Məhkəmə qərarları › İş №e-2(011)-3001/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3001/2025

22.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3001/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki falları:

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçı cavabdehin Ağsu Regional qaz istismar İdarəsinin Hüquq şöbəsinə 15-ci dərəcəli rəis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli əmrə əsasən iddiaçı cavabdehin İdarəetmə aparatının X1 iş üzrə şöbəsinin 15-ci dərəcəli rəis müavini vəzifəsinə keçiilmişdir. Daha sonra, cavabdehin adının dəyişdirilməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə iddiçı ilə yenidən əmək müqaviləsi bağlanaraq o, Hüquq depatametinin böyük hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Sonuncu əmək müqaviləsinə əsasən iddiaçıya 2661.49 manat əmək haqqı müəyyən edilmişdir.

2. Cavabdehin xx.xx.2015-ci tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsi ilə ( İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər), iddiaçının ərizəsinə əsasən xitam verilmişdir.

3. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14-29ə saylı, xx.xx.2012-ci il tarixli Əmr-Qərarı qəbul edilmiş, onun 1-ci bəndinə göstərilmişdir ki, istehsalat-təsərrüfat prosesinin normal fəaliyyətinə xələl gətirmədən Şirkətin müəssisə və təşkilatları üzrə ştat vahidlərinin mütərəqqi nomativlər hesabına təkmilləşdirilməsi və işcilin say tərkibinin optillaşdırlması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinəticəsində ARDNŞ-nin qurumlarında (və ya onların struktur bölmələrində) kütləvi sayda səbəstləşən, qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələrinə xitam verilmiş şəxslərə tərəflərin tərəflərin razılığı ilə ARDNŞ-nin qərarı əsasında müstəsna hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinıtin ödənilməsi müəyyən edilə bilər. Həmçinin, cavabdehlə Cavabdeh İB Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü il üçün Kollektiv Müqavilıyə dəyişikik edilməsi haqqında imzalanmış xx.xx.2021-ci il tarixli Əmr-Qərarının 1-ci bəndinə görə Kollektiv Müqavilənin 5.16-cı bəndi aşağdakı redaksiyada verilmişdir: “ştat vahidlərinin mütərəqqi nomativlər hesabına təkmilləşdirilməsi və işcilin say tərkibinin optillaşdırlması ilə əlaqədar tədbirlərin həyata keçirilməsinəticəsində AR ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın tam təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya çatmış çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş qurumlarında (və ya onların struktur bölmələrində) kütləvi sayda səbəstləşən, qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqavilələrinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-nin qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət vermək.”

4. Habelə cavabdehlə onun Həmkarlar İttifaqı Komitəsi arasında 20204-2026-cı illər üçün Kollektiv müqavilənin 5.13-cü bəndində, həm də SOCAR və Azırbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazşinin 5.15-ci bəndlərinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru oyektlərində yerləşdirilməsi ilə bağlı AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın tam təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-nin qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmuşdur.

5. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən ona SOCAR və Azırbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazşinin 5.15-ci bəndində nəzərdə tutulmuş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

6. İddiaçı 65 yaşda pensiya yaşına çatmağına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2010-cu il tarixdən xx.xx.2025-ci il tarixədək fasiləsiz olaraq SOCAR-ın Cavabdeh İB-nin tabeliyindəki qurumlarda və Cavabdeh İB-nin İdarəetmə aparatının Hüquq Departamentində əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin Baş direktoruna X2 (daxili yazışma-opentex) üzərindən və poçt vasitəsi ərizə ilə müraciət edərək AR Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli 81 saylı və Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli 14-29ə saylı “ARDNŞ-də işçilərin sayının optimallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar artıq işçi qüvvələrinin sərbəstləşdirilməsinin stimullaşdırılması barədə” Əmr-Qərarının 1 - ci bəndinə, SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində "qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət vermək” barədəki razılaşmaya, eləcə də xx.xx.2020-ci il tarixli cavabdehlə Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış Kollektiv müqavilənin 5.16 bəndindəki razılaşmaya, həmçinin onunla bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin 4.35. bəndinə əsasən sonuncu əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən (əmək müqaviləsinin 9.5.1 bəndi -İşçi Azərbaycan Respublikasının Qanunvericiliyində müəyyən edilmiş pensiya yaşına çatdıqda bu əmək müqaviləsinə 1 ay müddətinə xitam verilə bilər) xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 14-2-2/3- 1K-32/2025 nömrəli əmri ilə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq və yaşa görə əmək pensiyasına çıxması nəzərə alınaraq” onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman onunla hər hansı bir razılaşma tərtib edilməmişdir. Lakin cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra ona orta əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməmişdir. Halbuki, SOCAR-ın və Azərbaycan Neft və X4 İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarına, SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində, həmçinin SOCAR və ANQSİHİRK arasında bağlanmış 2024-2026-cı illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində, xx.xx.2020-ci il tarixli Cavabdeh İB ilə Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Kollektiv müqavilənin 5.16 bəndindəki razılaşmaya əsasən, eləcə də xx.xx.2024-cü il tarixli Cavabdeh İB ilə Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Kollektiv müqavilənin 5.16-cı bəndindəki razılaşmaya əsasən işçi qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə “Əmək müqaviləsinə” xitam verilməsi üçün müraciət etdikdə, işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. İşçi pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə SOCAR-ın münasibəti müsbət olmuşdur. Cavabdeh SOCAR-ın Əmr-Qərarlarını, SOCAR və ANQSİHİRK arasında bağlanmış Sahə (tarif) Kollektiv Sazişiı Cavabdeh İB ilə Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış Kollektiv müqavilənin müvafiq bəndlərinin tələblərini pozaraq, işçilər arasında ayrı-seçkilik edərək pensiya yaşına çatmış (65 yaş) işçilərə onların orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətini ödəməkdən yayınır. Bu kimi analoji işlər üzrə Vahid Məhkəmə Təcürbəsi formalaşmaqdadır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə iclasında idda ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

11. Maddə 1, 5-ci hissə. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

12. Maddə 3, 6-cı hissə. Kollektiv müqavilə – işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosialiqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

13. Maddə 3, 7-ci hissə. Kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqlarının və işəgötürənlərin birlikləri arasında bağlanan, işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşma.

14. Maddə 12, ç) bəndi. Kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifəsidir.

15. Maddə 24, 1-ci hissə. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.

16. Maddə 31, 3-cü maddə. Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.

17. Maddə 55. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

23. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əmək müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdehin Hüquq Departamentində (Hüquq Şöbəsində) müxtəlif vəzifələrdə işləməsi, xx.xx.2025-ci il tarixədə isə öz ərizəsi ilə, pensiya yaşına çatmadan əmək müqaviləsinə xitam verilməsi işin mübahisəsiz hallarıdır.

24. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

25. İddiaçı cavabdehin Kollektiv müqavilə və Kollektiv Sazişlə üzərinə götürdüyü öhədəliyini icra etməyərək öna ödənilməli olan (orta aylıq əmək haqqının 5 misli məbləğində) kompensasiyanın ödənilməsini tələb edir. İddiaçının tələbinin hüquqi əsasları ƏM-nin 12, 24, 31 və 55-ci maddələrində, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14-29ə saylı, xx.xx.2012-ci il tarixli Əmr-Qərarının 1-ci, cavabdehlə onun Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Kollektiv müqavilənin 5.13-cü və SOCAR-la Azırbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazşinin 5.15-ci bəndində göstərilmişdir.

26. Belə ki, cavabdehlə onun Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2024- 2026-cı illər üçün Kollektiv müqavilənin 5.13-cü, habelə SOCAR və Azırbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazşi bağlanmışdır. X3 5.15-ci bəndindən də görünür ki, AR ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə), 68-ci maddəsinin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndləri ilə bərabər qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-nin qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi barədə iddiaçı öhdəlik götürmüşdür.

27. ƏM-nin 12-ci maddəsinin c) bəndinə görə kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifəsi kimi nəzədə tutulmuşdur. Eyni zamnda, ƏM-nin 24, 1-ci hissində ƏM-də nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtlərinin tərəflər və həmin şərtlərin aid edildiyi iş yerləri üçün məcburi olması birbaşa göstərilmişdir.

28. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur və onun 65 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. İddiaçı da bu səbəbdən ərizə ilə cavabdehə mürciət edərək yaşa görə əmək pensiyaya çıxmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli əmrinə əsasən qeyd edilən əsasla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin cavabdeh ƏM-nin yuxarıda qeyd edilən müddəaları ilə üzərinə qoyulan vəzifəni, eləcə də adı çəkilən kollektiv müqavilə və kollektiv sazişlə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir.

29. Şərh edilənlərə əssən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının orta aylıq əmək haqqının 5 misli məbləğində irdəfəlik müavinət cavabdeh tərəfindən təəfindən iddiaçıya verilməlidir.

30. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

31. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci əndinə görə qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat müəyyən edilmişdir.

32. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçının orta aylıq əmək əmək haqqının 5 misli məbləğində birdəfəlik müvainət Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetə yükləndiyi) gündən 1 ay müddətində Bak şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar