Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3182/2022 08.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar, onların vəkilli və nümayəndəsi Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar övladlarıyla bərabər Xətai rayonu Y.Əliyev küçəsi 26 “B” ünvanında yerləşən mənzilə köçürülümələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar sonradan iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, övladlarıyla bərabər Xətai rayonu Y.Əliyev küçəsi 26 “B” ünvanında yerləşən mənzilə köçürülümələri, sökülmüş giriş-çıxış qapısının cavabdehlərin hesabına əvvəlki yerinə bərpa olunması, maneəsiz istifadənin məhdudlaşdırması ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, onlara sahiblik və istifadə hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçılar 2004-cü il tarixdə nikaha daxil olmuşlar və bir müddət cavabdehlərin yaşadığı ünvan 1 ünvanında (hazırda ünvan 2ə (bundan sonra - Yaşayış evi) köçüb orada yaşamışlar. 2017-ci il tarixdə (Cavabdeh2 bildirdiyinə görə 2020-ci ildə) Yaşayış evinə bitişik 51.5 kv.m-dən ibarət bir otaq tikmişlər. İddiaçı1 özünə məxsus cehiz əşyalarını həmin otağa yığmış, bir müddət orada yaşadıqdan sonra cavabehlər tərəfindən həmin yaşayış otağına buraxılmamışlar. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsində qeyd etmişdir ki, ailə qurduqdan sonra cehiz əşyalarıyla bərabər Eminin atası X1 məxsus Yaşayış evinə köçüb bir ailə kimi birlikdə yaşamışlar. Bir müddət Rusiya Federasiyasına pul qazanmaq məqsədilə getsələr də yenidən qayıtmış və həmin mənzildə yaşamağa davam etmişlər. Ailəsi böyüdükcə mənzildən istifadə olunmasında qaynanası, baldızıyla ailədaxili narazılıqlar yaranmış və tez-tez mübahisələr baş vermişdir. Dəfələrlə polis bölməsinə müraciətləri var və münaqişəli ailə kimi qeydiyyata belə alınmışlar. Belə olan halda yaşadıqları mənzilə sahədə boş yerdə bir otaq tikib yaşamaq üçün şərait qurmaq qərarına gəlmişlər. Beləliklə, əvvəl yaşadıqları evə bitişik olan boş sahədə təxminən 58 kv.m sahədə 51,5 kv.m sahəsi olan yaşayış sahəsi tikmişlər. Mənzildə yaşamaq üçün müəyyən şərait yaratmış və əşyaları ora yerləşdirmişlər. Həmin mənzildə yaşamağa başlamışlar. Bir müddət öncə Eminin bacısı və anası, mülki iş üzrə cavabehlər onları yaşadıqları və zəhmətlə tikdikləri evə buraxmamışlar. Onlar aralıq sakitləşsin deyə bir neçə gün cavabdehlərlə görüşməmişlər. Onlar isə bundan istifadə edərək onların evin giriş qapısını yerindən çıxarıb atmış yerini isə tikib bağlamışlar. Otağın digər onlara bitişik divarından isə özlərinə qapı açmışlar. Dəfələrlə etirazını bildirsələr də, cavabdehlər mənzilə girməyə icazə vermirlər. Hazırda qohumların evində məskunlaşmışılar. 2017-ci ildən beş nəfər ailə üzvü mübahisəli mənzildə qeydiyyata alınmışlar. Bütün əşyaları Xətai rayonu Y.Əliyev küçəsi 26 “B” ünvanında inşa etdikləri evə cavabdehlər tərəfindən buraxılmırlar. Yaşamağa yeri olmadığı və mənzilə ehtiyacları olduğu üçün üç uşağıyla bərabər haqqı olan mənzilə köçürülməlidirlər. Cavabdeh2 təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçılar Rusiya Federasiyasına gedəcəydilər deyə Mingəçevirdəki evə yox onun ərinə məxsus bir otaqlı, şəraitsiz evə müvəqqəti köçmələrinə icazə vermişdir. Mübahisəli yarımçıq tikili Könülün atası tərəfindən iki günə tikilərək onun yaşayış sahəsi qeyri-qanuni zəbt edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlərin dediklərinin əksi olaraq yerli baxış zamanı da onlara məxsus mənzildə iddiaçıların əşyalarının olduğu sübuta yetirilib. İddiaçı2 məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, cavabdehlərin yaşadığı ev onun atasının evidir, 2017-ci ildə Yaşayış evinə bitişik əlavə tikili kimi ev inşa etmişdir. Bir müddət orada yaşayandan sonra 2020-ci ilin mart ayında işləmək üçün Rusiya Federasiyasına getdikdə, Könül ona zəng edərək anası və bacısının onu həmin evə buraxmadıqlarını bildirəndə Bakıya geri qayıtmışdır. İddiaçı1 məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, cavabdehlərin razılığı ilə onların mənzilinə bitişik yaşayış yeri inşa etmişlər, ancaq iki gün atasının evinə gedib qayıdandan sonra ona evdə yaşamağa imkan verməyiblər. Cavabdeh2 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, ünvan 3 ünvanda yerləşən mənzil onun ərinə məxsusdur. İddiaçılara müvəqqəti yaşamaq şərti ilə orada yaşamağa icazə vermişdi. İddiaçılar o evin ata yurdu olduğunu bildirirlər, ancaq ata yurdu Mingəçevirdədir. İddiaçılar kirayədə yaşamırlar, onlara Həzi Aslanovda mənzil alınıb verilib. Məhkəmə iclasında şahid X19 bildirdi ki, iddiaçıların qonşusudur. Könülü çoxdan tanıyır. Emingilin yaşadığı ev onun atasına məxsus idi. Ailə qurandan sonra Könül də orada yaşayıb. Sonradan Eminin atasının evində (mübahisəli evdə) əlavə tikililər oldu. Pandemiyadan qabaq tikinti apararaq Emin ailəsi ilə birlikdə ora köçdü. Tikintidən sonra Emingil özlərinə ayrı qapı da qoydular. Ailələrində bir az pul problemi oldu, lakin Könülün atasıgil kömək etdilər. Emin pul qazanmaq üçün Rusiyaya getdi, Könül isə uşaqları ilə evdə qaldılar. Sonra Eminin anası və bacısı onları evdən qovdular. Məhkəmə iclasında şahid X4 bildirdi ki, Könül onun dayısı qızıdır. O, cavabdehlərin yaşadığı evə bitişik təxminən 60-65 kv.m.-dən ibarət əlavə bir otaq tikmişdir. O, hörgü və suvaq işlərini görmüşdür. Otağı tikib üstünü bağladıqdan sonra o biri evdən (cavabdehlərin yaşadığı evdən) elektrik və su xətti çəkmişdir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Könül onun dayısı qızıdır. Onların evində tikinti işləri aparmışlar. O, tikintidə qardaşına kömək etmişdir. Onların tikdiyi əlavə otaq o biri evə bitişik idi. Otaq təxminən 2-3 il əvvəl tikilib. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İddiaçının Cavabdeh1 oğlu və Cavabdeh2 qardaşı olan digər İddiaçı2lə nikaha daxil olaraq yaşayış evinə gəlin köçməsi, bir müddət ərzində azyaşlı uşaqları ilə birlikdə Yaşayış evində yaşaması, həmin evə bitişik bir otaqlı yaşayış otağının iddiaçılar tərəfindən tikilməsi, İddiaçı1 məxsus cehiz əşyalarının həmin otağa gətirilməsi və hazırda da orada olması işin mübahisəsiz hallarıdır. Eyni zamanda, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olumuş Mənzilin planından müəyyən olunur ki, İddiaçı1 tərəfindən 2017-ci ildə Yaşayış evinə bitişik 51.5 m2 sahədə otaq inşa edilmiş, qeyd edilən otaqda iddiaçılar və onların 3 övladları yaşayır. Həmçinin, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti 66 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2034 nömrəli arayışa əsasən iddiaçılar üç övladları ilə birlikdə ünvan 1 özbaşına tikilidə qeydiyyatsız yaşayırlar. Cavabdeh yazılı etirazında iddiaçının yaşayış evinə gəlin köçməsini, gəlin köçdükdən sonra həmin evdə yaşadığını, daha sonra yaşayış evinə bitişik otaq tikdiklərini və ona məxsus cehiz əşyalarının hazırda orada olmasını bildirmişdir. Qeyd edilənlərdən göründüyü kimi, iş materiallarında olan sübutlar əsasında və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 digər İddiaçı2 ilə nikaha daxil olduqdan sonra yaşayış evinə gəlin köçərək orada yaşamış, 2017-ci ildə isə onlar birlikdə Yaşayış evinə bitişik bir otaq inşa edərək orada yaşamağa başlamış, İddiaçı1 özünə məxsus cehiz əşyalarını (gündəlik istifadə üçün nəzərdə tutulan daşınar məişət əşyaları) həmin otağa gətirmişdir. Cavabdeh2 məhkəmə baxışı zamanı iddiaçıların pandemiya ilə əlaqədar olaraq uzun müddətə (14 gün) onun işdə olmasından istifadə edərək mübahisəli otağı inşa etdiklərini və Könülün cehiz əşyalarının onun icazəsi olmadan otağa yerləşdirdiklərini bildirsə də, məhkəmə araşdırması zamanı bu dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, işin mübahisəsiz halı kimi cavabdehlərin yaşadığı evə bitişik mübahisəli yaşayış otağının iddiaçılar tərəfindən inşa edilməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yerində müayinə zamanı da otağın tam təmir olunmasa da, yaşayış üçün ilkin şərtlərə uyğun olması, tikilən zaman ayrıca çıxış qapısının açılmış olması (yerində müayinə zamanı həmin çıxış qapısı artıq bağlanmışdır), İddiaçı1 məxsus cehiz əşyalarının orada olması müəyyən edilmişdir. Həmçinin, mübahisəli otağın tikilməsində iştirak edən şahidlər (ustalar) məhkəmə iclasında verdikləri izahatlarında tərəflər arasında hər hansı bir narazılığın olmasını bildirmədilər. Tərəflərin qonşuluğunda yaşayan şahid X19 bildirmişdir ki, tərəflər yaşadığı ev Emin və Cavabdeh2lərin atasına məxsus olmuş, ailə qurandan sonra Könül də orada yaşamışdır. Sonradan mübahisəli evdə əlavə tikililər olmuş və pandemiyadan qabaq Emin ailəsi ilə birlikdə oraya köçmüşdür. Eləcə də, cavabdehlər də məhkəmə iclasında verdikləri izahatlarında iddiaçıların əvvəllər Yaşayış evində yaşadıqlarını, İddiaçı1 da gəlin köçdükdüən sonra bir müddət onlarla birlikdə yaşadığını, sonradan Rusiya Federasiyasına getdiklərini, bir neçə il orada yaşadıqdan sonra qayıtdıqlarını və onların razılığı ilə yenidən mübahisəli Yaşayış evində yaşadıqlarını bildirmişlər. Bundan başqa, Xətai RPİ-nin 35-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı1 ilə cavabdehlər arasında ailə daxili münaqişə olmuş, Cavabdeh2 İddiaçı1 mübahisəli otağa buraxmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddsində qeyd edilir ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qeyd edilən müddəalardan da görünür ki, dövlət tərəfindən şəxsin mənzil hüququna, onun toxunulmazlığına təminat verilir və bu həm milli, həm də beynəlxalq hüquqla müəyyən edilən dövlətin pozitiv öhdəliyindən irəli gəlir. Qanun yalnız müəyyən edilmiş müstəsna hallarda şəxsin mənzil hüququna müdaxiləni nəzərdə tutur. Müdaxilənin özü isə beynəlxalq qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməli, bu zaman xüsusilə, şəxsin mənzil hesab edərək seçdiyi yerin (yaşayış yerinin) özünün və ailəsinin yaşaması üçün nə qədər zəruri olması, onun (ailəsinin) həmin yaşayış yeri ilə nə qədər bağlı olması və s. kimi çox mühüm həyati şərtlər nəzərə alınmalıdır. Beynəlxalq hüquq normaları isə şəxsin mənzil hüququnu dövlətdaxili hüquqdan daha geniş mənada qəbul edir, hətta şəxsin müvəqqəti, lakin yaşayış yeri kimi qəbul etdiyi yerləri “ev”, “mənzil” kimi tanıyır, həmin yerlərə şəxsin yaşayış yeri kimi bağlılığı, uzun müddət yaşamasına xüsusi önəm verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı” işində qeyd etmişdir ki, "Mənzil" anlayışı ənənəvi yaşayış yerləri ilə məhdudlaşmır. Belə ki, o, furqonları və digər qeyri-stasionar məskənləri də özündə ehtiva edir. Məhkəmə həmçinin, “X6rşı” işdə bildirmişdir ki, ərizəçinin və ailəsinin 13 ildən artıq müddət ərzində yaşadığı səyyar furqonun yerli hakimiyyət orqanının furqonlar üçün ayırdığı ərazidən çıxarılması nəticəsində prosessual səbəblərə görə 8-ci maddənin pozuntusu baş verib. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir. Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş “mənzil hüququ” ilə bağlı çoxsaylı president qərarlar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində qeyd etmişdir ki, 8-ci maddəyə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi, müstəqil anlayışlardır; onların qorunması dövlədaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır. 1 nömrəli Protokolun 1-ci maddəsi üçün təqdim edilmiş səbəblərlə eyni olan səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin öz evlərindən istifadə etmək imkanının rədd edilməsi onların şəxsi və ailə həyatına, habelə evlərinə hörmət hüququ ilə əsassız müdaxiləni təşkil edir. “Vinterşteyn və başqaları Fransaya qarşı” işində isə göstərir ki, müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır. Həmçinin, Məhkəmə bu tipli qərarlarında bildirir ki, "Mənzil" anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı iş). "Mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X9rşı iş). Mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı iş) və s. Qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxal hüquq normaları baxımından məhkəmə hesab edir ki, iddiaçıların mübahisələndirdiyi və sonradan tikdikləri otaq onların yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə həm iddiaçıların özlərinin və onlarla daimi yaşayan yetkinlik yaşına çatmayan uşaqlarının başqa yaşayış yerlərinin olmamaqla həmin otağın onların yeganə yaşayış yeri olmasını (cavabdehlər iddiaçıların özlərinə məxsus başqa mənzili olmasını iddia etsələr də, bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər), həm də iddiaçıların əvvəllər də cavabdehlərin yaşadığı Yaşayış evində yaşamaqla həmin evə bağlılıqlarını nəzərə alır. Digər bir tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçılar mübahisəli otağı tikməklə, özlərini yaşayış yeri ilə təmin etməyə ümid etmiş, bununla bağlı mübahisəli otağın tikintisinə xərc çəkmiş, otağı ayrıca giriş-çıxış üçün qapısı, qaz və elektrik enerjisi ilə təmin etmiş, hətta İddiaçı1 özünə məxsus cehiz əşyalarını otağa yerləşdirmişdir. Bu şərh edilənlər isə iddiaçların öz vəsaitləri hesabına inşa etdikləri 51,5 kv.m yaşayış otağına köçərək, həmin otaqdan istifadə etmək hüquqlarının təmin olunmasına əsas verir. Cavabdeh2 iddiaçıların tikinti işlərini onun icazəsi və xəbəri olmadan aparılması ilə bağlı dəlillərinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh bununla bağlı əsaslı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında ailə daxili münaqişənin olmasını əks etdirən yeganə sübut Xətai RPİ-nin 35-ci PŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarıdır ki, həmin qərarda da Cavabdeh2 İddiaçı1 ilə aralarındakı mübahisənin tikinti işlərinə görə deyil, sonuncunun onun evinə sahiblənmək istədiyindən yarandığını bildirmişdir. Onun üçün aralarında mübahisənin olmasını bildirmişdir. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən belə qənaətə gəlir ki, işin faktiki halları, iddiaçılar tərəfindən əsas Yaşayış evinə bitişik inşa etdikləri 51,5 kv.m-dən ibarət yaşayış otağının onların və yetkinlik yaşına çatmayan uşaqlarının yeganə yaşayış yerləri olması, iddiaçıların əvvəllər də cavabdehlərin yaşadığı Yaşayış evində yaşamaqla oraya olan bağlılıqları nəzərə alınmaqla iddiaçılar ünvan 4 ünvanında yerləşən və iddiaçılar tərəfindən inşa edilən mübahisəli 51,5 kv.m-dən ibarət yaşayış otağına azyaşlı övladları ilə birlikdə köçürülməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi sahiblik hüquqlarına edilən maneələrin törədilməsinin qadağan olunması hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, iddiaçıların nə cavabdehlərin istifadəsində olan Yaşayış evinə, nə də özbaşına inşa edilmiş 51,5 kv.m-dən ibarət yaşayış otağına sahiblik hüququ yaranması üçün hüquqi əsaslar yoxdur. Mülki Məcəllənin 152.2-ci maddəsində sahiblik hüququna verilən anlayışda qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yenə Mülki Məcəllənin 159-cu maddəsində göstərilir ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçılar inşa etdikləri 51,5 kv.m-dən ibarət yaşayış otağını özbaşına, yəni qanunla müəyyən edilmiş tikinti norma və qaydalarına uyğun olmamaqla inşa edilmişdir. Bu halda, iddiaçılar inşa etdikləri özbaşına tikiliyə görə sahiblik hüququ əldə edə bilməz. Məhkəmə yalnız iddiaçıların digər yaşayış yeri olmamasını, tikdikləri otağın onların yeganə yaşayış yeri olmasını və əvvəldə qeyd edilən digər halları nəzərə almaqla yaşayış otağına köçürülməsi barədə nəticəyə gəlmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı2 və İddiaçı1 övladları – X17, X12 və X8 ilə birlikdə ünvan 5 ünvanında fərdi yaşayış evinə bitişik 51.5 kv.m-dən ibarət özbaşına inşa edilmiş otağa köçürülsünlər. ünvan 5 ünvanında fərdi yaşayış evinə bitişik 51.5 kv.m-dən ibarət özbaşına inşa edilmiş otağın giriş-çıxış qapısı Cavabdeh2 və X2 hesabına əvvəlki yerinə bərpa edilsin. İddiaçıların ünvan 5 ünvanında fərdi yaşayış evinə bitişik 51.5 kv.m-dən ibarət yaşayış otağından maneəsiz istifadələrinin məhdudlaşdırılması barədə Cavabdeh2 və X2 hərəkətləri qanunsuz hesab edilməklə, iddiaçıların həmin otaqdan istifadə etmələrinə yaradılmış maneələr cavabdehlərə qadağan edilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-3182/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3182/2022
08.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver