Məhkəmə qərarları › İş №e-2(011)-2829/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-2829/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2829/2022 07.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı1, onun və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 9 ünvanda 5-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət yaşayış sahəsi 38 kv.m olan 64 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 9 ünvanda 5-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət yaşayış sahəsi 38 kv.m olan 64 saylı mənzilin kirayənişini iddiaçıların ana tərəfdən nənəsi X3muş, həmin mənzilə dair Bakı şəhəri X9 İcraiyyə Komitəsinin mənzil sahələrinin qeydiyyat və bölüşdürülməsi üzrə İdarə tərəfindən 31 mart 1980-ci il tarixli 178589 nömrəli order verilmişdir. Həmin mənzildə kirayənişin də daxil olmaqla 5 nəfərdə qeydiyyatda olmuşdur: X6, anası X7, atası İddiaçı2, Cavabdeh və İddiaçı1. X5 09 avqust 1986-cı il, X7 isə 31 iyul 2017-ci il tarixlərdə vəfat etmişlər. Hazırda həmin mənzildə iddiaçı, onun atası İddiaçı2 və Cavabdeh qeydiyyatdadırlar. İddiaçı atası ilə həmin mənzildə yaşamağa davam edir, lakin cavabdeh 2000-ci ildən mənzildən çıxmış, bir daha mənzilə qayıtmamışdır. Məhkəmə iclasında İddiaçı1, onun və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdilər. Eyni zamanda, məhkəmədə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı tərəf işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X10 öz izahatında bildirdi ki, cavabdeh onun dayısıdır. Cavabdeh onlarla yaşamır. O, dayısını 24 il ərzində bir neçə dəfə görmüşdür. Onlar evlərini satıb Hövsanda ev almışlar. Məhkəmə iclasında şahid qismində çıxış edən Yeganə Əjdər qızı öz izahatında bildirdi ki, iddiaçı onun qonşusudur. Onlar 2-ci mərtəbədə qalırlar. Cavabdeh 1990-cı ildən getmişdir, daha orada yaşamır. O, cavabdehi çox az görmüşdür. Onun eşitdiyinə görə cavabdeh Hövsanda ev alıb orada yaşayır. Məhkəmə iddiaçının, onun etibarnamə üzrə nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 9 ünvanda 5-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət yaşayış sahəsi 38 kv.m olan 64 saylı mənzil 31 mart 1980-ci il tarixli 178589 nömrəli order əsasında iddiaçının nənəsi X2 verilmişdir. Evdokiya Kobıletskaya 09 avqust 1986-cı ildə vəfat etmişdir. Hal-hazırda həmin mənzildə iddiaçılar və cavabdeh qeydiyyatdadırlar. Cavabdeh 2000-ci ildən mübahisəli mənzildən çıxmış və bir daha oraya geri qayıtmamışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 1980-ci ildən yarandığından, hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh 2000-ci ildən mübahisəli yaşayış sahəsində yaşamamış, başqa ünvanlarda yaşamış, 2011-ci ildən isə o, atası İddiaçı2 ona aldığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanda yerləşən 614 saylı bağ evində yaşayır. Cavabdeh 2016-cı il tarixdən Hövsan bələdiyyəsində yerləşdiyi bağ evi üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və həmin ünvanda qeydiyyatsız olaraq yaşayır. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 9 ünvanda yaşayan qonşular Zəminə Quliyeva, Yeganə Əjdər qızı və Eldar Laçinov Cavabdeh 2000-ci il tarixdən etibarən ünvan 2 ünvanında yaşamadığını təsdiq etmişlər. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, göründüyü kimi hazırkı iş üzrə cavabdehin daimi əsaslarla mübahisəli mənzili tərk etməsi və uzun müddət həmin mənzildə yaşamaması halı sübut yetirilir, belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddiaya münasibətdə yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtləri mövcuddur. Məhkəmə mülki iş materiallarını araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib hesab edir ki, Cavabdeh mübahisəli evdən 2000-ci ildən çıxmaqla orada yaşamamış və iddiaçılar ilə ümumi təsərrüfatı birgə idarə etməmişdir. Eyni zamanda, cavabdehin mübahisəli evdən daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçüb getməsi iş materiallarına əlavə edilmiş sübutlar, məhkəmə iclasında tərəflərin izahatları və şahidlərini ifadələri ilə təsdiq edildiyindən iddia ərizəsi təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 9, 64 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar