bir yüz) manat məbləğində ödənilib.

11. 26 iyul 2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən "xxxx" MMC-nin Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbədə, ümumi sahəsi 181 kv.m olan 3 otaqlı 83 saylı mənzilin dəyərini xx.xx.2021-ci il tarixli 083003 saylı müqavilənin şərtlərinə əsasən tam ödəmişdir.

12. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən 23 may 2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində, "xxxx" MMC tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının tikintisinə Xətai rayon İcra Hakimiyyəti tərəfindən 266 nömrəli 31 avqust 2018-ci il tarixli sərəncam və 13 nömrəli 31 avqust 2018-ci il tarixli tikintiyə icazə barədə Xüsusi Nişan təqdim olunmuşdur. Tikinti işləri layihə sənədlərinə uyğun aparılır.

13. Cavabdeh "xxxx" MMC-nin baş direktoru X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı və "xxxx"MMC arasında xx.xx.2021-ci il tarixdə Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yaşayış binasının, 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan, 83 №-li mənzilə dair müqavilə imzalanmışdır. Müqavilənin 4.3. bəndində mənzilin dəyərinin tam ödənilməsi müqavilənin 6.3. bəndi ilə əlaqədardır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3. bəndində qeyd olunmuşdur ki, “Payçı” bu mənzilin dəyərində “İcraçı”nın inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarına tikinti materialları verəcək və inşaat işlərini aparacaqdır. Payçı tərəfindən müqavilədə göstərilən şərtlərə əməl edilmədiyindən, yəni, tikinti materialları verilmədiyindən hazırkı müqaviləyə birtərəfli xitam verilmiş və müqavilə qüvvədən düşmüşdür.

14. Mülki iş materiallarına əlavə edilmiş məktub və xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən müqavilə üzrə öhdəliklərin icrası barədə cavabdeh "xxxx"MMC-yə xəbərdarlıq edilmişdir.

15. Fotoşəkillər və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. 767.2. Podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

20. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahlarını, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

22. İddia tələbinin bir hissəsi xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 1.1.1-ci bəndində nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzilin iddiaçıya naturada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır.

23. Belə ki, mülki iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 26 iyul 2021-ci il tarixli 083003 nömrəli müqavilədən görünür ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə “icraçı” olan cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbəsi, ümumi sahəsi 181 kv.m olan, 83 №li mənzil izolə olunmuş 3 otaqdan ibarət olan payı tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi (Müqavilənin 8.1ci maddəsi), iddiaçı (müqavilə üzrə “payçı”) isə müqavilə üzrə müəyyən edilmiş mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən mənzilin dəyəri 1 kv.m üçün 2100 manat təyin edilir və cəmi 181 kv.m sahəsi üçün 380.100 (üç yüz səksən min bir yüz) manat təşkil edir. Bu müqavilənin ödənişi yalnız kassa mədaxil orderi ilə əsas sayılır. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100 % miqdarında, yəni 380.100 (üç yüz səksən min bir yüz) manat məbləğində ödənilib. (Müqavilənin 4.2, 4.3,) (§10)

24. Eyni zamanda 26 iyul 2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən "xxxx" MMC-nin Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbədə, ümumi sahəsi 181 kv.m olan 3 otaqlı 83 saylı mənzilin dəyərini xx.xx.2021-ci il tarixli 083003 saylı müqavilənin şərtlərinə əsasən tam ödəmişdir. (§11)

25. Cavabdeh "xxxx" MMC-nin baş direktoru X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, İddiaçı və "xxxx"MMC arasında xx.xx.2021-ci il tarixdə Xətai rayonu Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yaşayış binasının, 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan, 83 №-li mənzilə dair müqavilə imzalanmışdır. Müqavilənin 4.3. bəndində mənzilin dəyərinin tam ödənilməsi müqavilənin 6.3. bəndi ilə əlaqədardır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.3. bəndində qeyd olunmuşdur ki, “Payçı” bu mənzilin dəyərində “İcraçı”nın inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarına tikinti materialları verəcək və inşaat işlərini aparacaqdır. Payçı tərəfindən müqavilədə göstərilən şərtlərə əməl edilmədiyindən, yəni, tikinti materialları verilmədiyindən hazırkı müqaviləyə birtərəfli xitam verilmiş və müqavilə qüvvədən düşmüşdür. Məhkəmə cavabdehin bu mövqeyini əsassız sayır.

26. Belə ki, cavbdeh tərəf müqavilənin 6.3.-cü bəndinə istinad edərək iddiaçının pul ödənişindən əlavə olaraq “İcraçı”nın inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarına tikinti materialları verəcəyini və inşaat işlərini aparmalı olduğunu qeyd etsə də, müqavilənin mətnində hansı binaların nəzərdə tutulması, hansı tikinti materiallarının, sayı, keyfiyyəti və digər xüsusiyyətləri ilə bağlı hər hansı şərtə rast gəlinmir, eyni zamanda tikinti işlərini aparmalı olan cavabdehin iddiaçıdan əlavə hansı tikinti işləri aparmalı olduğu müqavilədə nəzərdə tutulmamış, cavabdeh bu məsələyə aydınlıq gətirməmiş, hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bağlanmış 26 iyul 2021-ci il tarixli müqavilənin “Payçının hüquq və vəzifələri” adlanan İİİ hissəsində payçının ”yüksək mərtəbəli yaşayış binalarına tikinti materialları verəməsi və inşaat işlərini aparmalı olduğu” qeyd edilməmişdir. Eyni zamanda iddiaçı tərəfində təqdim edilmiş "xxxx" MMC-nin baş direktoru X1 imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş arayışda iddiaçının müqavilənin şərtlərinə əsasən mənzilin dəyərini tam ödədiyi qeyd edilir.

27. Eyni zamanda MM-nin Məcəllənin 423.2-ci maddəsinə uyğun olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin cavabdeh tərəf iddiaçıya belə bir tələbi göndərməsini, iddiaçının imtina etməsini sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

28. İddiaçı tərəf veridyi izahında bu cür tələbi irəli sürməyə hazırda mövcud olan tikinti şirkətləri ilə mənzil alan şəxslər arasında baş verən məhkəmə mübahisələri, muzdu ödədikdən sonra podratçı şirkətin mənzili təhvil verməməsi, bəzən eyni mənzili bir neçə şəxsə satması hallarının mövcud olması ilə əlaqələndirmişdir. Məhkəmə cabadehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi mövqeyi də nəzərə alaraq iddiaçının bu məsələdəki mövqeyini ağlabatan hesab edir, eyni zamanda iddiaçının tələbi tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci maddəsində nəzərdə tutulur.

29. Məhkəmə mənzilin tikinti başaq çatdıqdan sonra təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini ağlabatan və əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, tikinti işlərinin başa çatması formalaşmış işgüzar adətlərdə müxtəlif cür icra edilir. Bir çox hallarda tikinti işlərinin başa çatdığı vaxt binanın rəsmi qaydada müvafiq dövlət qrumlarında istismara təhvil verilməsi (razılığın alınması və s.) anı ilə üst-üstə düşür, bəzən isə binanın dam örütüyünü vurlulması, qapı-pəncərənin qoyulması, ümumi istifadədə olan ərazidə elektrik naqillərinin, su borularının, kanalizasiya və digər xəttlərin çəkilməsi ilə müvafiq mənzildə, qeyri-yaşayış obyektində daxili təmir işlərinin aparılmasının (daxili interyer, dizayn və s.) mümkünlüyü ilə şərtlənir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı binada tikinti işlərinin davam etdiyi, ilk mərtəbələrdə daxili ağarma işlərinin aparılması, iddiaçının qeyd etdiyi mənzilə pilləkənlə qalxmağın mümkün olduğu müəyyən edilmişdir.

30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderinin iddiaçıya təqdim edilməsi, xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 1.1.1-ci bəndində nəzərdə tutulmuş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzilin iddiaçıya naturada verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.

31. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kassa mədaxil orderinin iddiaçıya verilməsini tələb etməkdə də haqlıdır.

32. Belə ki, 26 iyul 2021-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən "xxxx" MMC-nin Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbədə, ümumi sahəsi 181 kv.m olan 3 otaqlı 83 saylı mənzilin dəyərini xx.xx.2021-ci il tarixli 083003 saylı müqavilənin şərtlərinə əsasən tam ödəmişdir. (§11) Eyni zamanda məhkəmə tərəfindən qəbul edilmiş xx.xx.3024-cü il tarxili sübutların cəlb edilməsinin təmin edilməsi ilə bağlı qərardadla cavabdehdən Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 20-ci mərtəbədə, ümumi sahəsi 181 kv.m olan 3 otaqlı 83 saylı mənzilin hüquqmüəyyənedici sənədləri tələb edilsə də cavabdeh məhkəmənin bu tələbinə məhəl qoymamışdır. Cavabdehin birtərəfli qaydada müqaviləni ləğv etməsi barədə mövqeyi, məhkəməyə heç bir sənəd təqdim etməməsi onun gələcəkdə də iddiaçının hüquqlarının həyata keçirilməsinə suni maneələr yaratması üçün əsasların mövcud olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, müqavilədə və arayışda qeyd edilmiş halın kassa mədaxil orderi verilməklə təsdiq edilməsi cavabdehin öhdəliyi, iddiaçının isə bunu tələb etmək hüququdur.

33. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarını, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməli, xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməli və Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməlidir.

Məhkəmə xərcləri:

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Vəkil xərci üçün ödənilmiş 300 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 36.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. xx.xx.2021-ci il tarixli, 083003 saylı Müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş kassa mədaxil orderi cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin.

3. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra 20-ci mərtəbəsində, ümumi sahəsi 181 kv.m olan 3 (üç) otaqlı 83 saylı mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin.

4. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin.

5. Vəkil xərcinin əvəzi 300 (üç yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin.

6. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.

7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar