Məhkəmə qərarları › İş №e-2(011)-2952/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2952/2024

16.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2952/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətin naturada bölünməsi, açıq hərracda satılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilin naturada bölünməsi, naturada bölgü mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin payçılar Cavabdeh3, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında paylarına mütənasib qaydada bərabər bölünməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-2952/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi “naturada bölgü mümkün olmadıqda həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin payçılar Cavabdeh3, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında paylarına mütənasib qaydada bərabər bölünməsi” hissədə baxılmamış saxlanmışdır. Məhkəmə iclasında iştiarak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzili Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 20 oktyabr 2023-cü il tarixli məktubuna əsasən 1/8 hissədə Cavabdeh3, 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh1 paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair tərəflər arasında razılıq əldə edilməmişdir, belə ki, iddiaçı tərəfindən təklif və bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən müraciətinə müsbət cavab alınmamışdır. Onlardan cavabın verilməməsi süründürməçilik olmaqla onun paylı mülkiyyətinə olan hüquqlarının məhdudlaşdırılması xarakteri daşıyır. Sonda Vəkil iddia tələbinin tam həcmdə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi “Texniki Pasport”un surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin hüquq subyekti, Əminə Axundovadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil üzrə Cavabdeh3nin 1/8 hissə, İddiaçı 5/8 hissə, Cavabdeh2 1/8 hissə, Cavabdeh1 1/8 hissədə payları qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbzdən görünür ki, İddiaçı tərəfindən cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2421 saylı xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun şəkildə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil 1/8 hissədə Cavabdeh3, 5/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə Cavabdeh1 məxsusdur, həmin mənzilin naturada ayrılması barədə tərəflər arasında mübahisə mövcuddur, payın ayrılması üsulu və şərtləri haqqında məhkəmədən kənar qaydada tərəflər arasında razılıq əldə edilməmişdir. Məhkəmə, ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək qeyd edir ki, həmin rəy sübut kimi qəbul edilməli, mənzilin paylara uyğun olaraq naturada ayrılması məsələsinin həllində ekspertin gəldiyi nəticə nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ekspertin gəldiyi nəticəyə görə mənzilin texniki cəhətdən ayrılması mümkün olmadığından, iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən, ...fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər..., əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Həmçinin həmin Qərarda qeyd edilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, bina 25, 16 saylı mənzilin natura şəklində ayrılması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, bina 25, 16 saylı mənzilin natura şəklində ayrılması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (yüz əlli) manat pul məbləği İddiaçı alınaraq dövlət büdcəsinə (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar