Məhkəmə qərarları › İş №e-2(011)-3180/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3180/2025

19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3180/2025 19.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 10.000 manat məbləğində pulun və 120 manat ödənilmiş dövlət rüsumunun “X5 Azərbaycan” QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə “X5 Azərbaycan” QSC ilə X1 arasında Kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı olaraq xx.xx.2025-ci il tarixdə 02-25/YKB-İP nömrəli Alqı-Satqı və İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə satıcı qismində Cavabdeh, alıcı (ipoteka qoyan)-borcalan X1 və ipoteka saxlana bankın nümayəndəsi X2 iştirak etmişdirlər. Alqı- Satqı və İpoteka müqaviləsinin 1.4.-cü bəndinə görə daşınmaz əmlakın satış qiyməti 327.000 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz əmlakın dəyərinin 177.000 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 150.000 manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən Kreditor-İpoteka saxlayan və Alıcı-İpoteka qoyan/Borcalan arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02- 25/YKB nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixdə satıcı qismində çıxış edən Cavabdeh banka yaxınlaşaraq daşınmaz əmlakın satış məbləğini əldə etmək üçün 325.125 manat məbləğində qəbzə imza atmışdır. Lakin, Bankdan 335.125 manat məbləğində pul vəsatini əldə etmişdir. Belə ki, kassirin daşınmaz əmlakın satış məbləğini satıcıya təqdim etmək üçün pul məbləğlərini hesablayarkən yanlış olaraq 10.000 manat məbləğində vəsaiti satıcı qismində çıxış edən Cavabdeh təhvil vermişdir. Vəsaitin banka geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, qanunvericiliyin imperativ tələblərinə görə geri qaytarılmalı olan vəsaiti qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçı “X5 Azərbaycan” QSC məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdeh tərəf iddia edir ki, ekspertiza yalnız saat 11:03–11:27 aralığındakı hadisəni tədqiq edib, halbuki pul saat 14:42-də verilib. o əslində isə məhz həmin vaxt intervalında kassirin səhvən artıq dəst hazırlaması və üzərinə qoyması faktı sübut olunub. o sonradan bu bağlamanın vakuumlanması və saxlanması prosesi bankın daxili qaydaları ilə tənzimlənir. Kassir artıq qoyduğu həmin dəsti sonrakı əməliyyatda da olduğu kimi müştəriyə verib. Yəni, video + ekspert rəyi birlikdə səbəbli əlaqəni sübut edir. Cavabdeh deyir ki, “əgər bağlama verilmişdisə, vakuumlanmalı idi, onun tərkibi dəyişə bilərdi”. o Halbuki, bankın daxili prosedurunda vakuumlanma dəstlər hazırlandıqdan sonra aparılır və kassir tərəfindən artıq dəst üzərinə qoyulduqdan dərhal sonra həmin dəst digər bağlamalar kimi vakuumlanmışdır. o Vakuumlanmış bağlamanın tərkibində dəyişiklik etmək mümkünsüzdür. Deməli, həmin artıq dəst məhz cavabdehə verilən pulların içində olub. Cavabdeh deyir ki, pulu saymadan başqa şəxsə verib, yəni varlanmayıb. o Mülki Məcəllənin 1092.3-cü maddəsi yalnız vicdanlı varlanma və varidatın mövcud olmaması hallarında tətbiq edilir. Amma burada cavabdeh bankın verdiyi artıq pulu qəbul edib və onu dərhal başqa əməliyyata yönəldib. Bu, varidatın mövcud olmaması deyil, əksinə, varidatın cavabdehin sərəncamından keçməsidir. O əgər cavabdeh pulu dərhal başqa şəxsə veribsə, bu, artıq onun riskidir. O, bank qarşısında məsuliyyət daşıyır. Cavabdeh deyir ki, iddiaçı sübut etməyib. Amma MPM-in 88-ci maddəsinə əsasən, sübutların qiymətləndirilməsi məhkəmənin səlahiyyətindədir və burada həm videoyazı, həm də ekspert rəyi birlikdə bankın iddiasını təsdiq edir. O əks sübut təqdim etmək cavabdehin vəzifəsi idi. Lakin cavabdeh yalnız fərziyyələr irəli sürüb, heç bir faktiki sübut təqdim etməyib. Videogörüntülər və ekspert rəyi birlikdə sübut edir ki, kassir artıq 1 dəst 100 manatlıq əskinası digər 10 dəst üzərinə qoymuşdur və həmin bağlama müştəriyə verilmişdir. Vakuumlanmış bağlamaların tərkibində dəyişiklik edilməsi mümkün olmadığından cavabdehə məhz həmin artıq dəstlə birlikdə pul təqdim olunmuşdur. Cavabdehin pulu “başqasına ötürməsi” onun bank qarşısında məsuliyyətini aradan qaldırmır. Pul onun sərəncamından keçmiş, o, həmin pulu almışdır. İddiaçının təqdim etdiyi sübutlar obyektiv, qərəzsiz və tamdır. Cavabdeh isə öz etirazlarını yalnız ehtimallara söykəndirmişdir. Buna görə də cavabdehin iddianı əsassız hesab edən arqumentləri qəbul edilməyərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, videoyazı əsasında keçirilmiş videoyazıların məhkəmə ekspertizasının rəyindəki xülasə bundan ibarətdir ki, kassir 100 manatlıq əskinasları alıcıdan qəbul edərək pul sayan makinada 100 000 manatı sayır və hər birində 100 ədəd əskinas olmaqla 10 dəsti masanın üstünə qoyur. Sonra sağ tərəfindəki kassadan 1 ədəd 100 manatlıq əskinas dəstini götürüb, həmin 10 ədəd dəstin üzərinə qoyaraq, onları toplu şəkildə götürür. Bunlar vaxt olaraq saat 11:03–11:27 aralığında baş verir. Lakin cavabdehə pul saat 14:42–14:53 aralığında verilmişdir. Cavabdeh kassirə inanaraq pulu saymadan qəbul etmişdir. Beləliklə, ekspertin tədqiq etdiyi video yazı vaxtı ilə pulun cavabdehə verilməsi vaxtı arasında 3 saatdan çox müddət keçmişdir. Cavabdehə həmin bağlamanın və ya hər hansı başqa bağlamanın verildiyi ekspertiza tədqiqatından kənar qalmışdır. Bununla bağlı əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti təmin edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdehə pulun çox hissəsi vakuumlu bağlamalarda verilmişdir. Yəni əgər ona ekspertin tədqiqatında göstərilən bağlama verilmişdirsə, o, vakuumlanmalı idi və bu zaman onun tərkibi dəyişdirilə bilərdi. Buna görə hesab edirik ki, ekspertiza rəyində göstərilən halla cavabdehə artıq pul verilməsi iddiası arasında bağlılıq və səbəbli əlaqə yoxdur. Bu halda iddia sübut olunmamış sayılmalıdır. Cavabdehə ekspert rəyində göstərilən 11 dəstdən ibarət bağlama verilib, sonuncu – kassirin sağ tərəfindəki kassadan götürülən 1 ədəd 100 manatlıq əskinas dəstində nə qədər əskinas olduğu bilinmir. Bəlkə içində 30, 50, 75 və ya 90 ədəd əskinas olub. Bunu müəyyən etmək mümkün deyil. Çünki həmin dəstin nə vaxt sayıldığı, nə vaxt sağ tərəfdəki kassaya qoyulduğu məlum deyil. Bu mənada həmin dəstin içində 100 ədəd əskinasın olduğunu qəbul etmək cəhdi ehtimaldır, sübut olunmuş hal deyil. Yəni iddiaçı məhkəmədə sözügedən dəstin içində neçə ədəd əskinas olduğunu sübut edə bilməmişdir. Beləliklə, ehtimal etsək ki, cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə 11 ədəd dəst verilmişdir, sonuncu – 11-ci dəstin içində neçə ədəd əskinasın olduğu işin sübut edilməyən halıdır. Bu halda isə iddia təmin oluna və cavabdehdən iddia olunan 10 min manat tutula bilməz. Cavabdehin məhkəməyə verdiyi izahatda bildirdiyi kimi, ona bankın kassasından 5 vakuumlu bağlamada 300 min manat və ayrıca 25 152 manat verilmişdir. Cavabdeh pulu saymadan qəbul etmişdir. O, 5152 manatı kassanın pəncərəsindən götürmüş, pulun qalan hissəsi isə ona steplerlənmiş 2 ədəd paketdə pəncərədən deyil (pənrəcədən keçmədiyi üçün), kassanın qapısından verilmişdir. Öz növbəsində o, pulu götürüb həmin gün 285 min manata başqa əmlakın əldə olunması üçün başqa şəxsə vermiş, o da pulu saymadan qəbul etmişdir. Cavabdeh 5 vakuumlu bağlamada olan 300 min manatın üstündən yalnız bir 50 manatlıq əskinaslar olan vakuumlu bağlamanı açıb üstündən 15 min manatı götürmüş, qalanını olduğu kimi həmin şəxsə vermişdir. Yəni, ehtimal etsək ki, cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə 11 ədəd dəst verilmişdir, o, bu pulla varlanmamışdır, onu saymadan başqa şəxsə ötürmüşdür. İddia tələbinə yazılı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, Cavabdeh (satıcı) və X1 (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02-25/YKB-İP nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, daşınmaz əmlakın satış qiyməti 327000 manatdır, daşınmaz əmlakın dəyərinin 177000 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 150000 manat məbləğində olan hissəsi isə “X5 Azərbaycan” QSC (kreditoripoteka saxlayan) tərəfindən Kreditor-İpoteka saxlayan və Alıcı-lpoteka qoyan/Borcalan arasında Bakı şəhərində bağlanmış "10” Yanvar 2025-ci il tarixli 02-25/YKB nömrəli Kredit müqaviləsine əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli “X5 Azərbaycan” QSC tərəfindən verilən qəbzdən görünür ki, bank tərəfindən Cavabdeh 325152 manat ödənilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3180/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə fonoskopik ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/932 nömrəli ekspertizarəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş “Kassa_3_arxa_28_May **********5944_**********_2445_4396105” kamera görüntüsündə videofonoqramın 04:09 dəqiqəsində (timecode ilə 11:03:52-da) kassirin masaya 100 manatlıq əskinasları qoyduğu görünür, timecode-də qeyd olunan saat 11:07:17-də kassir tərəfindən qoyulmuş 100 manatlıq əskinasların sayı 10 ədəd olduğu və kassirin hesab makinasına 100000 qeyd etdiyi aşkar edilmişdir. Ekspertizaya təqdim olunmuş “Kassa 3_ust_28_May_**********5959_**********5 747_6457248” kamera görüntüsündə videofonoqramın 11:26:13 hissəsində kassirin sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoyduğu, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzrəində olan 100 manatlıq əskinasların üzərinə qoyaraq əskinasları toplu şəkildə götürdüyü aşkar edilmişdir. Timecode-də qeyd olunan saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olduğu aşkar edilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli **********37 saylı mədaxil qəbzindən görünür ki, “X5 Azərbaycan” QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını (çıxışını) dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh (satıcı) və X1 (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli 02-25/YKB- İP nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədən görünür ki, daşınmaz əmlakın satış qiyməti 327.000 manatdır, daşınmaz əmlakın dəyərinin 177.000 manat məbləğində olan hissəsi X1 (Alıcı-İpoteka qoyan) özü tərəfindən, 150.000 manat məbləğində olan hissəsi isə “X5 Azərbaycan” QSC (kreditor- ipoteka saxlayan) tərəfindən Kreditor-İpoteka saxlayan və Alıcı-lpoteka qoyan/Borcalan arasında Bakı şəhərində bağlanmış "10” Yanvar 2025-ci il tarixli 02-25/YKB nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. xx.xx.2025-ci il tarixli “X5 Azərbaycan” QSC tərəfindən verilən qəbzdən görünür ki, bank tərəfindən Cavabdeh 325 152 manat ödənilmişdir, hər iki tərəf qəbzi imzalamışdır. Lakin, kassir daşınmaz əmlakın satış məbləğini satıcıya təqdim etmək üçün pul məbləğlərini hesablayarkən yanlış olaraq 10.000 manat məbləğində vəsaiti satıcı qismində çıxış edən Cavabdeh təhvil vermişdir. Beləliklə Cavabdeh bankdan 335.125 manat məbləğində pul vəsatini əldə etmişdir. Məhkəmə tərəfindən 2(011)-3180/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə fonoskopik ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/932 nömrəli ekspertiza rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş “Kassa_3_arxa_28_May **********5944_**********_2445_4396105” kamera görüntüsündə videofonoqramın 04:09 dəqiqəsində (timecode ilə 11:03:52-da) kassirin masaya 100 manatlıq əskinasları qoyduğu görünür, timecode-də qeyd olunan saat 11:07:17-də kassir tərəfindən qoyulmuş 100 manatlıq əskinasların sayı 10 ədəd olduğu və kassirin hesab makinasına 100000 qeyd etdiyi aşkar edilmişdir. Ekspertizaya təqdim olunmuş “Kassa 3_ust_28_May_**********5959_**********5 747_6457248” kamera görüntüsündə videofonoqramın 11:26:13 hissəsində kassirin sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoyduğu, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoyaraq əskinasları toplu şəkildə götürdüyü aşkar edilmişdir. Timecode-də qeyd olunan saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olduğu aşkar edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş fləş kartlara məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “Kassa_3arxa 28May_**********5944_**********_2445 ” 4396105” kamera görüntüsündə timecode-də qeyd olunan saat 11:26:13 hissəsində kassir sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoymuş, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoymuşdur. Timecode-də qeyd olunan saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olduğu görünür. “Kassa_3_ust_28May_**********5747_**********2309_7404154”kamera görüntüsündə timecode-də qeyd olunan saat 11:59:10-11:59:30 aralığında vakumlanmış pul bağlamaları kassirə təhvil verilmişdir. Daha sonra Timecode-də qeyd olunan saat 14:52:20 hissəsində görünür ki, vakumlanmış pul dəstələri kassir tərəfindən iki göy paketə qoyularaq, kağız tikən vasitə ilə tikilmiş, kassanın ön tərəfindən keçmədiyi üçün arxa tərəfdən cavabdehə təhvil verilmişdir.“Amaliyat-kassa_giriş 28May **********5059_**********258_13138717” kamera görüntüsündə timecode-də qeyd olunan saat 14:52:28 hissəsində pul bağlamaları olan iki göy paket kassir tərəfindən kassanın giriş hissəsində Cavabdeh təhvil verilmişdir. Mülki Məcəllənin 14.2-ci maddəsində hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma göstərilmişdir. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur.Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Mülki işdən görünür ki, cavabdehə müqavilədə nəzərdə tutmayan bank tərəfindən səhvən artıq pul vəsaiti ödənilmişdir. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Göründüyü kimi, bank tərəfindən yanlışlığa yol verilərək, Cavabdeh 325 152 manat əvəzinə, tərəflər arasında bağlanmış müqavilədə nəzərədə tutulmayan 10000 manat artıq olmaqla, 335.125 manat məbləğində pul vəsaiti ödənilmişdir.Bu hal məhkəmə tərəfindən aparılmış tədqiqat nəticəsində həmçinin məhkəmə tərəfindən təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçı onun hesabına əsassız varlanmış şəxsdən əldə etdiklərini geri tələb etməkdə haqlı olduğundan, iddia təmin edilməlidir. Mülki Məcəllinin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Lakin cavabdeh özünün əsassız varlanmadığını məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10000 manat pul vəsaiti alınaraq iddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat pul vəsaiti və 120 (yüz iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pul alınaraq iddiaçı “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 150 (yüz əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri olan pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar