Məhkəmə qərarları › İş №e-2(011)-3291/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3291/2022

18.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3291/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daçdəmir qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun təmin edilərək mənzilə köçürmə” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar onların ünvan 1 ünvana istifadə hüquqlarının təmin edilərək, həmin ünvana köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı1 ilə cavabdeh xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2001-ci il tarixdə İddiaçı3 və xx.xx.2003-cü il tarixdə digər İddiaçı2 doğulmuşdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23 saylı evin 95 saylı mənzilə (bundan sonra – Mənzil) dair mülkiyyət hüququ cavabdehin adına dövlət qeydiyyatına alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçılar yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişlər ki, İddiaçı1 cavabdehlə xx.xx.2000-ci ildə nikaha daxil olmuş, onların nikahından digər iddiaçılar doğulmuşlar, iddiaçıların üçü də 2022-ci ilin əvvəllərinədək Mənzildə yaşamışlar. 2022-ci ilin əvvəllərindən cavabdeh onların mənzildə yaşamalarına imkan verməmiş, onları həmin ünvandan qovmuşdur. Cavabdehlərin həmin mənzildən istifadə hüquqları təmin edilməklə, onların mənzilə köçürülmələri təmin edilməlidir. İddiaçıların vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İddiaçı1 ilə cavabdehin xx.xx.2000-ci il tarixdə nikaha daxil olması, iddiaçıların cavabdehin ailə üzvləri olması və Mənzilə dair cavabdehin mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə İddiaçı1 ilə cavabdehin 2000-ci ilin sentyabr ayında nikaha daxil olmalarını, eləcə də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci müddəaları tətbiq ediləcəkdir. Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Göründüyü kimi, mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması üçün onların mülkiyyətçinin ailə üzvü, yəni arvadı (əri), uşaqları və valideynləri olması və həmin şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşamaları əsas şərtdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə də mülkiyyətçinin ailə üzvlərinin istifadə hüquqlarının yaranması üçün əsas şərt onların mülkiyyətçi ilə ailə münasibətləri daxilində birlikdə yaşamalarıdır. İddiaçıların cavabdehin ailə üzvü olması və onunla birgə yaşamaları əvvəldə də qeyd edildiyi kimi, işin mübahisəsiz halıdır. Aynurə Qarayeva cavabdehlə xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşdur. Bundan başqa, iş materiallarında olan doğum haqqında şəhadətnamələrlə müəyyən edilir ki, İddiaçı3 xx.xx.2001-ci il tarixdə, İddiaçı2 isə xx.xx.2003-cü il tarixdə doğulmuşdur və onlar Mənzil cavabdehin adına qeydiyyata alınarkən hələ yetkinlik çatmamışlar. Mülki Məcəllənin 27.2-ci maddəsində göstərilir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” AR Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 101-/2257Q nömrəli məktubundan da göründüyü kimi, İddiaçı1 xx.xx.2005-ci il tarixdən, övladları isə xx.xx.2013-cü il tarixdən mübahisəli Mənzildə pasport qeydiyyatdadırlar. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən məhkəmə belə qənatə gəlir ki, iddiaçılar cavabdehin ailə üzvləri (İddiaçı1 xx.xx.2000-ci il tarixdə cavabdehlə nikaha daxil olduqlarından, digər iddiaçılar isə onun övladları) olduğundan və onlar cavabdehlə birlikdə yaşadıqlarından, bununl da onların Mənzildən istifadə hüquqlarının olduğu müəyyən edildiyindən iddia təmin edilməlidir. Mülki Məcəllənin 158-ci maddəsi müəyyən edir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (158.1.2 və 158.4-cü maddələr). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı3 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 23 saylı evin 95 saylı mənzilinə istifadə hüquqları təmin edilməklə mənzilə köçürülsünlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar