Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2986/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17 noyabr 2012-ci il təvəllüdlü X3, 20 aprel 2014-cü il təvəllüdlü X2 və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər valideynləri ilə birlikdə atasının mülkiyyətində olmuş ünvan 1 ünvanında yaşamışdır. 2011-ci ilin aprel ayında iddiaçının atası sözügedən mənzili satdıqdan sonra Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilini almışdır. Valideynləri yaşlı olduğuna görə yeni alınmış mənzili iddiaçının adına rəsmiləşdirmişlər. İddiaçı cavabdeh ilə 11 noyabr 2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. 2012-ci ilin fevral ayında iddiaçı cavabdehi mülkiyyətində olan mənzilə qeydiyyata aldırmışdır. Tərəflərin birgə nikahından 17 noyabr 2012ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Tərəflər evliliklərinin ilk vaxtlarında mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında mübahisələr yaranmağa başlamış, bu səbəbdən cavabdeh uşaqları da götürərək evi tərk etmişdir. Cavabdeh son dəfə 22 iyun 2020-ci il tarixdə övladları ilə birlikdə yaşadıqları mənzili tərk edərək atası evinə getmiş, bir daha geri qayıtmamışdır. Lakin cavabdehə məxsus cehiz əşyaları: 1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)-633/2021 saylı qətnaməsinə əsasən tərəflərin arasındakı nikah pozulmuşdur. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin mübahisə olunmayan halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh 11 noyabr 2011-ci ildə ailə həyatı qurmuşlar, onların birgə nikahından 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 09 aprel 2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, mənzil 15 İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, mənzil 15 iddiaçının mülkiyyətindədir, cavabdeh iddiaçının keçmiş arvadı olmaqla mülkiyyətçinin (iddiaçının) ailə üzvü deyildir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)-1023/2021 saylı qətnaməsi ilə Cavabdeh, 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X1 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(011)-633/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsaslanaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tərəflər arasında rəsmi nikah pozulduğundan, cavabdehin mübahisəli mənzillə bağlı istifadə hüququ mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Cavabdehin məhkəmə qətnaməsi ilə istinad edilən mənzilə istifadə hüququnun olması müəyyən edilmiş olsa da, həmin qətnamənin qanuni qüvvəsini almasından sonra tərəflər arasında nikah münasibətlərinə xitam verilmiş və cavabdehin istifadə hüququnun tanınmasına əsas olan hal aradan qalxmışdır. Belə ki, cavabdeh artıq iddiaçının ailə üzvü deyildir. Belə olan halda cavabdehin hər hansı hüququnun mövcud olmadığı üçün iddiaçıya məxsus mənzildən çıxmaması iddiaçının mülkiyyətçi kimi hüquqların pozur. Odur ki, iddiaçı cavabdehin azyaşlı uşaqları ilə və əşyaları ilə birlikdə ona məxsus evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin azyaşlı uşaqlarının mənzildən çıxarılması hissəsinə qiymət verərək belə hesab edir ki, birgə nikahdan doğulmuş 17 noyabr 2012-ci il təvəllüdlü X3 və 20 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz anaları iş üzrə cavabdeh mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlar da cavabdeh ilə birlikdə mübahisəli mənzildən çıxarılmalıdırlar. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin həmin evdən çıxmaması və orada əşyalarının qalması iddiaçının mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi təmin edilməli, Cavabdeh 17 noyabr 2012-ci il təvəllüdlü X3, 20 aprel 2014-cü il təvəllüdlü X2 və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh azyaşlı uşaqları 17 noyabr 2012-ci il təvəllüdlü X3, 20 aprel 2014-cü il təvəllüdlü X2 ilə və cehiz əşyaları (1 ədəd çarpayı (taxt), 1 ədəd paltar dolabı, 1 ədəd kamot, 2 ədəd tumba, 2 ədəd servant, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal stolu, 1 dəst stol-stul, 1 ədəd divan, 2 ədəd kreslo) ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2986/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2986/2022
24.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver