Məhkəmə qərarları › İş №e-2(011)-3057/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3057/2025

23.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3057/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehin Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh qardaşdırlar. Cavabdeh 2009-cu ildə Azərbaycanı tərk etmiş və Ukrayna Respublikasına köçmüşdür. Hətta Ukrayna Respublikasının vətəndaşlığını da almışdır. Bu yaxınlarda iddiaçı özünə məxsus mənzillə bağlı əqd bağlamaq istədikdə cavabehin razılığı lazım olmuşdur. Lakin, cavabehlə uzun müddət öncə ünsiyyət itirildiyindən onunla əlaqə saxlamaq mümkün olmamışdır. Qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsinin Qərarlarındakı hüquqi mövqeyi, o cümlədən Ali Məhkəmənin təcrübəsini nəzərə alaraq, iddiaçı hesab edir ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehə faktiki yaşayış yerləri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehə ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzildə xx.xx.1955-ci il təvəllüdlü X1, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş 004410 nömrəli 19 may 1994-cü il tarixli orderə əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzilə dair mülkiyyət hüququ Abas Hüseynovun adına qeydiyyata alınmışdır. Həmin orderə əsasən, Abas Hüseynov, X1, İddiaçı, Cavabdeh istifadə hüququna malik hesab edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində istifadədə olan 0.1241 ha torpaq sahəsində yerləşən 43 nömrəli, 5 mərtəbəli binanın 6-cı girişində, 5-ci mərtəbəsində 66.58 kv.m. ümumi, 46.35 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 68 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 464 nömrəli reyestr kitabının 42866 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025ci il tarixli, 3-38-33/2-1539/2025 saylı məktubuna əsasən, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh sonuncu dəfə dövlət sərhədindən xx.xx.2009-cu il tarixdə çıxış etməsi qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçı 2000-ci ildə binaya köçəndən onlar qonşudur. Onlar ondan əvvəl orda yaşayırlar. Həm iddiaçını, həm də cavabdehi tanıyır. Məktəbə gedib gələndə görüb. Amma son 15 ildi Rasimi görməmişdir. Hazırda evdə anaları Xoşqədəm xanım yaşayır. Onlar 68-də yaşayır, şahid isə 69-da. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, həm iddiaçını, həm də cavabdehi tanıyır. Onlar 1994-cü ildə gəliblər, şahidlər isə 1989-cu ildə ora köçmüşdür. Onlar şahidlərdən sonra gəliblər. Polah Həşimov 43, mənzil 56-da yaşayır. 68-də onlar yaşayırlar. Küçənin əvvəlki adı Naximov idi. Uşaqlarının bir-birinə gediş-gəlişi var idi. Bilmədikləri misal, məsələləri bir-birlərindən soruşurdular. O vaxtdan o ailəni tanıyır. Hazırda evdə təkcə anası yaşayır. Amma böyük oğlu gəlib-gedir. Rasimi 10-12 ildi görməmişdir. Səhv eləmirsə, Ukraynaya getmişdi. Amma dəqiq bilmir. Onu görməmişdir. İddia tələbinin hüquqi əsası: “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 10) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli Qərarına istinadən qeyd edir ki, Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin qeyd edilən mənzillə bağlı hüququ 1994-cü ildə yaranmışdır. Demək ki, ona münasibətdə mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddianın hüquqi əsasını “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin yuxarıda istinad edilən normaları təşkil edir. Həmin normaların məzmunundan aydın olur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, Cavabdeh 16 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası hüdudlarını tərk etmişdir. Məhkəmə araşdırması zamanı şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzildən köçüb getmiş və 10 ildən artıq müddətdir ki, həmin ünvanda görünməmişdir. Bütün bunlar ona dəlalət edir ki, cavabdehin sözügedən yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 43 ünvanında yerləşən 68 saylı mənzili daimi əsaslarla, altı aydan uzun müddətdə tərk etdiyinə görə onun həmin mənzildən istifadə hüququ “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 60-cı maddəsi əsasən kompensasiya ödənilmədən itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ kompensasiya ödənilmədən itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar