Məhkəmə qərarları › İş №e-2(011)-3204/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3204/2022

11.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3204/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “əmlakın açıq hərracda satılması” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1, 102 saylı mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 102 saylı mənzil iddiaçının babası X1 mülkiyyətində olmuşdur. X3 27 aprel 2019-cu il tarixdə vəfat etdikdən sonra mərhumun adına olan mənzili iddiaçının nənəsi X5 və cavabdehlər onun vərəsələri kimi qəbul etmişlər. Mübahisəli mənzilin 3/6 hissəsinə iddiaçının nənəsi, 1/6 hissəsinə övladları Cavabdeh3, 1/6 hissəsinə övladları Cavabdeh2, 1/6 hissəsinə övladları Cavabdeh1 müəyyən olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçərək mülkiyyət hüquqları tanınmış və bu barədə Fatma Vəliyevaya 29 dekabr 2019-cu il tarixli çıxarış verilmişdir. X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyətində olan ünvan 1, 102 saylı mübahisəli mənzilin 3/6 hissəsini naturada bölməklə, sərhədinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(011)-655/2021 saylı qətnaməsi ilə X2 iddia tələbi rədd edilmişdir. Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)- 5414/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilin X4 məxsus 3/6 hissəsindəki payının mənzildə qeydiyyatda olanların razılığı olmadan nəvəsi İddiaçı bağışlanma müqaviləsinin təsdiq edilməsi vəzifəsi Bakı şəhəri 18 saylı notariat ofisinin üzərinə qoyulmuşdur. Qətnamə icra olunaraq İddiaçı adına 05 mart 2022-ci il tarixli mülkiyyət sənədi verilmişdir. Xətai Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(011)- 655/2021 saylı qətnaməsi ilə əvvəlki mülkiyyətçi X5 hazırkı mülkiyyətçi İddiaçı ümumi mülkiyyətində olan ünvan 1, 102 saylı mənzilin 3/6 hissəsinin naturada bölməklə sərhədinin müəyyən edilməsi mümkün olmadığından təkrar olaraq cavabdeh olan digər mülkiyyətçilərə iddiaçıya düşən payın alınması və ya ümumi olaraq mənzili sataraq əldə olunmuş vəsaitin hər kəsə paylara uyğun bölüşdürülməsi barədə təklif göndərilmiş, lakin heç bir nəticə olmamışdır. Hazırkı iddiaçı tərəfindən 26 mart 2022-ci il tarixdə təkrar olaraq ünvan 1, 102 saylı mənzilin iddiaçıya düşən payın alınması və ya ümumi olaraq mənzili sataraq əldə olunmuş vəsaitin hər kəsə paylara uyğun bölüşdürülməsi barədə təklif göndərilmiş, təklifə cavab olaraq 30000 manat qarşılığında payın satılması təklif olunmuş, sonradan Cavabdeh3 İsrail oğlu tərəfindən mənzili satdıqdan sonra paya uyğun bölgüsü təklif edilmiş, lakin satışın vaxtı razılaşdırılmamış olaraq qalmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1, 102 saylı mənzil 3/6 hissədə X2, 1/6 hissədə Cavabdeh2, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə Cavabdeh3 paylı mülkiyyətində olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(011)-5414/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 102 saylı mənzilin X4 məxsus 3/6 hissəsindəki payının mənzildə qeydiyyatda olanların razılığı olmadan nəvəsi İddiaçı bağışlanma müqaviləsinin təsdiq edilməsi vəzifəsi Bakı şəhəri 18 saylı notariat ofisinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1, 102 saylı mənzil 3/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh2, 1/6 hissədə Cavabdeh1, 1/6 hissədə Cavabdeh3 paylı mülkiyyətindədir. Daha öncəki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş Hüquq və Torpaq Məsələləri MMC tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli, 73 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 19 saylı evin 102 saylı mənzilin faktiki vəziyyətinə, yəni mənzilin tərkibində olan kommunal xidmət sahələri (mətbəx, dəhliz və s) yeganə olduğuna görə, “İnşaat Norma və Qaydalarının 2.08.01.89”-un 1.1, 2.1, 2.2, 2.4, 2.7-ci bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2 və 220.3-cü maddələri) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qeyd edilən Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hazırkı iş üzrə tərəflərin ümumi paylı mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının ona aid payının cavabdehlər tərəfindən alınmasına dair hissəyə qiymət verərək hesab edir ki, həm məhkəmə iclasına qədər, həm məhkəmə iclasında iddiaçı ona aid olan payın dəyəri ödənilməklə cavabdehlər tərəfindən alınmasını təklif etmişdir. Lakin cavabdehlər təklifi qəbul etməmişlər. Beləliklə, məhkəmə hazırkı iş üzrə tərəflərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa əməl etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflərin paylarına müvafiq olaraq onların arasında bölünməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehlərdən 100 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1, 102 saylı mənzil açıq hərracdan satılsın. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 1, 102 saylı mənzilin satılmasından əldə edilən vəsait tərəflərin paylarına mütənasib surətdə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 arasında bölünsün. Cavabdehlərdən 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar