Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2934/2025 17.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X1 qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün "xxxx" MMC -yə dəyən zərərə görə 11716 manat və 125.20 manat məbləğində rüsumun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən Cəmiyyət ünvan 2 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cəmiyyət mənzili alıcıya təhvil vermişdir. Müqaviləyə 1 №- li əlavəyə əsasən sözügedən mənzilin dəyəri 174104 manat müəyyən edilmiş və alıcı ilkin olaraq 20000 manat ödəniş etmiş, 154104 manat borcu qalmışdır. Müqaviləyə 1 №-li əlavəyə əsasən alıcı hər ay 8562 manat, sonuncu ay isə 8560 manat olmaqla 154104 manat məbləği 20 oktyabr 2022- ci il tarixədək Cəmiyyətə ödəməli idi. Alıcı 1 №-li əlavəyə əsasən 4 ay vaxtında ödənişləri etmiş, sonra isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək ödənişləri aparmamışdır. 10 avqust 2022-ci ildə yalnız 1 dəfə 13700 manat olmaqla ilkin ödənişlə birlikdə cəmi 68200 manat məbləğində ödəniş etmişdir. Bu müddət ərzində 105904 manat məbləğində qalan borcun ödənilməsi barədə ona 5 dəfə yazılı bildiriş göndərilsə də o heç bir əsas gətirmədən həmin borcu ödəməkdən imtina etmiş və bununla da "xxxx" MMC-yə zərər vurmuşdur. Məhkəmə tərəfindən qanuni qüvvəyə minən məhkəmə qətnaməsini icra etmədiyi üçün inzibati və cinayət məsuliyyəti barədə rəsmi şəkildə Nizami rayon icra şöbəsi tərəfindən xəbərdar edildikdən sonra cavabdeh 105904 manat məbləğində borcu 8 yanvar 2025-ci il tarixdən iki dəfəyə hissi -hissə ödəyib. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki sahəsi 124,36 kv.m olan 56 nömrəli mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulan müddətdə, yəni 20 oktyabr 2022-ci il tarixində yerinə yetirmədiyi üçün "xxxx" MMC - yə dəyən zərərə görə 20 aprel 2022- ci il tarixdən 7 yanvar 2025 - ci il tarixədək olan iki il iki ay 17 gün ( cəmi 808 gün) müddətdə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bu halda, 105904 manatın illik beş faizi 5295 manat, günlük 14.50 manat olmaqla iki il iki ay 17 gün üçün borc (14.50 manat X 808 gün) 11716 məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidr. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan 20 aprel 2021-ci il tarixli müqavilədən görünür ki, Cəmiyyət ünvan 1 ünvanında yerləşən 4 saylı binanın 9-cu mərtəbəsindəki yaşayış sahəsi 68,74 m2 , satış sahəsi 124,36 m2 olan 56 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 20 aprel 2021-ci il tarixli müqaviləyə 1 nömrəli əlavə olan ödəniş tapşırığından görünür ki, mənzilin dəyəri 174104 manat, ilkin ödəniş 20000 manat, qalıq borc 154104 manatdır. Alıcı 18 ay müddətində hər ayın 20-dən gec olmayaraq 8562 manat, sonuncu ay 8550 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməlidir. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 aprel 2021-ci il tarixli müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi, 20 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyinə görə Cavabdeh 88282 manat məbləğində cərimənin və 355 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmamasına dair maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, ilkin iddiaının rədd edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli müqaviləyə əsasən mənzilə dair 105904 manat məbləğində ödənişin qəbul edilməsi və həmin mənzilə dair borcun olmaması haqqında maliyyə arayışının verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, ... məhkəmə belə qənaətə gəlir ki, 1 nömrəli əlavə olan ödəniş tapşırığına əsasən qrafik üzrə müəyyən müddət gecikmələr etdiyinə görə Cavabdeh cəriməni ödəməlidir. Lakin ilk iddia tələbində qeyd olunan 88282 manat məbləğ tənasübsüz yüksəkdir. Vicdanlılıq prinsipi və gecikmənin üzürsüz səbəbdən olmaması baxımından cərimə azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5674/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC xx.xx.2025-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu tərəfindən gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etdiyindən, mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsi tətbiq edilməlidir. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2021-ci il tarixində bağlansa da, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan xx.xx.2025-ci il tarixində istifadə etdiyindən və gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi ilə bağlı mübahisə həmin tarixdə yarandığından mübahisəyə Mülki Məcəllənin 445.7-ci maddəsinin hazırda qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd edilən iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə 1 nömrəli əlavədə alıcının hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 1 faizi məbləğində cərimə ödəməsi nəzərdə tutulmuş, "xxxx" MMC 1 nömrəli əlavəyə istinad edərək Cavabdeh 88282 manat məbləğində cərimənin ödənilməsini tələb etmiş və Nizami Rayon Məhkəməsinin 2(007)-561/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 1000 manat məbləğində cərimənin alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun gecikdirilməsi üçün ayrıca qayda müəyən edildiyindən və "xxxx" MMC-nin həmin müqavilə şərtinə uyğun olaraq gecikdirilmiş məbləğə görə cərimə ödənilməsi ilə bağlı tələbi qanuni qüvvədə olan məhkəmə aktı ilə həll edildiyindən, iddiaçı "xxxx" MMC-nin yenidən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanaraq Cavabdeh öhdəliyi vaxtında yerinə yetirmədiyi üçün "xxxx" MMC-yə 11716 manatın ödənilməsi ilə bağlı iddia tələbinin icraata qəbulundan iddianın yolverməzliyinə görə imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2, 153.3-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Qara Qarayev filialında dövlət rüsumu kimi ödənilmiş 126 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Məsimli
Məhkəmə qərarları › İş №e-2(011)-2934/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2934/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver