Məhkəmə qərarları › İş №e-2(011)-2846/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2846/2024

02.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2846/2024 02.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı MTK-nın Cavabdeh1 qarşı dəbbə pulunun ödənilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, müqavilənin ləğv edilməsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia tələbi və ilkin iddianın dəlilləri: İlkin iddia ərizəsi üzrə İddiaçı MTK cavabadeh Cavabdeh1 qarşı Cavabdeh1 mənzilin ümumi dəyərinin 20%-i məbləğində 25800 manat dəbbə pulu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddianın dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında kooperativin ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 6/1 giriş 4-cü mərtəbədə olan 2 otaqlı 8 nömrəli mənzilə dair 27 aprel 2015-ci il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə payçı yəni Cavabdeh1 müqavilə bağlanan gün 10.000 (on min) manat məbləğində ilkin ödəniş edərək qalıq 119.000 (yüz on doqquz min) manat borcu nağd şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bu müddət ərzində heç bir ödəniş etməmişdir. xx.xx.2023-cü il tarixdə isə 10.000 manat ödəniş edərək götürmüş olduğu öhdəliyi tam icra etməmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə borcun ödənilməsi barədə (xx.xx.2023-cü il tarixdə 141 nömrəli,) müraciətlər edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Qeyd edilənlərlə bağlı olaraq Kooperativ tərəfindən Cavabdeh1 arasında 27 aprel 2015-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “Payçı” müqavilə üzrə ödənişi 2 ay gecikdirdikdə, “Payçı”ya xəbərdarlıq edilmədən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Həmin müqavilənin 5.5.-ci bəndinə əsasən müqavilə birtərəfli qaydada pozulduqda mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı tutulur və mənzil boşaldılır. Göründüyü kimi cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi daha əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, qeyd edilən müqavilədə mənzilin dəyəri müəyyən edilməyib, ümumi məbləğ 119000 manat nəzərdə tutulub, Cavabdeh1 müqavilə üzrə 10000 manat ilkin ödəniş edib, xx.xx.2023-cü il tarixdə də 10000 manat ödəniş edib, ümumilikdə 20000 manat ödəniş edilib, qalan məbləğin isə beton məmumaltı ilə əvəzləşdirilməsi nəzərdə tutulub. Həmin dövrdə X11 İddiaçı MTK arasında işgüzar münasibətlər olmuşdur. İlkin ödəniş olaraq 10000 manat ödəniş edildikdəən sonra X11 tərəfindən İddiaçı MTK betonla təmin edilməyib, verdiyi beton saxta çıxıb. X3 ilə olan problem bir neçə il bundan əvvəl Masazır qəsəbəsində inşa edilən binalara verdiyi beton məmulatının keyfiyyətsiz çıxmasından sonra yaranıb. Bununla bağlı şəxslər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində məsuliyyətə cəlb olunub X11 da etiraf edib ki, onunla bağlı şikayəti qəbul edir, razılaşdırılmış həcmdə və keyfiyyətdə beton verilməyib. Bununla bağlı şirkət ziyan çəkib. Qarşılıqlı iddia üzrə iddia tələbi və iddianın dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı iddiaçı ilə "xxxx" MTK arasında olan 27 aprel 2015-ci tarixli müqavilənin ləğv olunması barədə İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının, Cavabdeh1 məxsus həmin mənzilin Cavabdeh2 satılması barədə xx.xx.2024-cü il tarixli, 08 saylı müqavilənin etibarsız hesab edilməsi və 9 il bundan əvvəl dəyərini tam şəkildə ödədiyi mənzilin maliyyə arayışının verilməsi vəzifəsinin İddiaçı Mənzil Tikinti Kooperativinir üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddianın dəlilləri ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət edərək MTK-nın ünvan 2 ünvanda inşa etdiyi yaşayış binasının 6/1 giriş, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 8 nömrəli mənzilinin ümumi dəyərinin 20%-i məbləğində 25800 manat dəbbə pulu məbləğinin Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi və mənzildən iddiaçının və digər şəxslərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK-nm iddia tələblərini əsassız və qanusuz hesab edir. Əvvəla İddiaçı MTK-nın məhkəməyə ünvanladığı iddia ərizəsi maddi hüquq normalarının tələblərinə ziddir və prosesual qanunvericiliyin tələblərinə əməl olunmamaqla tərtib olunmuş və məhkəməyə verilmişdir. Mübahisə predmeti olan mənzil "xxxx" MTK-i ilə aralarında olan razılaşmaya əsasən tikinti zamanı MTK-nı beton məmulatı ilə təchiz edən X7 ayrılmış və Maqsuddan da X13 60000 manata almış və kooperativlə müqavilə əsasında rəsmiləşdirmişdir.Mənzili alandan sonra mənzil Telman tərəfindən tam təmir edilmiş və 2015-ci il tarixdə də Cavabdeh1 X6 "xxxx" MTK-nin razılığı ilə təmirin dəyərinin üzərinə hesablanmaqla 119000 manat qiymətinə almış və mənzilin dəyərini də tam şəkildə 2015-ci il tarixdə ödəyib qurtarmışdır.Tərəflərin razılığı ilə də bu razılaşma "xxxx" ilə Cavabdeh1 arasında olan müqavilə vasitəsi ilə rəsmiləşdirilib. Elə müqavilənin 3.1-ci və 3.2-ci bəndində ödənişin Maqsud-beton vasitəsi ilə ödənilməsi və əvəzləşdirilməsi qeyd olunub. İndiyədək bununla bağlı hər hansı bir mübahisə olmayıb. Keçən müddət ərzində də dəfələrlə kooperativə mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının verilməsini tələb etsə də hər dəfə bir bəhanə ilə arayışın verilməsindən yayınmışlar. Artıq 8 ildir ki, dəyərini tam şəkildə ödədiyi, halal haqqı olan mənzilində yaşayır. İndi üstündən 8 il keçəndən sonra özünü "xxxx" MTK-nın hüquqi varisi kimi təqdim edən İddiaçı MTK-nm Kərimov Maqsud ilə aralarında yaranmış hər hansı problem səbəbindən iddiaçıya qarşı haqqın və qanunvericiliyin tələblərinə zidd olaraq müqavilənin ləğv etməsi, pul tələb etməsi və mənzildən çıxarılmağında bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməsi qanunun tələblərinə uyğundur. Cavabdeh1 bir vətəndaş kimi hüquqları qorunmalı, İddiaçı MTK tərəfindən qarşılıqlı iddiaçı ilə "xxxx" MTK arasında olan 27 aprel 2015-ci tarixli müqavilənin ləğv olunması barədə İddiaçı MTK-nm ümumi yığıncağının qərarı (əgər varsa), Cavabdeh1 məxsus həmin mənzilin Cavabdeh2 satılması barədə xx.xx.2024-cü il tarixli, 08 saylı müqavilə etibarsız hesab olunmalı və 8 il bundan əvvəl koperativin razılığı ilə dəyərini tam şəkildə ödədədiyi mənzilin maliyyə arayışının verilməsi vəzifəsi koperativin üzərinə qoyulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında ilkin iddiaya etiraz edərək məhkəmədən ilkin iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda ilkin iddiaya iddia müddəti tətbiq edilməklə də rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında xx.xx.2015-ci il tarixli, 08 saylı müqaviləyə əsasən “satıcı” ünvan 3 ünvanında 6/1 giriş, 4cü mərtəbəsində yerləşən, ikiotaqlı, 8 saylı mənzili “payçı”ya təhvil verməyi öhdəsinə götürür. “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürür. Mənzilin ödəniş qaydaları “Payçı” tərəfindən müqavilə bağlanan gün X11 ilə ilkin ödəniş edildiyi, “Payçı”-nın hər ay əvəzləşdirilmə ilə ödəniş edəcəyi göstərilmişdir. Müqavilədə son ödəniş tarixi göstərilməmiş, ödənişin nəğd şəkildə həyata keçirilməsi göstərilmişdir. Eyni zamanda müqavilənin imzalandığı gündən qüvvəyə minməsi və mənzilin “Payçı”ya təhvil verilənə qədər qüvvədə olması göstərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağında İddiaçı (Stil-Tikinti MTK hüquqi varisi) ilə Cavabdeh1 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2015-ci il tarixli 8 nömrəli müqavilənin ləğv edilməsi, mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” çıxıldıqdan sonra vəsaitin vətəndaş Cavabdeh1 qaytarılması və Cavabdeh1 kooperativ üzvlüyündən çıxarılması qərara alınmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında xx.xx.2024-cü il tarixli, 08 saylı müqaviləyə əsasən “satıcı” ünvan 3 ünvanında inşa ediləcək 6/1 giriş, 4-cü mərtəbə 8 saylı mənzili “payçı”ya təhvil verməyi öhdəsinə götürür. “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürür. “Payçı” müqavilə bağlanan gün 50000 manat məbləğində ilkin ödəniş etmişdir. “Payçı”nın qalıq borcu 71534 manat, aylıq ödənişi 2981 manatdır. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Beton məhsulunun satışı müqaviləsi”nə əsasən tərəflər razılaşır ki, “Satıcı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Alıcı” isə öz növbəsində “Satıcı” tərəfindən beton məhsulunu qəbul etməsini və dəyərini kooperativə aid binalardan məzillərin verilməsi ilə (əvəzləşdirmə yolu ilə) ödəməyi öhdəsinə götürür. “Alıcı” aldığı malların dəyərini “Satıcı” tərəfindən təqdim olunan hesab-faktura və ya digər sənədlərə uyğun olaraq mal təqdim olunandan sonra "xxxx" MTK-dən verilmiş və ya veriləcək mənzillərin qiymətindən çıxılır. Beton verilmədiyi halda mənzili almış şəxs öz borcunu kreditora şəxsən ödəyir. Əvəzli müqavilədə qiymət nəzərdə tutulmadığı müqavilənin icrası üçün pul müqayisə gələ bilən hallarda oxşar mallar, işlər, mənzillərə və ya xidmətlər üçün alınan (ödənilən günün) qiyməti üzrə ödənilməlidir. Əvəzli müqavilə üzrə “Alıcı” tərəfindən əvvəlcə veriləcək (və ya verilmiş) mənzillərə görə ödəniş beton məhsulu ilə və ya nağd pul ilə aparılacaq. Müqavilə üzrə öhdəlik “Satıcı” tərəfindən öhdəlik yerinə yetirilənəək qüvvədədir (10 ildən artıq olmamaqla). Məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin kommunal xidmət xərcləri Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilində keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşayır. Mənzil sonuncu tərəfindən təmir edilmiş və zəruri avadanlıq və mebel ilə təchiz edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi ifadısində bildirmişdir ki, iddiaçı barədə məlumat var. Cavabdeh1 isə ünvan 3 ünvanında inşa ediləcək 6/1 giriş, 4cü mərtəbə 8 saylı mənzili onlara veriləndə tanımışdır. X11 mənzili ona vermişdi, aralarında razılaşma var idi. X8 Şərur rayonundan tanıyır. X11 mənzili ona vermişdir ki, təmir etdirib ailəsini köçürsün. Ancaq mənzili bəyənməyiblər. Ondan sonra satmağa qərara gəliblər. O mənzili pul verib almamışdır. Mənzilə ilkin ödəniş 10000 manatı X11 ödəmişdir. Qalanın hissə-hissə vermək barədə razılaşıblar. Ondan sonra Allahverdiyev Səmədlə tanış olmuşlar. Allahverdiyev Səməd ev almaq istədiyini bildirəndə o həmin mənzili təklif etmişdir. X11 ilə razılaşmışlar ki, 10 aya pul ödəniləcək. Ancaq ödəniş daha tez, 10 aydan da tez ödənilmişdir. Mənzilin kvadratmetri 700 manat, ümumi qiyməti 60000 manat şirkətlə razılaşdırılmışdır, ümumi qiyməti isə 119000 manat olmuşdur. İlkin ödəniş 40000 manat edilmişdir, qalan pul isə hissə-hissə ödənilmişdir, qalan mebellərin və təmirin pulu isə ona ödənilmişdir. Daha sonra da X2 hazırlayıb mənzili Allahverdiyev Səmədin həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı və ailəsi həmin mənzilə köçmüşdür. Ödənişlər onun iştirakı ilə, tam şəkildə edilmişdir. Pandemiyadan əvvəl Allahverdiyev Səməd ona zəng edərək X11 tərəfindən maliyyə arayışının verilmədiyini bildirmişdir. X11 isə maliyyə arayışının veriləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh1 həyat yoldaşıdır. Qeyd edilən mənzillə bağlı Cavabdeh1 İddiaçı MTK və X11 müqavilə imzalamışdır. Cavabdeh1 hər ay ödənişi X7 etməli idi, X11 beton verməli idi. Elə həmin il mənzilin dəyəri X11 vasitəsilə MTK-ya ödənilib. Beton verilib, tikinti yekunlaşıb, onlar artıq 8 ildir ki, həmin mənzildə yaşayırlar, heç bir problem olmayıb. Lakin mənzillə bağlı maliyyə arayışı verilməyib. Bununla bağlı İddiaçı MTK-ya müraciət edəndə pulun tam ödənilmədiyi bildirilmişdir. 2015-ci ildən mənzil onlara təhvil verilib, mənzildə yaşayıb, kommunal xidmətlərə görə ödənişləri ediblər. Lakin heç bir problem olmayıb, ola bilər ki, X11 İddiaçı MTK arasında başqa bir bina ilə bağlı problem olub. Mənzilin təmirsiz qiyməti 60000 manat olub, ümumilikdə isə 119000 manat ödənilib. X1 şahidliyi ilə X7 edilib. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı MTK "xxxx" MTK-nın hüquqi varisidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Konstitusiyasi Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 324. Əqd anlayışı və onun növləri Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə ilkin iddiaya qiymət verərək qeyd edir ki, mülki işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6/1 giriş 4-cü mərtəbədə olan 2 otaqlı 8 nömrəli mənzillə bağlı 27 aprel 2015-ci il tarixdə Cavabdeh1 ilə İddiaçı MTK arasında kooperativ mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Qeyd edilən müqavilədə mənzilin dəyəri üzrə ödəniş qaydasının X11 tərəfindən beton məmulatı ilə əvəzləşdirilməsi nəzərdə tutulmuş, lakin müqavilə üzrə ödənilməli olan ilkin və sonrakı ödənişlər, ödənişlərin müddətləri, mənzilin ümumi dəyəri hər hansı məlumat qeyd edilməmişdir. Buna baxmayaraq, mənzilin əvəzində nə qədər beton məhsunun verilməsi də qeyd edilməmişdir. Digər tərəfdən işin hallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, Cavabdeh1 tərəfindən mənzilin dəyərindən ilkin olaraq 10000 manat İddiaçı MTK-ya, 119000 manat X7 ödənilmiş, sözügedən mənzil Cavabdeh1 təhvil verilmiş, onun tərəfindən təmir edilmiş, mebel avadanlıqlarla təchiz edilərək sonuncu 2015-ci ildən həmin mənzildə ailəsi ilə birlikdə yaşamışdır. Mənzilin dəyəri üçün X11 tərəfindən əvəzləşdirilməli olan beton məmulatının həcmi, ödənişlərin məbləği və müddətləri ilə bağlı məsələlərin aydınlaşdırılması məqsədilə məhkəmə tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinə dəfələrlə yazılı və şifahi sorğular göndərilmiş, lakin məhkəməyə bu məlumatları əks etdirən hər hansı sənəd təqdim edilməmişdir. Göründüyü kimi, İddiaçı MTK iddiasını “Payçı” Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməməsi ilə əsaslandırsa da, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, ilkin iddiaçının nümayəndəsinin məhkəmə iclasında hazırki mübahisənin X11 tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinə təqdim edilmiş beton məmulatının keyfiyyəti ilə bağlı yarandığını etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh1 qarşı Cavabdeh1 mənzilin ümumi dəyərinin 20%-i məbləğində 25800 manat dəbbə pulu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması tələbinə dair iddiası sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia eyni zamanda iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, göründüyü kimi, İddiaçı MTK ilə Cavabdeh1 arasında kooperativin ünvan 1 ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 6/1 giriş 4-cü mərtəbədə olan 2 otaqlı 8 nömrəli mənzilə dair müqavilə 27 aprel 2015-ci il tarixdə bağlanmışdır. Müqavilədə ödənişlərin nə vaxt edilməli olduğu qeyd edilməmiş, müqavilənin mənzilin “Payçı”ya təhvil verilənə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin nə vaxt edilməsi olması müəyyən edilmədiyindən hazırki iddia üzrə iddia müddətinin axımı mübahisəli mənzilin iddiaçıya təhvil verildiyi vaxtdan yəni, 2015-ci il tarixdən başlanmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativi pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə 9 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixində üç illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bununla da ilkin iddiaçı tələbi üzrə qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan ilkin iddia üzrə cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, ilkin iddia tələbi də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın Cavabdeh1 ilə "xxxx" MTK arasında olan 27 aprel 2015ci tarixli müqavilənin ləğv olunması barədə İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 2015-ci ildən ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. İddiaçı MTK isə mənzil Cavabdeh1 sahibliyində və istifadəsində olmasına baxmayaraq qeyri müəyyən dəlillərə istinad edərək mənzillə bağlı Cavabdeh1 ilə imzalanmış 27 aprel 2015-ci tarixli müqavilənin ləğv olunması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edərək mənzili üçüncü şəxs Cavabdeh2 satmışdır. İddiaçı MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6/1 giriş 4-cü mərtəbədə olan 2 otaqlı 8 nömrəli mənzilə dair xx.xx.2024-cü il tarixli müqavilə Cavabdeh1 və onun ailə üzvlərinin əsassız olaraq əmlakından və yaşayış yerindən məhrum edilməsinə gətirib çıxarır. Məhkəmə hesab edir ki, bu cür yanaşma vicdanlılıq anlayışına ziddir və aşkar ədalətsizliyə səbəb olacaqdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021 il 17 sentyabr tarixli qərarına istinadən qeyd edir ki, vicdanlılıq institutu mülki hüququnun təməl prinsiplərindən olmaqla dürüstlükk kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olmalı ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Yuxarıda göstərilən qanunvericlik normalarına və mülki işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil 2015-ci ildən Cavabdeh1 sahibliyində və istifadəsində olduğu, eyni zamanda mənzilin dəyərinin ödənilməsi barədə məsələnin X11 ilə İddiaçı MTK arasında beton məmulatının keyfiyyətinə dair mübahisə yarandıqdan sonra əmələ gəldiyi, mənzildə hələ də, Cavabdeh1 və onun ailə üzvləri yaşadığı halda onunla bağlanmış müqavilənin ləğv olunması barədə İddiaçı MTK tərəfindən xx.xx.2023-cü il tarixdə ümumi yığıncaqda qərarın verilməsi hüquqdan sui-istifadə halı yaradır və qəbul edilmiş qərar etibarsızdır. Məhkəmə qarşılıqlı iddiaının Cavabdeh2 ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08 saylı müqavilənin etibarsız hesab edilməsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məlum olduğu kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Əqd oz zaman uydurma hesab edilir ki, əqdi bağlayanlar ona uyğun heç bir hüquqi nəticə, yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan həmin əqdi bağlamış olsun və bu əqdin bağlanılmasında məqsəd başqalarını aldatmaq olsun. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında olan 27 aprel 2015-ci tarixli müqavilə əsasında Cavabdeh1 məxsus mənzilə dair Cavabdeh2 ilə İddiaçı MTK arasında xx.xx.2024-cü il tarixli, 08 saylı müqavilə qanunvericliyin tələblərinə zidd olaraq bağlanmışdır. Tərəflər arasında mənzillə bağlı mübahisənin mövcud olması, eyni zamanda Cavabdeh2 tərəfindən mənzilə baxış keçirilmədiyi, müqavilənin bağlandığı tarixdən sonra da mənzillə maraqlanmadığı ona dəlalət edir ki, qeyd edilən müqavilə müqavilə tərəfləri arasında hüquq və öhdəlik yaratmaq niyyəti olmadan bağlanmışdır və uydurma əqd kimi qiymətləndirilməlidir. Odur ki, İddiaçı MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6/1 giriş 4-cü mərtəbədə olan 2 otaqlı 8 nömrəli mənzilə dair bağlanmış xx.xx.2024-cü il tarixli, 08 saylı müqavilə etibarsız hesab edilməlidir. Məhkəmə qarşılıqlı iddianın Cavabdeh1 9 il bundan əvvəl dəyərini tam şəkildə ödədiyi mənzilin maliyyə arayışının verilməsi vəzifəsinin İddiaçı Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh1 ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6/1 giriş 4-cü mərtəbədə olan 2 otaqlı 8 nömrəli mənzilin dəyərinin tam şəkildə ödənildiyinə istinad etsə də, tərəflər arasında bağlanmış müqavilədə mənzilin dəyəri, hansı məbləğdə ödəniş edildiyi, hansı məbləğdə ödənişlərin qaldığı qeyd edilməmişdir. Eyni zamanda tərəflər müqavilədə mənzilin dəyərinin X11 tərəfindən verilmiş beton məmulatı ilə əvəzləşdirilməsi barədə razılaşsalar da, X11 tərəfindən hansı həcmdə beton məmulatının verilməli olması barədə də hər hansı məlumatlar qeyd edilməmişdir. Odur ki, qarşılıqlı iddia Cavabdeh1 9 il bundan əvvəl dəyərini tam şəkildə ödədiyi mənzilin maliyyə arayışının verilməsi vəzifəsinin İddiaçı Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması tələbinə dair hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İlkin iddia üzrə İddiaçı MTK-nın cavabadeh Cavabdeh1 qarşı Cavabdeh1 mənzilin ümumi dəyərinin 20%-i məbləğində 25800 manat dəbbə pulu məbləğinin tutulub kooperativə ödənilməsi və həmin mənzildən cavabdeh və digər şəxslərin çıxarılması tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" MTK arasında olan 27 aprel 2015-ci tarixli müqavilənin ləğv olunması barədə İddiaçı MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı etibarsız hesab edilsin. İddiaçı MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 6/1 giriş 4-cü mərtəbədə olan 2 otaqlı 8 nömrəli mənzilə dair bağlanmış xx.xx.2024-cü il tarixli, 08 saylı müqavilə etibarsız hesab edilsin. Qarşıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Abbasova Əminə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar