Məhkəmə qərarları › İş №e-2(011)-3113/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3113/2025

23.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3113/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı nikahın etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh oğluna qarşı xx.xx.1991-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 754 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə faktiki yaşayış yerləri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri ünvanından məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehə ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Cavabdeh oğlu ilə X1 arasında nikahının bağlanması barədə xx.xx.1991-ci il tarixində Xaçmaz rayon qeydiyyat şöbəsində 29 nömrəli akt qeydi tərtib edilmişdir. Cavabdeh oğlu ilə Vetluçina (Kalyaninova) Yelena Yuryevna arasında nikahının bağlanması barədə xx.xx.1991-ci il tarixində Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 754 nömrəli akt qeydi tərtib edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası Maddə 51. Ailə dövlət tərəfindən müdafiə olunur. Nikah qadın və kişinin könüllü razılığına əsaslanır; ər və arvad ailə münasibətlərində hüquqca tamamilə bərabərdirlər. Azərbaycan Sovet Sosialist Respublikasının Nikah və Ailə Məcəlləsi Maddə 13. Nikahın bağlanması Nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır. Nikahın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də ərarvadın və uşaqların şəxsi və əmlak hüquqlarının və mənafeyinin mühafizəsi məqsədi ilə müəyyən edilir. Maddə 17. Nikahın bağlanmasına mane olan hallar Nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir; ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaşbacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslər arasında. Maddə 48. Nikahı etibarsız hesab etməyin əsasları Nikah bu Məcəllənin 15—17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər. Maddə 51. Nikaha daxil olmaq üçün maneçilik olduqda bağlanmış nikahın etibarsız hesab edilməsi Bu Məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır. Ruhi xəstəlik və ya əqli zəiflik nəticəsində fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslə bağlanmış nikahı etibarsız hesab etmək haqqında işə baxılarkən qəyyumluq və himayə orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Maddə 53. Nikahın etibarsız hesab edilməsinin nəticələri Etibarsız hesab edilmiş nikah bağlandığı vaxtdan etibarsız sayılır. Bu maddənin dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş hallar istisna edilməklə, belə nikahda olan şəxslərin heç bir ər-arvad hüququ və vəzifələri yaranmır. Etibarsız hesab edilən nikahda olmuş şəxslərin birlikdə əldə etdikləri əmlaka Azərbaycan SSR Mülki məcəlləsinin 111—125-ci maddələrinin qaydaları tətbiq olunur. Nikahın etibarsız hesab edilməsi bu nikahdan doğulmuş uşaqların hüquqlarına təsir etmir. Ər-arvaddan biri nikahda olduğunu digərindən gizlətdikdə, nikah etibarsız hesab edilərkən məhkəmə onunla etibarsız nikahda olmuş şəxsin saxlanması üçün ondan bu Məcəllənin 32—36-cı maddələrinə uyğun surətdə vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 23, 24, 27—29-cu maddələrində müəyyən edilmiş müddəaları tətbiq edə bilər. Nikahın bağlanması üçün maneçiliklər olduğunu bilməyən ər (arvad) nikah etibarsız hesab edildikdə, nikah qeydə alınan zaman seçdiyi familiyanı saxlaya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh oğlu arasında olan nikah xx.xx.1991-ci il tarixdə rəsmiləşdirildiyinə görə, hazırkı mübahisənin həlli zamanı, həmin dövrdə qüvvədə olan Azərbaycan Sovet Sosialist Respublikasının Nikah və Ailə Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Azərbaycan Sovet Sosialist Respublikasının Nikah və Ailə Məcəlləsinin yuxarıda istinad edilən müddəallarından göründüyü kimi, ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Bu cür hal olduqda, bağlanmış nikah, ər-arvadın tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qurbanova (nikaha bağlandıqdan sonra: Seyidova) Minacət Məmmədkərim qızı ilə Cavabdeh oğlunun nikahları xx.xx.1991-ci il tarixdə 29 nömrəli akt qeydi ilə Xaçmaz rayonu üzrə qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Bundan sonra Seyidov X3 (nikaha bağlandıqdan sonra: Seyidova) Minacət Məmmədkərim qızı ilə arasında olan nikaha xitam verilmədən, xx.xx.1991-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində Vetluçina (Kalyaninova) Yelena Yuryevna ilə yeni nikaha daxil olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh oğlu arasında xx.xx.1991-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 754 nömrəli akt qeydi rəsmiləşdirilmiş nikah etibarsız olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, məhkəmə hesab edir ki, Cavabdeh oğlu ilə Vetluçina (Kalyaninova) Yelena Yuryevna arasında xx.xx.1991-ci il tarixində Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 754 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh oğlu ilə Vetluçina (Kalyaninova) Yelena Yuryevna arasında xx.xx.1991-ci il tarixində Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 754 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar