Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3183/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7853,40 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azebirja şirkəti ilə təxminən 2 il əvvəl İnstagramda qarşısına çıxan reklam vasitəsilə tanış olmuşdur. İlk başlarda maraqlananda, şirkət özü İnstagram vasitəsilə bildirmişdi ki, 2000 manat vəsaitə qədər qoyulan məbləğlərdə müqavilə bağlanmır. Buna görə də, ilk yatırımı 1000 manat olduğuna görə qoyulan depozitlərin heç birində müqavilə bağlamamışdır. O, ilk yatırımını 2022-ci ilin noyabr ayının 18-də 22 faizlə 2 aylıq qoymuşdur. Hesablamalara görə, 2023-cü ilin fevral ayının 18-də 1220 manat almalı idi. Bu da belə olmuş, heç bir problem yaşamadan həmin tarixdə 1218 manat hesabına köçmüşdür. Bundan sonra tam güvənərək, davamlı olaraq bir neçə dəfə aylıq staking planlarla pul vəsaitlərini cavabdehin ona verdiyi hesaba köçürmüşdür. Bəzən "Onlayn balansı artırmaq" bölməsindən, bəzən də şirkətin göndərdiyi kartın hesabına köçürməklə əməliyyatları həyata keçirmişdir. 2024-cü ilin iyul ayına qədər məxaric əməliyyatlarında heç bir problem yaşamamışdır. Müddəti bitmiş aylıq stakinglərin əksəriyyətini çıxarmamış, üstünə pul əlavə edərək yenidən qoymuşdur. 2024-cü ilin iyul ayının 1-də müddəti bitmiş staking planından 500 manat məbləğində məxaric əməliyyatını səhvən qeyri-iş saatında həyata keçirmək istəmişdir. Şirkət bildirmişdir ki, qeyri iş saatında edilən əməliyyatlar yalnız 1 ay sonra 3 iş günü ərzində kart hesabına avtomatik olarak köçürülür. Yəni onların dediyinə görə, 1 avqust tarixindən sonra. Avqust ayının 1-i də çərşəmbə axşamına təsadüf etdiyindən məbləğ digər həftə (5-11 avqust) hesaba köçürülməli idi. Növbəti həftənin bitməsini də gözlədikdən sonra məxaric əməliyyatını yerinə yetirmək istəmiş, lakin bu tarixdən etibarən bütün məxaric əməliyyatları müxtəlif bəhanələrlə ya ləğv edilmiş, ya da "gözləmə" vəziyyətində olmuşdur. Şirkət tərəfindən "Sima tətbiqinin yüklənməsi" "iki ayrı məxaric əməliyyatı etdiyiniz üçün", “Məxaric əməliyyatlarının çoxluğu və çatdırmama” kimi bəhanələr irəli sürülmüşdür. Dəfələrlə “Telegram”, “canlı dəstək”, “İnstagram” və digər vasitələrlə əlaqə saxlamağa çalışmış, amma verilən cavabda yalnız "gecikmələr var, əməliyyatlar sırayla hər biri hesablara köçürülür" deyilmişdir. Avqust ayından oktyabr ayının ortalarına kimi isə dəfələrlə yazmağıma baxmayaraq problem ortadan qaldırılmamışdır və yenə eyni sözlər deyilmişdir. Oktyabr ayının sonlarından etibarən isə İnstagram, Telegram və digər vasitələrdən əlaqə saxlamaq mümkün olmamış, yazılan mesajlara cavab verilməmişdir. Sonuncu dəfə cavabdeh tərəfindən ona ayrılmış səhifə üzrə balansında 7853.40 AZN pul vəsaiti olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdəfiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Hesabdan çıxarışdan görünür ki, balans 7853,4 manatdır. Ödəniş qəbzlərindən görünür ki, Ali Aksuna məxsus 4169********1442 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 850 və 1200 manat ödəniş edilmişdir. İddiaçı ilə cavabdehin əməkdaşı arasında olan “whatsapp” yazışmalarından görünür ki, iddiaçıya ödəniş etməsi üçün 4169********1442 kart nömrəsi göndərilmişdir. İddiaçı ilə cavabdehin əməkdaşı arasında olan “whatsapp” yazışmalarından görünür ki, iddiaçı hesabından məxaric əməliyyatlarını həyata keçirə bilmədiyini qeyd etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi Ali Aksundur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında sərmayə qoyuluşu, aktivlərin yerləşdirilməsi və idarə olunması ilə bağlı müqavilə münasibətləri mövcud olmuşdur. Qeyd edilən münasibətləri tənzimləyən müqavilə qanunvericilikdə birbaşa göstərilməsə də, qadağan edilməmiş və müqavilə azadlığı prinsipinə uyğun olaraq həmin müqavilənin tərəflər arasında bağlanması qanuna uyğun olmuşdur. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin hesabına ödənişlər həyata keçirilmiş, lakin cavabdeh öhdəliklərini tam icra etməmiş, bununla da iddiaçıya maddi zərər dəymişdir. İddiaçı sonuncu dəfə balansındakı vəsaitin 7853 manat olduğunu qeyd edərək, ona məhz həmin məbləğdə zərər vurulduğunu iddia etmişdir. İddiaçının ona 7853 məbləğdə zərə vurulmasını təsdiqi kimi təqdim etdiyi yegənə sübut balansdan çıxarışdır ki, həmin çıxarışda iddiaçıya məxsus heç bir rekvizit qeyd olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı 7853 manat məbləğində zərər vurulması öz təsdiqini tapmamışdır. Lakin, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Ali Aksuna (cavabdehin qanuni təmsilçisi) məxsus olan və cavabdehin əməkdaşı tərəfindən ödəniş ediməsi üçün qeyd edilən 4169********1442 nömrəli kart hesabına xx.xx.2024-cü il tarixdə 850 və 1200 manat ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh MMC tərəfindən müqavlə öhdəlikləri yerinə yetirilmədiyindən və İddiaçı tərəfindən cavabdehə 2050 manatın (850 + 1200) ödənildiyi təsdiq olunduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2050 manat və 40,5 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli