Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-285/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Chevrolet Nexia” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh təqsiri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS” Avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 4031 manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili “RS” Avtoservisdə 4031 manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınmasını mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 8 avqust 2022-ci il tarixli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyə borcludur. İddiaçı iddia tələbini AR Mülki Məcəllənin 21, 385, 442, 443, 448, 1096, 1097, 1108, 1115ci maddələrinə əsaslanaraq, göstərilənləri nəzərə alaraq, Cavabdeh 4031 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 60,31 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, cavabdeh avtomobili vaxtlı-vaxtında texniki baxışa aparmamış, avtomobil cavabdehdən təhvil alınmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, avtomobili iddiaçıdan yox, işçilərindən götürmüşdür. Cavabdeh avtomobili götürəndə qüsur var idi. Avtomobili götürən zaman 1000 manat depozit ödəmişdir. Onların şərtlərinə görə əgər avtomobili 3 ay ərzində geri qaytarsa qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur, 3 aydan sonra geri qaytarsa 500 manat qaytarılır, qalan 500 manata maşına dəymiş zərərlər çıxılır, qalan məbləğ qaytarılır. Avtomobil 2-3 ay onun istifadəsində olmuş, heç vaxt qəza törətməmiş, hər ay texniki baxışa aparmış, cəmi 1 həftə əməliyyat olduğuna görə avtomobil həyətində olmuş, istifadə etməmiş və həftəlik haqqı ödəməmişdir. Bir neçə şəxs cavabdehin evinə gələrək avtomobili götürmüşdür. Məhkəmə tərəflərin çıxışını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəyə götürən Cavabdeh arasında 08 avqust 2022-ci il tarixli İcarə müqaviləsindən görünür ki, “Chevrolet Nexia” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil gündəlik 21 manat plan verməklə, 60 ay müddətinə etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, İddiaçı “Chevrolet Nexia” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 10 dekabr 2025-ci il tarixədək idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış 08 avqust 2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh avtomobil icarəsinə görə 1000 manat depozit qoymuşdur, əgər avtomobili 3 ay ərzində geri qaytarsa qoyduğu depoziti tələb etməyə heç bir hüququ yoxdur. Əgər avtomobili 3 aydan sonra geri qaytarsa 500 manat qaytarılır, qalan 500 manata maşına dəymiş zərərlər çıxılır, qalan məbləğ qaytarılır. İş materiallarında olan “RS” Avtoservis tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Chevrolet Nexia” minik markalı, **- DS-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil 4031 manat dəymiş ziyan hesablanmışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-nin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış İcarə müqaviləsinə əsasən “Chevrolet Nexia” minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil gündəlik 21 manat plan verməklə, 60 ay müddətinə etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. İddiaçı hazırda Cavabdeh təqsiri nəticəsində avtomobilə 4031 manat məbləğində maddi ziyan dəydiyini iddia edərək, həmin pul vəsaitinin cavabdehdən tutularaq, ona ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “RS” Avtoservis tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair aktda tarix qeyd edilməmişdir. İddiaçı avtomobildə qüsurların hansı tarixdə və hansı səbəblərdən yaranması, həmçinin həmin qüsurların cavabdehin təqsiri üzündən yaranması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 60,31 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-285/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-285/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver