Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3283/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X3 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Nümayəndə2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Nümayəndə2 Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Nümayəndə2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində olan əsas borcun və 320 (üç yüz iyirmi) manat məbləğində cərimə məbləğininin və 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə aralarında 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən icraçı olaraq üzərinə "veb saytrn yığılması va bununla bağlı digər işlərin görülməsi" Öhdəliyini götürmüşdür, cavabdeh ise Sifarişçi olaraq həmin xidmətlərin icra edilməsinə görə 3200 manat məbləğində vəsaitin ödənilməsini öhdəsinə götürmüşdür, həmin müqavilə çərçivəsində xidmətləri tam şəkildə icra edərək cavabdehə təhvil vermiş, bunun barəsində cavabdehlə aralarında 16 oktyabr 2021-ci il tarixində təhvil-təslim aktı imzalanmışdır, lakin həmin tarixdən bu günədək cavabdeh tərəfindən xidmət haqlarının heç bir hissəsi ödənilməmiş və müqavilə öhdəlikləri əsasız olaraq pozulmuşdur, bu barədə cavabdehə dəfələrlə şifahi ve yazlı formada məlumat verilmiş, müqavilə üzre olan ödənişlərin edilməsi xahiş edilmişdir. Sonuncu dəfə 06 aprel 2022-ci il tarixində tərəfindən göndərilmiş pretenziya-xəbərdarlıq cavabdeh tərəfindən qəbul edilmişdir, bununla yanaşı həmin tarixdə cavabdehə elektron məhkəmə sistemi vasitəsilə də pretenziya təqdim edilmişdir, lakin edilən müraciətlərin heç bir nəticəsi olmamışdır, hazırkı tarixdək əlavə olaraq 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsinin 7.2-ci bəndinə müvafiq olaraq ödənişin edilməli olduğu tarixdən 100 gündən çox keçdiyi üçün maksimal 10 faiz olmaqla 320 manat məbləğində cərimə borcu yaranmışdır, 01 aprel 2021-ci il tarixli xidmət müqaviləsinin 2.4-cü bəndinə əsasən ödənişlər işlər təhvil verildikdən sonra 5 gün ərzində icra edilir. İddiaçı həmçinin bildirdi ki, rəsmi sənədlərdə Domein ilk olaraq öz adına götürülmüşdür, çünki saytı və onun formalaşmasını özü etmişdir, cavabdehlə aralarında olan müqavilədə də domein adının ona təhvil verilməsi nəzərdə tutulmuşdur, cavabdeh ödənişi tam ödədikdən sonra ona domein təhvil veriləcəkdi, lakin pul ödənilməmişdir, ona görə də ad hissəsini tam icra etməmiş, yəni adı təhvli verməmişdir, sadəcə ad olaraq öz adınadır, əgər cavabdeh istəsə, 5 dəqiqə ərzində ona domeini verə bilər, hətta aralarında danışıq da olmuşdur ki, cavabdehin VÖEN-ni yoxdur, bu səbəbdən iddiaçının öz adına olsun, lakin cavabdehin VÖEN-i olmasa da onun adına keçirilə bilər, amma bu halda onun vergi ilə bağlı problemi ola bilərdi, qarşı tərəfin istəyinə uyğun olaraq Facebook və İnstagram hesabları açılıb və ona verilib, cavabdeh öz istəyinə uyğun bu hesablarda posterlər paylaşıb, kursunu reklam etmişdir, cavabdeh ona bildirmişdir ki, işin yarısını (veb sayt və mail) qaytarıb, qalan sosial şəbəkə hissəsini isə özündə saxlamaq istəyir, lakin bununla razı olmamışdır, Facebook və İnstagram profillərini özü açmışdır, cavabdehdə bildirmişdir ki, ya bütün brend özünə qaytarılsın (veb sayt, domein) və ya ödəniş edilsin, cavabdehin özünün sosial şəbəkələri ola bilər, lakin kurs adına olanları iddiaçı özü açmışdır, kurs olaraq 2021-ci ildən fəaliyyət göstərir, müqavilə, ad məsələsi haqqında onu deyə bilər ki, müqavilədə nəzərdə tutulmuşdur ki, ad ona – cavabdehə transfer olunur, cavabdehlə razılaşmışlar ki, bütün öhdəliklərini icra edir, bu doğrudur, lakin hal-hazırda yalnız ad hissəsinin cavabdehə verilməsi qalıb, yəni tam icra olunmayıb, amma domenin öz adında olması onun istifadəsi üçün heç bir əhəmiyyət daşımır, istəsə belə ora müdaxilə edə bilməz, sadəcə beynəlxalq axtarış edəndə ad olaraq öz adı çıxa bilər ki, bu da normaldır, belə ki, dövlət saytları da orqanın adına yox, hər hansı bir işçinin adına açılır, təhvil-təslim aktında və İnstagramda qeyd olunmuşdur ki, həmin hesabı cavabdehə vermişdir, müqavilə üzrə hosting, domeini təhvil verməli deyildi, lakin aralarında olan şifahi razılaşmada onların təhvili nəzərdə tutulmuşdur, sayt veriləndən sonra onun istifadəsi ilə bağlı təlim keçirilir ki, cavabdehə də 15 gün müddətində həmin təlimi keçmişdir, kontenti isə özü deyil, cavabdeh əlavə etməli idi, həmin hissəyə mətn hissəsi, kurs haqqında məlumat, kursun qiyməti, əlaqə məlumatları və s. daxildir. Sonda iddiaçı Nümayəndə2 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçının izahatına uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə domeinin alınması nəzərdə tutulmuş, lakin kimin adına alınması nəzərdə tutulmamışdır, beynəlxalq saytlar belə onların hər hansı bir işçisinin adına açılır ki, bu da normaldır, hal-hazırda sayt cavabdehə təhvil verilib, o heç bir maneə olmadan saytdan rahat şəkildə istifadə edə bilər, iddiaçı tərəf özü sayta heç bir müdaxilə etmir. Sonda Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Facebook” və “İnstagram” hal-hazırda öz istifadəsindədir, onları iddiaçı deyil, özü yaratmışdır, sayt isə hal-hazırda öz istifadəsində deyil, ona təhvil verilməmişdir, bu səbəbdən özündə olmayan, təhvil verilməyən bir şeyə görə ödəniş etmək istəmir, həmçinin MMC olaraq rəsmi şəkildə də fəaliyyət göstərir, VÖEN-də var, atasının adındadır, halhazırda iddiaçı saytın adını dəyişib onu istənilən adama sata bilər, bu səbəbdən sayt ona lazım deyildir, sayt sadəcə adi formatın üzərində yığılıb, onun yalnız 30-40 faizi hazırdır, qalanı isə hazır deyil, iddiaçı ilə aralarındakı razılaşmaya əsasən isə tam hazır olan platforma ona təhvil verilməli idi, tam olaraq veb sayt hazır olmalı idi, onun ana səhifəsi hazır olmalı idi, lakin hazır deyil, hətta kontenti belə hazır deyildir, sayt sıfırdan qurulmamışdır, müəyyən saytlar var ki, onun üzərindən sayt doldururlar, iddiaçı da o metoddan istifadə etmişdir, həmçinin iddiaçının ona “təlim keçməsi” fikri ilə də razı deyildir, belə ki, ona heç bir təlim keçilməyib, əgər keçilmiş olsa idi, saytdan istifadə mümkün olardı, səlahiyyətlər iddiaçıda olduğu üçün o - iddiaçı istəsə sayta girib istənilən məlumatı, hissəni silə bilər, hazırda admin panel belə özündə deyildir ki, sayta daxil ola bilsin, olmayan bir şeyə daxil ola bilməz, əgər iddiaçı veb saytı təhvil versə idi, kontent də ona daxil olmalı idi, lakin sayt indi hətta heç bilmədiyi bir dildədir. Sonda Cavabdeh qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin izahatına uyğun izahat verərək, sonda iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında mütəxəssis xx.xx.1996-cı il təvəllüdlü X1 bildirmişdir ki, kompyuter və texnoloji sistemlərin idarəetməsi üzrə mütəxəssisdir, müqavilədən əlavə olaraq, sayt yaradıldıqdan sonra, təhvil verilərkən domen də saytın təhvil verildiyi şəxsin adına qeydiyyatdan keçməlidir, tam istifadə üçün domen mütləqdir, belə ki domen olmadıqda saytı istifadə edən şəxs müəyyən funksiyaları tam yerinə yerinə bilmir və domenin olduğu şəxs həmin saytdan istifadə edə, onu oğurlaya, tərkibini dəyişdirə bilər, həmçinin əgər saytda hər hansı bir problem olarsa, bu zaman domenə ehtiyac olur və əgər domen saytın təhvil verildiyi şəxsdə deyildirsə, o saytda olan problemi aradan qaldıra bilməyəcəkdir, məcbur olaraq domenin olduğu şəxsə müraciət etməli olacaqdlr, iddiaçı saytı təhvil verərkən domeni də cavabdehə təhvil verməli idi ki, o, sayt üzrə funksiyalarını tam icra etmək imkanı olsun, hazırki iş üzrə iddiaçı öz öhdəliyini tam icra etməmişdir. İş materiallarından görünür ki, Nümayəndə2 (icraçı) və Cavabdeh (sifarişçi) arasında 01 aprel 2021-ci il tarixli 01-04/21 saylı Xidmət Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, tərəflər sifarişçinin sifariş etməsi və bu müqavilədə göstərilən qaydada və şərtlərlə icraçıya xidmət haqqını ödəməyi, icraçı isə müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavələrdə/Sifarişlərdə göstərilən xidmətləri/işləri göstərməyi və müvafiq hesabatla birlikdə sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflər, ödənişin müqavilə üzrə görülmüş işlər tam təhvil verildikdən sonra 5 gün müddətində həyata keçirilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan 01 aprel 2021-ci i tarixli xidət müqaviləsinə 1 saylı Əlavədən görünür ki, xidmətlər veb saytın tam yığılması – 2000 AZN, veb saytın natam yığılması - 300 AZN, layihənin sosial şəbəkələrdə hesabların açılması və verilməsi – 500 AZN, veb saytın domeninin alınması və mail sisteminin təhvil verilməsi – 200 AZN, yekun əlavə vergi daxil 3200 AZN dəyərində müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Nümayəndə2 və Cavabdeh arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli 01-04/21 nömrəli müqaviləyə əsasən, icraçının müqavilədə nəzərdə tutulmuş xidmətləri tam icra edərək sifarişçiyə təhvil verməsi barədə akt Nümayəndə2 və Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, iddiaçı Nümayəndə2 3200 manat əsas borc və 524,8 manat dəbbə borcunun ödənilməsi barədə Cavabdeh xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Dövlət rüsumunun ödənilməsi barədə Qəbzdən görünür ki, Nümayəndə2 tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 01 aprel 2021-ci il tarixli 01-04/21 saylı xidmət müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, iddiaçı Nümayəndə2 veb saytın tam yığılması, veb saytın natam yığılması, layihənin sosial şəbəkələrdə hesablarının açılması və verilməsi, veb saytın domeninin alınması və mail sisteminin təhvil verilməsi xidmətlərini göstərilməsini öz üzərinə götürmüşdür, müqavilənin 2.4-cü bəndinə əsasən, tərəflər, ödənişin müqavilə üzrə görülmüş işlər tam təhvil verildikdən sonra 5 gün müddətində həyata keçirilməsi barədə razılığa gəlmişdirlər, veb saytın domeninin alınması və mail sisteminin təhvil verilməsi müqavilə şərtlərinə daxildir, müqavilə üzrə domen - ad təhvil verilməmişdir, iddiaçı Nümayəndə2 müqavilə üzrə öhdəliklərini domenin-adın verilməsi hissəsində tam icra etmədiyini etiraf edir, hazırki iddia tələbi müqavilə üzrə şərtləşdirilmiş məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsidir. Bununla belə, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirməsinə əsas verən, habelə müqavilənin icra edilməməsinin bilavasitə cavabdehdən asılı olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında qarşılıqlı hüquq və vəzifələr müəyyənləşdirən 01 aprel 2021-ci il tarixli 01-04/21 saylı müqavilə şərtləri üzrə “ödənişin müqavilə üzrə görülmüş işlər tam təhvil verildikdən sonra 5 gün müddətində həyata keçirilməsi” barədə razılıq olduğundan, iddiaçının müqavilə üzrə icra olunmayan öhdəliyinə (iddiaçı müqavilənin onun tərəfindən tam icra edilmədiyini etiraf edir) görə sifarişçi Cavabdeh qarşı cavabdehliyi vardır. Belə olan məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Nümayəndə2 Cavabdeh qarşı “Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində olan əsas borcun və 320 (üç yüz iyirmi) manat məbləğində cərimə məbləğininin və 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş 56 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Nümayəndə2 Cavabdeh qarşı “Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində olan əsas borcun və 320 (üç yüz iyirmi) manat məbləğində cərimə məbləğininin və 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3283/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3283/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver