Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3317/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh ″AZE Bilişim Finans″ Məhdud Məsuliyyətli Cəmiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə ″AZE BİLİŞİM FİNANS″ MMC (VÖEN: **********) adından onun direktoru Ali Aksun arasında xx.xx.2024cü il tarixdə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən işçinin tələbi ilə müddətin bitməsinə görə xx.xx.2025-ci il tarixdən xitam olunmuş hesab olunması və əmək müqaviləsinə xitam verilməsini müvafiq elektron informasiya sistemində qeydiyyata alınmasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı, cavabdeh ″AZE BİLİŞİM FİNANS″ MMC ilə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlayaraq Mərketinq şöbəsində Mətn tərtibatçısı vəzifəsində işləmişdir, şirkətin sahibi və direktoru Türkiyə vətəndaşı Ali Aksun xx.xx.2024cü il tarixdə vəfat etmişdir. Bu barədə mediada da məlumat verilmişdir, bundan əvvəl isə hüquq mühafizə orqanları tərəfindən şirkətin fəaliyyəti yoxlandığına görə xx.xx.2024-cü il tarixdən bütün işçilərin işə çıxmasına məhdudiyyət tətbiq edilmişdir, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyinə görə Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada (azı bir həftə əvvəl xəbərdarlıq verilməlidir) xx.xx.2025-ci il tarixdə ƏMAS elektron informasiya sistemi üzərindən əmək müqaviləmə xitam verilməsi barədə işəgötürənə ərizə göndərmiş, lakin şirkətdə məsul şəxs olmadığına görə ərizəmə heç bir reaksiya verilməmişdir, çünki, işəgötürən ölmüşdür, onu əvəz edən bilən heç kim və ya onun varisi yoxdur. İddiaçı isə bu işəgötürənlə əmək müqaviləmə xitam vermək istəyir ki, başqa işə düzələ bilsin, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İddiaçı işəgötürənə müqavilənin müddətinin bitməsinə görə ona xitam verilməsi barədə yazılı xəbərdarlıq etmişdir. Əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməli idi. Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə görə bunu işəgötürən etməlidir, lakin müəssisənin rəhbəri və sahibi yuxarıda qeyd etdiyim kimi, öldüyünə görə əmək müqaviləmə xitam verəcək şəxs yoxdur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə görə müəssisənin rəhbəri fiziki şəxs olmaqla yanaşı işəgötürən sayılır. Yuxarıda göstərilən halları və Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1.1-ci hissəsini nəzərə alaraq, iddiaçı birinci cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ikinci cavabdeh olan X1 Xidmətinə müraciət etmiş, lakin heç bir geri dönüş ala bilməmişdir, bu səbəbdən tələbin məhkəmə qaydasında həll olunmasından başqa çıxış yolu qalmamışdır, şünki, Əmək Məcəlləsinin 9-cu maddəsinin “Q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin əsas hüquqlarından hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, işəgötürənə bildiriş verməklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsini müddətin bitməsinə görə xx.xx.2025-ci il tarixdən ləğv etmişdir, lakin məsələnin inzibati cəhətdən rəsmiləşdirilməsi həll olunmamış qalır. Çünki, bu işi işəgötürən həll etməlidir, o isə ölmüşdür. Buna görə də iddiaçı bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsinin məhkəmə qaydasında tanınması və bunun elektron informasiya sistemində qeydiyyata alınmasının ikinci cavabdeh X1 Xidmətinə həvalə edilməsi zərurəti yaranmışdır. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin onlar (nümayəndələri) məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan görünür ki, İddiaçı, xx.xx.2024-cü il tarixdə Əmək müqaviləsi bağlamaqla ″AZE BİLİŞİM FİNANS″ MMC-də mətn tərtibatçısı vəzifəsinə təyin edilmiş, müqavilə müddətli bağlanmaqla qurtarma müddəti xx.xx.2025-ci il tarixi olaraq göstərilmişdir, əmək haqqı 700 manat olmuşdur. İş materaillarında olan müraciətdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ″AZE BİLİŞİM FİNANS″ MMC-yə Əmək müqaviləsinin xx.xx.2025-ci il tarixdə bitməsi ilə əlaqədar müqaviləyə xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Ərizədən görünür ki, İddiaçı X1 Xidmətinə müraciət edərək bildirmişdir ki: “Mən xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-də (VÖEN **********) Marketinq şöbəsində Mətn tərtibatçısı vəzifəsində işləyirdim. Şirkətin sahibi və direktoru Türkiyə vətəndaşı Ali Aksun 14.12.24 tarixdə vəfat etmişdir. Bundan əvvəl isə hüquq mühafizə orqanları tərəfindən şirkətin fəaliyyəti yoxlandığına görə 24.10.24 tarixdən bütün işçilərin işə çıxmasına məhdudiyyət tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixdə mənimlə bağlanmış əmək müqaviləsinin müddəti bitir. Bununla əlaqədar ƏMAS info-sistemi üzərindən əmək müqaviləmə xitam verilməsi barədə işəgötürənə ərizə göndərmişəm. Lakin əminəm ki, ərizəmə heç bir reaksiya olmayacaq. Çünki, işəgötürən ölmüşdür, onu əvəz edən bilən heç kim və ya onun varisi yoxdur. Mən isə bu işəgötürənlə əmək müqaviləmə xitam vermək istəyirəm ki, başqa işə düzələ bilim.” İş materiallarında olan 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayışdan görünür ki, ″AZE BİLİŞİM FİNANS″ MMC və X1 Xidməti ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh ″AZE Bilişim Finans″ Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı, müəssisədə mətn tərtibatçısısı təyin olunmuş, onun əmək haqqı 700 manat müəyyən olunmuşdur, tərəflər arasında müddətli müqavilə bağlanmış, müqavilənin xx.xx.2025-ci il tarixdə bitməsi nəzərdə tutulmuşdur, iddiaçı həmin tarixdən müəssisədə işləmir, o, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehə müraciət etmiş, hazırki tarixədək iddiaçının əmək müqaviləsinə xitam verilməmişdir, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmişdir, hazırki iddia tələbi iddiaçının cavabdehlə olan əmək müqaviləsinə xitam verilməsi barədədir. Bununla belə, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, hər kəsin əmək hüququ beynəlxalq hüquq, habelə konstitusiya ilə müdafiə olunur və əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış əmək müqaviləsinə uyğun olaraq yaranır və heç kəs zorla işlədilə bilməz, ikincisi, əmək müqaviləsini ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir və tərəflərdən birinin işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur, hazırki iş üzrə isə iddiaçı xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehi xəbərdar etmişdir, bununla belə, hazırki tarixədək iddiaçının əmək müqaviləsinin ləğv edilməsi, cavabdehin - işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməmiş ki, bu da iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və məhkəmə tərəfindən təmin edilməli, iddiaçının əmək müqaviləsinə öz təşəbbüsü ilə – Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsi ilə xitam verilməli, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən ƏMAS-də müvafiq qeydiyyat aparılmalıdır. Azərbayca Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü hissəsinə əsasən, heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarındandır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli, 183 saylı qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumatın forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” – ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməli, bu barədə ƏMAS-da müvafiq qeydiyyat həyata keçirilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdeh ″AZE Bilişim Finans″ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət rüsumunun ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, 100 manat məbləğində dövlət rüsumu cavabdeh ″AZE Bilişim Finans″ Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Dövlət Büdcəsinə ödənilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ″AZE Bilişim Finans″ Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmiş hesab edilsin. Əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin müvafiq elektron informasiya sistemində yerləşdirmək vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. ″AZE Bilişim Finans″ Məhdud Məsuliyyətli Cəmiyyətindən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3317/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3317/2025
25.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver