Məhkəmə qərarları › İş №e-2(011)-2991/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2991/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2991/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 07 may 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat pulun ödənilməsi və cavabdehin ona məxsus ünvan 1 ünvanında inşa edilən 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 137.23 kv.m (zirzəmi hissəsi 168.08 kv.m) olan hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 07 may 2018ci il tarixində bağlanmış ilkin icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında inşa edilən 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 99.25 kv.m (zirzəmi hissəsi 89.62 kv.m) qeyri-yaşayış sahəsinin cavabdehə icarəyə verilməsi nəzərdə tutulmuşdur. Həmin qeyriyaşayış sahəsinin 137.23 kv.m (zirzəmi hissəsi 168.08 kv.m) hissəsinin isə sözügedən icarə müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulmadığından aralarındakı icarə münasibətlərinin əhatə dairəsinə daxil deyildir. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında inşa edilən 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 137.23 kv.m (zirzəmi hissəsi 168.08 kv.m) hissəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən istifadəsi hüquqaziddir, qanunsuzdur və heç bir əsası yoxdur. İddiaçı tərəfindən cavabdehə 13 mart 2023-cü il tarixdə xəbərdarlıq göndərilərək icarə müqaviləsinin 10 təqvim günü ərzində ləğv edilməsi və qeyri-yaşayış sahəsindən çıxmaq, əks təqdirdə eyni tələblərlə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh göndərilən xəbərdarlığa heç bir münasibət bildirməyərək öhdəliklərini icra etməməkdə davam etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehin arasında bağlanmış icarə müqaviləsinə əsasən 07 may 2018-ci il tarixdən indiyədək 137.23 kv.m (zirzəmi hissəsi 168.08 kv.m) qeyri-yaşayış sahəsindən əldə edilməli olan 177.000 manat təşkil edən əldən çıxmış gəlir və ödənilmiş 467 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı izahat verərək qeyd etmişdir ki, istinad olunan qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermiş, faktiki olaraq icarə haqqı 3.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəf bilərəkdən müqavilədə icarə haqqının 200 manat olduğunu qeyd etmişlər. Hazırda onun əmlakının böyük bir mağaza şəbəkəsi tərəfindən icarəyə götürülməsi təklif olunduğundan o, icarə müqaviləsinə xitam verilməsini və cavabdehin əmlakından çıxaırlmasını istədiyini bildirmişdir. Eyni zamanda iddiaçı bildirmişdir ki, cavabdeh məhkəməyə iddia ilə müraciət edilənə qədər icarə haqqını tam şəkildə ona ödəmişdir. Cavabdehin etibarnamə etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək iddia tələbini qismən qəbul etdiyini, əmlakın hazırda boşaldıldığını bildirərək müqavilənin ləğvi və əldən çıxmış faydanın ödənilməsi hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 07 may 2018-ci il tarixində iddiaçı ilə cavabdeh arasında ilkin icarə müqaviləsi bağlanmış, iddiaçı ünvan 1 ünvanında inşa edilən 7 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 99.25 kv.m (zirzəmi hissəsi 89.62 kv.metr) olan qeyri-yaşayış sahəsini cavabdehə aylıq 200 manata icarəyə vermişdir. İcarə münasibətlərinin 05 dekabr 2023-cü il tarixədək davam etməsi barədə tərəflər arasında razılıq olmuşdur. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinin ləğv edilməsini, cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılmasını və əldən çıxmış fayda olaraq 177.000 manat və ödənilmiş 467 manat rüsumun cavabdehdən tutulmasını xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 1-ci bəndinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuşdur. İcarə müqaviləsi tərəflər arasında 07 may 2018-ci il tarixdə bağlanmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı izahatında qeyd etsə də ki, əmlakın 99.25 kv.metrdən (zirzəmi hissəsi 89.62 kv.metr) ibarət olan hissəsinə dair müqavilə bağlanmış və məhz bu hissə icarəyə verilmişdir, faktiki olaraq əmlak bütövlükdə cavabdehə icarəyə verilmişdir. Belə ki, bu müddət ərzində iddiaçının cavabdehə hər hansı etiraz bildirməsi, cavabdeh tərəfindən istifadə edilən digər 137.23 kv.m (zirzəmi hissəsi 168.08 kv.m) qeyriyaşayış sahəsindən istifadəsinə maneə törədilməsi və əmlakın boşaldılmasının tələb edilməsi halları aşkar edilməmişdir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyriyaşayış sahəsi müqavilədə 99.25 kv.metrdən (zirzəmi hissəsi 89.62 kv.metr) ibarət olan hissəsinin icarəyə verilməsi razılaşdırılsa da bütövlükdə cavabdehin istifadəsinə verilmişdir və cavabdeh bu müddət ərzində istifadəsində olan əmlakın icarə haqqını iddiaçıya ödəmişdir. İddiaçı formal olaraq müqavilədə icarə haqqının 200 manat olmasını qeyd etsə də bununla bağlı cavabdehə hər hanası etirazını bildirməmiş, müqaviləyə düzəliş edilməsini tələb etməmişdir. Məhkəmədə işin gedişatı zamanı cavabdeh əmlakı boşaldaraq iddiaçıya təhvil vermişdir. Yuxarıda istinad olunanlara əsasən məhkəmə qeyd edir ki, tərəflər könüllü olaraq müqavilə üzrə öhdəliklərini icra etmək niyyətinin olmadığını nümayiş etdirməklə faktiki olaraq aralarında olan icarə müqaviləsini qüvvədən salmışlar. Odur ki, istinad olunanlara əsasən icarə müqaviləsi vaxtından əvvəl ləğv edilməlidir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh icarəyə götürdüyü sahəni boşaltdığından tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Odur ki, iddia tələbi cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində rədd edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin əldən çıxış faydanın tutulması hissəsinə qiymət verərək qeyd edir ki, real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Belə ki, iddiaçı keçirilmiş məhkəmə iclaslarının birində verdiyi izahatda qeyd etmişdir ki, cavabdehin ona icarə haqqı üzrə işə məhkəmədə baxılmağa başlanana qədər hər hansı borcu olmamışdır. Əldə çıxmış faydanın tələb edilməsinin əsası olaraq qeyriyaşayış sahəsinin bütövlükdə deyil, bir hissəsinin, yəni 99.25 kv.m (zirzəmi hissəsi 89.62 kv.metr) olan hissəsinin icarəyə verilməsi qeyd edilmiş, digər hissənin, yəni 137.23 kv.m (zirzəmi hissəsi 168.08 kv.m) olan sahənin istifadəsinə görə hər hansı ödənişin aparılmadığı qeyd edilərək illər ərzində icarə haqqı olaraq bu sahədən istifadə üçün vəsait hesablanıb tələb edilmişdir. Halbuki araşdırma zamanı müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı cavabdehə icarə haqqının qaldırılması, cavabdehin istifadəsində olan sahənin nəzərə alınaraq yenidən qiymətin hesablanması ilə bağlı hər hansı cəhdlər edilməmiş, edilmişsə belə buna dəlalət edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə onu da qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Odur ki, məhkəmə iddia tələbinin əldən çıxış faydanın tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı könüllü olaraq özünə məxsus sahəni cavabdehin istifadəsinə verməklə ondan aldığı vəsaitlə kifayətlənmiş və hər hansı tələb irəli sürməmişdir. İstinad olunanlara əsasən məhkəmə iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsinin də rədd edilməsi qənaətinə gəlir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 567 (100+467=567) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 567 manat dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 517 manatı isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 07 may 2018-ci il tarixdə bağlanmış ilkin icarə müqaviləsi ləğv edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 567 (beş yüz altmış yeddi) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan 517 (beş yüz on yeddi) manatı isə iddiaçının özünə aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar