Məhkəmə qərarları › İş №e-2(011)-2820/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2820/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2820/2024 10.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2.864 manat əsas məbləğ, dövlət rüsumu üçün ödənilmiş 47 manat pul məbləğinin İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 11 mart 2023-cü il tarixli, 524 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 11 mart 2023-cü il tarixdən 24 aprel 2023-cü il tarixədək günlük 60 manat, ümumilikdə 2.400 manat olmaq şərtiylə icarəyə verilmişdir. Nəqliyyat vasitəsi Cavabdeh1 istifadəsində olan zaman qəza baş vermiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Belə ki, 04 aprel 2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayon, Tbilisi prospektində zəncirvari qəza baş vermişdir. Baş vermiş qəzada “Hyundai Santafe” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücü (mülkiyyətçisi) Cavabdeh2 təqsirli bilinmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş qəzada iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinə dəymiş zərər 6.000 manat məbləğində hesablanmışdır. Qəzada avtomobildən başqa ərazidə yerləşən Qafqaz Otelinə də zərər dəydiyi üçün, "xxxx" ASC tərəfindən proporsional bölgü aparılmış, iddiaçıya 3.136 manat pul vəsaiti ödənilmişdir. Yerdə qalan 2.864 manat pul vəsaiti ödənilməmiş saxlanılmışdır. Cavabdeh1 iddiaçı ilə aralarında bağlanmış 11 mart 2023-cü il tarixli, 524 saylı icarə müqaviləsinə əsasən, Cavabdeh2 isə Mülki Məcəlləyə əsasən dəymiş zərərin ödənilməsinin təmin edilməsi öhdəliyini daşıyır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlərlə əlaqə saxlasalar da, cavabdehlər hər dəfəsində borcun ödənilməsindən yayınmış, borcun ödənilməsi üçün heç bir səy göstərməmişlər. Bu səbəblə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 zərərə görə yaranmış 2.864 manatın və Cavabdeh1 icarə müqaviləsinin 3.8-ci bəndinə əsasən yaranmış 1.176 manat pul məbləğinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 icarəyə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti 11 mart 2024-24 aprel 2024 olaraq müəyyən edilmişdir. Müqaviləyə əsasən, nəqliyyat vasitəsi 23.500 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh nəqliyyat vasitəsindən istifadənin 1 sutkası üçün iddiaçıya 60 manat, toplamda 2.400 manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.8-ci madddəsində qeyd olunmuşdur: Qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1.000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir (sığorta ödənişindən əlavə). İş materiallarından görünür ki, 25 mart 2023-cü il tarixdə “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün 25 aprel 2023-cü il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh1 yol vərəqəsi verilmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 04 aprel 2023-cü il tarixdə Yasamal rayonu, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh2 idarə etdiyi “Hyundai Santafe” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə digər Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-UN- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Cavabdeh1 xəsarət alması səbəbindən polisə müraciət etmiş, Yasamal Rayon Polis İdarəsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh2 hadisəni törətməkdə təqsiri müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surətinin Yasamal RPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Autobox sevice tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli qiymətləndirmə aktına əsasən “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyan 6.000 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, Yasamal rayonu, Tbilisi prospektində baş vermiş qəzada “Hyundai Santafe” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində “Hyundai Santafe” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş 6.000 manat ziyandan 3.136,76 manat "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş aktın surətindən görünür ki, İddiaçı MMC-nin istifadəsində olan “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 aprel 2023-cü il tarixdən 02 may 2023-cü il tarixədək təmirxanada olmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıraq, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 zərərə görə yaranmış 2.864 manatın tutulmasına münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddiasının əsasını iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 04 aprel 2023-cü il tarixdə Cavabdeh2 “Hyundai Santafe” markalı, **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, Tbilisi prospektində hərəkətdə olarkən digər Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçının istifadəsində olan və Cavabdeh1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-UN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 yol-nəqliyyat hadisəsini törətməkdə təqsiri müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh2 məsuliyyət daşıyır. Nə qədər ki, cavabdeh tərəfindən vurulmuş ziyanın bir hissəsi sığorta şirkəti tərəfindən qarşılanıb, hazırkı iddia üzrə Cavabdeh2 yerdə qalan ziyanın əvəzi, yəni 2.864 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin icarə müqaviləsinin 3.8-ci bəndinə əsasən yaranmış 1.176 manat pul məbləğinin Cavabdeh1 alınaraq İddiaçı MMC-yə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırkı məhkəmə araşdırması zamanı avtomobilə ziyanın Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində dəyməsi halı müəyyən edilmir, məhkəmə iddia üzrə tələb olunan vəsaitin sonuncudan tutulmasını qanuni hesab etmir. Belə ki, müqavilədən tərəfin təqsirli olduğu təqdirdə bu vəsaitin tələb edilməsi halı şərtləndirilməsə də qanunun ümumi prinsiplərinə əsasən müqavilədə nəzərdə tutulmuş vəsaitin tələb edilməsi Cavabdeh1 təqsirli hərəkətinin mövcud olması halında qanuni sayılardı. Odur ki, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 2.864 manat məbləğində pul tutulub İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İddiaçı 47 manat ödənilmiş dövlət rüsumunu tələb etsə də iş materiallarından görünür ki, iddiaçı tərəfindən 40.60 manat (27.60 manat və 13 manat) dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 40.60 manat dövlət rüsumunun 28.42 manatı Cavabdeh2 tutulub İddiaçı MMC-yə ödənilməli, qalan 12.18 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 2.864 (iki min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 28.42 (iyirmi səkkiz manat qırx iki qəpik) manatı alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 12.18 (on iki manat on səkkiz qəpik) manatı İddiaçı MMC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar