Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3059/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə öhdəlik icra olunduğundan Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə, reyestrdə 3M-1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsinə xitam verilməsi və mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 5 ünvanında yerləşən 3 saylı mənzilin 1 otağının ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 14000 ABŞ dolları manat kursu üzrə 12180 manat məbləğində pulun borc götürülməsi ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilənin təminatı kimi aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə, reyestrdə 3M-1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsi bağlanmış və paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus olan 25 kv.m. 1 otaq cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2007-ci il tarixli borc müqaviləsi üzrə öhdəliyi tam icra etmiş, 14000 ABŞ dolları məbləğini cavabdehə əlbə-əl ödəmişdir. Lakin, cavabdeh həmin məbləğin ödənilməsini inkar etməklə yanaşı, əlavə olaraq ondan 23000 ABŞ dolları məbləğində faiz borcu da tələb etmişdir. Halbuki, borc müqaviləsində faiz ödənilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən 2009-2010-cu illərdə ona qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia tələbləri irəli sürülmüş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(011)-3402/09 saylı və xx.xx.2010-cu il tarixli 2(011)-674/2010 saylı qərardadları ilə iddia ərizələri baxılmamış saxlanılmışdır. Həmin vaxtan 12 ildən artıq müddət keçməsinə baxmayaraq, AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********93 saylı məktubundan da göründüyü kimi, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin 1 otağı xx.xx.2007-ci il tarixli, 3M-1/210 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehin xeyrinə bugünədək yüklüdür. Mənzilin yüklülükdən azad edilməsi cavabdehlərdən tələb olunsa da, bugünədək tələbi yerinə yetirməkdən imtina edirlər. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, hətta iddia müddəti keçmiş olsa belə, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır (hazırkı iş üzrə iddia müddəti keçmədiyini hesab edir. Buna dair sübutlar mövcuddur). Girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Əlavə olaraq bildirmək istəyir ki, "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: - ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - əsas öhdəliyə xitam verildikdə; - tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - ipoteka predmeti məhv olduqda; - bu Qanunla nəzərdə tutulmuş digər hallarda İşin hallarından da göründüyü kimi, yuxarıda sadalanan heç bir hal mövcud deyildir. Prosesin gedişində Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2007-ci il tarixli borc müqaviləsi üzrə 12180 manat əsas borc, illik beş faizlə hesablanmış 9135 manat gecikmə borcu olmaqla, cəmi 21315 manat məbləğində pulun və 154 manat dövlət rüsumunun tutularaq oa ödənilməsi, tutmanın ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 3 saylı mənzildən 25 kv.m sahəyə malik otağa yönəldilərək açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 14000 ABŞ dolları manat kursu üzrə 12180 manat məbləğində pulun borc götürülməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqavilədə həmin pulun xx.xx.2007-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. X6 bu pulu könüllü olaraq ödəməkdən boyun qaçırmışdır. Həmin pulun ödənilməsi ilə bağlı 2009 və 2010-cu illərdə Xətai rayon Məhkəməsinə müraciət edilmiş, lakin müxtəlif səbəblərə görə iddia ərizələri baxılmamış saxlanılmışdır. Cavabdeh X1 ilkin iddia ərizəsində bildirdiyi hallar tamamilə yanlışdır və həqiqəti əks etdirmir. O, bütün bu müddət ərzində borcunu ödəməkdən yayınmış və heç bir ödəniş etməmişdir. Hazırkı halda iddiaçı məhkəməyə yanlış məlumat verməklə məhkəməni yanıltmağa çalışır. İllərdir cavabdeh tərəfindən hər hansı addım atılmasını və ödəniş edilməsini gözləsə də, şəxs öz öhdəliklərini yerinə yetirməyərək, borcunu ödəməkdən yayınmaqda və ona maddi zərər vurmaqdadır. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddia müddəti buraxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İşin mübahisəsiz halı olaraq qeyd edilməlidir ki, aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin pulun xx.xx.2007-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı 15 il keçdikdən sonra həmin əqd əsasında yaranmış tələblərlə bağlı iddia qaldırmaqla, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti buraxıldığından qarşılıqlı iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və təmin edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğuna görə və iddia müddəti buraxıldığından təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin olunmasını, ilkin iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı 1998-ci ildən tanıyır. Şəhnazın yoldaşı gül dükanında onun müdiri olub. Evlərinə gedib-gəlir. Şəhnazın borcunun olmasından, mənzilini ipoteka qoymasından xəbəri olub. Borcunu qaytaran zaman şahid kimi özü də iştirak etmişdir. Şərtə görə ev girovdan çıxarılmalı idi. Lakin Sevda xanım sonradan faiz tələb etmişdi və ondan sonra evin girovdan çıxarılacağını bildirmişdir. Pdənilən pulun məbləği 12-13 min manat idi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan borc verən Cavabdeh1 ilə borc alan İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 14000 ABŞ dolları (manatla kurs üzrə 12180 manat) məbləğdə borc pul mişdir. Borc alan xx.xx.2007ci il tarixədək həmin məbləği qaytarmağı və vaxtında tam qaytarılması üçün ünvan 1 ünvanda yerləşən mənzildən özünə məxsus olan 25,0 kv.m bir otaq mənzili borcun təminatı üçün ipotekaya qoymağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda təsdiq olunmuşdur. İş materiallarında olan ipoteka saxlayan Cavabdeh1 ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-cı ildə verilmiş 11/2273 arayışa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən reyestr kitabı 301, vərəq 28753, reyestr nömrəsi **********46-05101-093001, qeydiyyat nömrəsi 110706474, xx.xx.2007-cı il tarixdə verilmiş çıxanşa əsasən iki otaqlı, yaşayış sahəsi 38,0 kv.m və ünvan 1 ünvanda yerləşən mənzildən ona məxsus olan 25,0 kv.m bir otağı xx.xx.2007-ci il tarixli borc müqaviləsinin təminatı qismində ipoteka saxlayana ipotekaya qoymuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(011)-3402/09 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X2, maraqlı şəxslər Bakı şəhəri 09 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı borc müqaviləsi üzrə əsas borcun, faizlərin ödənilməsi və ipotekaya qoyulmuş daşınmaz əmlakın hərracdan satılmasına dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-674/2010 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X2, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və başqalarına qarşı cavabdehlə aralarında xx.xx.2007-ci ildə bağlanmış ipoteka müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi ilə əlaqədar ipotekaya qoyulmuş cavabdehin şəxsi mülkiyyətində olan Bakı şəhəri, A.Məmmədov küçəsi, 5 saylrçvin, 3 saylı mənzilinin hərracdan satılması, əldə edilmiş vəsaitdən cəmi 37.400 ABŞ dollar və yaxlid 41000 manat vəsaitin ödənilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********93 saylı məktubundan görünür ki, ünvan 2, 3 saylı mənzilin 1 otağı İddiaçı, 1 otağı X3 mülkiyyətindədir. Sözügedən mənzilin İddiaçı məxsus 1 otağı 9 saylı DNK-nın 3-M-1/210 reyestr nömrəli xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən (sözügedən müqavilə 9 saylı DNK-da 1S-43/24931 reyestr nömrəsi ilə xx.xx.2009-cu il tarixdə təsdiq edilmişdir) xx.xx.2009-cu il tarixdə Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Qeyd etmək lazımdır ki, girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülkihüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Bununla yanaşı, qanunverici tərəfindən öhdəliklərin xitam verilməsinin müxtəlif əsasları müəyyən edilmişdir ki, bunlardan biri də, müddətin keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 553.1.2-ci maddəsinə əsasən ixtiyarlı şəxs məhkəməyə iddia verirsə, müddətin axımı kəsilir. Həmin Məcəllənin 553.1.3-cü maddəsinə görə isə, müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.3-cü maddəsinə görə əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. İşin məhkəmədə müəyyən edilmiş mübahisəsiz hallarına əsasən İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış borc müqaviləsinin icra müddəti 06.062007-ci ildə başa çatmış, Cavabdeh1 İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-674/2010 saylı qərardadı ilə baxılmamış saxlanmış, həmin andan öhdəliyə xitam verilməsi üçün kəsilmiş müddətin axımının davam etməsinə baxmayaraq, 12 il ərzində borc verən tərəfindən borcun qaytarılması istiqamətində heç bir hərəkət edilməmiş, bununla da, tələb etmək hüququna xitam verilmişdir. Həmçinin məhkəmə ilkin iddia üzrə cavabdehin ilkin iddia ərizəsinə etirazda qeyd etdiyi iddia müddətinin keçməsinin öhdəliyin aradan qalxması üçün hüquqi əsas olmamasına dair müddəasına hüquqi qiymət verərək, hesab edir ki, iddia müddəti ilə öhdəliklərə xitam verilməsi müddətləri fərqli anlayışlardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında göstərildiyi kimi, “Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).” Bundan fərqli olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Öhdəliklərə xitam verilməsi”nə dair 27-ci fəslinin 5-ci paraqrafının tələbinə görə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir (Mülki Məcəllənin 551.1 və 554.3-cü maddələri). Yəni qanunla nəəzərdə tutulmuş müddətin keçməsi nəticəsində səlahiyyətli şəxsin tələb etmək hüququna xitam verilməklə yanaşı, mükəlləfiyyətli şəxsin öhdəliyə xitam verilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərı alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə müddətin keçməsi nəticəsində tələb etmək hüququna xitam verildiyindən, ondan asılı olan əlavə öhdəliyin icrasına dair tələbin də müddəti keçdiyinə görə qüvvəsini itirdiyindən ilkin iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsinə xitam verilməli və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 5 ünvanında yerləşən 3 saylı mənzilin 1 otağı ipoteka yüklülüyündən azad olunmalıdır. Məhkəmə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiasına münasibətdə hesab edir ki, aşağıda göstərilənlərə əsasən qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərarda göstərilir ki, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli borc müqaviləsinin icra müddəti xx.xx.2007-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 iddia müddətini buraxmadan sonuncu dəfə 2010-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-674/2010 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Belə olan halda üç illik müddətin axımı xx.xx.2010-cu il tarixdə başlayaraq xx.xx.2013-cü il tarixdə başa çatmışdır. Cavabdeh1 tərəfindən pul tələbinə dair iddia ərizəsi iddia müddəti başa çatandan sonra, 2022-ci ildə verilmişdir. İddiaçı Cavabdeh1 ilkin iddia ərizəsinə etirazında iddia müddətinin keçmədiyini, buna dair sübutların mövcud olduğunu göstərsə də, bu barədə etirazına heç bir sübut əlavə edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İlkin iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsinə xitam verilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 5 ünvanında yerləşən 3 saylı mənzilin 1 otağı ipoteka yüklülüyündən azad edilsin. Cavabdeh1 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 154 (yüz əlli dörd) manat dövlət rüsumu iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3059/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3059/2022
04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver